Elman Türkoğlunun intihar etmiş oğluna

Elman Türkoğlunun intihar etmiş oğluna
18 iyun 2013
# 11:09

Təkbətək

Bu gün yaşadığı yataqxanada özünü asan 17 yaşlı Məhəmmədəminə həsr olunur

“...bir gün kətil qoyuram ayağımın altına

asıram özümü

o biri gün

qaz balonunu açıb buraxıram evə

fısıldaşan ilanlar sarılır boğazımadək...

bir sonrakı gün

damarımı kəsirəm

içində uzandığım ağ vannanı

qırmızıya boyayıram əməlli-başlı...

Mövlud, mən ölmürəm-

ölümü məşq eləyirəm

hələ ki, heç bir ölüm xoşuma gəlmir...”

(Sevinc Elsevər)

Necə?

Saytları hər gün bir intihar xəbəri ilə açırıq. Dünən biri... Bu gün biri... Sabah daha biri olacaq... Sıradan intiharlar... Amma bizim sıradan...

Xəbəri açırıq və iki şeyi axtarırıq - necə və niyə? inanıram ki, bu necəlik, yəni intiharın forması bəzən səbəbdən daha qabağa keçib. Bu necəlik marağı da ondandır bəlkə. Bu fərdin son yaradıcılıq aksiyasıdır. Sevincin yuxarıdakı şeri kimi. “Necə?” bu dramatizmin yarı romantik, yarı isterik ifadəsidi. Hər bir intihar forması adama nəsə deyir. Adam nə üçün asılmağı, boğulmağı seçdi, nə üçün gülləni ağzından atdı, nə üçün özünü yandırdı? Düşünüləsi suallardır...

Vaxtilə Rusiyada indiki azərbaycanlı təbiri ilə desək- “özünə hörmət edən” hər bir rus kişisi məsələni duellə həll edirdi. Bu duellər-təkbətəklər sivil bir “mübahisə”, “ayırd etmə” idi. Hansısa ədalətdən söhbət getmirdi - bu bəxt, şans məsələsi idi. Və bəxtin gətirməmək ehtimalı vəziyyətlə barışmayıb duelə çağıranda daha çox idi.

İndi ordularda, yerlərdə, qəzet səhifələrində intiharlar bu təkbətəklərdir. Özünlə təkbətək. Dünyayla təkbətək. Onlarla təkbətək. Sadəcə bir an düşünürsən və bu təkbətəkdə özün də qatilin tərəfinə keçirsən və barmaq izlərini qoyursan tapança tətiklərinə, dərman şüşələrinə, kəndirlərə, daha nələrə, nələrə…

Niyə?

Yüzlərlə motiv var - yoxsulluq, ailədə zorakılıq, sevgidə uğursuzluq, hərbdə təhqir, cəmiyyətin qınağı, müalicə olunmayan depressiya.... İnsanın özü və ətrafı arasında ziddiyyətin pikə çatdığı nöqtəyə - intihara aparan bütün yollar laqeydlikdən keçir. Bəlkə də intihar özünü xatırlatmaq istəyidir. İntihar həyatdan, həyatdakılardan, ətrafdakılardan son qisas üsuludur. İntihar müvazinətsizlikdir. İntihar mövcud olmaqdan imtinadır. İntihar əsl həyata sevgidir...

Nə üçün?

Kəndlərin birində belə bir qəribə əhvalat baş vermişdi. Yasdan gələn arvadların dediyinə görə, kasıbçılıqdan, sıxıntıdan, qınaqdan, məzəmmətdən bezən kişi hamamda özünü asmışdı. Amma əhvalat necə baş vermişdi? O, kəndiri sabunlamış, yaxınlıqdakı şkafın görünən yerinə kəndiri kəsmək üçün bıçaq, yanına da bir stəkan su qoymuşdu. Kəndiri boğazına keçirməzdən əvvəl qapını itələyib arvadını səsləmişdi. Qadın çağırışa gec gəlmiş, nəticədə kişi boğulmuşdu. Hər şeyi hesablayan kişi yalnız qadınının laqeydliyini, gecikə bilməsini, bəlkə də anadangəlmə astagəlliyini nəzərə almamışdı. Acı, əcaib şəkildə gülməli və ağlamalı bir əhvalat.

Bu adamın məqsədi nə idi? Kütləvi özünü qurbanvermələri hesaba almasaq, baş tutub tutmamağından asılı olmayaraq, bütün intiharların bir məqsədi var- insanın dəyərli olduğunu sübut etmək! Amma...

...Amma intiharlar artdıqca insanın dəyəri düşür. İntihar adiləşir. O qədər adi ki, insan həyatının ən dramatik, faciəli sonluğu barədə yazılan bu yazını oxutmaq üçün ona çəkici, daha kəskin, şişirtmə başlıqlar tapacağıq: məsələn “özünü asdı, arvadı harayına çatmadı...”

# 5021 dəfə oxunub

Müəllifin son yazıları

# # #