"Qardaşım Drakon, Allah qapını açsın!" - Aqil Abbas

"Qardaşım Drakon, Allah qapını açsın!" - Aqil Abbas
24 yanvar 2024
# 21:00

Kulis.az Aqil Abbasın "Onu bağışlamaq olarmı?" adlı yeni yazısını təqdim edir.

O, bəlkə də yeganə azərbaycanlı idi ki, Hollivudun İstanbuldakı akademiyasının rejissorluq fakültəsini bitirmişdi. O, kinoya təmiz başqa gözlə baxırdı. Çəkəcəyi filmləri də başqa rejissorların filmlərindən tamamilə fərqlənəcəkdi. Təəssüf ki, hələlik bircə film çəkə bildi: "Geyilməmiş ayaqqabılar".

O, Qarabağın azad olunacağına Allaha inandığı qədər inanırdı. «Geyilməmiş ayaqqabılar» filmi də bu inancdan doğurdu. Hələ onda Qarabağ azad olunmamışdı, Xankəndində bayrağımız ucaldılmamışdı. Filmdə isə Xankəndi azad olunur, iki ayağını müharibədə itirmiş gənc geyilməmiş əsgər ayaqqabılarını Xankəndindəki muzeyə bağışlayır. Filmdəki bütün epizodlar başdan-ayağa simvollarla verilir: top da, futbolçular da. Futbolçuların hər birinin köynəyində hansı ölkəyə mənsub olduqları yazılıb: Amerika, Rusiya, Fransa, İran. Top isə Qarabağdır. Yalnız birinin kürəyinə Türkiyə yazılıb ki, o da bu topu qorumağa çalışır. Bu da Qarabağ uğrunda böyük bir müharibə olacağını və bu müharibədə ATƏT-in həmsədr ölkələrinin deyil, yalnız Türkiyənin Azərbaycanın yanında olacağına simvolik bir işarə idi. Həyat da bunu sübut elədi.

45 dəqiqəlik filmdə anasının iki ayağını itirmiş oğlunu səsləməkdən başqa bir danışıq yoxdu.

Film haqqında çox yazmaq istəmirəm. Məqsədim başqa şeydir. Amma çox təəssüf ki, ölkədə iyirmiyə qədər televiziya kanalı olsa da heç biri bu filmə müraciət etməyib.

O, özünün Bakıdakı evini satıb bu filmi ərsəyə gətirmişdi.

Söhbət Azərbaycanda hamının Drakon kimi tanıdığı Rza Rzayevdən gedir. O, dövlət məmuru idi, Naxçıvan nümayəndəliyində işləyirdi. Qatı Heydər Əliyevçi idi. Onun üçün dünyada Heydər Əliyevdən böyük şəxsiyyət yox idi. Daim mətbuatda Heydər Əliyevin dahiliyi, müdrikliyi, böyüklüyü haqqında ciddi və maraqlı yazılarla çıxış edirdi.

Elxan Cəfərov «Dolu» filmini çəkməyə başlayanda onu dəvət etmişdi ki, Drakon obrazını yaratsın. Təəssüf ki, Naxçıvan nümayəndəliyinin o vaxtkı rəhbərliyi bütün xahişlərə baxmayaraq, icazə verməmişdi ki, dövlət məmurudu. O da Qarabağ haqqında çəkilən filmin xatirinə ərizə yazıb işdən çıxmışdı. Və sonra ömürlük kinoya bağlanmışdı. «Dolu» filmindən sonra da İstanbula Hollivud Akademiyasının rejissorluq fakültəsinə oxumağa getdi. Rejissor kimi də ilk filmi «Geyilməmiş ayaqqabılar» oldu. Başqa bir filmi isə həbsxanaya düşdüyündən yarımçıq qaldı.

Azərbaycanda bircə Nodar Şaşıkoğlunu «Uzaq sahillərdə» filmindən sonra hamı Mixaylo çağırırdı. Rza Rzayevə də «Dolu» filmindən sonra yaratdığı əvəzsiz Drakon obrazına görə hamı «Drakon» deyə müraciət edirdi.

Həbsxana həm də ora düşmüş adamları islah etmək üçündür. Drakon isə islah olunmuş adamdır – ziyalıdır, jurnalistdir, aktyordur, rejissordur. Və baş verən təsadüfi hadisə-qədərdə heç bir günah işlətməmişdi. Nədənsə hakimlər bütün bu halları nəzərə almadılar.

Onunla «Dolu» filminin çəkilişi zamanı İsmayıllıda tanış olmuşdum. İlk baxışda bir az kor-kobud görünürdü, amma sonradan gördüm ki, bu ucaboylu, enlikürək oğlanın ürəyi körpə uşaq ürəyi kimi safdır, tərtəmizdir. Tanış olduğum gündən həbsə düşənə qədər ondan bir kobud, kiminsə xətrinə dəyəcək bir söz eşitmədim. Mən bir az bütün qarabağlılar kimi hərcayi, latayır danışanam. Kino çəkilən zaman çörək yeyəndə də zarafatlarımdan qalmırdım. Baxırdım ki, hərcayi danışan mən, utanıb-qızaran Drakondu. Hətta bir-iki dəfə məndən xahiş eləmişdi ki, mən olan məclisdə xahiş edirəm, kobud danışma.

İndi fikirləşin, görün ürəyi körpə uşaq ürəyi kimi saf olan bu oğlanı nə həddə çatdırıblar ki, kiməsə əl qaldırsın. Nədənsə hakimlər bunu da nəzərə almadılar. Canları sağ olsun. Onlar qanunla işlədilər, amma qanunda da yüngülləşdirici hallar var. Nədənsə o hallara müraciət etmədilər.
Üç il o qədər də böyük bir müddət deyil. Drakon onun bir ilini yatıb və bu günədək də heç kimə müraciət etməyib, bu barədə də mətbuata bir yazı ötürməyib. Çünki bu onun xarakterində yoxdu.

Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev prezident seçiləndən sonra bu 20 il müddətində indiyədək nə qədər əfv sərəncamları imzalayıb. Nə qədər dustağı ailələrinə qovuşdurub, ailələrinin sevincinə nail olub. Prezidentimizin humanistliyi təkcə Azərbaycanda deyil, bütün dünyada tanınır və xoş qarşılanır.

Mən də Möhtərəm Cənab Prezident İlham Əliyevin humanistliyinə hamıdan çox inanıram. Və inanıram ki, Möhtərəm Prezidentə əgər Rza Rzayev haqqında dəqiq məlumat verilərsə, onu əfv edər. İstəməz ki, bir ziyalı, bir jurnalist və aktyor, tanınmış bir rejissor hansısa etdiyi hövsələsizliyə görə həbsdə yatsın.

Qardaşım Drakon (Rza Rzayev), göydə Allah, yerdə Möhtərəm Prezident qapını açsın!

# 2049 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #