Ayxan Ayvaz metroda dava salanları danışdırdı...

Ayxan Ayvaz metroda dava salanları danışdırdı...
20 iyun 2018
# 10:38

Kulis.az Ayxan Ayvazın metrodakı məşhur “Şortik davası” ilə bağlı yazdığı yazını təqdim edir.

Qatarda həngamə qopdu. Ayağını ayağının üstünə aşırmış qız bir qaqaşla çənə-çənəyə gəlmişdi.

- Get sənin böyüyün gəlsin...

- Böyüyüm mən özüməm.

- Ay qız, sakit ol. – xala söhbətə qarışır. – Dinmə!

- Ay qız deyil!

Biz hadisəni burda dondurub bir az əvvələ qayıdaq.

Qaqaş

Təzəcə evlənmişəm. Dayıqızı ilə. Mamama nə qədər dedim ki, bu qıza bacı kimi baxıram, xeyri olmadı. Dedi, ən yaxşısı qohumdu. Aramız yaxşıdı arvadımla. Hərdən atışırıq amma. Əsas da anam qızışdırır aranı. Səbəbsə mənim işsiz olmağımdır.

İş də qurd ağzındadır. Hara əlimi uzatsam, xeyri olmur. Guya əmim işıq idarəsinə düzəldəcəkdi. Hər dəfə evə gəlib bir stəkan çayımızı içir, kürəyimə vura-vura deyirdi, ürəyini sıxma, bu gün-sabah həll eləyirəm. Yalansa sənin...

Evdə dura bilmədim həmin gün. Televizorda baş qatmaq istədim. Xeyri olmadı. Futbol da mənlik deyil. Kim dünya çempionu olur mənə nə?

Yolda gedə-gedə qabağıma çıxan qızlara baxırdım. “Ay dad!” Bu nə geyimlərdi? Bunların yiyəsi yoxdumu? Evdən çıxanda demirlərmi, ay qız, bir güzgüyə bax, əyninə fikir ver, camaat arasına çıxırsan. Lüt-ətcəbala çıxırlar şəhərə. Sonra da deyirlər, oğlanlar bizə söz atdı, nə bilim nə. Atarlar da, hələ irəliyə də gedərlər. Sən özündən bixəbərsən? Əxlaqın yox, mərifətin yox. Sənə söz atacaqlar da! Gör geyimi yerində olan qıza kimsə gözün üstə qaşın var deyir? Aaa!!! Zibilə keçmişik e vallah!

Şəhər də əsəb yaradır məndə. Hara gedim? İş elanlarına baxırsan, hamısı qadın axtarır.

Bir-iki yerə dəydim, dedilər, təcrübəli adam axtarırlar. Ofisianta nə təcrübə? Başa düşmürəm. Hələ soruşur ki, ingilis dilini bilirsən? Əşşi, rusca bilirəm də. İngilisi də birtəhər başa salaram. Nolub e? Ölməmişik ki? Azərbaycanlı deyilik? Yola verərik də bir-birimizi. Xeyri yoxdur. Adamın əsəbi ilə oynayırlar.

Ən yaxşısı evə gedim. Metro da yaxındadır...

Xala

Pərigilin evinə yığışacağıq. Qızını köçürür. Xınayaxdıdı. Bu qızı da axır ərə verə bildi. Yaşı keçirdi, özü də sözəbaxan deyildi. Anası ilə hər gün dava-şava. Deyirdin, ay qız, dilini dinməzə qoy, cavab vermə, anandır, onun dediyi qanundu. Kimə deyirsən? Dil-dil ötməkdən savayı əlindən-ayağından bir şey gəlmir.

Ordan-burdan söz gətirib anasının ovcuna qoyurdular. Qızını parkda oğlanla öpüşən görüblər. Nə bilim oğlan bunun... Dilim də gəlmir deməyə. Tərbiyə, əxlaq yoxdur. Bizim vaxtımızda beləydi? Onda nə bilərdik ki, öpmək nədir? Eləcənə qıraqdan-qırağa baxışırdıq, vəssalam. Axırda da baxışdığımız oğlan elçi düşürdü. Biz də ona gedirdik. İndikilər... Boyy! Şeytandılar. Adamı çaya susuz aparıb susuz gətirərlər. Əllərindən telefon düşmür. Onları pozan bax elə o telefondu. Yaxşı qız olsaydı, bütün günü telefondan asılı olmazdı.

İlahi, nə zamanaya gəlib çıxmışıq? Mən qızımı gərək qoruyum bunlardan. Ona telefonu qadağan eləmişəm. Özüm yanımda hərləyirəm. Harasa çıxanda verirəm telefonu.

Hə, metroya çatdım. Bəlkə metroya girmədən qabaq qızıma zəng edim, görüm haralardadı...

Şortikli qız

Zəhərə dönsün hər şey. Bezmişəm həyatdan. Hamısı üstümə-üstümə gəlir. Başımı götürüb gedəcəm burdan. Konkret boğaza yığıblar.

Mama yenə baş-beynimi aparır:

- Bir oğlan var, bəyənib səni. Elçi gəlmək istəyirlər.

- Mama, sən Allah, başlama yenə...

- Ay qız, səsini kəs, hər sözümə qapaq olubsan...

- Yaxşı eləyirəm. Nağarajsan?

- Bu saat saçından tutub sürüyürəm ha səni... Qudurmuşa bax...

Beynimi xarab elədi əməlli-başlı. Halbuki nə yaxşı kefim vardı. Kefimi qaçırtdı. Qəşəng şortik almışdım mağazadan. Geyinib baxacaqdım güzgüdə. İmkan verir ki...

Hələ evdən çıxanda da başladı:

- Çıxart o şortiki? Bu nədir almısan özünə? Hə? Başın xarab olub? Camaat nə deyər?

- Eee, cəhənnəmə, nə deyər desin... Camaata görə yaşayıram?

- İtin qızı, çıxart deyirəm onu... – köynəyimdən tutub dartışdırmağa başladı.

Qapını açıb tez aradan çıxdım. Balkondan hələ də qışqırırdı. Bu arvadla neyləyəcəm? Düşüm metroya, gedim “Tarqovı”ya, Laləyə də zəng edərəm, şəhərdə gəzib eynimizi açarıq.

# 1798 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #