Bu günün gənci haradadır? Nə edir? Necə yaşayır? Niyə intihar edir? Niyə intihar etmir? Kimi də olmasa “Buqələmun” filmini bu suallar maraqlandırıb.
Rüfət Həsənov və Elvin Adıgözəlin “Buqələmun” filmi ev satan və ev alan gəncləri göstərir həm də biz onları yalnız ev alma-satma müddətində tanıyır, necə həyat sürdüklərini görürük. Qısa epizodlarda biz daha üç gənci tanıyırıq – kənd cavanı Rəfi və qaçqın qadının film boyu bir kəlmə də danışmayan, ev süpürüb silmək və xiyar soyub yeməklə amma az qala bütün həyatını, keçmiş və gələcəyini, arzularını belə təxmin edə bildiyimiz qaçqın kəndli (daha doğrusu, kəndsiz) qız (Günel Mövlud), yol tikintisindəki fəhlə. Filmdə iki-üç daha yaşlı adam var, amma rejissor gənclərə, onların həyatına fokuslanıb.
Hərçənd film qəhrəmanları əsl insan həyatından məhrumdurlar. Biz sadəcə yaşamaq üçün mücadilə edən insanları görürük. Yaşamaq üçün mücadilə edə-edə yaşamaq yaşamaq sayılırmı? Üstəlik, bunun üçün şərtlərə boyun əyməli, lazım gələndə sürünüb keçməli, lazım gələndə susmalı, lazım gələndə qışqırıb həşir salmalısan. Bu şərtləri kim diktə edir? İnsanları əzən o görünməz reallıq nədir? Elvinin filmi bu reallığı maksimal dərəcədə dəqiq göstərir. O qədər ki, bu suallar özü belə ritorik görünür.
Yol-tikinti idarəsində sahə rəisinin köməkçisi işləyən Əli (Emin Seyfulla) müvəqqəti olaraq elə rəisinin evində yaşayır - daha doğrusu o da yaşamaq üçün gözləyir. Filmin müəllifləri isə film boyu tamaşaçını agah edir ki, bu reallığın şərtləri ona boyun əyənləri nəinki indiki həyatdan, gələcək həyatdan da məhrum edib. Onların gələcəyi yoxdur.
Planladıqları həyat da artıq indidən keyfiyyətini itirib. Çünki o gənclər özü həyatda qalma keyfiyyətləri qazandıqca öz keyfiyyətlərini itirirlər (Əli necə olursa olsun, vəzifəcə yüksəlməyi, mənsəbə çatmağı düşünür, rəisinin necə danlandığını, neçə alçaldıldığını görə-görə onun yerinə keçmək istəyir. Nicatı (Fərid Bəhramov) satmaq istədiyi evdə işlətdiyi Rəfi də, kəndli qız da, Əşrəf də qətiyyən maraqlandırmır, o, hamıya laqeyddir, pulunu alıb burdan tezliklə getmək istəyir).
Eynən buqələmun kimi yaşadıqları mühitin, şərtlərin rəngini alırlar. Film boyu qəhrəmanların bu əzici dərəcədə cansız həyatına bilərəkdən ağ-qara kadrlar salınıb - bu kadrlarda onlar uşaqdırlar. Bu kadrlar keyfiyyətli həyatdan keçmişdəndir - indi yoxdur, gələcək görünmür, yalnız keçmiş var. Qəhrəmanlar da bu ağ-qara kadrlardakı uşaqların indiki zamanda şəxslər üzrə dəyişmiş formalarıdır.
Filmə salınan bu ağ-qara kadrlar-uşaqlıqdan epizodik kadrlar qəhrəmanların xatirələrindən daha çox bu kontrastı vermək üçün, həyatın sürüşüb əldən çıxdığını anlatmaq üçündür. Bu kadrlar assosiativ montaj həlli olduğu üçün qısadır, az qala ani flaşbək kimidir.
“Buqələmun” filmi qəhrəmanları olan gənclərin var olmaq problemini qoyur. Ekzistensializm terminini qəsdən istifadə etmək istəmirəm, hərçənd bütün parametrləri ilə “Buqələmun” ekzistensializm nümunəsidir. Ona görə istəmirəm ki, hər hansı terminlə film onunla tanış olmayan tamaşaçıya uzaq, mücərrəd görünməsin.
Çünki bu ekzistensial qəhrəmanlar elə bizik: mən, sən, o... Əli də, Nicat da, o kənd qızı da, Rəfi də həyəcansız, emosiyasızdır, ayaqda qalmaq instinkti ilə hərəkət edirlər. Amma onların yerinə müəlliflərin keçirdiyi həyəcan, narahatlıq, qorxu tamaşaçılara yoluxur.
Filmdə musiqi yoxdur, daha doğrusu, musiqi ilə manipulyasiya yoxdur. Yalnız Rəfinin dilindən ara mahnılarını eşidirik. Kadrarxası musiqi həm də ruhi boşluğun, mənəvi həyatın göstəricisi olaraq filmdə iştirak etmir.
Uzun statik kadrlar qəhrəmanların varoluş şərtlərini duydurmaq üçündür. Məsələn, kiçik divanda bükülüb uzanan, telefonla danışan Nicatı uzun-uzun seyr edən kamera da hərəkətsizliyi ilə qəhrəmanların daxili motivasiyasızlığını, ruhən stimulsuzluğunu çatdırmaq üçündür.
Hərçənd filmdə artıq gələn, daha doğrusu, yükü az amma ağır, yorucu kadrlar da var və onlar birbaşa tamaşaçı səbirsizliyinə toxunur.
Musiqisiz, uzun kadrlar, emosiyasız dialoqlar kimi ifadə üsulu seçilmiş filmdə yersiz bir saniyə də bir il kimi olur. Məhz bu baxımdan filmdə hər kadrın müddəti, rakurslar (xüsusən kadrlar statikdirsə) bu qədər vacibdir. Nəzərə alsaq ki, ümumi planlar (operator Dadaş Adna) az deyil, mizanlar bəzən səliqəsizdir və bunlar tamaşaçını filmdən yayındırar. “Buqələmun” kimi filmsə maksimum dəqiq olmalıdır.