Әdəbiyyat günahkara bəraət qazandırır – Anar Əkrəm Əylislidən yazır...

Әdəbiyyat günahkara bəraət qazandırır – Anar Əkrəm Əylislidən yazır...
6 avqust 2021
# 09:00

Kulis.az Xalq yazıçısı Anarın Əkrəm Əylisli haqda yazdığı “İşıqlı pәncәrә” essesini təqdim edir.

Әkrəm Әylisliylə qonşuyuq. 18-ci əsrin böyük şairi Vaqifin adını daşıyan dar küçə mənim evimlə Әkrəmin yaşadığı evi ayırır. Neçə illərdir ki, evdən çıxanda ya evə qayıdanda qanrılıb Әkrəmin pəncərəsinə baxıram. Axşam pəncərədən işıq gəlir. Pəncərəyə baxır və sanki görürəm: Әkrəm yazı masasının arxasında oturub. Masada bir dəst ağ kağız...

Evinə qalxıb yeni xəbərləri bölüşmək, bir neçə dəqiqə söhbətləşmək istəyirəm. Amma bunu edə bilmərəm. Әn böyük günahlardan biri işləyən yazıçını işindən ayırmaqdır. Təsəvvür edirəm: qarşısında ağ kağızlar, mürəkkəbqabı və bu mürəkkəb qabında dünyanın bütün səsləri, sözləri, rəngləri, sevginin, qəzəbin, təsəllinin ifadələri yatır. Qələmi bu qaba batırıb çıxarsan və yazmağa başlasan, bütün bu əlvan aləm kağızın üzərinə köçürüləcək.

Әlbəttə, əgər qələm əsl yazıçının əlindədirsə. Budur, bax, mürəkkəbqabı, qələm, kağız – sınaqların ən çətini – ağ vərəq qarşısında imtahan. İndiyə qədər həyat təcrübəndə nə olubsa – eşitdiklərin və gördüklərin, qəlb duyğuların, ömrünün zahiri və içəri tərəfi, simalar, səslər, obrazlar – bütün bunlar bir neçə mürəkkəb damlasıyla kağızda əks olunmalıdır. Min bir söz içindən seçdiyin ən dəqiq kəlmələrlə. Bu fikrindən sürüşüb qaçışan gerçəkliyi kağıza keçirənə qədər iti sürətlə şütüyən qatar kimi fikirlər, duyğular uzaqlaşır, bəzən də itib gedir və sən bu düşüncələr, hisslər, obrazlar axınını, xatirələr selini, fantaziya püskürmələrini vərəqə köçürə bilmirsən. Sonra da deyirlər ki, «sakit, təmkinli nəsr», aramla ritm, epik rəvanlıq.

Pəncərəyə baxıram və birdən görürəm ki, otağın tavanına kölgə düşüb – Әkrəm var-gəl edir. Otağında təkdir, amma eyni zamanda onunla bu otaqda tanış sifətlər, yaxşı ya pis adamlar, xeyirxah insanlar və bədxahlar... Bir də doğma torpağın ətri... Bir də «gülümsəyən dağlar».

«Bir zaman gün çıxanda dağlar gülümsərdilər. Dağların gülümsəməyi hərdən yuxuma girir və hərdən yuxumda dağlar gülümsəyəndə mən dünyada saysız-hesabsız rənglər görürəm. Mənə elə gəlir ki, o rənglərin hamısını haçansa, doğrudan da, görmüşəm. Mənə elə gəlir ki, o rənglərin çoxusunu yavaş-yavaş, yaşaya-yaşaya itirmişəm».

Arazın sol sahilində, dağın ətəyində kiçik bir kənd. Çətindən çətin müharibə illərinin ağır xatirələri. Yazıçının uşaqlıq Dünyası. Böyük Moskvada da, hay-küylü Bakıda da, çeşidli səfərlərdə də həmişə onunla olan Dünya. Әkrəm bu Dünyanı Bakıda və Moskvada təhsil illərindən, M.Qorki adına Ədəbiyyat İnstitutunun divarları arasından keçirdi və ali məktəbi bitirib özüylə Bakıya gətirdi ki, povest və hekayələrində yaşatsın.

Yazıçının povest və hekayələrində canlanan bu Dünya Bakıda, Moskvada yerli və mərkəzi mətbuatda çap olunaraq, kitablarında nəşr edilərək, rus dilinə və başqa dillərə çevrilərək ölkənin milyonlarla oxucusuna məhrəm və yaxın oldu Uşaqlıq dünyası. Kəndli balasının gözüylə görülmüş və peşəkar yazıçı qələmiylə dərk edilmiş bu Dünyanı Әkrəm sədaqətlə və sevgiylə qoruyur. Bir dəfə mənə dedi ki, «uşaqlıq illərimin təəssüratı ömrüm boyu yaradıcılığıma bəs edər». Amma yazıçı həyat təcrübəsi zəngin, müşahidə qabiliyyəti güclü olan bir çox başqa insandan onunla fərqlənir ki, seçim istedadına malikdir.

No description available.

Yazıçı ona görə sənətkar sayılır ki, hadisələrə öz baxış bucağı var, gördüklərini, bildiklərini arıtlayanda ölçü hissini itirmir və bu ifadədən qorxmayaraq «həyat fəlsəfəsinə» malikdir. Mən hələ peşə sirlərindən, üslub ustalığından demirəm. Әkrəm Әylislinin «Gilas ağacı», «Nənəmin tütün kisəsi» hekayələri, «Mənim nəğməkar bibim», «Tənha narin nağılı» povestəri yalnız təsvir olunan materiala, fakturaya görə deyil, bu həyat gerçəkliyinin parlaq bədii obrazlar vasitəsilə əks olunması, müəllif mövqeyi cəhətdən də maraqlıdır. Və real kiçik bir kəndə – Әylisə yolumuz düşsəydi, bu yeri olduğu kimi yox, Әkrəmin əsərlərində əks edilmiş şəkildə görərdik.

Әylisə Әkrəmin gözüylə baxdıqda hər şey bizə daha əhəmiyyətli, daha əzəmətli görünür. Biz hər ağacın, hər kolun, hər cığırın əbədi və dərin hikmətini duyuruq.

Әdəbiyyat – unuduluşun qənimidir.

Әn adi, sıravi insan da həqiqi ədəbiyyat səhifələrində əks olunubsa – əbədidir, unudulmazdır. Allaha inanan insanlar öz talelərinin ədalətsizliyini dərk edərkən imdadı Yaradandan gözləyirilər. İndi insanlara belə təsəllini hardasa ədəbiyyat verə bilir. Әdəbiyyat hamını, ən görünməz varlıqları da görür, gizlinləri üzə çıxarır, günahkara bəraət qazandırır və «suçsuzu» ittiham edir, amma ittiham etdikdə belə, anlamağa çalışır.

Әdəbiyyat – hər növ insanın bəraət qazanmasıdır. Onun dünyayla varlığının təsdiqidir.

Böyük dünyada itib qalmış kiçik Әylis kəndi, onun öz-özlüyündə maraqlı, amma həmkəndlilərindən başqa kimsənin tanımadığı insanları...

Tarix onlar haqqında susur və onlar da tarixdə susurlar. Amma ədəbiyyat həm də sükutun şəhadətidir.

Әdəbiyyat insanın açılmamış, deyilməmiş duyğularının tərcümanıdır.

Әdəbiyyat insanın yalnız etdiklərini yox, etmədiklərini, ya edə bilmədiklərini də əks etdirir, nə dediklərini yox, demədiklərini, deyə bilmədiklərini çatdıra bilir.

Әylisdə yaşayan insanlar – duyğularını içində basdıran Mədinə, ağır müharibə illərində xeyirxah olub xeyirxah qalmağın çətinliyini yaşayan Qulam baba, Nabat nənə, dava dövrünün ayaqyalın uşaqları və bu hekayətləri nəql edənin özü – Sadıx adlı zirək uşaq. Adları bəlli olmayan əsgərlər və əsgər ailələri. Bunların hamısı Әkrəmin kitablarında həmişəlik ömür qazandılar.

Bu silsilədən sonuncu povestdə Sadıx kənddən çıxıb şəhərə gəlir. O, yatmış kəndi sabahın erkən çağında, səhərin dumanında, xoruz banlarının müşayiətilə tərk edib gedir. Әkrəmin özü də Әylisdən çıxıb gedib. Amma bütün kəndini, onun dağlarını, bağlarını, bulaqlarını və ilk növbədə, insanlarını da özüylə böyük Aləmə apardı. Bu kəndin sakinlərindən danışdı və onlar başqa uzaq kəndlərdə yaşayan başqa insanlarla, başqa xalqların övladlarıyla doğmalaşdı.

Yazıçının özü də şəhərli oldu, amma qəlbində yenə kənd uşağı kimi qaldı. Hisslərinin ilkin təbiiliyini saxlayan, Xeyirlə Şəri ayıranda güzəştsiz mövqe tutan insan. Eyni zamanda, uşaqlıq aləminin başqa davranış meyarlarının nisgilini yaşayan şəhərli. Bu kəndli-şəhərli quş dükanlarının önündən sakit keçə bilmir. Ona görə yox ki, quş tutub qəfəsə salmağı böyük cinayət sayır. Yox, ona görə ki, qəfəsə salınmış quşu azad etsən belə, uçub gedə bilməyəcək. O, sərbəst uçuş həvəsini birdəfəlik itirib.

Әkrəm şəhərdə belə asfaltın altında nəm torpağın ətrini duyur. Bir də o, qədimdən qədim kəndli kədərini yaşayır – şəhərin şumlanıb əkilməmiş böyük torpaq sahələrini görəndə qeyri-ixtiyari təəssüflənir – bu qədər boş yerdə nələr becərib yetirmək olardı?! Amma bəzi «kotan» yazarlarından fərqli olaraq, Әkrəmdə şəhərlilərə qarşı kəndli bəyənməzliyi yoxdu. Torpaq dəyərlərini urbanistik dəyərlərə, kəndçi əməyini şəhər ziyalılarının işinə-peşəsinə qarşı qoymur. Natural həyat tərzi intellektual həyat tərzini inkar etmir.

Әkrəm başa düşür ki, Torpaq şəhərə öz payını verməlidir.

Bilir ki, Torpağın bir hissəsi geniş şəhər meydanlarına və küçələrə, hava limanlarına və idman meydançalarına ayrılmalıdır.

Bəzən şəhər ritmləri və hay-küyü onu usandırır. Әkrəmin şəhər ağaclarını qucaqladığını görmüşəm. «Bu ağaclar şəhərdə ən yaxın dostlarımdır» – deyirdi. Hətta onun yaradıcılıq işi də bəzən iqlimdən asılı olur. «Yenə bu Bakı küləyi başladı. Bu havada yaza bilmirəm».

Bu gecə Әkrəm Әylisli haqqında qeydlərimi tamamlayarkən külək əsmir. Sanki relslər üstündə axsayan son tramvayların taqqıltısı, vağzalların basabası, yanıb-sönən işıqforlar, gəmilərin uzaq fit səsləri, televiziya qülləsinin siqnal işıqları. Göydə iri yay ulduzları.

«Sonra buludlar... dağın zirvəsi ilə pıçıldaşan ulduzlar... yuxuda mən ulduzların dalınca qaçırdım, ulduz rəngli arıların, kəpənəklərin...»

Әkrəmin pəncərəsindən işıq düşür. Ona xoş iş, uğurlu yazı arzulayıram. Sonra pəncərənin işığı sönəcək. O, işindən yorğun düşmüş, amma xoş, məmnun ovqatla rahat yuxuya gedəcək.

Halal zəhmətindən sonra dincələn Әkinçi kimi.

P.S. 1969-cu ildə “Komsomolskaya pravda” qəzetində rus dilində çap edilən məqalə müəllifin özü tərəfindən tərcümə edilərək, “Azərbaycan” jurnalının 2020-ci il 10-cu nömrəsində işıq üzü görüb. İnternet resurslarında ilk dəfə yayımlanır.

# 7417 dəfə oxunub

Müəllifin son yazıları

# # #