Süni zəka bu müəlliflərin işini dolaşdıracaq

Süni zəka bu müəlliflərin işini dolaşdıracaq
31 may 2023
# 14:00

Kulis.az Aqşin Yeniseyin “Süni zəka “texnoloji kölə” olacaqmı?” adlı yazısını təqdim edir.

Süni zəka “texnoloji kölə” olacaqmı?
Təkamülçülərə tez-tez verilən bəsit bir sual var ki, bəs indi niyə meymundan insan əmələ gəlmir? Deyəndə ki, meymun təbiət qarşısında öz öhdəliyini yerinə yetirib, bundan sonra nə əmələ gələcəksə, insandan əmələ gələcək, o sualın sahiblərini gülmək tuturdu.

Bu gün artıq adına "süni intellekt” deyilən qəribə bir məxluqdan danışır bütün dünya.

Əgər hələ ki, özünün mağara dövrünə qədəm qoyan süni zəka bugünkü ibtidai imkanları ilə simfonik musiqi, roman, şeir, rəsm əsəri, senari və s. yarada bilirsə, yaradıcılıq haqqında indiyə qədər inandığımız bütün fikirlər alt-üst olur. İstedadın "allah vergisi", sənətin "ruhun əməyi" olması düşüncəsi özünün etibarlılığını itirir.

Çünki yaradıcılıq süni zəkanın bəstələdiyi simfonik musiqinin timsalında beynin rəqəmsal fəaliyyətinin məhsulu olaraq üzə çıxır.

Süni zəka hələ ki, insanın hazır "təbii ehtiyatlarından" istifadə edərək yaradır. Eynən ibtidai insanın təbiətin hazır imkanlarından yararlandığı kimi. Texnoloji təkamül nəticəsində onun yaradıcı potensialının nələrə qadir ola biləcəyi məlum deyil. Əgər süni zəka gələcəkdə öz əsərinin ideyasını da özü yarada bilsə, bizim ruh anlayışımıza, daha doğrusu, ruhumuza əl-fatihə!

Tək ruhumuzamı?

Süni zəkanın təkamülü mənəvi-ruhani dəyərlərimizlə yanaşı, sosial anlayışlarımızı da "çürüdəcək”. Məsələn, onun publisistik yazarlığı hökumətləri və onların tənqidi üzərində özünə yazarlıq taxtı qurmuş müəlliflərin işini də dolaşdıracaq. Chatgpt-nin yazdığı tənqidi yazıya görə hökumətlər kimi təqib edəcək, kimi tutacaqlar?

Chatgpt istədiyi tənqidi, istədiyi üslubda yaza bildikdən sonra söz və fikir azadlığının şöhrət quşu kimin başına qonacaq? Ümumiyyətlə, süni zəkanın yazarlığından sonra söz və fikir azadlığı deyə bəşəri bir dəyər qalacaqmı?

Süni zəka texnoloji çağın transhumanizm cəhdlərinin ən radikalıdır. Əvvəlcə qeyd edim ki, transhumanizm insanı elmi-texnoloji bir məhsula çevirməyin, onu mənəvi-ruhani keçmişindən təmizləməyin üstünlüklərindən bəhs edən intellektial bir baxışdır. Transhumanizm insanı ölümsüzləşdirmək ideyası və cəhdidir. Transhumanizm insanın metafizik dünyaya əbədi müqavimətinin yeni mərhələsidir. Transhumaniz elmin yarıinsan-yarımaşından ibarət texnoloji bir kentavr yaratmaq iddiasıdır.


Klassik humanizm ideyası XIII əsrdə Dante yaradıcılığından qığılcımlanıb, XVI əsr Avropa Renessansı ilə bütün dünyanı işıqlandırsa da, közünü qədim Yunan və qədim Roma mədəniyyətlərindən alır. Ancaq biz bu yazıda yunan humanistləri Falesin, Epikürün, yaxud ilk Roma şübhəçiləri Siseron və Senekanın humanizm fəlsəfəsindən deyil, praktik humanizmin köklərindən danışacağıq. Bu, Roma hüququdur.

Mifologiyalar, dinlər o zaman və o cəmiyyətlərdə sosial narrativlər kimi çıxış edirlər ki, orada insanlar bədənlərinin deyil, ruhlarının gələcəyini, aqibətini düşünürlər, hətta lazım gələndə bədənlərini ruhlarının komfortlu gələcəyi naminə qurban verirlər.

Buna görə də əxlaq son nəticəsi ruha hesablanmış qanunlar toplusudur və qanunverici orqan yerində tanrı çıxış edir. Son anda verilən mükafat və cəza da ruha çatacaq. Biz, sadəcə, zinakar qadını daş-qalaq edərək onu öldürüb tanrının məhkəməsinə göndəririk. Biz nə edək ki, bunun yolu onu öldürməkdən keçir? Hüquq anlayışı ruhu rədd edir, onun obyekti bədəndir. Hüququ tanrının ruha olan münasibəti maraqlandırmır.

Klassik humanizm bədəni qorumaq üçün mənəvi sağlamlığı təmin edən hüquq elmindən doğmuşdu, transhumanizm isə bədəni qorumaq üçün fiziki sağlamlığı təmin etmək istəyən tibb elminin axtarışlarıdır.

Yəni transhumanizmin inkişafı ilə ruh anlayışı ikinci böyük zərbəsini alacaq.

Şərq və Qərb mədəniyyət olaraq bu nöqtədə, Roma hüququnun səhnəyə çıxması ilə ayrılır; Şərq ruhu, Qərb bədəni insanın əsli, orijinalı kimi tanıyır. Bu günə qədər bədən Şərq fəlsəfəsinin mövzusu olmasa da, Qərb fəlsəfəsi yüz illərdir ki, yalnız bədəni düşünür. Xüsusilə XX əsr Qərb filosofları naturadan insan bədənini çəkən rəssamlara bənzəyirlər.

Bunun kökü imperator Feodosinin hakimiyyətinə dayanır, desək, yəqin ki, yalan danışmış olmarıq. Feodosi xristianlığın Roma imperiyasının yeganə dini olduğunu elan etsə də, kilsənin "ius sacrum"dan, yəni xristianlıqdan əvvəlki "Müqəddəs qanun"dan kənara çıxmasını əngəllədi. Romada əsas qanunverisi orqan dövlət idi. Bu, o demək idi ki, Roma din və dövlət, ruh və bədən arasında bölgü aparmışdı, bədənlər dövlətin idi, ruhlar kilsənin.

Transhumanizmin "yaratdığı” insanların ilk sifarişçiləri isə transmilli şirkətlərdir. Ən peşəkar mütəxəssislərinin tez ölüb aradan çıxmaması üçün tibbin inkişafına milyonlar ayıran bu şirkətlər süni içalat, süni göz, əl, ayaq yaratmaqla öz bizneslərini "ölməz Kaşşey”lərlə təmin etmək məqsədi güdürlər. Süni zəka bu məqsədin ən universalı olacaq. Artıq bir çox böyük şirkət işçilərinin bir qismini texnoloji kölələrlə - süni zəkalarla əvəz edib. Gələcəkdə tamamilə texnoloji kölələrin çalışacağı şirkətlərin mümkünlüyü artıq heç kimdə şübhə oyatmır.

Amma bu cansız kölələrin bir gün canlı əcdadları kimi üsyan edib ağaları olan insanları kölələşdirəcəyi fikri də heç kimin ağlından çıxmır.

# 1647 dəfə oxunub

Müəllifin son yazıları

# # #