Düz otuz il bundan qabaq - 1987-ci il iyunun 18-də Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin Plenumunda mən bu təşkilatın rəhbəri (Birinci katibi) seçildim.
Mən vəzifəyə Partiyanın təyinatı və təlimatı ilə deyil, yazıçıların öz istəyi, öz təşəbbüsü və öz təklifiylə seçilmiş ilk və bu günə qədər yeganə şəxsəm. Bununla qürur duyduğumu açıq deməliyəm.
İkinci. Mənə qədər heç kəs bu vəzifədəbeləuzun müddətdə işləməyib. Məndən əvvəl olan 9 sədrdən ən çox müddət bu vəzifəni tutan Mirzə İbrahimov olub. Mirzə müəllim müxtəlif vaxtlarda 1947-1956, 1965-1976, 1981-1986-cı illərdə Yazıçılar İttifaqına rəhbərlik edib və bu illəri üst-üstə gələndə belə, 25 il çıxır. Deyə bilmərəm ki, bu vəzifəni ardıcıl olaraq hamıdan artıq tutduğumla da qürur duyuram, amma hər halda bu da faktdır və bunu da sadəcə fakt kimi qəbul etmək lazımdır.
Arada sırada - gündəlik cari işlərdən, min cürə qayğılardan, min bir problemdən başım açılanda düşünürəm - bu otuz il mənim həyatımda nə idi? İtirilmiş illər? Ya qazancım? Yaradıcılığa, ailəmə, səhhətimin qeydinə qalacağım, ya sadəcə elə özümçün yaşaya biləcəyim Zamanın nəyəsə qurban verilməsi? Yaxud hansı ilahi qüvvəyləsə boynuma yüklənmiş və daşımalı olduğum missiya? Taleyin lütfü, ya taleyin oyunu, şıltağı? Vacib həyat məktəbi, ya bəraətsiz, əfvsiz cəza müddəti?
Məcburi güzəştlər dərsi ya müqavimətə, əngəllərə, hər növ fitnə-fəsadlara sinə gərərək iradə, dözüm, dönməzlik sınaqları? Düşmən qazanmaq şansı, dost itirmək səbəbi, xeyirxahlıq təşəbbüsləri, ya narazılıq zəmini? İnsanların daha çox müsbət cəhətlərini görmək sevinci, ya daha çox yüz sifətə düşənləri tanımağın acısı? Bütün bu və neçə-neçə bu sayaq sualların cavabını hələ də bilmirəm. Doğrudanmı dünyada sual çoxdur, cavab az?
İlk dəfə mənim bu təşkilata rəhbər vəzifəyə gətiriləcəyim haqqında söz-söhbət bu fikrin gerçəkləşməsindən hələ neçə il əvvəl -1981-ci ildə ortaya atılmışdı - həyatımın ən ağır ilində. O il aprelin 1 də atamı itirmişdim. Yüz gün sonra - iyulun 10 da anam dünyasını dəyişdi. Atamın ölümündən iyirmi gün sonra Yazıçılar İttifaqının o vaxtkı sədri İmran Qasımov vəfat etdi. Yazıçıların bu arada keçirilməsi nəzərdə tutulan qurultayında yeni sədr seçilməliydi. Qurultay ərəfəsində Şüvəlan Yaradıcılıq evində Mərkəzi Komitənin Birinci katibi Heydər Əliyevin yazıçılarla görüşü keçirildi. Bu görüşün təfərrüatı haqqında Ulu Öndərə həsr etdiyim “Unudulmaz görüşlər” kitabında yazmışam və deyilənləri təkrar etmək istəmirəm. Qorbaçovun başladığı və hər şeyi kökündən dəyişən yenidənqurmaya hələ neçə il qalırdı və təbii, həmişə olduğu kimi, Yazıçılar İttifaqının rəhbəri də yüksək partiya orqanlarının tövsiyyəsi ilə seçilməli idi. Əvvəlcə ucundan qulağından eşitmişdim ki, namizədlər sırasında mənim də adım hallanır. Sonra o vaxt Mərkəzi Komitənin ideoloji katibi Həsən Həsənovun dəvətiylə onunla görüşlərimizdə bu məsələ bir az da konkretləşmişdi sanki. Həsən Həsənovla hələ o, Kirovabadda katib işlədiyi zamanlardan xoş münasibətlərimiz vardı və onun Gəncədə mədəniyyət sahəsində gördüyü önəmli işlər haqqında “Qədim Gəncə - Yeni Gəncə” adlı oçerk yazmışdım (Yeri gəlmişkən, nüfuzlu partiya qəzeti bu adda oçerki buraxmadı ki, burda Kirovabad sözünün üstündən qələm çəkilir), Allah Şamil Xurşidə rəhmət eləsin, “Azərbaycan gəncləri”nin redaktoru kimi o, oçerki qəzetin bir neçə nömrəsində dərc etdi.
Mətləbdən yayındım. Həsən müəllim mənimlə bir neçə dəfə iş saatları bitəndən sonra Mərkəzi Komitədə görüşüb uzun söhbətlər aparırdı, mənim müasir ədəbiyyatımıza, ayrı-ayrı yazıçılarla münasibətlərimə aid suallar verirdi. Bu söhbətlər bəzən saatlarla, gecə yarısına qədər çəkirdi. Söhbətin nədən getdiyini zənn etdiyimçün bir dəfə Həsən müəllimdən: - Yaxşı, Heydər Əliyeviç kimi nəzərdə tutur? - deyə soruşdum, Həsənov çox sərrast cavab verdi: - Bunu bilsəydim, daha səninlə belə uzun-uzadı söhbətlər etməzdim ki...
Başa düşdüm ki, bu söhbətlərimizin məğzini Heydər Əliyevə çatdırır. Son qərarı əlbəttə, o verməli idi. Bir də xatırladım ki, təqvimdə 1981-ci il idi. Desəm ki, bu məsələyə tam biganə idim - riyakarlıq olar. Əlbəttə, bu məni də düşündürürdü, amma bu itkilər ili mənimçün çox ağır keçirdi, həm də belə dözülməz şəraitdə Şuşada “Üzeyir ömrü” filminin çəkilişləriylə məşğul idim. Odur ki, tamamilə səmimi deyirəm, bu vəzifə məsələsi mənim üçün çox arxa planda idi...
Axır ki, Qurultayın vədəsi tamam oldu. Mən də çıxış etdim və çıxışımı bu sözlərlə bitirdim:
- Mən sözümü yazıçıların bütün qurultaylarında iştirak etmiş və bu qurultayda iştirak edə bilməyən şairin sözləriylə tamamlayıram:
Mübarizə bu gün də var, yarın da
mən də onun ən ön sıralarında.
Bu sözlər uzun sürən gurultulu alqışlarla qarşılandı.
O vaxtki Dzerjinski (indi Şəhriyar) klubunda keçirilən qurultayda seçkilərdən qabaq Heydər Əliyev bir neçə yazıçını ayrı-ayrılıqda qəbul edirdi. Sonunculardan birində məni çağırdılar yanına. Mənimçün çox önəmli olan bu söhbətimiz haqqında “Unudulmaz görüşlər”də ətraflı yazmışam. Burda yalnız bir məqamı təkrar xatırlatmaq istəyirəm, Heydər Əliyev mənimlə son dərəcə nəzakətlə, hörmətlə və bir ata qayğıkeşliyiylə danışırdı. Söhbət etdiyi yazıçıların da mənim haqqımda yaxşı fikirdə olduğunu qeyd edirdi, amma onu da deyirdi ki, mənim yazılarımda həyatımızı çox qara, tünd boylarla təsvir olunduğunu çatdırırlarmış ona. “Əlbəttə həyatımızda mənfi hallar çoxdur və biz onlarla mübarizə aparırıq, amma hər halda işıqlı tərəflər də az deyil axı, onları da görmək lazımdır və mən sizə (mənimlə o görüşdə “sizlə” danışırdı) bir ata kimi məsləhət görürəm ki, işıqlı tərəflərdən də yazasınız”.
İclas başlandı və Həsən Həsənov Mərkəzi Komitənin adından Mirzə İbrahimovu sədr və İsmayıl Şıxlını Birinci katib vəzifəsinə seçilməsini təklif etdi. Təbii ki, yekdilliklə seçildilər. Mən də ilk dəfə olaraq Rəyasət heyətinə üzv seçildim. Həsən Həsənova etirazımı bildirdim: “Qobustan” Yazıçılar İttifaqının orqanı deyil, məni niyə Rəyasət heyətinə seçdirdiniz? - dedim. Sonralar Həsən Həsənov danışırdı ki, mənim əleyhimə əsasən yaşlı və orta nəsil yazıçıları olublar. Əsas arqumentləri də ideoloji cəhətdən yabançı mövqedə durmağım olub. “Odur ki səni sədr seçmək mümkün olmadı. O ki qaldı Birinci katib məsələsinə, onu da Mirzə müəllimin istəyiylə həll etdik”.
Mirzə İbrahimovla xoş münasibətlərimiz vardı. Mirzə müəllim bir ara əvvəlki vəzifələrindən uzaqlaşdırılıb təklənəndə “Literaturnaya qazeta”da ona həsr etdiyim “Yaradıcılıq meridianları” adlı məqaləmi dərc etdirmişdim. Elçinin dediyinə görə, Mirzə müəllim bu yazıdan çox razı qalıb, riqqətlənibmiş. Sonrakı illərdə Mirzə müəllimin “Şəhərin yay günləri”, “Təhminə və Zaur” tamaşaları haqqında xoşməramlı məqalələri çıxdı. Mirzə müəllimin Birinci katib vəzifəsinə məni təklif etmədiyinə görə də ona çox minnətdaram. Mən heç bir vəzifədə ikinci adam kimi işləyə bilmərəm. Qoy, lap ən kiçik vəzifə olsun, amma öz başımın ağası olum. Özümdən xəbərsiz (və öz istəyimin əleyhinə bir müddət işlədiyim) Teatr Cəmiyyəti sədrinin ictimai əsaslarla (yəni maaşsız) Birinci müavini vəzifəsinə təyin olunmağımı çox böyük narazılıqla qarşıladım və narazılığımı Mərkəzi Komitənin Mədəniyyət şöbəsinin o vaxtkı müdiri Azad Şərifova da bildirdim:
- Bilirdim ki, adamları özlərindən xəbərsiz vəzifədən çıxarırlar, amma bilmirdim ki, özündən xəbərsiz vəzifəyə təyin etmək də olurmuş.
Baxmayaraq ki, eyni zamanda, Teatr Cəmiyyətinin sədri seçilmiş Şəmsi Bədəlbəyliyə böyük hörmət bəsləyirdim və insafən birgə işlədiyimiz müddətdə o, heç vaxt mənimlə “sədr-müavin” ierarxiyasına (tabeçiliyinə) yol vermədi.
1981-ci il Qurultayından sonra isə xəstəxanada ölüm yatağında yatan anam seçilmədiyimi biləndə yastığının altından üç manat çıxarıb mənə uzatdı ki dilənçilərə payla, nəzir eləmişdim səni bu vəzifəyə seçməsinlər. Yazıq anam mənim altı il sonrakı həyatımı sanki öncəgörənliklə duymuşdu. Axı o, bu vəzifənin tarixçəsini də yaxşı bilirdi. Məhz bu vəzifəni tutan ilk iki şəxs Kazım Ələkbərli və Seyfulla Şamilov repressiya qurbanları olmuşdular. İş otağında, iclas zamanı, yazı masasının arxasında Mehdi Hüseynin ürəyini partlatmışdılar. İmran Qasımov bu vəzifədə çərlədilib xərçəng xəstəliyinə düçar oldu.
Qorbaçovun ölkə rəhbəri seçiməsiylə hər şey kökündən dəyişdi. Sonda SSRİ-nin dağılması və respublikaların, o cümlədən, Azərbaycanın da müstəqilliyini bərpa etməsiylə nəticələnən bu prosesin nə məqsədlə və nə üçün həyata keçirilməsinin sirlərini ola bilsin ki, tarix açacaq. Yaxud da bu sirr heç vaxt açılmayacaq. Amma hər halda ilk mərhələdə bu yenidənqurma və aşkarlıq siyasəti yaradıcı təşkilatlara və yaradıcı adamlara müəyyən sərbəstlik vermişdi. O illərdə Moskvada üç Ümumittifaq qurultayda nümayəndə kimi iştirak etdim - Yazıçıların, Kinematoqrafçıların və Teatr xadimlərinin qurultaylarında. Keçən illərin rəsmiyyətindən, şablon çıxışlarından uzaq, azad düşüncə, cəsarətli fikirlər, yeni ab-hava, yeni ruh yeni bir eranın başlanğıcından xəbər verirdi. Elə o illərdə Moskvanın “Sovetskaya kultura” qəzetində dərc etdirdiyim “Pora nadejd” (“Ümidlər zamanı”) adlı yazımda mən də bu dəyişikliklərə, keçmişin qalıqlarından və qəliblərindən xilas olacağımıza ümidlərimi ifadə etmişdim. Heyhat! Qarşıda bizi hansı faciələrin gözlədiyini haradan biləydik?
O vaxt bu baxımdan bizim Yazıçılar təşkilatında da yeni ab-havaya ehtiyac duyulurdu. Bu təmayüllər çıxışlarda da üzə çıxırdı, mətbuata da süzülürdü.
Mirzə İbrahimov könüllü şəkildə İttifaqın Sədri vəzifəsindən istefa etdikdən sonra təşkilata rəhbərliyi Birinci katib İsmayıl Şıxlı edirdi. Sabir Azərinin “Sovetskya kultura” qəzetində dərc olunmuş məqaləsində Azərbaycan Yazıçılar İttifaqının ünvanına tənqid səslənmişdi. Bu bir qaydadır ki, təşkilatın rəhbəri kim olur olsun, ondan hökmən narazı qalanlar da meydana çıxacaq.
Yazıçılar İttifaqına müstəqil rəhbərlik etdiyi bir il ərzinlə İsmayıl müəllimin də şəkər xəstəliyi şiddətlənmişdi və o da könüllü surətdə ərizə verib işdən azad olunmasını istəmişdi.
Bu məsələni həll etməkçün 1987-ci il, iyunun 18-nə Plenum təyin olunmuşdu. Plenumdan əvvəl Sədrin otağında Rəyasət heyətinin iclası keçirildi və İsmayıl müəllimin ərizəsi müzakirə edildi. Mən də çıxış edərək onun işdə qalmasını təklif etdim, dedim ki, məsələ İttifaqın rəhbərliyinin dəyişdirilməsində deyil, iş metodunun dəyişdirilməsində, yeni dövrün verdiyi imkanlara uyğun qurulmasındadır. Rəyasət Heyətinin toplantısında da, bir saat sonra Natavən klubuna başlanan Plenumun işində də Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi Ramiz Mehdiyev və Mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə iştirak etsələr də, çıxış etmədilər.
Dediyim kimi, dövr dəyişmişdi və Mərkəzi Komitə bilavasitə Yaradıcılıq təşkilatlarının işinə qarışa bilmirdi.
Amma bir həqiqəti də deməsəm olmaz ki, o vaxt Mərkəzi Komitənin Birinci katibi Kamran Bağırov mənim seçilməyimi istəyirdi. Çox illər sonra bir “sirri” açmağın da zamanı yetişib. Plenum ərəfəsi MK-nın başqa bir katibi Həsən Həsənov mənə: “Sədr seçmək məsələsi ortaya çıxsa sənin namizədliyini yazıçılardan kim təklif edə bilər?” - deyə soruşdu. Bir an da tərəddüd etmədən: - Əkrəm Əylisli - dedim, Həsən müəllim Əkrəm Əylisliyə telefon etdi, məsələdən agah etdi və soruşdu: “Səncə, İsmayıl müəllimin ərizəsinə Plenum razılıq versə, onun yerinə kim namizəd ola bilər? O biri telefonla Həsən müəllim mənimlə əlaqə yaratmışdı və Əkrəmin cavabını başqa telefondan eşitdim: “Əlbəttə, Anar” - dedi Əkrəm. Bunu unutmuram, amma bir az komik məqam da yadımda qalıb. Bu cavabdan dərhal sonra Əkrəm Həsən müəllimdən xahiş etdi ki, onun Əylisdə tikdirdiyi evə bir maşın daş göndərmək lazımdır. Həsən müəllim sevincək: - Əşşi, bu asan məsələdir, - dedi - sən bu təklifi plenumda ver.
Doğrudan da, Plenumda bu təklifi ilk olaraq Əkrəm səsləndirdi, sonra Tofiq Bayram, İsi Məlikzadə, İsa İsmayılzadə namizədliyimi dəstəklədilər.
Mən də, İsmayıl müəllim də Natavan klubunda arxa sırada əyləşmişdik. Bir cavan yazıçı elə hey: “İsmayıl müəllim, ərizənizi geri götürün” - desə də, İ.Şıxlı ona məhəl qoymurdu. Mənim yanımda o vaxt çox gənc olan qadın yazıçı əyləşmişdi. Məsələnin partiya işçilərinin birbaşa müdaxiləsi olmadan yazıçılar tərəfindən həll olunduğunu görüb Qorbaçova dua edirdi. Qorbaçovun sonrakı əməllərindən nə xəbəri vardı ki... Onun da, mənim də, hamımızın da... Xanım yay sarafanında idi.
- Bilsəydim belə olacaq, ayrı paltarda gəlib mən də çıxış edərdim - deyirdi. Bu paltarla kürsüyə çıxmaq istəmirdi.
Otuz il keçib o gündən, çox şey dəyişib, ədəbi-ictimai həyatda da, insan münasibətlərində də...
Nəhayət, İsmayıl müəllimin çıxışı məsələyə son nöqtə qoydu:
- Səhhətimlə bağlı ərizəmdə israr edirəm. – dedi - Mən də Anarın namizədliyini dəstəkləyirəm.
Yekdilliklə seçildim və çıxışımda ilk növbədə İsmayıl müəllimə minnətdarlığımı bildirdim.
Pis bir vərdiş var, biri başqasının yerinə gələndə ya təzə gələn köhnənin işlərini yamanlıyır, ya da köhnə təzə gələnin fəaliyyətini burunlayır. Mən təşkilata rəhbər seçiləndən İsmayıl müəllimin son gününə qədər aramızda səmimi rəğbət və hörmət hisslərini qoruyub saxlaya bildik. O da, ağ saqqallardan Mirzə İbrahimov da, Süleyman Rüstəm də, Bayram Bayramov da Rəyasət heyətinin üzvləri kimi keçirdiyimiz bütün iclaslarda mütləq iştirak edirdilər, onlardan xeyli cavan olduğuma baxmayaraq, mənə həmişə böyük ehtiramla yanaşırdılar, məsləhətlər verirdilər. Mən də təbii ki, daima onların hörmətini saxlayırdım. Bakıda və Qazaxda İsmayıl Şıxlının yubileyini təntənəylə keçirdik.
Seçildiyim gün keçirdiyim fərəh hissini danmaq istəmirəm. Çox böyük niyyətlərim, planlarım vardı. Onları həyata keçirəcəyimə ümidim də çox idi, həvəsim, enerjim də. O günün unudulmaz hadisələrindən biri də Mərkəzi Komitənin Birinci katibi Kamran Bağırovla görüşüm oldu. Seçiləndən dərhal sonra zəng vurub məni onun yanına çağırdılar. Təbrik etdi və heç gözləmədiyim sözləri dedi: “Sənin seçilməyini istəyirdik, amma bilirsən müdaxilə elə bilməzdik, bütün gecəni yatmamışam ki, görəsən Plenum necə keçəcək”.
Bu sözləri də heç vaxt unutmuram.
Səhərisi gün - iyunun 19 da oğlum Turalla Sevincin toyu olmalıydı. O vaxtkı “Moskva” mehmanxanasının restoranında yer almışdıq, qonaqlar dəvət olunmuşdu. 19-da səhər acı bir xəbər gəldi - böyük bibim Sarə xanım rəhmətə gedib. Qonaqlara bir-bir zəng edib toyun təxirə salındığını dedik. Abbas Zamanovun sözləri yadımda qalıb: “Bu ailənin bəxti belədir, bir gözləri güləndə, o biri ağlayır”. Turalgilin səfər biletləri də çox qabaqcadan alınmışdı. Bibimin yeddisi çıxandan sonra - ayın 26-da toyları oldu. Toyun səhərisi bildim ki, dünən başqa bir yaxın qohumumuz - Ənvər Məmmədxanlının bacısı Həbibə xanımın və rəssam Tağı Tağıyevin böyük oğulları, özü də rəssam olan Namiq vəfat edib, toyu pozmamaqçün bizə deməyiblər. Namiq çox yapışıqlı oğlan idi, mən də onu çox istəyirdim. Səhərisi gün onu dəfn etdik, mən isə səhər Moskvaya uçmalıydım, ilk dəfə Yazıçılar İttifaqının rəhbəri statusunda Moskvada ədəbi tədbirdə çıxış etməliydim. O gecə məsuliyyətli bir çıxışı nə halda, nə vəziyyətdə, nə ovqatda yazdığımı xatırlayanda bir az təəccüblənirəm.
Üç nəfər getməliydik. İki müxtəlif səpgili şairlər olan Fikrət Qocaya və Məmməd İsmayıla getməyi təklif etdim. Yeri gəlmişkən, bilirdim ki, bir çox yazıçıların, o cümlədən, Məmməd İsmayılın mənzil şəraiti ağırdır. Mirzə İbrahimov Üzeyir Hacıbəyov küçəsindəki mənzilini, Elçin də yeni evə köçdüyünə görə Hüsü Hacıyev küçəsindəki mənzilini təhvil vermişdilər. İttifaqda işə başladığım elə birinci ayda Mirzə müəllimin dörd otaqlı mənzilini Məmməd İsmayıla, Elçinin üç otaqlı mənzilini İsi Məlikzadəyə verdik.
Seçiləndən təxminən bir ay sonra - iyulun 24-də Yazıçılar İttifaqının Plenumu çağırıldı və mən geniş məruzəylə - bir növ proqram məramnaməylə çıxış etdim. Plenumda Ramiz Mehdiyev, Vəfa Quluzadə, Dövlət Nəşriyyat Komitəsinin sədri Nazim İbrahimov, Radio və televiziya Komitəsinin sədri Elşad Quliyev, Moskvadan və başqa respublikalardan qonaqlar da iştirak edirdi. Bu məruzəm “Aşkarlıq işığında” adı altında kitabımda dərc edilib. Amma iş prinsiplərimin hansı əsaslarla qurulacağı haqqında müəyyən təsəvvür yaratmaqçün həmin məruzədən bəzi parçaları burda gətirirəm:
“50-ci illərin axırı və 60-cıların əvvələrini xatırlamalı oluram. Şeir baş vermiş acı səhvlərə və sosializm qanunçuluğunun pozulmasına qarşı kükrək bir ehtirasla öz qəzəb səsini ucaldırdı, nəsr illər boyu məzəmmət olunmuş temalara, illər boyu sənət hədəfi kimi lüzumsüz görünən, sadə adi adamlara (onları nədənsə kiçik adamlar adlandırırdılar) üz tuturdu. Azərbaycan ədəbiyyatının bəlkə dəbəzi başqa qardaş ədəbiyyatlardan fərqləndirən o idi ki, bu proses bir-iki şair və nasirin yox, çox geniş ədəbi pleyadanı əhatə edirdi və bütün nəsillərə-yaşlı nəslə-ağsaqqallara, orta nəslə və ən gənc nəslə mənsub olan bir sıra istedadların ümumi səyləri, ümumi hümməti və qeyrəti sayəsində meydana gəlirdi. Bir də təkrar edirəm - bu heç də müəyyən nəslin deyək ki, yalnız 60-cı illərdə ədəbiyata gələn nəslin xidməti deyildi.Bu nəsil həmin illərin ədəbi prosesində mühüm rol oynasa da, ədəbiyyatın ümumi mənzərəsində daha əvvəlki nəsillərin xidmətlərini və zəhmətlərini unutmaq nankorluq olardı...
... Sinli adam həqiqətin haçan və nə dərəcədə tam deyilib - deyilməməsinə müəyyən müdrik təmkinlə yanaşı bilirsə, gənclik daha maksimalistdir və yarımçıq həqiqət, çərək həqiqət onunçün yalandan betərdir.
Gəncləri qandıranda ki, 1937-ci il olmayıb, otuz altıncı ildən sonra birbaşa otuz səkkizinci il gəlib, onda bütün başqa iddialarımıza, sözlərimizə də şübhəylə yanaşmağa başlayırlar...
Burda mən bir məsələni də qaldırmaq istərdim...Tərcümə və ədəbi əlaqələr mərkəzi məsələsini... Əvvəllər belə bir mərkəzin yaradılması yalnız maraqlı bir təşəbbüs sayıla bilərdisə, hazırkı vəziyyətdə günün ən vacib və təxirəsalınmaz tələblərindəndir. Əhəmiyyətli olan bu təşkilatın yaxın bir zamanda yaranması, tərcümə işindəki müəyyən pərakəndəliyə son qoyması, vacib beynəlmiləlçi rolu olan prosesi düzgün yönəltməsidir. Biz dilimizə nə təsadüfi müəlliflərin təsadüfi əsərlərini çevirməliyik, nə də Azərbaycan ədəbiyyatı adı altında sönük, zəif əsərlərin başqa dillərdə ədəbiyyatımızı gözdən salmasına imkan yaratmalıyıq. Gürcüstandakı Tərcümə və ədəbi əlaqələr mərkəzi işə başlayarkən yalnız 50 nəfər işçisi olub, indi işçilərinin sayı iki yüz nəfərdən artıqdır və onlar ensiklopediya işçiləri statusuna bərabərləşdirilmişlər. Biz də belə bir mərkəzi tez bir zamanda yaratmalı və onun səmərəli işləməsi üçün hər bir şərait düzəltməliyik...
... Yazıçılar İttifaqı Mədəniyyət Nazirliyinin imkanları daxilində ədəbi muzeylərin, yazıçıların muzeylərinin yaranmasına kömək göstərməyə hazırdır, Cəlil Məmmədquluzadənin, Ordubadinin, Cavidin Bakıdakı ev muzeylərinin taleyinə ədəbi ictimaiyyətimiz biganə qala bilməz. Əlli beş ildən bəri yurdsuz-yuvasız yaşayan Teatr muzeyinin aqibəti də bizi düşündürməyə bilməz...
...Yazıçılar İttifaqı Maarif Nazirliyiylə sıx iş birliyi şəraitində əlifba və Ana dili kitablarının, ədəbiyyat dərsliklərinin və proqramlarının daha dolğun, daha səviyyəli və obyektiv olması sayəsində iş görməlidir. Uşaqlarımızın ilk oxuduqları əlifba, Ana dili kitablarından tutmuş, yuxarı sinif şagirdlərinin dərsliklərinə qədər bütün bu kitablar Azərbaycan ədəbiyyatının bütün zənginliyini, əlvanlığını, çoxcəhətliyini əks etdirən, dilimizin saflığını numayiş etdirən bir örnək olsun, balalarımız bayatılarla və nağıllarla, Koroğlu və Aşıq Ələsgər qoşmalarıyla, Vaqif və Sabir şeirləriylə, Cəfər Cabbarlı və Səməd Vurğun əsərləriylə dilə yiyələnsinlər. Dərslik müəlliflərinin, nəşriyyat redaktorlarının öz şeirlərini, yazılarını oxumağa hələ vaxtları çox olacaq...
... Mən arzulardım ki, Yazıçılar İttifaqının qapısından içəri girən hər bir yazıçı-cavanı da, yaşlısı da burdan incik halda, pisikmiş halda getməsin, bir məsələ onun istədiyi kimi həll olunmadıqda belə, bunun məhz ədalət naminə belə həll olunduğuna sidq ürəklə inansın...
... Tənqid kifayət qədər sərt və kəskin ola bilər. Amma heç vəchlə kobud və qaba olmamalıdır. Tənqidçi zəif hesab elədiyi hər hansı əsər haqqında ən kəsərli və inandırıcı iradlarını söyləyə bilər, amma o, heç kəsin mənliyinə, heysiyyətinə toxunan sözlər, ibarələr işlətməməlidir. Heç kəsi sancmamalıdır. Bunu özünə rəva bilən tənqidçilərə mən ən elementar və insani bir dəlillə xitab etmək istəyirəm: təsəvvür edin ki, sizin ələ saldığınız, rişxənd və kinayəylə damğaladığınız və doğrudan da, zəif əsər yazmış müəllifin ailəsi, övladları var, yazını onların gözüylə oxuyun.Tənqidlə, ən kəskin tənqidlə razılaşmaq olar, təhqirlə, kinayəylə, atmacalarla heç bir vaxt barışmamalıyıq...
... Bizim ədəbiyyatımızda ögey-doğmalıq məsələsinə birdəfəlik son qoymaq lazımdır. Bizi nə yerliçilik təəssübü ayırmalıdır, nə müxtəlif nəsillərə mənsubiyyətimiz, nə bir-birindən fərqli sənət zövqlərimiz, üslub növlərimiz... Hələ də katibliyə bəzi redaksiyalardan şikayətlər gəlir ki, orada məsələn, şeirin ideya-bədii keyfiyyətinə baxmadan, o, yəni şeir, elə ancaq şəklinə(vəzninə) görə qapıdan geri qaytarılır... Şeir - şeirdir, istərsən heca vəznində yaz, istərsən sərbəst vəzndə, istərsən əruzun mütaqarib bəhrində...Qeyr-şeir də qeyri şeirdir, yenə də istəyirsən qafiyəsiz yaz, istəyirsən qafiyəli...Bu ögey-doğmalıq söhbətinə ədəbiyyat naminə, ədəbi vicdanımız naminə, nəhayət gəncliyimiz və gələcəyimiz naminə son qoymalıyıq...
... Bu gün ədəbiyyatımızda öz fikri, öz sözü olan heç bir yaradıcı qüvvə ədəbi prosesdən kənarda qalmamalıdır. Biz “Ədəbiyyat və incəsənət” qəzeti səhifələrində Vaqif Səmədoğlunun, Firuzə Məmmədlinin, Ələkbər Salahzadənin, Ramiz Rövşənin,Vaqif Cəbrayılzadənin, Dilsuzun şeirlərini də oxumaq istəyirik, Əkrəm Əylislini, Vaqif Nəsibin, Ağamalı Sadiqin hekayələrini də, Kamil Vəliyevin, Aydın Məmmədovun məqalələrini də... Mən başqa adlar da çəkə bilərəm, qəsdən bu qəzetdə nadir çap olunan, ya heç çap olunmayanlardan bir neçəsinin adını çəkirəm. Yeri gəlmişkən, A. Məmmədovun “Drujba narodov” jurnalının 7-ci nömrəsində dərc olunmuş maraqlı məqaləsinə diqqətinizi çəkmək istəyirəm. Müasir nəsrimiz haqqında dəqiq müşahidələrlə zəngin olan bu məqalədə bir sıra mübahisəli cəhətlər də var. “Qətl günü” romanını tamamilə haqlı olaraq yüksək qiymətləndirən tənqidçi bu gözəl əsərin yaranmasını Yusif Səmədoğlunun “Ulduz”un redaktoru kimi təşkilatçılıq fəaliyyətiylə əlaqələndirir. Y.Səmədoğlunun redaktorluq işini təqdir etsək də, bu işin “Qətl günü” romanının yaranmasında nə kimi rol oynadığını anlamaq çətindir. Məqalənin başqa bir yerində A.Məmmədov yazır: “Belə bir hiss doğur ki “Beşmərtəbəli evin altıncı mərtəbəsində” Anar, “Mahmud və Məryəm”də Elçin məxsusi olaraq “oxunaqlı-məhəbbət” xəttini daxil edirlər ki, öz yazılarını daha cəlbedici etsinlər”.
Adları çəkilən hər iki əsər məhəbbət mövzusundadır. Bu mövzunun nə dərəcədə uğurlu işlənib-işlənməməsi haqqında müxtəlif rəylər ola bilər, amma mən onu başa düşə bilmirəm ki, elə binədən məhəbbət mövzusunda yazılmış əsərlərə məhəbbət mövzusunu nə sayaq daxil etmək olar. Bunları deməklə bərabər mən səmimi bir arzumu da bildirmək istəyirəm. Arzu edirəm ki A.Məmmədovun həmin məqaləsi tərcümə edilsin (ya azərbaycanca yazılıbsa, orijinalda) “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunsun. Birinci ona görə ki, həmin qəzetdə istedadlı tənqidçimizin imzası görünsün. İkinci ona görə ki, məqalədə mübahisəyə səbəb olacaq yerlər varsa da, bu dəyərli məqalədir və belə sağlam mübahisələrin də ədəbiyyata ancaq xeyri var. Üçüncü də ona görə ki, həmin məqalənin Azərbaycan Yazıçılar İttifaqının orqanınıda çap olunması lazımlı bir faktı nümayiş etdirmiş olar: bütün başqa yazıçılar kimi, İttifaqın katibləri də toxunulmaz və tənqidolunmaz deyillər.
Bir arzumu da bildirmək istəyirəm. “Ədəbiyyat və incəsənət” qəzetinin səhifələrində də, “Azərbaycan” və “Ulduz” jurnalları səhifələrində də çoxdan rast gəlmədiyimiz bir imzaya, maraqlı tənqidçilərimizdən olan Asif Əfəndiyevin imzasına rast gəlmək istərdik. Bu məsələni bir az xırdalamaq istəyirəm. Bilirsiniz ki, vaxtilə Asif Əfəndiyev məni də, bir çox başqa yazıçılarımızı da kəskin tənqid edib. Mən bu tənqidlə əsasən onda da razılaşmırdım, indi də mübahisə etməyə hazıram. Amma Asif Əfəndiyevin ədəbiyyata öz baxışları var. O, öz mövqeyi olan və bu mövqeyini ifadə edə bilən bir tənqidçidir, onun ədəbi prosesdən, mətbuat səhifələrindən kənarda qalması düzgün deyil. Mən istərdim ki, məni düzgün başa düşəsiniz. Kimsə düşünə bilər ki, bu misalları çəkməklə mən özümü yaxşı qələmə vermək, qəlbimin geniş olmasını nümayiş etdirmək istəyirəm. İnanın ki, belə deyil. Mən başqa bir məqsəd güdürəm: demokratikləşmə, aşkarlıq şəraitində biz hər cür ədəbi mülahizəni, hətta razılaşmadığımız mülahizəni belə dinləməyə və bu mülahizələrlə sakit, ədəb-ərkan dairəsində mübahisə etməyə alışmalıyıq. Biz razı olmadığımız qənaətlərlə açıq fikir yarışına, fikir toqquşmasına hazır olmalıyıq. Demokratiya dərsləri məhz bundan başlanır...
Bu işdə hamımıza böyük uğurlar diləyək”.
Otuz il bundan qabaq səslənmiş bu məruzədən belə iri fraqmentlər gətirməkdə məqsədim odur ki, burda qoyulan məsələlərdən bir neçəsinin aradan keçən müddətdə həyata keçməsinə diqqət çəkim.
1991-ci il martın 18-19-da Azərbaycan Yazıçılarının Doqquzuncu qurultayı keçirildi, Qurultayda təşkilatımızın Birlik adlanması haqqında qərar qəbul edildi və mən yekdilliklə Yazıçılar Birliyinin sədri seçildim. 1997-ci il oktyabrın 28-də Azərbaycan yazıçılarının Onuncu (müstəqillik dövründə Birinci) Qurultayı, 2004-cü il mayın 21-də On Birinci Qurultayı, 2014-cü ildə On İkinci qurultaylarında açıq səsvermələrdə yekdilliklə yenidən Sədr seçildim.
Bu illərdə otuz il qabaq məruzədə qaldırılan məsələlərdən çoxu həllini tapdı. Bəzi dövrlərdə təşkilatımızda hökm sürən yerliçilik, regionçuluq təmayüllərinə birdəfəlik son qoyuldu. İstedadlı gənclərə sözdə yox, işdə qayğı göstərildi. Birliyin gənclərlə iş üzrə katibi vəzifəsi yaradıldı və bu vəzifəyə Rəşad Məcid seçildi. “Ulduz” jurnalı bütünlüklə gənclərin ixtiyarına verildi. Birlikdə Gənclər şurası və Gənc ədiblər məktəbi yaradıldı. Gənclər İdarə heyətinə, jurnal və qəzet redaksiyalarına üzv seçildilər. Mütəmadiən yeni kitablarının təqdimatları və imza günləri keçirilir, xarici ölkələrə yaradıcılıq ezamiyyətlərinə göndərilirlər, mükafatlara layiq görülürlər. Hər il yaşı otuz beşə qədər olan gənclərdən iyirmi nəfəri Prezident təqaüdü alır (Xatırladım ki, hər il yaşlılardan əlli nəfəri də Prezident təqaüdü alır). Yazıçılar Birliyində guya ki, nəsillər arasında nifaq, yaşlılarla cavanlar arasında ziddiyyət olması haqqında kimlər tərəfindənsə qərəzlə uydurulmuş mif, həqiqətə heç bir aidiyyəti olmayan mif kimi də qaldı.
İsrarlı təkidlə Tərcümə və Ədəbi əlaqələr Mərkəzi yarada bildik. Onun ilk sədri mərhum Aydın Məmmədov idi. Aydının faciəvi şəkildə həlak olmasından sonra Mərkəzin sədrliyinə Afaq Məsudu təsdiq etdik. Mədəniyyət Nazirliyiylə birgə orqanımız olan “Ədəbiyyat və incəsənət” qəzeti ancaq Yazıçılar Birliyinin nəşri kimi “Ədəbiyyat qəzeti” adıyla çıxmağa başladı. Mədəniyyət nazirliyinin nəşri olan “Qobustan” toplusu da Nazirlikdən Birliyimizə verildi. Bundan əlavə “Oğuz eli” adlı aylıq qəzet buraxmağa başladıq, sonralar bu qəzetin zəminində ayrı-ayrı klassik və çağdaş yazıçılara həsr olunmuş xüsusi buraxılışlar nəşr olunmağa başladı. Ədəbiyyatımızı daha geniş təbliğ etməkçün rus dilində aylıq “Mir literaturı” qəzeti buraxmağa başladıq. “Dünya Ədəbiyyatı” və “Ulu Çinar” adlı toplularımız da nəşr olunur. Sovet dönəmində Yazıçılar İttifaqının rayonlarda dörd bölməsi vardısa, indi müxtəlif rayonlarda yaratdığımız on bir bölmə bütün Azərbaycan ərazisini əhatə edir və bəzilərinin öz mətbu orqanları da var. Bundan başqa, Moskvada, Gürcüstanda, Türkiyədə, İsraildə də Azərbaycan Yazıçılar Birliyinin bölmələri fəaliyyət göstərir. Bəzi başqa ölkələrin yazıçılar təşkilatlarıyla, ilk növbədə qardaş Türkiyənin bir neçə yazıçı qurumlarıyla sıx əlaqələrimiz, qarşılıqlı kitab nəşrləri haqqında müqavilələrimiz var, İrandakı soydaşlarımızla da ədəbi əlaqələr saxlayırıq, qarşılıqlı kitab nəşrləri üçün çalışırıq.
Otuz il bundan əvvəlki məruzəmdən bir məqamı da xatırlatmaq istəyirəm, Məruzədə bəzi redaksiyalarda şeir vəznlərinə münasibətdə ögey doğmalıq haqqında irad da var. İndi böyük əksəriyyəti sərbəst vəzndə yazan gənc və çox da gənc olmayan şairlərimiz bəlkə heç təsəvvür də edə bilmirlər ki, bir vaxtlar bu vəzndə yazanlar çıxdaş edilir, mətbuata çətinliklə yol tapırdılar. Ya heç tapmırdılar. İndi poeziyamızın iftixarı sayılan Əli Kərim, Fikrət Qoca, Vaqif Səmədoğlu, İsa İsmayılzadə, Ələkbər Salahzadə və başqalarının ədəbi və qeyri-ədəbi mətbuat səhifələrində (o cümlədən, partiya orqanlarında) necə cahil, təhqiramiz rişxəndli yazılarla pisikdirilmələrindən bəlkə də indiki oxucular xəbərsizdilər. Hələ mənim haqqımda yazılan danosları demirəm ki, onlar bu günə qədər, müstəqillik və söz azadlığı dövründə daha kobud şəkildə davam edir.
Otuz il bundan qabaqkı məruzəmdə adlarını çəkdiklərimin çoxusu (bu gün nə qədər inanılmaz görünsə də!), Yazıçılar İttifaqına və onun mətbuat orqanlarına yaxın buraxılmırdılar. Bu süni tilsimi qıra bildik. Mən elə həmin məruzəmdə, hətta vaxtilə bizə qarşı yazı yazanları da ədəbi orqanlarımıza cəlb etməyi məsləhət bildim. Rəhmətlik Asif Əfəndiyev mənə səmimi təşəkkür məktubu da yazmışdı. Bu gün də Yazıçılar Birliyinin ədəbi orqanlarına münasibətimizdə bu yolu davam etdiririk, eyni dözümlülüyü, tolerantlığı qoruyub saxlamağa çalışırıq. Yəni Birliyin əleyhinə yazanları da, Birlik rəhbərliyinə qarşı olanları da gen bol çap olunmasına, bol-bol təriflənməsinə heç bir maneçilik törətmirik. Elə “Ədəbiyyat qəzeti”mizin hər hansı nömrəsinə nəzər atan adam bu sözlərin doğru olduğunu təsdiq edər. Qəzet səhifələrində postmodernizmdən tutmuş, dostmodernizmə, tostmodernizmə qədər hər növ maraqlı yazılarla tanış olmaq mümkündür. Düzdü, bəzi müəlliflər bir fəndə də əl atırlar. Görürsən neçə-neçə az-çox uğurlu əsəri çap olunur, bir zəif yazısı qaytarılanda, “hə, yəqin bunu çap etməyi Anar, ya Fikrət Qoca sizə qadağan edib” deyə redaktorları şantaj edirlər. Doğrusu, bir yandan belələrini də başa düşürəm. Hərə öz arşınıyla ölçür axı... Onlar yerimizdə olsaydılar, bizə qarşı məhz bu cür rəftar edərdilər.
Moskvanın və bir çox respublikaların Yazıçı təşkilatlarından fərqli olaraq bizim Birliyimiz dağılmadı, parçalanmadı, binamızı da, jurnal qəzetlərimizi də saxlaya bildik. Bunun başlıca səbəbi Ulu Öndərimizin hakimiyyətə qayıtmasından sonra ədəbiyyata və Yazıçılar Birliyinə göstərdiyi diqqət idi. Məhz o, mənim müraciətimlə həm Yazıçılar Biriyini, həm də onun ədəbi orqanlarını Dövlət büdcəsinə saldırdı. Hörmətli Prezidentimiz İlham Əliyev də Tərcümə və ədəbi əlaqələr Mərkəzimizi dövlət büdcəsindən maliyyələşdirdi.
Bəzi bəsit düşüncəli adamlar dövlət qayğısını qəyyumluq kimi yozur, guya ki, Yazıçılar Birliyinin dövlətdən asılı vəziyyətə salındığını iddia edirlər. Kökündən yanlış fikirdir. Heç bir vaxt heç bir yuxarı instansiyadan heç bir göstəriş almamışıq, heç bir təzyiq və təsirə məruz qalmamışıq. Əksinə, biz özümüz hər dəfə yazıçıların məişət, mənzil, fəxri ad, təqaüd, kitab nəşri, yubiley məsələləriylə bağlı dövlət və hökumət orqanlarına müraciət edirik. Bəziləri başa düşmür ki, ədəbiyyata qayğı dövlətin sədəqəsi yox, borcudur. Dövlətin səhiyyəyə, təhsilə, mədəniyyətə, idmana vəsait ayırdığı kimi ədəbiyyata da vəsait ayırması tamamilə təbiidir.
Yazıçılar Birliyimizin dağılmamasının, parçalanmamasının vacib səbəbi dövlətin yaratdığı imkanlardısa, ikinci səbəb burda müxtəlif fikir və mövqe ayrılıqlarına yol verilməsidir. Moskvada olduğu kimi nə əmlak üstündə, nə ədəbi-siyasi baxışların müxtəlifliyi ucbatından təşkilatımızın parçalanmasına yol vermədik. Demokratik cəmiyyətdə hər kəsin siyasi baxışı onun şəxsi işidir. Yazıçılar Birliyi isə yaradıcılıq təşkilatıdır və burda hamımızın vəzifəsi ilk növbədə Ədəbiyyata, Sözə xidmət etməkdir.
Əlbəttə, xalqımızın, vətənimizin taleyüklu problemləri üzə çıxanda təşkilatımız həmişə öz sözünü deyib və çox vaxt hamıdan qabaq deyib.
Vətəndaş mövqeyimizi açıq ifadə etməyimiz sərhədlərimizdən kənardakı düşmənlərimizi də qəzəbləndirir, hələ sovet vaxtında haqqımızda Moskvaya danoslar yazırdılar. Nə yazıq ki, bu danoslara bəzən öz içimizdəki manqurtlar da züy tuturlar. Dözümlülük, tolerantlığımız müqabilində haqsız iradlarla, böhtanlarla, təhqirlərlə, yalanlarla və siyasi danoslarla qarşılaşdıq və qarşılaşırıq.
Ömür boyu heç kəsə pislik etməmişəm, bir adam deyə bilməz ki mən ona qarşı haqsızlıq etmişəm. Doğrudur, çox adama yaxşılıq etməyə də imkanım olmayıb, ya fürsət düşməyib. Amma yaxşılıq etdiyim adamlar qat-qat çoxdur, ən qəribəsi də odur ki, heç bir pisliyim ya yaxşılığın keçməmiş adamlar yox, məhz yaxşılıq etdiklərimdən bəziləri üzü dönük çıxıblar. Çörəkləri dizlərinin üstündə olanların siyahısı çox uzun olardı, amma yuxusuz gecələrimin birində onları gözüm qarşısında canlandıranda nədənsə ancaq on bir şəxsin üstündə qəti dayana bildim. Lap futbol komandası kimi - “Nankorlar” komandası. İndi futbolu yalnız kişilər yox, qadınlar da oynadıqlarına görə bu komandaya hər iki cinsdən nankorlar daxildir. Əlbəttə, ehtiyatda olanlar da var və nankorlardan biri peşman olub üzrxahlıq edəndə onu ehtiyatda olanlardan biriylə əvəz etmək də mümkündür. Şübhəsiz, bu komandanın məşqçisi, ya məşqçiləri də var, varlı-karlı sponsorları da... Çingiz Abdullayev deyir ki, bizimkilər pas verməyi bacarmırlar - nə futbolda, nə həyatda. Bu doğru sözlərə onu əlavə edə bilərəm ki, bəzən öz qapımıza top vurmağı da xoşlayırıq. Nə isə... Kimsə yaxşı deyib ki, sizə qarşı olan pislikləri unudun getsin, amma pislik edənlərin ad-famillərini yaddan çıxarmayın...
Bu xoşagəlməz haşiyədən çıxaraq, burda işlədiyim müddətdə rastlaşdığım və indi də çiyin-çiyinə işlədiyim etibarlı insanları da minnətdarlıq hissiylə qeyd etmək istərdim.. Dünyasını dəyişənləri xüsusi hörmətlə anıram.
1993-cü ildə Memar Sinan Universitetinin dəvətiylə yeddi ay İstanbulda dərs deməyə getmişdim. Nə qədər yazıçımız, alimimiz, müəllimimiz illərlə xarici ölkələrdə işləyirlər, mənim yeddi aylıq ezamiyyətim mətbuatda bir mərəkə qopardı, gəl görəsən. Mən İstanbulda dərs deməkdən başqa, Türkiyə mətbuatında, TV kanallarında, ayrı-ayrı tədbirlərdə də Qarabağ problemindən danışdığım zamanlarda Bakıda mənim vəzifədən çıxarıldığımı bəyan edirdilər. Birliyin Birinci katibi Yusif Səmədoğlu bunu mətbuat səhifələrində təkzib etməli olmuşdu. Yusif o vaxt hakimiyyətdə olan Xalq cəbhəsinin nüfuzlu fəallarından idi. Mənim bir müddət ölkədə olmadığımı əsas götürərək Plenum çağırıb Birliyin rəhbəri vəzifəsinə seçilsəydi buna heç kəs etiraz etməzdi, nə hakimiyyət, nə yazıçılar, nə də mən özüm. Amma Yusif bunu etmədi, çünki gözü tox adam idi, təpədən dırnağa kübar və ziyalı idi və bilirdi ki, şəxsi dostluq, etibar anlayışları hər hansı karyera şanslarından dəfə-dəfə üstündür.
Birliyin katibi seçiləndən sonra bura-yeni bir ab-hava gətirmiş Arif Əmrahoğlunu da ən xoş hisslərlə anıram, illər boyu bir yerdə qarşılıqlı anlaşıq, hörmət şəraitində işlədiyim həmkarlarıma da sədaqətləri, etibarları üçün dərin minnətdarlığımı bildirirəm.
Şübhəsiz ki, bu illər ərzində Birlikdə daha çox faydalı işlər görmək olardı. Amma mən sədr seçiləndən bir neçə ay sonra Qarabağ məsələləri başladı və bundan sonrakı fəaliyyətimizdə, özəlliklə ilk dövrlərdə ədəbi problemlərlə yanaşı, siyasi məsələlər də böyük yer tutdu. Bu məsələ ortaya atılanda Azərbaycanda hələ Kommunist partiyasından başqa heç bir siyasi partiya yox idi. Kommunist partiyasına isə xalqda inam qalmamışdı. Hamı dərd-səriylə axın-axın Yazıçılar Birliyinə gəlirdi və biz də imkanımız daxilində kömək etməyə çalışırdıq. Yazıçıların Şüvəlandakı Yaradıcılıq evində qaçqınları yerləşdirdik, hələ də orda qalırlar, onlara yardımçün “Qayğı” və “Qarabağ” təşkilatlarını yaratdıq. Qarabağ problemiylə bağlı Qorbaçova ilk məktublar Yazıçılar Birliyindən göndərildi. O vaxt MK-nın İkinci katibi Konovalov mənə zəng vurub dedi ki, Qorbaçov məktubumuzu alıb və Azərbaycan yazıçılarına bildirmək istəyir ki, heç bir sərhəd dəyişikliyindən söhbət gedə bilməz. Növbəti riyakarlıq imiş bu. Eyni sözü dəfə-dəfə təkrar edərək işğalçıların qabağını heç nəylə ala bilmədi, ya almaq istəmədi. Qara yanvar müsibəti haqqında Moskva mətbuatında, “Pravda” qəzetinin müxbirləriylə söhbətdə ilk məlumatı mən verdim, Xocalı facisəsi haqqında ilk xəbər “İzvestiya” qəzetində Yazıçılar Birliyinin məktubunda verilmişdi. SSRİ Xalq Deputatı olduğum zaman Qorbaçovla görüşlərdə də bu məsələləri ona çatdırmağa çalışırdıq.
Ömrümün heç bir anı üçün peşmançılıq hissi keçirmirəm. Başqa bir dövrdə, başqa bir ölkədə yaşasaydım, həyatımın necə olması barədə də düşünmürəm. Nə varsa odur, nə olubsa, olub. Bəlkə otuz illik təcrübəmdən çıxardığım ən vacib nəticə odur ki, insan yalnız özü üçün yaşamamalıdır. Və bir də Yazıçılar Birliyinin gələcək rəhbərlərinə bir ismarış da çatdırmaq istərdim: İnanın ki, bu vəzifənin əziyyəti məziyyətindən qat-qat çoxdur./ayb.az/