Kulis.az hər dördüncü gün “Bir sual, bir cavab” adlı layihədən şair, yazıçı, publisist Aqşin Yeniseyin yazılarını təqdim edir.
Növbəti yazı: Düşmənsiz yaşamaq mümkünmü?
Umberto Ekonun “Düşmən yaratmaq” kitabı belə bir maraqlı əhvalatla başlayır. Mərhum və məşhur semiotik yazır ki, bir dəfə Nyu-Yorkda taksiyə əyləşdim, sürücü pakistanlı çıxdı. Məndən haradan gəldiyimi soruşdu, İtaliya, dedim. Sonra İtaliyanın əhalisinin sayını soruşdu, cavabımdan sonra bu qədər “azsaylı” bir xalq olduğumuza təəccüb etdi. Və qəfildən qayıtdı ki, xalq olaraq düşməniniz, ya da düşmənləriniz varmı? Nə demək istədiyini anlamadığımı söyləyəndə sualını izah etdi: yəni demək istəyirəm ki, hansısa xalqla torpaq, sərhəd, yaxud sərvət uğrunda müharibə edirsinizmi?
Yox, dedim, əlli il öncə bir düşmənlə başlayıb başqa bir düşmənlə bitirdiyimiz bir müharibəmiz oldu, vəssalam! (İtaliyanlar II Dünya müharibəsini 1940-cı ildə Fransaya hücumla başlayıb, 1945-ci ildə İngiltərəyə təslim olmaqla bitirdilər. Çörçill İtaliyanı cəbhənin “yumşaq qarnı” hesab edirdi. Ümumiyyətlə, italiyanların İkinci Dünya müharibəsindəki iştirakı bu günə qədər Avropada lətifə mövzusudur.) Odu-budu, İtaliya heç kimlə düşmənçilik etmir. Semiotik alim yazır ki, düşmənlərimizin olmadığını söyləyəndə sürücü məni aşağılıyan, biraz da ələ salan bir baxışla süzdü. Yəni nə xalqsınız ki, düşməniniz yoxdur? Düşmənsiz də xalq olarmı?
Özü Amerikada “taksovatlıq” edən və xalqı ölkəsində xirtdəyəcən düşmən içində olan pakistanlı sürücü düşmənsiz xalqın nümayəndəsi olduğuna əmin olduqdan sonra müştərisi Umberto Ekonu day adam yerinə qoymayıb. Yolun yerdə qalan hissəsini pakistanlı bir xanəndə ən uca səslə oxuyaraq dünyanın səsini eşidilməz edib. Cır səsi ilə taksidə elə bir sənət mərəkəsi qoparıb ki, “Qızılgülün adı” belə Ekonun yadından çıxıb. Ayrılarkən sürücünün sifətində gördüyü əzici ifadənin təsiri altına düşən dünyaca məşhur semiotik otelə yerləşdikdən sonra uzun müddət fikrində İtaliya üçün düşmən axtarmalı olub və tapıb.
Eko yazır ki, suyum süzülə-süzülə sürücüdən (və sözsüz ki, pakistanlı xanəndədən) yaxamı qurtardıqdan sonra düşündüm ki, doğrudanmı İtaliyanın düşməni, ya da düşmənləri yoxdur? Amma bir az fikirləşdikdən sonra gördüm, yox, İtaliyanın da öz düşmənləri var. Bu gün italiyanlar başqa xalqlarla deyil, bir-biriləri ilə savaşırlar. Yəni kənar düşmənləri olmadığı üçün özləri özləri ilə düşmənçilik edirlər. Düşmənsiz yaşamaq mümkün deyil. İtaliyada savaş Pizzaya qarşı Lukka, Şimala qarşı Cənub, mafiyaya qarşı dövlət, hökumətə qarşı hakimlər arasında gedir.
Pakistanlı sürücü haqlı çıxmışdı; Ekonun öz ölkəsindən xəbəri yox imiş.
Daha sonra Eko bir düşmənə sahib olmanın bir xalq, bir dövlət üçün hansı əhəmiyyəti daşıdığını izah edir və tarixdən, antik ədəbiyyatdan uzun-uzun sitatlar gətirir. Ekoya görə, hər hansı bir xalq, toplum düşmən sahibi olmaqla öz kimliyini yaradır və qoruyur. Milli kimliklərimizin formalaşmasında həm də düşmənlərimizin rolu vard. Düşmən, sadəcə, milli kimliyimizi tanımaq üçün bir ölçü deyil, həm də dəyərlər sistemimizin, milli narrativlərimizin gücünü bilmək, hər hansı bir problemlə üzləşərkən onu aşa bilib-bilməyəcəyimizi öyrənmək üçün önəmlidir. Düşmən bizə öz gücümüzü, milli potensialımızı qiymətləndirməkdən ötrü lazımdır. Eko pakistanlı sürücünün təsiri altında iddia edir ki, hətta düşmənimiz olmasa belə, onu yaratmalıyıq. Düşməni olmayan xalq tarix səhnəsini çox tez tərk edir.
Keçən dəfə bir oxucumuz soruşurdu ki, şumerlər necə yoxa çıxıblar? Məncə, bu sualın cavabı Ekonun yuxarıdakı izahında gizlənib. Şumer şəhər dövlətləri bir-biriləri ilə daima müharibələr edirdilər və nə qədər ki, bir-birilərinə düşmən olmaqdan güc alırdılar bu mədəniyyət ayaqda idi. Çünki daima ordularını, strateji hədəflərini yeniləməyə məcbur idilər. Elə ki düşmən olmaqdan yoruldular, bezdilər, gücdən düşdülər, köhnəldilər və bunu görən babillilər onları fəth edib öz içlərində əritdilər.
Ekoya görə, “Soyuq müharibə”də sovetlər üzərində qələbədən sonra Bin Laden olmasaydı, amerikalılar da tükənəcəkdilər, kimlikləri çökəcəkdi. Bunu başa düşən ABŞ strateqləri dərhal özlərinin yeni düşmənlərini – Bin Ladeni yaratdılar.
Bin Laden, əslində, ABŞ uğrunda, ABŞ-ın gələcəyi uğrunda döyüşürdü.
Amma burada çox mühüm bir məqam var. Əgər bir millətin milli kimliyinin formalaşmasında onun düşməninin də rolu varsa, bu düşmənin özünün də milli kimliyi çox önəmlidir. Məsələn, hindologiya ilə məşğul olan alimlər Krişna və Herakl arasında oxşarlıqlara əsaslanaraq hind mifologiyasının yunanlara təsirinin danılmaz olduğunu iddia edirlər. Krişna ilə Axillesin ölümünün də eyni səbəbdən – hər ikisi dabanından oxla vurularaq öldürülür – olması bunu deməyə əsas verir ki, yunanlar İsgəndərin sayəsində hindliləri tanıyandan sonra böyüdülər. Hindlilər onları məğlub etmiş düşmənlərini mədəniyyətlə yola saldılar.
Yaxud Roma etruskları və misirliləri tanıdı, mədəniyyət oldu. Bu gün də bütün hüquq sistemlərinin təməlini təşkil edən Roma Hüquq sistemi romalıların Misirin ədalət tanrıçası Nemezidanı tanıyandan sonra formalaşdı. Misir onu məğlub edənlərə ədalət anlayışı hədiyyə etdi.
Və ya bu gün sözün hər mənasında Azərbaycana quş ovuna gələn ərəb qardaşlarımız yəhudilərin himayəsində az-çox mədəniyyət sahibi oldular və s.
Ermənilərin bizi özlərinə düşmən etdikləri günə daş düşəydi kaş. Biz məcburi və qarşılıqlı olaraq ermənilərə düşmən gözü ilə baxandan sonra özümüzdən çox şey itirdik. Min ilə yaxın bir müddətdə bu gün adına “İran mədəniyyəti” deyilən qədim bir mədəniyyəti idarə edən, onu ölməyə qoymayan bir xalqı bu zırramalar balaban, dolma davası edəcək səviyyəyə endirdilər. Böyük düşmənlər öz düşmənlərini də böyütdüyü kimi, kiçik düşmənlər də öz düşmənlərini kiçildir. Kinodakı Rasim Balayevin sözü olmasın, kişinin qoluna qandalı da gərək kişi vursun…
Roma nə qədər ki, sasanilərlə döyüşürdü güclü idi, elə ki barbar tayfalarla döyüşməyə başladı, yer üzündən silindi. Rəhmətlik Siseron da o vaxt bu balaca barbar düşmənlərə baxıb indi mənim etdiyim sitəmi etmişdi: "O tempora! O mores!"
Yəni "nə günlərə, nə ruzgarlara qaldıq!"