Sənət də varlıların yanındamı?

Sənət də varlıların yanındamı?
25 oktyabr 2016
# 12:34

Qulluqçu Sofi varlı bir ailədə iş tapır. Ailə varlı, savadlı, intellektual burjua ailəsidir. İlk günlər heç bir konflikt hiss olunmur, Soji işindən razı görünür, ailə də Sofini keyfiyyətli xidmətə görə əsl qənimət hesab edir. Amma Sofinin emosiyasız, gərgin üzü, sərt rejimi dərinlərdə bir konfliktin olduğunu hiss etdirir tamaşaçılara.

Klod Şabrolun “Mərasim” filmi (Bəzən “Cinayət mərasimi” də adlandırılır) fransız yeni dalğasının klassik nümunələrindəndir. Tənqidçilər bu filmi siniflər arasındakı ziddiyyətlər mövzusunda ən yaxşı nümunlərədən hesab edirlər.

Filmin qəhrəmanı Sofi (Sandrin Bonner) işlədiyi ailənin həyatına qoşulmağa can atmır, o, öz yerini dəqiq bilir. Ailənin lütfkarlığına, “humanizm”inə qarşı Sofi olduqca sərtdir, o, bir kəlmə danışmır, vəzifəsini yerinə yetirir və sanki bununla tamaşaçılara, varlı ailəyə quldarlıq dövrünün qul və quldar arasındakı “danışan heyvan” münasibətini yada salır.

Ailənin başçısı da bir anlıq quldarı yada salır; o, Sofi eşidə-eşidə onun özünü, işini müzakirə edir, amma bu müzakirədə Sofi iştirak etmir. Bu epizod “Danışan heyvan” münasibətinin bica yerə xatırlamadığımızı göstərir.

Hadisələr inkişaf etdikcə Sofi daha da gərginləşir, o, ailəyə qarşı qapalıdır, ailənin “insanca” münasibəti Sofinin gərginliyi ilə tərs mütənasibdir. Film irəlilədikcə qulluqçu Sofinin yazıb oxuya bilmədiyini öyrənirik, amma Sofi bunu böyük bir sirri kimi xüsusən işlədiyi ailədən gizləyir. Bu adi kompleks deyil, bu sinfi ziddiyyətin yeni mənalar qazandırdığı kompleksdir.

Bu kompleks material mənada bərabərsizlikdən savayı dünyəvi müstəvidə onlarla eyni cərgədə dayana bilməməkdən doğur, Sofinin savadsızlığı maneədən çox onlar kimi ola bilməmək faktıdır. Amma Sofi onlara heyran deyil, xüsusən Janna (İsabel Yupper) ilə tanış olduqdan sonra. Nə üçün humanistlik göstərirlər, Sofiyə hər bir insanın haqqı olanları verərkən özlərini lütfkar kimi aparırlar? Çünki onları gerçəkdən ikinci dərəcəli sanırlar. Janna ilə Sofi kilsə xeyriyyəçiliyinə qoşulub kimsəsizlər, ehtiyacı olanlar üçün geyimlər topladıqda lütfkar varlıların ikinci dərəcəli münasibəti ortaya çıxır: Janna maskalarını cırarcasına yoxsullara verilən geyimləri tullayır - o geyimlər, hətta o yeməklər belə yararsızdır. (Janna istifadə tarixi keçmiş qida bankasını yaşlı ər-arvadın üstünə tullayır, geyimləri atır).

Sofi bütün bunları işlədiyi ailənin simasına yükləyir - onun üçün Jorjun ailəsi varlılar dünyasının obrazıdır, necə deyərlər, sinfi düşməndir. Sofi özünə onların gözündən baxır. Bütün bunlar sonda Sofini əvvəlcədən planlamağı bir qətlə gətirir: o evində işlədiyi ailənin bütün üzvlərini, hətta ona sağlam münasibət göstərən gənc qızı da güllələyir. Həm də ailə klassik opera dinləyən yerdə. Klassik musiqi dinləmək bir intellektual mərasimdir - ailə başçısı Jorj da təntənəli geyinib. Sofi və Janna bu mərasimi pozur, daha düzü cinayət mərasiminə çevirirlər.

Əsas qəhrəman filmin sonunadək bir neçə yerdə iri planla göstərilir. Finala yaxın Sofini göstərən iri planlar azalır, amma tamaşaçı Sofini daha yaxşı “görə bilir”: filmin əvvəlindən olduqca az danışan, yalnız suallara cavab verən, tanımadığımız Sofi finalda “danışır” və bu aqressiya, şantaj və nifrət dolu bir “nitqdir”. Əlbəttə, filmin finalında monoloq yoxdur, biz sadəcə Sofinin etdiklərini nəzərdə tuturuq. Sofinin simasında əzilmiş insanın nəyə qadir olduğunu görürük.

Məsələnin o biri tərəfi, necə deyərlər, opera tərəfi də var. Təhsil, yüksək cəmiyyət, klassik musiqi lüksü zənginlərin payıdır. Savad, dünyagörüşü, hətta gözəllik (bahalı estetik əməliyyatları xatırlayın) pulun, paranın lütfüdür, zənginlərin qismətidir. Sənət, mənəvi həyat da bu sırada ola bilərmi?

Motsartın musiqisi ilə mənəvi dünyasını zənginləşdirən intellektual Jorj buna inanır. İnanır və ölür.

Sofisə buna inanmır.

İnanmır və öldürür...

# 1589 dəfə oxunub

Müəllifin son yazıları

# # #