H.Z.Tağıyevə məxsus əşyalar Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasına daxil edilib

H.Z.Tağıyevə məxsus əşyalar Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasına daxil edilib
25 dekabr 2012
# 12:02

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycanın tanınmış neft sahibkarı və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyasına yeni vitrin əlavə olunub.

Muzeydən APA-ya verilən məlumata görə, vitrində Tağıyevə məxsus olmuş Quran qabı və dini kitablar nümayiş olunur.

Gümüşdən düzəldilən Quran qabı qızıl suyuna çəkilib, mina və qiymətli daşlarla bəzədilib. Belə ki, Şərq naxışları fonunda mərkəzi dəyirmi medalyonda mahir zərgərlər 7 iri və 6 kiçik yaqut daşı, 8 zümrüd daşı, ikinci medalyonda isə 8 iri, 6 kiçik yaqut, 6 zümrüd daşı yerləşdiriblər. Çəkisi 1850 qram olan qabın üzərində ərəb qrafikası ilə “Buxareyi şərif töhfə” (“Buxara hökmdarının hədiyyəsi”) yazısı və “1225” təqvim ili göstərilib.

Vitrində həmçinin iki ədəd islam dəyərlərinin izah edən “Kəşf-ül həqaiq” (“Həqiqətlərin kəşfi”) kitabları qoyulub. Hələ 1935-ci ildə Muzeyə verilmiş əşyaların sənədləri muzey əməkdaşlarının axtarışları nəticəsində 2012-ci ildə aşkarlanıb. Belə ki, muzeyin Xüsusi fondunun müdiri Afət Rüstəmbəyovanın araşdırmalarına əsasən, yuxarıda göstərilən əşyaların Hacı Zeynalabdin Tağıyevə dostu, Buxara əmiri Seyid Əbdüləhəd xan tərəfindən hədiyyə olunduğu müəyyən edilib.

# 2773 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #