Aqşin Yenisey: “Yafəsi dama basdıracağam” 

Aqşin Yenisey: “Yafəsi dama basdıracağam” 
10 fevral 2015
# 17:36

Məşhur şair Yafəs Türksəsin Kulis.az saytına verdiyi "Məşuqəmin əri münasibətimizi bilir" başlıqlı müsahibəsi cəmiyyətdə geniş rezonans doğurub. Müsahibədə getmiş fikirlərə münasibətlər birmənalı deyil. Məşhur şair müsahibəsində bir çox yazarlarla yanaşı, "Göləqarğısancan" romanında onun obrazını yaratmış yazar Aqşin Yeniseyi də ona şər atdığını bildirib.

Məsələ ilə bağlı Aqşin Yeniseylə əlaqə saxladıq. O, müsahibəni oxuduğunu və bundan hiddətləndiyini bildirdi: "Mən Yafəsin timsalında mətbuat işçilərimizin o vaxtkı ağır şərtlər altında işləməsini nəzərə çatdırmaq istəmişəm. Hamı bilir ki, bəzi jurnalistlər reketçilik yoluyla əyalət məmurlarını şantajla hədələyib pul qoparırdılar. Bundan otrü tanıdıqları yüngül həyat tərzi sürən qadınları da jurnalist adına xırda məmurların qəbuluna göndərirdilər. Yafəs isə bu müsahibədə utanmadan deyir: "Mən işləmişəm Kəramət ilə, Kənan Hacı ilə. Yəni kişilərlə. Rüşvət almışam, boynuma alıram, amma heç vaxt qadınlardan istifadə etməmişəm". Ağ yalandır. Mənim rayonda qaz ferması olan bir fermer qohumum var. Onların evində bir şəkildə Yafəs özü boyda bir qadınla həmin qohumumla yanaşı dayanıblar. İstəsəniz o şəkli mətbuatda çap edə bilərəm. Fermer qohumdan quş-toyuğun gələcəyi haqqında müsahibə almaq bəhanəsiyə hərəsi bir cüt diri qaz və xeyli qaz yumurtası alıb aparıblar. Hətta ikinci görüşdə bığına əl gəzdirən Yafəs, o kişiyə Rasim Qaracanın kitabını hədiyyə edərək, özünü ona Rasim kimi təqdim edib, üçüncü görüşdə isə saqqal saxlayaraq Seymur Baycanın atası olduğunu söyləyib. Bunu ədəbi mühitdə hər kəs bilir.

O, mənim romanımda abırlı-həyalı bir Azərbaycan kişisi kimi özünü aparırdı, amma bu roman vasitəsilə məşhurlaşandan sonra postmodernist olub, pozulub, hətta mən deyərdim qudurub. Görün tanıdığı xanım haqqında nə deyir: "Onun da düşüncəsi postmoderndir, mənim də. Onun düşüncəsinin formalaşmasında da mənim rolum olub. Nəzəriyyəni bilmir, amma düşüncəsi postmoderndir. Əri ola-ola sevgilisi var. Məndən qabaq da sevgilisi vardı, onu da bilirdi". Yəni postmodern ərsənsə, arvad kimin sevgilisi olur-olsun, yetər ki, ərindən gizləməsin, yəni ər bilsin ki, arvad bu gün hansı sevgilisiylə görüşəcək. Lazım olanda axtarıb tapa bilsin. Belə postmodern əxlaq norması harda yazılıb? Gör bunlar sürrealist, abstraksionist olsaydılar nə hoqqadan çıxardılar. Yafəs Türksəsə demək istəyirəm ki, o, tanınmış şair olmaqla yanaşı, həm də mənim ədəbi qəhrəmanımdır. Yəni mətndəki taleyi mənim əlimdədir. Elə eləməsin ki, ikinci romanda onu ömürlük dama basdırım".

# 2237 dəfə oxunub

Müəllifin son yazıları

# # #