“Quran”ın yanmamağının səbəbi

“Quran”ın yanmamağının səbəbi
4 noyabr 2013
# 11:55

Uşaqlıq dövrünün öz qorxulu nağılları, şayiələri olur. Məsələn, biz məhəllədəki qarımış qızın cinin sevgilisi olduğuna, kərtənkələlərin dinozavrdan əmələ gəldiyinə, evdən çıxan kimi «domovoy»ların otaqda gəzdiyinə möhkəm inanırdıq. Bu uşaq nağılları məktəbdə də davam edirdi: «bismillah» demədiyi üçün Ruh tutub, buraxmır», «Quranı ayaqlayıb şikəst qalıb», «Məhərrəmlikdə televizor açdığı üçün gözü traxoma olub». Daha nələr, nələr…

İş orasındadı ki, bu inancları təsdiqləyən böyüklər vardı, nənələr, babalar, cicilər, bacılar… Bəziləri doğrudan inanırdı, bəzilərinə isə bizim inanmağımız sərf edirdi.

Biz böyüdük. Mütərəqqi fikirli müəllimlərdən dərs aldıq. Amma telefonumuza MMS-lər gəlməyə başladı. Buludlar düzülüşü ilə «Allah» yazırdı. Dini təhrik smslərində isə –inanıram ki, bunlardan sizə də gəlib - aldığımız məktubu 7 adama göndərməyimiz haqda (bu yazını 7 adama göndər, xeyir taparsan kimi) xahiş hədələr var idi.

İndi böyük adamlarıq. Televizorumuzsa «Allah» çağıran şiri göstərir, üstünə «Allah» yazılmış fındıqları çəkir, arıların Allaha ibadətini nümayiş etdirir. Daha nə bilim nə. Hətta üçayaqlı buzov kimi genetik pozğunluqları «Allah möcüzəsi» sensasiyaya çevirir.

Məgər Allah və onun insanlara göndərdiyi islam o qədərmi gücsüzdür ki, özünü belə bəsit şeylərlə təsdiq etsin, xatırlatsın?

Bu gülməli cəfəngiyatları kütləvi yaymaqda televiziyanın məqsədi nədir?

Bu cahilliyin fəsadlarnı görmək istəmirikmi?

Hətta mötəbər sayılan Avropa nəşrləri belə bu çılğın dinçiləri «cırnatmaqdan» özünü saxlaya bilmir, dini fetişizmdən lazımi qüvvələri qarşı-qarşıya gətirtmək üçün istifadə edir.

Peyğəmbərin karikaturasını çəkməklə, dini kitabları yandırmaqla, cırmaqla o dəyərləri əskiltəkmi olar? Və yaxud bunu edənlərə qarşı mübarizə aparmaqla bu dəyərləri yüksəltməkmi gərəkdi? Quran kağız deyil, mətndir, fikirdir, dəyərdir, yana bilməyəndir. Bir neçə gün əvvəl belə xəbərləri gözünə sentiment qatmaqla təqdim etməkdə tayı-bərabəri olmayan “Xəzər” televiziyası evin yanması ilə nəticələnən yanğından xəbər verdi. Kadrdakılar evin yanmağı bir yana, bu kitabların səhifələrinin yanğından salamat çıxmağından bərk təsirlənmişdilər. Müxbir bu səhifələrin ilahi qüdrətinə hamını heyrətlənməyə çağırırdı. Kadrarxası səslərdən biri bu mözcüzəyə ağlayırdı. Doğrudan ağlamağın yeri var idi.

İnanın demirəm, şübhələnin, bəlkə, o kitabın səhifələri ona görə yanmamışdı ki, cildindən öpənlərin onda biri qədər səhifələrini çevirib, oxuyan olmayıb...

Vəssalam.

Bu yazını yeddi adama göndərin. Yeddi yerdə paylaşın. 7 günə xeyir taparsız.

# 8653 dəfə oxunub

Müəllifin son yazıları

# # #