Milli Məclis "Mədəniyyət haqqında" qanun layihəsini qəbul edib

Milli Məclis "Mədəniyyət haqqında" qanun layihəsini qəbul edib
21 dekabr 2012
# 13:41

Milli Məclisin bu gün keçirilən iclasında "Mədəniyyət haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihə barədə məlumat verən parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, bundan öncəki müzakirələrdə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın irəli sürdüyü təklif və qeydlər, Milli Məclisin sədr müavini Valeh Ələsgərovun qanundakı terminlərin milliləşdirilməsi ilə bağlı təklifləri maksimum nəzərə alınıb. O, Vergilər Nazirliyi və Maliyyə Nazirliyinin mütəxəssislərinin də qanun layihəsi üzərində ciddi çalışdıqlarını söyləyib.

Müzakirədə çıxış edən deputat Siyavuş Novruzov xatırladıb ki, Azərbaycan 20 ildir müstəqildir, bir formasiyadan başqa bir formasiyaya keçib, amma yaradıcı təşkilatlar 60-cı illərdə olduğu kimidir, bəlkə də 30-cu illərə doğru gedir: “Neçə ildir kinematoqrafiyaya vəsait ayrılır, amma Dağlıq Qarabağla bağlı bir film çəkə bilmirlər. Sıxışdıran kimi səsləri Moskvadan gəlir. Biri bibisindən, biri atasından yazır. Düşünməlidirlər ki, dövlət bunlara pulu pensiya kimi vermir. Yaradıcı təşkilatlar dövləti maraqlandıran sahələrlə bağlı addımlar da atmalıdırlar. Bu formada nə ədəbiyyatı, nə incəsənətimizi inkişaf etdirə bilməyəcəyik. Yeni nəsil üçün də stimullaşdırıcı addımlar atılmalıdır”.

Söz alan parlamentin sədr müavini Valeh Ələsgərov bəyan edib ki, “Mədəniyyət haqqında” qanunun müzakirəsi zamanı gərginliyin ortaya çıxması “21 dekabr - qiyamət günü” ilə bağlı gərginliklə əlaqədar ola bilər. O, qanun layihəsində kommersiya sözünün yazılmasına etiraz edib: “Ola bilməzmi kommersiya sözü əmtəə, ticarət, dövriyyə sözləri ilə əvəzlənsin? Bizim dədə-babalarımız ticarətlə məşğul olanda kommersiya sözünü çıxaranlar hələ meşələrdə gəzirdilər”.

Qeyd edək ki, “Mədəniyyət haqqında” qanun layihəsi 11 fəsil və 57 maddədən ibarətdir. Qanun layihəsi müzakirələrdən sonra qəbul edilib.

# 1919 dəfə oxunub

Müəllifin son yazıları

# # #