Yazıçı Aqşin Yenisey Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin son dövr mahnı mətnlərində qafiyə natarazlığını tənqid etməsinə münasibət bildirib.
Kulis. az xəbər verir ki, yazıçı bu barədə "Facebook"da paylaşım edib. Sözügedən paylaşımı təqdim edirik.
" Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin son dövr mahnı mətnlərində qafiyə natarazlığını tənqid etməsini bir çoxları “senzuranın qayıdışı” kimi dəyərləndirir. Ortaya çıxan əsərin inzibati tənqidi senzura deyil, senzura əsər ortaya çıxana qədər tətbiq olunan inzibati müdaxilədir.
Bizdə bütün sahələrdə qanun deyil, vicdan əsas götürüldüyündən və vicdanın qanundan üstün olduğu bütün cəmiyyətlərdə dəyərlər sistemi “həsənsoxdu” prinsipi ilə işlədiyindən mədəni aləmdə də özbaşınalıq, bambılılıq yaradıcı azadlıq kimi qələmə verilir.
Elmini götürək, əxlaqını təpəsinə çırpaq dediyimiz ən demokratik Qərb ölkəsi ABŞ-da 2004-cü ildə Amerika Futbol çempionatının finalında Maykl Ceksonun bacısı müğənni Cenet Cekson mahnı oxuduğu yerdə bir anlıq paltarı sürüşüb sinəsi görünmüşdü. Buna görə ABŞ dövləti finalı yayımlayan CBS kanalını beş yüz min dollar cərimələdi. Üstəgəl, bir çox ictimai qurum, şəxs Amerikanın Tele-Radio şurasını cinsi əxlaqsızlığı təbliğ etmək suçuyla məhkəməyə verdi.
Əxlaqçı deyiləm, əlbəttə. Amma bizdə reytinq xatirinə bundan da vulqar görüntülər yayımlanır, sadəcə, baxıb kef edirik. Vicdana qalsaydı, bəlkə də, Amerika vicdanı xanım müğənninin bütün finalı, ümumiyyətlə, lüt-ətcə oxumasını arzulayardı. Hətta bu daha çox reytinq gətirərdi. Amma vicdanın və reytinqin önündə qanun vardı deyə xalq müğənninin bədənin yerdə qalan qismini öz təxəyyülündə canlandırmağa məcbur oldu.
Bizdə vicdanın və reytinqin önündə belə qanunlar yoxdur. Məsələn, mənim bir şeirimi Rəvan Qarayev adlı bir müğənni müəllifdən icazə almadan kəsib-doğrayıb özünə bir vənövsə düzəldib. İllərdir toyda, yasda öz şeri kimi oxuyub pul qazanır. Onu böyüdən “mədəni zibilllikdə” dəyər vicdan və reytinqdir deyə “bu adamı niyə məhkəməyə verib haqqını tələb etmirsən?” deyənlərə cavab verə bilmirəm ki, sadəcə, adımın o “mədəni zibilliyə” bulaşmasını istəmirəm. Bəzən əsl olan əhl olana baş qoşmamalıdır. Sözümün canı odur ki, arxaik dəyərlərin cəmiyyətində əhl olanlar haqlıdır və yarış “daha pis” uğrunda gedir. Bu işlər qafiyə cütləməklə düzəlməz".