Rusların çəkdiyi, sovet kinosundan bəhs edən “Ottepel” (“İsinmə”) serialında bir epizod var: filmin qəhrəmanlarından biri – gənc xanım qadın məsləhətxanasına gəlir. Müayinədə məlum olur ki, o, hamilədir. Onu müayinə edən tibb işçilərinin ikisi də qadındır. Səslər sərt və soyuqdur.
- Soyun!
- Neçə yaşın var?
- Ərdəsən?
- Cinsi partnyorun sayı?
Məlum olanda ki, qız ərdə deyil və son aylarda iki cinsi partnyoru olub, ağxalatlı qadınlar bayaqkı soyuqluğun xəncər itiliyini göstərirlər.
“Ar abırları yoxdur a... Hələ hamiləliyinə necə təəccüblənir? Belələri...”
Amma biz artıq bilirik ki, “belələri” boş söhbətdir. Qadınlar ta başdan gənc və gözəl qıza kinli idilər...
Həyatda onlarla hal varkən, niyə filmdən misal çəkirəm ki? Çünki filmin o yeri tipik bir epizoddur, hər kəs istədiyi vaxt bu xırdalıqları izləyə bilər.
O qadınların yerində kişi həkim olsa necə olacaqdı? Yəqin ki, bu yalançı “əxlaq” onu narahat etməyəcəkdi. Etsə belə onu üzə vurmayacaqdı.
Qadınlar bir-birinə niyə amansızdır? Yəni kişilər də bir-birinə amansızdırlarmı? Həmcinsinə daha amansız olmaq kimi bir qayda varmı?
Bu suallara cavab axtararkən yadıma bir araşdırma düşür. Rusiyalı jurnalistin qadın təcridxanaları haqqında bir yazısını oxumuşdum. Araşdırmaçının yazdığına görə, kişilərin olduğu həbsxanalardan fərqli olaraq, qadın həbsxanalarında, hansısa ciddi prinsip, qorunası qızıl qayda, uydurulmuş hansısa yüksək anlayışlar, “oğru qanunları” yoxdur. Varsa belə, bunlar kişilərdəkinin görüntü imitasiyasıdır.
Bu nə deməkdir? Yəni qadın cəmiyyəti pis-yaxşı fərq etməz, hansısa dəyərlər formalaşdıracaq gücdə deyilmi?
Hətta belədirsə, səbəbi qadının sosial mahiyyətində axtarmaq lazımdır. Sosial mahiyyət olduğun şərtlərdən asılıdır. Şərtlər qadınlara necə olmağı diktə edib. Tutalım, qadın patriarxat mühitdədirsə, deməli, o daim rəqabət gərginliyində olacaq, həm də bu, azad cəmiyyətdəki təbii seksual rəqabət deyil, bu, hakimi-mütləq kişi uğrunda rəqabətdir. Şərtlər nə qədər sərtsə, amansızlıq da o qədərdir. Lakin qadın amansızlığının bir özəl cəhəti var: o, kişilərdə olduğu kimi özünü fiziki güc şəklində göstərmir. Əsasən psixoloji təzyiq metodunu seçir.
Əgər birbaşa təzyiq gərəkirsə, onda qadın kişini imitasiya edir. Bir qadın rejissor tanışımın teatrda intizam yaratmaq istəyərkən, dolayısı ilə başqalarını tabe etdirməli olduqda kişi təhkiyəsində söydüyünü eşitmişdim.
Qalan zamanlarda psixoloji təzyiq işə yarayır.
Öz qəzəbini, nifrətini və ya arzusunu fiziki güclə ifadə edə bilən kişinin buna ehtiyacı yoxdur, ona görə də o, qadınların bir-birinə etdiyi psixoloji terroru sezməyə bilər. Qadınlarsa bir-birini yaxşı başa düşür və adi görünən dialoqda bir-birini oxuyurlar, hətta bir-birinin canını oxuyurlar. Seçən yox, seçilən mövqeyində olmaq onlara əlavə bir amansızlıq qazandırır.
Bu qadın-kişi ayrımı bizi aldatmasın. Məsələ şərtlərdədir. Bir kişi də eyni situasiyada psixoloji terror edən qadının yerində ola bilər.
Məlum, bildiyimiz həqiqət: əziklik kompleksi. Əziklik qazanılmış keyfiyyətdir. Əzik, üstündə bəlli bir yarlıq olan adamdı və o, başqalarına da yarlıq yapışdırmağa, damğa vurmağa meyllidir.
Demək ki, feministlərin haqlı olaraq qıcıq olduğu “kişi kimi qadın” ifadəsi əslində hansısa “üstün dəyərləri olan” demək deyil, “gücündən əmin olan” deməkdir (Kişilərin əzikliyinin daha ikrahla qəbullanması da bu üzdəndir – güclü cins ikən əzik olmaq niyə?).
Qadınlar gücü bir-birindən ala bilmir, çünki güc kişilər tərəfindədir. Ona görə qadın şərtlərə uyğun oynamağa məcburdur.
Biz şərtləri görməzliyə vursaq, bizim günahı xalqda görmək maarifçiliyimiz hələ yüz il də nəticəsiz qala bilər. O başqa məsələ ki, hamımız “Ölülər”dən çıxmışıq və nəticə - dirilmək bizə lazım deyil.
Bir də problemi görmək özü də şərtdir, məsələn, ola bilsin, bayaq misal gətirdiyim filmdəki epizodda gənc qız partnyorlarının sayını bildirib, həkim qadınlardan aşkar qınaq eşitməsəydi, kişi tamaşaçılar oradakı tibb bacısının “Soyun!” əmrində gizlənmiş əziciliyin, qəzəbin fərqinə varmayacaqdı. Bu, qadınların bildiyi gizli dil kimidir. Terror dili...
Sonda yazını həmcinslərimə ünvanlanan sualla bitirmək istəyirəm:
“Kişi (güclü olduğu üçün əzən ya da əzə bilən) kimi qadın” olmaq istərdinizmi?
“Qadın (əzildiyi üçün əzən, ya da əzə bilən) kimi qadın” olmaq istərdinizmi?