"O, artıq xalqı yox, höküməti təmsil edəcək" - Aqşin Yenisey

"O, artıq xalqı yox, höküməti təmsil edəcək" - Aqşin Yenisey
18 avqust 2024
# 13:04

Kulis.az Aqşin Yeniseyin yeni yazısını təqdim edir.

Hamının baxdığı “Bəxtiyar” filmində bir səhnə var: hökumət nümayəndələri gəlib buruq fəhlələri arasından istedad seçirlər və fəhlə Rəşid Behbudovun səsini kəşf edirlər.

Vəssalam! Rəşid Behbudov olur hökumət sənətkarı. Xalq onu bundan sonra yalnız dövlət tədbirlərində oxuyan yerdə görəcək. O, artıq hər yerdə xalqı yox, hökuməti təmsil edəcək. Xalqın payına “Hüseynova bacıları” düşəcək.

Xalq Behbudovu hökumətin verdiyi dəyərə görə qiymətləndirəcək. Hökumət isə öz sənətçisinin xalqa təsir gücünü artırmaq üçün onu xalq üçün əlçatmaz edəcək, kahinə çevirəcək. Bundan ötrü xalqla onun arasında kasta bərabərsizliyi yaradacaq. Xalq həmişə “seçilmişi” başının üstündə uçan yerdə görəcək. Onun hökumətin qanadlarıyla uçduğuna fikir verməyəcək. Çünki Xalq ona verilən mükafatların adında iştirak edəcək. Bu xalqın qoltuğunu qarpızlandıracaq.

Sonra hökumət bu kahin-sənətkarların Olimpini yaradacaq. Və bu kahin-sənətkarlar məzlumlara xoşbəxt olduqları haqqında mahnılar oxuyub, şeirlər yazacaqlar. Beləliklə, cari bir din yaranacaq.

Bu cari dinin adı Mədəniyyət olacaq. Sonra bu mədəniyyət öz məzlumlarından özünə qalxan düzəldəcək.

Günlərin birində mədəniyyət adlı bu cari din ölüb gedəcək, onun yalanlarıyla xoşbəxt olduqlarına inandırılan məzlumlar isə hələ uzun illər onun xoşbəxtlik illuziyası yaradan pafosuyla yaşamağa davam edəcəklər.

Qeyd: Behbudov ümumiləşdirmədir.

# 658 dəfə oxunub

Müəllifin son yazıları

# # #