İntellektual başlayıb dastanla bitən Azərbaycan filmi - Aydın Talıbzadə yazır

İntellektual başlayıb dastanla bitən Azərbaycan filmi - Aydın Talıbzadə yazır
21 aprel 2016
# 09:00

“Ögey ana” filminin intellektual reversi və ya mənim bağım qırmızı

Mənim məqaləmin adı “Qırmızı bağ” bədii filminin kadrlarında şifrələnmiş mənalara bir refleksiyadır.

Olsun ki, teatr-kino rejissoru Mirbala Səlimli mənimlə qəti razılaşmasın. Amma arxetiplər qatında iş-işə çox oxşayır. Məsələ əvvəl-axır ögey özgələrin doğmalaşma məsələsidir! Ögeylər isə yalnız şok situasiyasında bir-birini insan kimi kəşf edib, tanıyıb doğmalaşa bilirlər, əgər yaşantıların alicənablığı, niyyətin düzlüyü, duyğuların saflığı varsa, əgər qanlar qaynayıb qarışmaq imkanı bulursa...

Bizim teatrşünas Aliyə də heç əbəsdən yazmayıb ki, “Qırmızı bağ”ın personajı Orxan “Ögey ana” filmində bacısını sağaltmaq üçün ağ atın tərkində dağlardan itburnu çiçəyi dərib gətirən möcüzə-uşaq İsmayılı xatırladır. Hərçənd ki, bu Orxan o İsmayılın astar üzüdür, pis üzüdür, qəddar üzüdür.

O filmdə – itburnu, bu filmdə – sarağan: hər ikisi qırmızı; o da şəfa iksiri, bu da; biri Cəmilə, digəri Vəfa üçün.

Öz aramızdır, film SARAĞAN adlandırılsaydı, məncə, daha effektli olardı. Nədən ki, “sarağan” sözü bir az gizlindir, bir az da ekzotik və reklam baxımından daha cəlbedicidir. “Qırmızı” sözündən bəhrələnmə aspektində isə artıq bir trafaret, bir çeynənmişlik var.

Yenə yaxşıdır ki, “Qırmızı bağ” filmi uzun istehsalat dövrünün təkrarlanan fors-major situasiyalarına rəğmən yarımçıq buraxılmayıb, tamamlanıb və bizə göstərilib.

Yaxşısı ondadır ki, çağdaş Azərbaycan kinematoqrafiyasının “Hara gedim?”, “Hansı tərəfə istiqamət götürüm?” suallarına cavab axtardığı bir zamanda “Qırmızı bağ” filmi də bir təcrübə, bir nümunə kimi anlaşılır, dəyərləndirilir və prosesdən növbəti bir əlamət olur: son 10 ildə Azərbaycan kinosunda mövcud tendensiya (Azərbaycan teatrında heç bir tendensiya-filan sezilmədiyi halda) onu göstərir ki, bizim kinorejissorlar art-hausa yönəlik festival filmləri çəkməyə, intellektuallaşmağa, müasir dünya kinosunun dilində danışmağa, milli kino mədəniyyətində müəllif kinosunun mövqelərini möhkəmlətməyə yaman həvəslidirlər. Mən bunu boşuna dilimə gətirmirəm, sıra var: “İlahi məxluq”, “40-cı qapı”, “Sahə”, “Çölçü”, “Nabat”, “İçərişəhər” və “intellektual kino” ilə təmas zonasında olan daha neçə-neçə bədii, qısametrajlı film.

Amma heç nə birmənalı qəbul olunmur və gümanım var ki, niyəsini təxmin eləyirəm. Bir dəfə Ramiz Rövşən söhbət əsnasında mənə dedi: “Aydın, çoxları elə düşünür ki, mən özümdən razıyam. Yox, mən özümdən razı deyiləm, mən özümə arxayınam”. Əla, son dərəcə ilginc və ruhsal enerjinin dəqiq səciyyəsi. Di gəl, bizim “intellektual kino”ya iddialı çağdaş rejissorlarımızın filmlərini seyr edəndə həməncə görürsən ki, adam özündən, çəkdiyindən, tamaşaçıya söyləmək istədiyindən, öz sənətçi mövqeyindən və bədii dil seçimindən heç arxayın deyil; bilmir ki, nəyi nə ilə və necə qarışdırsın. Ona görə bir film bəzən 77 filmin miksindən ibarət olur.

“Qırmızı bağ” filmi də intellektual görünmək məramı ilə özünü param-parça eləyir. Rejissor sanki bir marafon yürüşündən sonra sinematoqrafla ilişikli bütün bildiklərini, öyrəndiklərini, öz bədii kino ideyalarını nəfəsi darala-darala danışmağa çalışır və bu zaman nəyi mühüm sayıb fokusda saxlamalı olduğunu çaşdırır, əhvalatı elə bil xəlbir içindən qum kimi Şəki şəhərinə ələyir.

Birincisi: fokusda SARAĞANDIR.

Filmin posterində ağac görüntülənir, üstünə də kimsə bel dayayıb. Bu ki A.Tarkovskinin “Qurbanvermə” filminin posterinə birbaşa eyhamdır və bu eyham seyrçini anındaca həmin filmdə İncildən gətirilən “Əvvəlcə söz olub” sentensiyasının ovqatına doğru yönləndirir: lal uşaq, ağac əkmək, yorğunluq, tükənmişlik, mənəvi və cismani fiasko, yanğın. Yəqin rejissor demək istəyir ki, mən Tarkovskini oynayıram, “ögey” və “özgə” motivlərini Tarkovski kinematoqrafiyasının koordinatlarında improviz eləyirəm. Hərçənd bu improviz A.Germanın kinotəhkiyə üslubunda, A.Sokurov filmləri üçün xarakterik faktura sistemində aparılır. Qısası: “Qırmızı bağ” özünəməxsus bir kinomayevtikanın nəticəsidir, yəni ustad sənətçi filmləri ilə ruhsal-fəlsəfi dialoqlardan ərsəyə gəlib. Öz sonuncu kinoşedevri haqqında A.Tarkovski deyirdi: “Film məhz bilərəkdən elə düşünülüb ki, onu müxtəlif cür yozmaq mümkün olsun”... “Qırmızı bağ” da tamam fərqli kommentlərə açıq bir film...

Sarağanla bağlı, zatən, hər şey məlum: ağacdır, arxetipdir, simvoldur, mediatordur.

İkincisi: fokusda ABBAS MÜƏLLİMDİR (Maqsud Məmmədov), özündən şübhəli, sevgi – günah – borc üçbucağında boğulan ziyalı görkəmli birisidir; filmin məkanı ilə sakit-sakit kabus kimi gəzişir, bəy nəslindəndir, varisi olmadığından şəcərə xiffəti çəkir, özünü yer üzünün axırıncı bədbəxti sanır, arvadının özgə uşağı götürüb böyütməsinə qarşı bir avropalı qədərincə yumşaq, introvert təpki göstərir, heç də kənd kişisi kimi, azərbaycanlı kimi davranmır.

Rejissora və ssenari müəllifinə elə bu lazımdır: Abbas müəllim xalis əfəndi olsa əgər, konfliktə lüzum qalmayacaq: arvadı ilə dil tapacaq.

Abbas müəllim xalis azərbaycanlı kişisi olsa əgər, Orxanı qəti evinə buraxmayacaq və arvadını cilovlaya biləcək: süjetin inkişafını əngəllənəcək.

Abbas müəllimsə bir az ondandır, bir az bundan...

Ona görə də nə istədiyini əməllicə kəsdiə bilmir bu adam; və ona görə də heç bir rəftarı, sözü inandırıcı alınmır. Əgər Vəfa ana ola bilmirsə və əgər Abbas müəllimə öz şəcərəsini yaşatmaq belə vacibdirsə, problemi həll etməyin bir sıra sivil yolları mövcuddur və Orxan burada bir süjet bəhanəsidir.

Məsəl var, deyirlər ki, ölənin ardıyca heç kim ölmür. Cavan, qüsursuz və hətta yaraşıqlı kişiykən, bəy nəslinin davamçısıykən hamiləlik zamanı fiziksəl zəiflikdən dünyasını dəyişmiş Vəfanın qəbri yanında Abbas müəllimin uzanması (ya da bayılması), sarağanı az qala Vəfanın yadigarı kimi qavrayıb “əzizləməsi”, sarağan həşirində bulunması məntiqli təhlilə tab gətirmir. Şirintəhər poeziyadır, vəssalam.

Ancaq mən bilirəm rejissor niyə belə eləyib: posterdə gördüyümüz sarağanı filmin sonunda atəşpərəst bir şövqlə yandırmaq, Abbas müəllimin şəcərəsinin sonunu işarələmək, Tarkovski ilə eyni bir müstəvini paylaşmaq, öz evini odlamış jurnalist Aleksandrla Abbas müəllimin oxşar bir aqibət yaşadığını vurğulamaq xatirinə.

Şübhəsiz, süjet xətalıdır, konflikt və mübarizə kəsərsizdir, dialoqlar isə cansızdır. Filmə baxanda aşkar görünür ki, süjet, mətn vizual cərgənin effektivliyinə xeyli uduzur. Vizual cərgə (operator Maksim Drozdov) də yalnız gözəl yansıdılmış fakturadır, hərçənd olaylara yabançıdır: kamera seyr edir, gəl ki, gördüyündən duyğulanmır, həyəcanlanmır, personajlara taxta kuklalara yanaşan kimi soyuq yanaşır.

Üçüncüsü: fokusda VƏFADIR, ana ola bilməyən qəşəng, zərif, xəstəhal qadın (Gülzar Qurbanova); kənddə yaşayıb çiyinlərinə kəlağayı salsa belə, alnına yazılıb ki, şəhərlidir, kübardır. Onun da istəyi müəmmalı.

Deyirəm, “əgər”lər siyahısına daha bir neçəsini əlavə edim.

Əgər Vəfa övladlığa uşaq götürmək arzusundadırsa, niyə Orxan kimi kobud, haradasa sırtıqlaşmış, təcavüzkar baxışlı, adamda simpatiya oyatmayan, atlet bədənli yekəxana birisini seçir? Bu qadının seksual basqıları varmı? Əri ilə intim münasibətləri problemlidirmi? Hər halda Vəfa ilə Abbas müəllim bir-birilərinə sevgilə baxmırlar: hər ikisinin münasibətində qarşı tərəfə ünvanlanan gizli ittiham sezilməkdə. Belə olmasaydı, Vəfa ərini dinləməyə, onu anlamağa çalışardı, Abbas müəllimi ağır bir seçimlə üzbəüz qoymazdı, Orxan məsələsini “olum, ya ölüm” probleminə döndərməzdi? Burada qadının seksual marağı ola bilərmi? Mümkündür: yozulub da qəbul edilə bilər.

Onda Vəfanın Orxana tar çaldırmaq iddiası nəyi bəlirtir: azərbaycanlı düşüncəsində olan klişeni, yoxsa seksual həvəsi pərdələmək cəhdini? Boyca az qala ögey anasına çatmış Orxanın Vəfa ilə əl-ələ tutub gəzməsi, sonradan Abbasla Vəfanın yatağına girməsi nə demək?

Vəfanın hamiləliyi kimdəndir? Orxandan, ya ərindən? Küfr kimi səslənsə də, filmdə buna müəyyən məxfi işarələr var.

Əgər Orxan günahkardırsa, niyə o, Abbas müəllimi Vəfanın ölümündə suçlayır? Əgər günahkar deyilsə və Orxan öz Vəfa sevgisində məsumdursa, Abbas müəllimin qısqanclığı nədən qaynaqlanır?

Bəlkə Abbas müəllimin kədəri kişisəl gücdən məhrumiyyətdədir, yoxsa rejissor ərlə arvadın bir-birinə arxa çevirib yuxulamasını göstərməzdi ki?

Gərçi mənim dediklərimdə müəyyən dərəcədə həqiqət varsa, o zaman filmin ideyası fiaskoya uğrayır. Nədən ki, o buna, bu da ona uyuşmur. Əslində isə film qutsal mesajları hədəfləyir: eqolardan sıçrayıb xeyirxah, yardımçı olmaq, içimizdəki canavardan qurtulmaq, həyatda heç nəyi kəskinləşdirmədən konsensusa gəlmək, mənəvi rahatlığa çatmaq, tənhalıq sınırlarını aşıb-keçmək...

Məgər film məkanına dağıdılmış çoxsaylı məna-şifrələr, mövzu modulyasiyaları buna yol verərmi heç?

Dördüncüsü: fokusda ORXANDIR: həddi-büluğ yaşının astanasında aqressiv enerjiyə malik, dominantlığa meylli oğlan uşağını faktiki surətdə heç kim övladlığa götürməyə cürət eləməz. Belə yeniyetmələr amansız və zalım ola bilirlər, dediklərindən, əməllərindən heç bir vəchlə dönmürlər, zorakılığı şərəfli şücaət sayırlar. Abbas müəllim Vəfanı bu işdən daşındırmaq, Orxanı internata yollamaq istədikdə tam haqlıdır: çünki Orxan (Tale Bədiyev) haradasa kriminal sərhədilə addımlayan birisidir.

Bu yöndən yanaşanda görürsən ki, Abbas müəllim daha çox yetimdir, nəinki Orxan...

Orxan seyrçidə təəssüf və şübhə duyğusundan savayı heç nə oyatmır. Bütövlükdə, filmin heç bir qəhrəmanını sevə bilmirsən ki, onun yaşantılarına şərik olasan, mövqeyini müdafiə eləyəsən. Səbəbi də budur ki, heç kimin istəyi, əməli aydın “oxunmur”. Eyhamlar suqqestiv kadrlar içində təlqinə dönüşmədiyindən heç bir epizod, fraqment “Mənim dostum İvan Lapşin” filmində olduğu kimi tamaşaçının emosional dünyasına proyeksiya olunmur.

Odur ki, film sarağan bitən uzaq, qırmızı bir ada: heç kimi etkiləndirmir, kinometaforalar “özündə metaforalar” olub filmin “intellekt tavan”ından asılı qalır, motivlər işlənmədən ovxalantı kimi yerə tökülür.

Fikirlər gəlib-gəlib heç cür bir fokusda cəmlənə bilmir.

Final isə kreşşendo tərzində sürətlə ifa olunur: Orxan qaçaqdır: dağlarda meşəni qıran “zavallılarla” təkbaşına mübarizə cığırındadır, Qatır Məmməd və ya Robin Qud variantıdır. Tamam fərqli bir ovqat, fərqli bir motiv. Nədən başlamışdıq, hayana gəldik???

Bəs hələ o balaca əkəc qızcığaz, Orxanın “sevgili” silahdaşı?..

Bəs o yalançı ayı?..

Bəs o gülməli baltaçılar?..

Bəs o ayı cildində döyülüb al qana boyanmış Orxan?..

Nağıl və kukla teatrı...

“İntellektual kino”ya iddia ilə başlayıb hər şeyi bəraətsiz şəkildə nağıl, dastan müstəvisinə daşımaq nə demək?

Ona görə də sonucda Tarkovskinin şinelindən Şəki teatrının rejissoru çıxır!!!

İnşallah, o biri filmində özü olar, özünə arxayın olar...

Qırmızı həm də qadağadır: limiti bildirir!

# 3972 dəfə oxunub

Müəllifin son yazıları

# # #