Ehsan kababı - Alpay Azərin yeni hekayəsi

Ehsan kababı - Alpay Azərin yeni hekayəsi
18 avqust 2020
# 09:00

Kulis.az "Hekayə günü"ndə Alpay Azərin yeni - "Ehsan kababı" adlı hekayəsini təqdim edir.

Fransız aktyoru Pol Frankönün xatirəsinə

(Bunuelvari 2-ci hekayə)


Bir vaxtlar eyni sinifdə oxuyan Şamil, Vasif və mən otuz ildən sonra feysbukda tapışıb, təzədən dostlaşıb arada çayxanalarda, pitsa və pitixanalarda oturub saatlarla söhbət edirdik. Aşağı-yuxarı hər üçümüz qırx beş yaşımıza qədər eyni şeylərdən keçmişdik, - əsgərlik, ali təhsil, iş, evlənmək, bu gün-sabah məktəbi bitirəcək oğul-qızlarımız.

Bir gün razılaşdıq ki, aradabir ailəlikcə görüşək, qoy arvadlarımız da tanış olsun bir-birləri ilə. Novruz bayramı Şamilgildə, yeni il qabağı bizdə yığışdıq. Üç ay sonra martın iyirmisi, növbəti Novruzu qeyd etməkçün mən, Şamil, arvadlarımızla bir yerdə, - bu görüşlərdə uşaqları evdə qoyurduq, - maşınlarımıza oturub yollandıq bizə nisbətən daha çox pulu olan Vasifin Mərdəkandakı bağ evinə. Saat birdə maşınlarımızla Vasifin villasının naxışlı dəmir darvazasının qabağındaydıq.

Hamı bir-biriylə görüşəndən sonra mən zəngi basdım. Üç dəqiqə keçdi, həyətdən səs, hənirti-filan eşidilmədi. Yenə zəngi basdım.

- Bunnar deyəsən, qonaq qəbul eləmək istəmir, - Şamil zarafatyana deyib cibindən mobil telefonunu çıxardanda, içəridən Vasifin arvadı Dilrubənin səsi gəldi: “Gəlirəm! Gəlirəm!”

- Bıy, nə yaxşı gəlmisiz? - Dilrubə qapını açan kimi təəccüblə dedi.

- Gözləmirdiz ki? - arvadım zarafatla soruşdu.

- Düzü, Vasif mənə heç nə demiyib. Amma xoş gəlmisiz, - iki addım geri çəkilib bizi içəri buraxdı.

Artıq aynabənddə oturmuşduq.

- Vasif hardadı, ay Dilrubə bacı? - Şamil dilləndi.

- Nəysə işi varıydı, sizdən yarım saat qabaq çıxdı.

- Bəs biz hardasa bir həftə əvvəl danışmışdıq ki, sizə gələcəyik? Nə əcəb sizə deməyib?

- Bu günlər işinə görə başı yaman qarışıqdı, yəqin mənə demək yadından çıxıb. Qoy gedim əvvəlcə sizə bir çay dəmliyim.

- Dilrubə bacı, çay yox, elə birbaşa yeməkdən başlıyaq, - mən dilləndim, düzü, çox acıydım. - Çayı yeməkdən sonraya saxlayaq, inşallah ona qədər Vasif də gələr.

- Yemək?... Vallah... Qabaqcadan bilsəydim.... Xaladennikdə kalpasa var.

- Hansınnandı? - soruşdum.

- Kapçonnıy, bir də doktorski.

- Əla, - əlimi əlimə vurdum, - doktorskini elə yumurtaynan qızardıb qayğanaq eliyəsən bəlkə?

- Düzü, yumurta var, amma broyler toyuğunun...

- Eybi yoxdu, birincisi, elə şey vecimə deyil. İkincisi, indi kənd yumurtası adıyla broyler soxuşdururlar camaata. Ona görə broylerin yumurtasıynan da qayğanaq gedər.

Bu vaxt Dilrubənin mobil telefonuna zəng gəldi. Yaşıl düyməni basıb, əsəbi-əsəbi soruşdu:

- Vasif, hardasan?... Hə, burdadılar.... Bəs mənə niyə deməmisən ki?... Aha... Oldu, - telefonu qapadıb bizə dedi. - Çıxırıq, Vasif yoldadı, çatır, restorana aparacaq bizi.

Yarım saatdan sonra hamımız “Döymə kabab” restoranındaydıq. Diskdə Teymur Əmrah həzin-həzin “Gecələr bulaq başı” mahnısını oxuyurdu.

- Restoranda bizdən başqa heç kim yoxdu, - Vasifin arvadı ətrafa boylanıb dilləndi.

- Sənə lazımdı kiminsə burda olmağı? - əri qaşqabaqla reaksiya verdi. Sonra ayağa durub məclis sahibi kimi üzünü hamıya tutdu:

- Hə, əzizlərim, bunların əla döymə kababları olur, elə ona görə restoranın adını o cür qoyublar. Təklif eliyirəm döymə kababdan başlayaq.

Ofisiant masamıza yaxınlaşdı.

- Sabir məllim burdadı? - Vasif ofisiantdan soruşdu.

- Hə, otağındadı.

- Ona deyərsən, Vasif burdadı, salam de mənim adımdan. Sən belə elə, əvvəlcə burdakılardan bir-bir zakazları götür. İkinicisi, kim nə istiyir, onu yazarsan, amma kababçıya deyərsən, burda oturanların sayına uyğun hərəyə bir şiş döymə kabab bişirsin.

Döymə kabab öz yerində, menyuya baxıb, cürbəcür salatlar, quzu, tikə, lülə, osetrin, şərablar, limonadlar sifariş verdik, mən özümə ayrıca piti gətirməsini xahiş etdim.

- Vasif, mən belə başa düşdüm ki, sən bu restoranda çox olmusan? - soruşdum.

- Hə, buranın müdiri mənim dostumdu. Azərbaycanın başqa yerlərini deyə bilmərəm, amma Bakınınn heç bir restoranı, kafesində burdakı kimi döymə kabab vermirlər.

- Doğrudan?

- Öz canımçün hə. Özün yeyəndə görəssən də.

Bu vaxt zalın o başından bir qadının ağlamaq səsi gəldi qulağımıza. O səs tez kəsildi deyə, hamımız eşitməməzliyə vurduq özümüzü, deyəsən, hamıya elə gəldi ki, o səsi bir də eşitməyəcəyik. Üstündən iki dəqiqə keçməmiş, həmin qadın yenə ağlamağa başlayanda, hamımız bir anda ayağa qalxdıq.

Vasif arvadlara “Sizlik deyil, oturun, indi gəlirik” desə də, düşdülər dalımıza. Vasif episentrə birinci çatdı, otağa girməyilə “Vaay” deməyi bir oldu. Ürəyim düşdü, kiminsə ölməyindən başqa ağlıma heç nə gəlmədi.

Müdirin otağında yekə masanın üstünə bir meyit uzatmışdılar, üstünə ağ mələfə çəkilmişdi. Masanın yanında gözlüklü, ortayaşlı bir qadın oturub xısın-xısın ağlayırdı. Bizə qulluq edən ofisiant da orda idi. Vasif soruşdu ki, ölən Sabir müəllimdi, ofisiant “Hə” mənasında başını tərpədib yavaşca dedi:

- Vallah, adamın heç inanmağı gəlmir. Beş dəyqə qabaq sağıydı. Amma sizin salamınızı çatdıra bildim, - son sözləri deyəndə müticəsinə gülümsədi.

- Bir dəyqə olar səni? - Şamil ofisiantı qırağa çəkib pıçıltıyla soruşdu: - Bəs bu adam rəhmətə gedib, sən də gəlib bizdən zakaz götürürsən. Yəni bu qədər...

- Mən sizdən zakazı götürəndə sağıydı, ay məllim. Rəhmətə getməmişdən qabaq özü tapşırdı ki, sizə xüsusi qulluq eliyim. Birdən elə bilərsiz, sizdən çayovoy-zad umuram.

- Guya ummursan, hə? - Vasif bic-bic gülümsədi. - Lap əcəb edirsən umursan, burda nə var ki? Hər şey bir yana, ən azından biz yeyib burdan çıxana qədər dözməliydi Sabir. Ölməməliydi, - son sözləri deyəndə Vasif ciddi sifət aldı.

- Axı... - eşitdiklərindən heyrətə gələn ofisiantın gözləri kəlləsinə çıxdı.

- Nəysə. Bildim nə deyəssən, lazım deyil, - pıçıltıyla soruşdu: - Ağlayan qadın kimdi?

- Bacısıdı.

- Bacısı? - Vasif təəccüblə soruşdu.

- Hə, bacısıdı, - pıçıltıyla “Siz niyə elə təəccüblə soruşduz ki?” tonunda cavab verdi.

Biz gah pıçıltıyla, gah da adi səslə öz aramızda mübahisə etsək də, xısın-xısın ağlayan qadın öz işindəydi, bizə fikir vermirdi. Bu vaxt Şamilin arvadı havaya sual atdı:

- Yaxşı, biz indi neyniyək?

- Neyniyəciyik? Təcili burdan getmək lazımdı, - arvadım pıçıldadı.

- Yox, nə danışırsız, Yaqut xanım? - Vasif dilləndi. - Mən heç sizi buraxaram.

- Xanım, siz qətiyyən narahat olmayın, - ofisiant arvadıma dedi. - Bizim ayrıca kabinetlərimiz var, on dəyqəyə kabablar hazır olacaq. Sizi inandırım, burda lap on arvad səslə ağlasa belə, ora heç bir səs gedib çatmayacaq. Yəni ora tam rahat bir yerdi.

- Ay qardaş, nə danışırsan? - Şamilin arvadı pıçıltıyla dedi. - Nə məcburdu axı, burda...

- Zakaz verilib axı, ay Nisə xanım, - Vasif, Şamilin arvadının sözünü kəsdi.

- Üstəlik, kabablar manqalda bişir, - ofisiant sanki bizdə iştah yaratmaqçün əlini əlinə sürtdü. - Yenə deyirəm, birdən elə bilərsiz, sizdən çayavoy-zad umuram deyə, kabinet məsələsini bayaq dedim. Bax, Sabir müəllimin, - əliylə meyiti göstərdi, - ruhuna and olsun, bir manat belə sizdən ummuram.

- Amma iki manat umursan, hə? Düzünü de, - Vasif şit-şit irişdi.

Ofisiant çaşan kimi oldu, bilmədi, nə desin. Bu vaxt Vasifin arvadı söhbətə qoşulmaq istəyəndə, elə bildim, o da dirənəcək ki, gedək burdan, imkan vermədim ağzını açsın:

- Vallah, acından ölürəm, istiyir, burda bir yox e, iki meyiti ağlasınlar, mən döymə kabab yeməmiş, burdan gedən deyiləm. Afisant qardaş düz deyir, biz keçərik kabinetlərdən birinə. Orda rahatca...

- Ay kişi, səni heç evdə belə qarınqulu görməmişdim, - arvadım üzümə bozardı. - Nə məcburdu axı, adam ölən yerdə yemək yeyək.

- Bir şey soruşum, - Vasif ofisianta dedi. - Siz dəqiq bilirsiz ki, Sabir məllim ölüb?

- Həə, - ofisiant təəccübləndi. - Görmürsüz? - meyitə tərəf çöndü.

- Görürəm, kor deyiləm. Mənim dediyim odu ki, ölümü yalnız həkim təsdiq edə bilər. Skorı çağırmısız?

- Çağırmağına çağırmışıq. Amma bacısı həkimdi, o, pulsunu yoxluyub dedi ki...

Bu vaxt gözlüklü qadın qəfil ayağa qalxıb bizə yaxınlaşdı, hikkəsini boğmağa çalışsa da, əsəbi olduğu hiss olunurdu.

- Nə baş verib burda? - dilləndi, ofisianta baxaraq, - Nəyin mübahisəsini eliyirsiz?

- Heeç, Əntiqə xanım. Boş şeydi, - ofisiant azca qızardı.

- Boş şey nədi?... Cavab ver də, nədi boş şey?

Ofisiant nədənsə Vasifə yox mənə, mənsə Vasifə baxdım, yəni, sən bizi qonaq çağırmısan, zəhmət çək, özün cavab ver.

- Sizin adınız nədi? - Vasif dilləndi.

“Uff, heç hənanın yeridi?” - fikirləşdim. Arvadı tərs-tərs Vasifə baxdı, elə bildim, bu dəqiqə Dilrubə ərinə nəsə deyəcək, aləm qarışacaq bir-birinə.

- Bu sualı niyə verirsiz ki? - qadın dilləndi. - Adım Əntiqədi, əgər bunu bilmək sizə maraqlıdısa.

- Niyə soruşdum? Mən axı heç vaxt sizi rəhmətlik Sabirgildə görməmişəm.

- Birinci dəfə nə vaxt bizdə olmusuz?

- On il qabaq.

- Bəs axırıncı dəfə?

- Beş il qabaq.

- Mən iyirmi il qabaq ərə getmişəm və siz bizə gələndə evdə olmamışam, aydın oldu?

- Bildim. Yaxşı, onda ikinci sualı verim. Siz həkimsiz?

- Hə, həkiməm, - əsəbi-əsəbi cavab verdi. - Siz axı burda nəyi bölə bilmirsiz?

- Əntiqə xanım, biz bura nahar etməyə gəlmişik.

- Yaxşı eləmisiz. Nuş olsun.

- Bildik ki, belə bir faciə baş verib. Yeri gəlmişkən, Allah Sabirə qəni-qəni rəhmət eləsin.

- Amin. Allah ölənnərinizə rəhmət eləsin.

- Sabir mənim dostum olub, tonnarnan çörək kəsmişik, İndi bilmirik nətəər eliyək, Əntiqə xanım.

- Nə zakaz eləmisiz?

- Kabablar.

- Lap yaxşı. Siz heç narahat olmuyun, gedin rahat kababınızı yeyin. Hesab eliyin ki, rəhmətlik Sabirin ehsanını yeyirsiz.

Bizim arvadlardan kollektiv bir ah çıxdı. Vasif çönüb onlara tərs-tərs baxıb, Əntiqəyə üzünü tutdu:

- Ehsan deyəndə... Hmm, yəni pulunu axırda verəcəyik.

- Aydındı. Nə olur olsun, siz yeməyinizdən qalmayın, - Əntiqə xanım ərklə dedi. - Sabirin ruhu inciyər sizdən.

Bizim arvadlardan ikinci dəfə kollektiv bir ah çıxdı.

- Siz doğrudan narahat olmayın, - Əntiqə onlara üzünü tutdu: - İndilərdə həkim gələcək, ölüm kağızını yazıb bizə verəndən sonra, meyiti maşına qoyub burdan gedəcəyik.

- Əntiqə xanım, - ofisiant az qala, əzilə-əzilə dedi. - Bayaqdan mən də elə siz deyəni deyirəm. Ayrıca kabinetlərimiz var, indi gedib ən böyüyünü hazır eliyərəm...

Bu vaxt ağ xalatda arıq, bığlı bir kişi içəri girib ofisianta ”Nazim, kabablar hazırdı. Gəl götür” deməyilə otaqdan çıxmağı bir oldu.

- Hə, xanımlar, - Vasif əlini əlinə vurdu. - Etirazsız-filansız yavaş-yavaş...

- Yox, biz ora getmiyəcəyik, - arvadım o biri arvadları nəzərdə tutaraq dilləndi.

- Özbaşınasan? - gözümü ağartdım. - ofisianta, - Get kababçıdan soruş gör, piti məsələsi nə oldu.

- Başüstə, məllim, - deyib ofisiant tez kabinetdən çıxdı.

- Yaqut xanım, - Vasif yoldaşıma üzünü tutdu. - Vallah, qonağımız olmasaz, ömrüboyu əzab çəkəcəm ki, mənim qonaqlığım qanqaraçılıqla qutardı.

- Vasif qardaş, - arvadım qorxa-qorxa əlini meyitə tərəf uzatdı. - Sizcə, bu qanqaraçılıq deyil?

- Ölü yiyələriçün hə, bizimçün yox.

- Ay xanım, - Əntiqə dilləndi. - Bir gün bu həyata gələn, bir gün də getməlidi, həyatın qanunudu bu.

- Belə götürəndə, - Vasif dedi, - Sabir mənim dostum olub, əslində, mən həyəcan keçirməliyəm. Amma rəhmətliyin xasiyyətini yaxşı bilirəm axı, inanın mənə, biz burdan ac getsək, ruhu qiyamət gününə qədər bizi bağışlamayacaq. İkincisi, biz kabinetə girib qapını bağlayanda, qanqaraçılıq avtomatik yox olacaq.

Arvadlarımızdan növbəti ah çıxdı və bu vaxt ofisiant içəri girib mənə dedi:

- Məllim, sizin piti də, kabablar da kabinetdədi.

- Davay-davay, - Vasif bizi tələsdirdi. - Kabablar, piti soyumamış çıxaq burdan.

Elə bu vaxt içəri ağ xalatda kök kişi və əlində balaca tibb çemodanı olan kök qadın (ikisinin də kök, balacaboy olmaları istər-istəməz çoxumuzun üzündə təbəssüm yaratdı.) içəri girdi. Bildik ki, təcili tibbi yardımdan gələn həkimlə tibb bacısıdır.

- Ölən kimdi? - həkim birbaşa mətləbə keçdi, Əntiqəni görəndə, - Bıy, Əntiş sənsən?

- Toofiq? Bayaqdan baxıram, deyirəm, nəsə mənə tanış gəlirsən.

Qucaqlaşıb doğma adamlar kimi öpüşdülər. Biləndə ki, ölən keçmiş qrup yoldaşının qardaşıdı, Tofiq həkimin gözləri doldu, bir yerdə doluxsundular.

- Bəs necə oldu rəhmətə getdi Sabir?

- Pul sayanda ürəyi tutdu, - Əntiqə jaketinin cibindən çıxartdığı dəsmalla göz yaşlarını sildi.

- Yəqin əysih gəlib pulları, ona görə infarkt keçirib.

- Bunlar kimdi? - Tofiq əliylə bizi göstərib Əntiqədən soruşdu.

- Sabirin tanışlarıdı. Nahar eləməyə gəliblər. Bildilər ki, Sabir rəhmətə gedib, gəldilər başsağlığı verməyə.

Bu vaxt içəri girən kababçı məzəmmətlə bizə dedi:.

- Kabablar soyuyur, niyə gəlmirsiz?

- Nə kababıdı? - Tofiq ondan soruşdu.

- Döymə, tikə, antrikot, balıq, - kababçı cavab verdi.

- Balıq hansınnandı?

- Osetrin, - kababçı elə tonda cavab verdi ki, “Başqa hansı olmalıydı ki?” kimi səsləndi.

- Akt, ay Tofiq, - Əntiqə söhbətə müdaxilə edəsi oldu.

- Nə akt? - həkim soruşdu.

- Ölüm aktı yazmaq lazımdı. Səni bura niyə çağırıblar?

- Bıy, Əntiş, bağışla, sən Allah. Gəl belə eliyək, mən dəhşət acam. Səhər saat altıda bir evə, xəstə yanına göndərmişdilər. İnan mənə, Allahın acı çayını içməyə vaxtım olmuyub. Etiraz eləmirsənsə, bir-iki şey atışdırardım. Uzağı, on dəyqəyə burdayam.

Bizim qadınlardan dördüncü dəfə kollektiv ah çıxdı. Tofiq həkim onlara qəribə-qəribə baxıb sözünə davam etdi:

- Bir də, Əntiş, səhv yaza bilərəm ölüm sənədini, yaxşı olmaz.

- Üzr istiyirəm, səhv necə yaza bilərsiz? - Şamilin arvadı gizlətməyə çalışdığı hikkəylə soruşdu.

- Necə səhv yaza bilərəm, yaxşı sualdı, - həkim ona qəribə-qəribə baxdı. - Məsələn, adını Sabir yox, Sahib yazaram. Əntiş, sizin familiyanız necə gedir?

- Əhmədov.

- Əhmədov əvəzinə Əhədov yazaram, - Tofiq Şamilin arvadına dedi.

- Tofiq gəl onda elə, - Əntiqə dilləndi. - Get bunlarnan bir az nahar elə, sonra...

- Vallah, Əntiş, mənnən olsa, elə manqalın yanında ikicə şiş döymə, bircə şiş osetrin, bir də, ikicə şiş...

- Manqalın yanında niyə yeyirsən, ay Tofiq? Get rahat kabinetdə nahar elə. Meyit qaçmır, burdadı, - Əntiqə bunu deyib Vasifə baxdı.

Gördüm, Vasif burnunu salladı, yavaşca qulağına pıçıldadım:

- Krısa olma, uzağı, on beş-iyirmi manat artıq xərcin çıxacaq.

- Tofiq həkim, bəs mən neyniyim? - tibb bacısı onun qulağına pıçıldadı.

- Neyniyəssən? Mənnən oturub bir qismət çörək yeyəssən.

- Hə, siz də qonağımız olun, - Vasif həkimlə tibb bacısına baxıb zorla dilləndi. - Sonra kababçıya könülsüz dedi: - Həkim deyən kababları da bişir gətir, - qəfil səxavətli damarı tutdu, nədisə,
Əntiqə xanıma üzünü tutdu: - Əntiqə bacı, bəlkə, siz də elə bizə qoşulasız? Özünüz demişkən, elə bilin, rəhmətlik Sabirin ehsanını yeyirsiz.

Əntiqə xanım əvvəlcə çaşdı, tərəddüd elədi, bir az fikirləşdi, ah çəkib “Yaxşı, elə qardaşımın ruhu da şad olar,” - deyib ayağa durdu və beşinci dəfə ah çəkən bizim arvadlar ehsan kababına qoşulmağa məcbur oldular.

23 fevral, - 7 aprel, 2020

# 4296 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #