“Dur, əzizim, dur keç ömrümdə yat” – Aqşin Evrəndən Yeni Şeirlər

“Dur, əzizim, dur keç ömrümdə yat” – <span style="color:red;">Aqşin Evrəndən Yeni Şeirlər
25 fevral 2019
# 17:20

Kulis.az Aqşin Evrənin yeni şeirlərini təqdim edir.

İnsan və Təbiət

Taxta qapıya su töküb

yarpaq cücərməsini gözləyər uşaqlar

Göy qurşağından quş çəkib

uçmasını gözləyər uzaqlar.

Tilov qarmağı deşər dənizlərin bağrını,

Balıqların intiqamı - su çürüdür dəmiri.

Hücum çəkir dalğalar, hücum çəkir sahilə

Gəlib qəddar insanların ayaqların gəmirir.

Qılıncını qalxana çırpan döyüşçülər də
savaşmaz... kaman çalar, kaman çalar...

Yayına at tükü bağlandığıyçün

kədərli at səsi çıxarar kamançalar.

Yoxluğun ölçü vahidi

Zəngini gözləyirəm...zəngini
Bax, tarix telefonu kəşf etməklə heç nəyi dəyişmədi əslində:
Sadəcə, gözləməyin daha bir növünü yaratdı...

Həyatsa səni ömrümdən almaqla ağrımağın özünü yaratdı.

Həyətə baxıram...həyətə
Əkdiyin ağac bir gün yonulub tar olacaq
Mən də köynəyimi o tarın səsindən asıb qayıdacam.
Fincandakı suyun bir gün qar olacaq
Mən də şərfimi o qarın izindən asıb qayıdacam...

Və bir gün mütləq... bir gün mütləq
“Dur, əzizim... dur keç ömrümdə yat” deyib səni həyatdan oyadacam.

Yaxşı... olsun, sən deyəndi, sən deyən:
xatirələr yırtıcıdı, xatirələr quduzdu...
Amma bil ki, biz
“Sevgi kimdir” əvəzinə “sevgi nədir” sualını verəndə uduzduq.

İndi həyata baxıram...həyata
Və baxıb görürəm ki:
Yoxluğun ən böyük ölçü vahidi sənsən.

# 3526 dəfə oxunub

Müəllifin son yazıları

# # #