Bir ər-arvadın Almaniya sərgüzəşti

Bir ər-arvadın Almaniya sərgüzəşti
22 may 2013
# 11:41

"Fraqmentlər" silsiləsindən

Susanlar və danışanlar

Üç azərbaycanlı-iki ortayaşlı kişi və həmin yaşlarda arvad bir az qabaq Frankfurtun qədim restoranlarından birinə gəlmişdilər. Firdovsi, Qarabağ müharibəsi döyüşçüsü 1998-ci ildə Almaniyada yaşayan dostunun köməyilə Frankfurta köçmüş, qaçqın statusu alandan sonra elə yenə həmin dostunun köməkliyi ilə türk restoranlarının birində aşpaz kimi işə düzəlmişdi.

Firdovsi Bakıdan qonaq gəlmiş böyük qardaşı Hüseyni, qardaşı arvadı Elmiranı orijinallıq xətrinə alman restoranına dəvət eləmişdi. Hüseynlə Elmira Frankfurta gələndən “gədiyə” (gədəyə) başa salmağa çalışırdılar ki, evlənmək lazımdır, yaş qırxa doğru gedir, (Firdovsinin otuz dörd yaşı vardı) Bakıya gələndə biz dediklərimizi bəyənmirsənsə, özün elə buralarda ara-axtar, maraqlan, soruş, öyrən, azərbaycanlıdan, türkdən birini tap, evlən. Lap toyu Almaniyada elə, biz pul tapıb gələrik. Uzağı, biz gəlməsək də olar, təki sən evlənəsən...

- Weisses Brot, bitte, (Ağ çörək, zəhmət olmasa) - Firdovsi qara çörək gətirən ofisianta dedi.

- Okey, - ofisiant gülümsədi, əlindəki qara çörəklər olan qabı masanın üstünə qoyub getdi.

- A Firdovsi, - Elmira dilləndi, - bu “nemeslərin” hamısı qara çörək yeyir?

- Yo, niyə, ağ çörək yeyəni də var, ancaq bir şey var ki, bizdəki kimi çox çörək yemirlər.

- Mən ömrümdə qara çörək yeyə bilmərəm, - Elmira dedi.

- Elə ona görə ömür boyu sıpa boyda olassan, bir çön ətrafdakılara bax. - Hüseyn arvadına dedi.

- Sən nəsən bə? Gör kim kimə sıpa deyir.

Arvad düz deyirdi, elə Hüseyn də “sıpa” şey idi.

- Ay Firdovsi, - Elmira dedi, - amba bu “nemeslərin” də içində gombulu olur. Özüm bu gün neçəsini küçədə öz gözlərimlə gördüm. Bir də, köklük tək ağ cörəyə görə deyil ki.

- Ağ çörəyə görə deyil, - ağzını əydi arvadının. - Sən yarım ağ çörəyə üç barmaq qalınnığında kərə yağ sürtürsən. Çörəyə görə deyilsə, yağa görədi.

- Həftədə ən azı iki dəfə mal, ya qoyun piyi qızardıb yeyirsən. Kişinin qızının könlünə cız-bız düşüb. Həftədə iki dəfə könül olur?

- Sən Allah Firdovsinin yanında məni biabır eləmə, - Elmiranı gülmək tutdu. A qayın, sən indi bizə de görək...

Bu vaxt ofisiant yaxınlaşıb masaya ağ çörəyi və salatları düzməyə başladı, Elmira susdu.

- A səy, - əri dillənir, - niyə susdun? Onsuz da bu, bizim dili başa düşmür, sözünü de.

Elmira dinmədi, ofisiant aralanandan sonra ağzını açmaq istəyəndə əri onun sözünü kəsdi:

- A səy, deyirəm, o gədə bizim dili başa düşmür, niyə susursan?

- Həə, a Firdovsi, sən de görüm, bu yay Bakıya gələndə evlənəjsən, ya yox?

- Neynir e, evlənib özünü bədbəxt eləsin. Mən evlənib ağ günə çıxdım ki, o da evlənsin – dost-tanışın yanında arvadıyla məzələnmək Hüseynin mərəziydi...

İki masa o tərəfdə hardasa altmış yetmiş-yetmiş beş yaş arasında iki qadın və iki kişi oturmuşdu, üzbəüz oturmuş çox güman, evli cütlüklər eləcə bir-birinə baxırdılar. Qabaqlarında balaca fincanlarda içilmiş qəhvə var idi.

Restoranda oturduqlarından bu yana Elmira danışa-danışa arada almanlara baxırdı. On dəqiqədən çox vaxt keçməsinə baxmayaraq, onların öz aralarında bir kəlmə belə kəsməmələri Elmiranı təəccübləndirmişdi.

Kişi və arvadlardan birinin gözləri göy, digər qadınınkı isə boz, o biri kişinin gözləri qonur rəngdəydi. Sanki restoranda dekorasiya xətrinə qoyulmuş geyimləri, gözləri müxtəlif rəngdə oturaq vəziyyətdə olan dörd heykəldilər...

- A qadan alım, - Elmira qaynına yavaş səslə dedi. - O dörd nəfər var e, - başıyla onların oturduğu yeri göstərdi. Qaynı yavaşca başını yana döndərdi:

- Hə, nədi ki?

- Bax, biz on dəyqə olar gəlmişik. Deyən, bunnar bizdən qavax gəliflər. Deməli, bayaqdan fikir verirəm, inanırsan, hələ bir dəfə olsun ağızlarını açıb bir söz demiyiflər.

- Ay Emiş, deyirsən, on dəyqədi gəldikləri, danışacaqlar da, bir səbrin olsun, - əri dilləndi.

- On dəyqə axı elə də az vaxt deyil...

- Sən Allah, boş-boş danışma, - əri arvadının sözünü kəsdi. - A köpəkqızı, sənə nə onnar danışır, ya danışmır. Onnara tamaşa eləməyə gəlmisən?

- Nə bilim e, maa nəysə maraqlı gəldi, - arvad yenə susanlara baxdı.

- Hə, qardaş, - Hüseyn Firdovsiyə, - keçək əsas məsələyə, sən elə bilirsən biz tək bura gəzməyə, restorana...

- Bilirəm, a Hüseyn, tək gəzməyə gəlməmisiz, məni evləndirmək istəyirsiz. İndi mən neyniyim? Söz verirəm ki, bu dəfə Bakıya gələndə...

- Eh, deyirsən də, a qağa, - Elmira dilləndi. - Neçə ildi söz verirsən elə. Bakıya da gələndə nə biz deyəni bəyənirsən, nə də özün birini tapırsan.

- Ə, arvad düz deyir, - bu dəfə susan “nemeslərə” baxan böyük qardaş yenə arvadının sözünü kəsdi, - a Firdovsi, bunnar deyən kardılar?

- Kar? Bəlkə lal demək istiyirsən?

- Lal, ya bəlkə ikisinnəndilər?

- Lal-kar? - Hüseyn çönüb susan almanlara baxdı, qardaşıyla gəlin də çönüb baxdı.

Onlar yenə də təxminən eyni vəziyyətdəydilər. Bu dəfə göygöz qadın masanın üstünə baxırdı. Başa düşmək olmurdu gözləri yol çəkir, yoxsa özü diqqətlə bir nöqtəyə baxır. Və bir dəfə də olsun onlara diqqətlə baxan azərbaycanlılara tərəf gözlərini ucuyla belə baxmırdılar.

-Yox, bunnar lal-kar ola bilməz. Çünki bunnarın məktəbi var. Elə olsaydı, əl-qolla danışardılar bir-birləriynən, - Firdovsi dilləndi.

-Məktəb? - Hüseyn təəccüblənən kimi oldu.

-A kişi, guya Bakıda elələrini görməmisən?

-Yox, görməmişəm, - deyib əri qaşlarını çatdı, yəni məni avam sayırsan.

- Uff, ay Allah, nətəər də yalan danışır e.

- Az, nə yalan danışacam, deyirəm görməmişəm də.

- Heç metroda görməmisən, kişili-arvaddı əl-qollarını tərpədə-tərpədə öz dillərində danışırlar?

- Görməmişəm. Yaxşı, de görüm, bax, bir az qabax mən Firdovsiynən danışanda da sən onnara baxırdın?

- Hə, bə onu deyirəm da.

- Yəni bəyaxdan “nemeslər” bir dəfə də olsun dodaxlarını belə tərpətmiyibblər.

- Yox, toba.

-Yalançının dədəsinin goruna nəhlət.

-Min nəhlət.

- Ə ta onda nə deyim, arvad düz deyir də, onda bu “nemeslər” səydilər ki, - deyib qardaşına göz vurdu.

- A kişi, danışmaq bir yana, heç gülmüllər də.

- Deyirəm, sənin başın doğurdan işləmir. Danışmayandan sonra ta nəyə güləjəklər ki?

Firdovsi özünü bir az narahat hiss etməyə başladı, fikirləşdi ki, almanlar bizim dili başa düşməsələr də, qardaşıyla gəlinin gözlərini onlara zilləyib baxmasını hiss ediblər, hərçənd ki, almanlar bir dəfə də olsun azərbaycanlılara tərəf baxmamışdı.

Firdovsi yavaşca başını çevirib onlara tərəf baxdı, yenə də bir-birinə baxa-baxa susmaqla məşğuluydular. “Hmm, bunnar, deyəsən heç gözlərini də qırppır,” - fikirləşdi.

Ofisiant “nemeslərə” yaxınlaşanda arvad güldü. Əri soruşanda ki, az, nə gülürsən, arvad cavab verdi ki, axır ki, danışdılar.

- Nə? Danışdılar “uje”? - Hüseyn, qardaşı da tez onlar tərəfə çönüb gördülər ki, ofisiant almanların qabağındakı boş qəhvə fincanlarını yığır.

- Hanı, danışmıllar axı, - Hüseyn dedi

- Çatmadız, - arvad gülə-gülə dedi.

- Nə çatmadıq? - deyib əri qaşlarını çatdı, yəni məni doluyursan.

Firdovsi gəlinə göz vurub qardaşına dedi:

- A qağa, Elmira sənnən məzələnir, deyən.

- Toba məzələnmirəm, - Elmira dedi. - Danışdılar deyəndə, ofisiant onnara yaxınnaşıb da soruşdu ki, genə bir şey lazımdımı, o ağbaş kişi elə bil yox dedi, - bunu deyib Elmira uğunub getdi.

- A köpəyin qızı, o danışmaqdı? Afsant sual verib ki, zəhərrənəssiz, bunnar da cavab verib ki, xeyir. Bu danışmaqdı, a köpək qızı?... Bir də, sən “nemes” dili bilirsən ki, afsantın onnardan nə soruşduğunu biləsən? - kişi səsini bir az qaldırdı. - Durub indijə səni cahmahatın içində xışdıyajam.

- A kişi bəyaxdan məni söyürsən ki, niyə onnara baxırsan, indi özün onnardan gözünü çəkmirsən, gözdüyürsən ki, nə vaxt danışacaqlar.

Bu vaxt qadın yerindən dik atılıb oturdu, gözlərini bərəltsə də heç nə demədi, - əri masanın altından arvadın budunu çimdikləmişdi. Bir qədər susdular.

- “Vabşe”, dəli şeytan deyir, dur, get yannarına, bir çırtma çal, ya qabaqlarında oyna, heç olmasa başlarını tərpətsinlər, - Hüseyn dilləndi. - Deyirəm, nətəər də dözüllər e. Məətələm, vallah, - saatına baxdı, - “rovnu” (düz) on beş dəyqə keçib. Bəyaq Emiş deyəndə ki, on dəyqədi onnar danışmır, mən sizdən gizlin saatıma baxdım. O, deyəndən beş dəyqə keçib, üstəgəl on, eliyir on beş. Həə, üstəlik, arvad bayaq dedi ki, onnar bizdən qabaq gəlib. O da ən azı beş dəyqə eliyir, onda bu köpəyuşaxları azı iyirmi dəyqədi ağızlarına su alıb oturublar burda. Deyirəm də, gərək duram oyunuyam qabaxlarında.

- O dəqiqə səni polisə verərlər, rahatdıxlarını pozduğun üçün, - Firdovsi dilləndi.

- Ciddi deyirsən, a qağa? - Hüseynin qaşları yuxarı qalxdı.

- Bə ağzında “nemes” deyirsən, - Elmira qaynının yerinə dilləndi, - bir də gördün, avtomat çıxardıb hamımızı güllələdilər. Xata-balaları bizdən uzaq.

- Hə, vallah, ürəyim sıxılır bunnarın susmağından. - Hüseyn fısıldadı. - Səhərdən yazıq arvadı qınıyıram ki, nəyşinə qalıb onnara baxırsan. Dörd nəfərdilər, başa düşmürəm, bunnarın danışmağa, dərddəşməyə sözləri yoxdu?

- Bəlkə elə dərddən susurlar, - arvadı dilləndi.

- Dərddən, uzağı, on dəyqə susmaq olar, tay iyirmi dəyqə yox. A qağa, sən deyirsən, çırtma çalmağa görə bunnar məni polisə verər. İnanırsan, az qalıram, o göygöz kişi var e, arvadının sifətinə baxan kişi, gedəm qaşqasının ortasına bir yumruq vuram, qoy lap qayıdıb o da məni vursun, polisə versin, amba ağzını açıb bir söz desin.

Elə bu vaxt almanlar qəfildən ayağa durdu.

- Ayə, deyən, bunnar dediyimi başa düşdülər.

Göygöz alman başının işarəsiylə o birilərini yerindən qaldırdı, sonra özü də ayağa qalxdı.

- Booy, - Elmira qorxa-qorxa dilləndi. - Deyən, gəlib bizi döyəjəklər.

Əriylə qaynı buna inanmasalar da, bir az təşvişə düşən kimi oldular. Qabaqda boz gözlü qadın, dalınca əri, onun ardınca o biri cütlük heç kimə baxmadan restoranı tərk etdilər. Bizimkilər dərindən nəfəs aldı.

Az sonra ofisiant əlində sini bizimkilərin yeməklərini gətirdi, yemək sevincindən sifətlərində günəş doğan üç azərbaycanlı almanları unudub çəngəllə şnitsel yeyə-yeyə Firdovsini evləndirmək mövzusuna qayıtdılar.

24 – 28 mart, 2012,

May 2013,

Bakı

# 3452 dəfə oxunub

Müəllifin son yazıları

# # #