Gəncliyi çərçivəyə salsan... – Aqil Abbas yazır

Gəncliyi çərçivəyə salsan... – <span style="color:red;">Aqil Abbas yazır
23 may 2018
# 15:42

Kulis.az millət vəkili, yazıçı Aqil Abbasın “Qələbə göyə yaxın olanlarındı” yazısını təqdim edir.

Nə qədər vaxt azlığı olsa da, yuxulardan oğurlayıb gənc nəslin yaradıcılığını izləyirəm. Və ləzzət eləyir. Çox istedadlı yaradıcı bir gənc nəsil yetişir.

Həm istedadlı, həm dəli-dolu, ipə-sapa yatmayan. Gənclik elə belə olmalıdır də. Onları çərçivəyə salarsan, istedadları da məhv olar. Bəzən kobud səhvlər də edirlər, o dəqiqə az qalırıq onları çarmıxa çəkək. Bəzən bu kobud səhvləri qəsdən edirlər, gündəmi zəbt etmək üçün. Qoy eləsinlər də. Nə dünya dağılacaq, nə də bizim korifey sənətkarlarımız onların bu sataşmalarından nəysə itirəcək.

Sevdiyim və izlədiyim 2000-cilər çoxdu. Şərif Ağayar, Zahir Əzəmət, Aqşin Yenisey, Seymur Baycan, İlqar Rəsul, Ayxan Ayvaz, Qan Turalı, Kənan Hacı, Elnur Astanbəyli, Oğuz Ayvaz, Qismət, Kəramət Böyükçöl, Aysel Əlizadə, Günay Arda, Rəbiqə Nazimqızı, Pərvin, Arzu Hüseyn və sair və ilaxır. “Və sair və ilaxır”a düşənlər haqqında da zaman gələr, ayrı bir yazı yazarıq. Çox sevdiyim şair Ayaz Arabaçı bu siyahıya düşmür, çünki o artıq klassikdir.

Bu istedadlı yazarlara qəzetimizdə həmişə meydan vermişəm. Bəzilərinin əsərləri haqqında da ürək sözlərimi yazmışam. Deyəsən, axırıncı dəfə Şərif Ağın kitabından yazmışdım. O da gül kimi Şərif Ağayarıydı, sonra gördü ki, hamı ağ eləyir, dedi mən onlardan niyə geri qalmalıyam ey, onlardan da istedadlıyam – oldu Şərif Ağ.

Əlimə bir kitab keçdi. Önümdə İlqar Kamilin “Yerlə göy arasında” kitabı var. Düzü, əvvəlki əsərlərini oxumamışdım. Sosial şəbəkələrdə maraqlı statuslarına rast gəlirdim. Axtarıb kitabını tapdım. Yuxuma haram yox, halal qatdım, gecə saat 3-də kitabı oxuyub bitirdim. Əsər özü oxutdu məni. O qədər maraqlı bir süjet qurmuşdu ki, maraq məni apardı və sabaha saxlamadı. Yazıçının çox şirin və axıcı bir dili var. Adi cümlələrində bir poeziya var, maraqlı bənzətmələr var: “Günəşin pəncərədən içəri süzülən ilıq şüası üzünə-gözünə , boynuna zərif qadın barmaqları kimi toxunub onu yuxudan oyadanda…”, “Çiskin, sərin bir cümə axşamıdı. Tapdanmaqdan zövq alan islaq yollar yavaş-yavaş kimsəsizləşir, sanki oyun bitir və qeybli bir əl adamları şahmat fiqurları kimi küçələrdən yığıb qutusuna qoyur”. Bir bənzətməsi mənə lap ləzzət elədi: “Bir çalımından da Vaqif Bayatlıya bənzəyən çəlimsiz şair dərhal ucadan oxudu: ...”

Əsər İmam Hüseynlə bağlı bir hədisin üzərində qurulub. Özüm də İmam Hüseyn aşiqi olsam da, o hədisi bilmirdim, ona görə də əsəri başa çatdırmaq istəyirdim görüm ki, yazıçı bu ağrını necə həll edəcək və həll edə biləcəkmi? Əsərin qəhrəmanı Cavanşir adlı kitabdan, dəftərdən uzaq bir maşın ustasıdı. Kitabdan, dəftərdən uzaq olsa da, dəli-dolu, qeyrətli, ürəyi həmişə Allahı ilə düz bir kənd cayılıdı. Haqsızlığa, ədalətsizliyə hamı kimi göz yuma bilmir. Özü də bu haqsızlıqların, ədalətsizliklərin qurbanına çevrilir, amma bir addım geri çəkilmir, haqq yolunda ölümünə gedir. İmam Hüseyn aşiqidir, bu eşq də onu haqsızlığa boyun əyməyə qoymur.

Bizim lap özündənrazı yazarlarımız var ki, dialoqları çox ütülü, cansıxıcı yazır, elə bil akademiklər danışır. İlqarın dialoqları isə çox canlıdı, Bakı kəndlərinin koloritini bu dialoqlarla verə bilib.

Əsər bu günümüzün yezidi Sex Nadirlə İmam Hüseyn aşiqi Cavanşirin “Novxanı müsibəti” üstündə qurulub. Və bu savaşda İmam Hüseyn aşiqi zəmanəmizin yezidinə qalib gəlir. Bir arxasız, kimsəsiz, hətta nişanlısının da qorxusundan nişanını qaytarıb kənddən qaçmış və Allahdan başqa heç nəyə ümidi qalmayan bir kənd qızının namusunu canı bahasına Yeziddən qoruya bilir.

Əsərdə maraqlı obrazlar çoxdu: yazıçı İsfəndiyar müəllim, İsfəndiyar müəllimin qələm dostları – Xudayar Məmmədov və Ələkbər Qafarzadə, Cavanşirin dostları – Səbuhi, İdrak, anası Hicran xanım və təbii ki, həm də Yezid, yəni Sex Nadir.

Düzdür, bir qədər publisistika özünü göstərir, xüsusilə də yazıçı İsfəndiyar müəllimin şəhərdən gələn qonaqlarla dini mövzuda mübahisəsi. Yəni ateist yazarlarla Allahlı yazarın mübahisəsi.

Təbii ki, başqa iradlarım da var. Mən tənqidçi deyiləm, əsəri təhlil etmək fikrim də yoxdu. Sadəcə, bir gənc yazarın romanını oxudum, bir-iki kəlmə ürək sözlərimi dedim.

Mən bütün əsəri danışmaq fikrində deyiləm. Kitabı “Qədim qala” nəşriyyat evi çap edib, yəni tapıb oxuya bilərsiz.

“Yerlə göy arasında”… Müəllif də yerlə göy arasında qalıb, əsərin qəhrəmanı Cavanşir də. Amma sonda göylərə yaxın olan qalib gəlir.

İlqar Kamil Rusiyada yaşayır. Azərbaycandan kənarda belə bir yazar və ziyalının olmasına çox sevindim.\adalet.az\

# 2540 dəfə oxunub

Müəllifin son yazıları

# # #