Tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işinə başlanılıb

Tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işinə başlanılıb
22 yanvar 2013
# 17:49

Mədəniyyət və Turizm nazirinin müvafiq tapşırığına əsasən Azərbaycanda mövcud olan tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işinə başlanılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən beynəlxalq standartlara cavab verən yeni pasport nümunələri hazırlanıb və onlara Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları tərəfindən müsbət rəy verilib. İlkin mərhələdə 234 tarix və mədəniyyət abidəsinin pasportlaşdırılması nəzərdə tutulur.

Qeyd edilib ki, ölkəmizdə mövcud olan tarix və mədəniyyət abidələrinin ilk dəfə olaraq kütləvi şəkildə pasportlaşdırılması işi 1970-1980-ci illərdə aparılıb. Bu müddət ərzində 1000-dən artıq abidənin sənədləşdirilməsi həyata keçirilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət siyahısında dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə görə qruplaşdırılan 6308 tarix və mədəniyyət abidəsi yer alır. Bundan əlavə təxminən 2000-ə yaxın yeni aşkar olmuş statusa malik olan abidə vardır ki, hazırda onların siyahılarının dəqiqləşdirilməsi aparılır.

# 1781 dəfə oxunub

Müəllifin son yazıları

# # #