Kişinin bir qadından başqa getməyə yeri varmı?

Kişinin bir qadından başqa getməyə yeri varmı?
13 iyun 2013
# 12:04

Çox uzaq-uzaq zamanlarda, lap elə əntiq dövrlərdə, hər şeyin təzə olduğu vaxtlarda mövzular da bakirə idi. Düşünmək olardı ki, ədəbiyyatda yalnız təzə mövzular, təzə süjetlərlə də uğur qazanmaq olar. Saqın! Bu fikri ehtimalən belə yazmaq olmaz. Çünki hələ hər şeyin təzə olduğu o vaxtlarda da forma, necəlik önəmli idi. Məsələ nə demək yox, nəyi necə demək idi. Amma əlbəttə, yeni süjet və mövzu da öz işini görürdü. Necə demək sənətkarın peşəkarlığından asılı idi. O necəlik ki, mövzunun, süjetin, ümumən predmetin mahiyyətində gizlənmişdi.

Bu necəlik necə dərinlərdə gizlənibsə, min illərdir onu axtarıb zərrə-zərrə üzə çıxarırlar, o, ədəbiyyat, kino, teatr, rəsm, musiqi və s. adlı rəflərə, yığılır, şairlər, yazıçılar, bəstəkarlar, dramaturqlar, rəssamlar, rejissorlar, aktyorlar tanıtdırır, məşhuri-cahan edir, amma bitib tükənmək bilmir.

Həmin rejissorlarla, dramaturqlarla, aktyorlarla bir fərqimiz var - biz hər gün eşitdiyimiz “necəsən?” sualına standart cavab veririk, çünki bilirik ki, sualı verənlər özləri də bizdən bunu gözləyir. Onlar üçünsə bu “necə” sualı qat-qat vacibdir. Peşəkarlıq məsələsidir. “Bir zamanlar Anadoluda” filmində olduğu kimi.

Heç bir filmə baxıb, özünüzü üç film izləmiş kimi hiss etdinizmi? “Bir zamanlar Anadoluda” tamaşaçıya məhz belə bir fərqlilik yaşadır. Nuri Bilgə Ceylanın bu filmi ifadə tərzi etibarilə əvvəlkilərindən fərqlənir. Əlbəttə, naturadan çəkilmiş uzun, musiqisiz kadrlar Nuri Bilgənin üslubudur, amma “Bir zamanlar Anadoluda” aktyorun üzərinə əvvəlkindən daha artıq bir vəzifə qoyub. O, təbii oyunla yanaşı, iştirak etdiyi, amma ona bir o qədər də dəxli olmayan hadisədə qəhrəmanının bütün həyatını göstərməlidir. Qısası, hər aktyor bir film oynamalıdır. Göründüyü qədər deyil, göründüyündən daha artığını deməlidir.

“Bir zamanlar Anadoluda” başqa filmlərdən fərqli olaraq, tamaşaçıda “kino üçün oğurlanmış zaman” təəssüratını yaratmır. O, öz təbii, həyati detalları, yüksək peşəkarlıqla çəkilmiş bütün uzun kadrları ilə “həyatdan kəsilib götürülmüş zaman” hissini aşılayır. “Bir zamanlar Anadoluda” – bir zaman kəsiyidir. Hələ gecə yarısından başlamış, günorta saatlarınadək uzanan bir zaman… Gecə ilə səhər arasındakı o sehrli məqam, küləyin, gecənin, yağışın, ildırımın səsinin də qoşulduğu bir zaman…

Filmin baş qəhrəmanı məhkəmə ekspertizası həkimidir. Qatil, müstəntiq və polis əməkdaşları ilə birlikdə üç avtomobilə doluşub, qətlə yetirilmiş adamın basdırıldığı yeri axtarırlar. Arada yemək və isinmək üçün tanış kənddə bir bələdiyyə başçısına qonaq olurlar. Qayıdarkən qatil, meyiti basdırdığı yeri göstərir. Cəsədi çıxarıb protokollaşdırırlar. Soyuqqanlılıqla. Yalnız bir polis rəisi emosionallıq göstərir, qatili ölünün əllərini ayaqlarına bağlamaqda ittiham edir. Bir az əvvəl qatil azyaşlı oğlunu elə həmin polis rəisinə tapşırmışdı, rəis şaşırmışdı - “mən bunu döyürəm, bu oğlunu mənə ismarlayır”...

Meyiti yarmaq üçün morqa aprırlar. Qatili həbsə. Həkim meyiti yarıb raport yazmalıdır. Heç bir emosionallıq yoxdur, həkim də, müstəntiq də soyuqqanlılıqla işini görür. Amma hamının boğazında bir qəhər var. Nə qəhərmiş bu? Həmin meyitlə birbaşa bir əlaqəsi yoxdu bu qəhərin: onlar beləsini yüz dəfə görüblər, film boyu da bu, sübut olunur. Bəs, bu nə qəhərdi belə? Onları bu qatillə fərq qoymadan, özlərindən biri, hətta doğma bir adam kimi davranmağa məcbur edən nədir? Belələrini çox görmələrimi? Bəlkə, onlar da cəza çəkirlər? Bəlkə, bu cəza çəkmək məqamında onlar qatillə bir müstəvidədirlər?..

Filmin əvvəllərində prokuror bir əhvalat danışır. Bayaq dediyimiz “filmlər”dən biri budur, “film”i müstəntiqin simasında izləyirik – dünyalar gözəli bir qadın hamiləykən ərinə: “bir neçə aydan sonra öləcəyəm” deyir. Uşaq doğulur, ana körpəni qucağına alır, oxşayır, “tamam, artıq ölə bilərəm”, – deyir və doğrudan da, ölür. Bu əhvalatı prokuror bir dostunun başına gələn hadisə kimi ekspert-həkimə danışır. Həkim ondan qadının tibbi raportda göstərilən ölüm səbəbini soruşur. “Ürək tutması”, – deyir müstəntiq. Amma bilmək olmaz. Zatən ölünü yarmayıblar. Təəcüblü iş. Prokurorun bu qadınla bir baglılıgı yoxsa nədən meyiti yarmadan işi baglamaga imkan verib?

Film boyu müstəntiqlə həkimin söhbətindən gözəllər gözəli o qadının ərinin ona xəyanət etdiyini öyrənirik, filmin sonunda həkim qadının, əslində, ərini cəzalandırmaq üçün intihar etdiyini aydınlaşdırır. Bu qadının xəyanətkar ərinin elə müstəntiq olduğunu onun üzündən oxuyur qazdan ayıq tamaşaçılar. Şübhə və əbədi əzab içində donuq üzündən ..

Qatilin əhvalatısa tamam başqa bir filmdir. Qurbanı ilə yeyib-içərkən “o biricik oğlunun əsl atası mənəm” deyib guya kefli-kefli… Sonrası məlum - mübahisə və qətl. Amma işin əslinin bir az başqa cür olduğunu öyrənir tamaşaçı. Qatillə qadının baxışlarından öyrənir. Qatil – uşağın doğma atasıdır, bunu nəgd edir tamaşaçı; Uşaq onun gözünü daşla vurarkən, əslində, qatilin gözü yox, ürəyi yaralanır sanki.

Filmdəki kişiləri birləşdirən qadın amilidir - onların hamısı qadınlar tərəfindən cəzalanır. Film boyu qadın bir fəlsəfi obraz kimi kadrdan-kadra dolaşır. Arada bələdiyyə başçısının evində lampa işığında ruh kimi zühur edir və dərin bir təəssürat buraxıb yox olur – “Bir zamanlar Anadoluda” deyilərkən xatırlanmaq üçün. Kişilərin qadından sonra nə qədər yetim qaldığını anlatmaq üçün…

QADIN bu filmin baş qəhrəmanı, ən yuxarı qütbüdür. Sevdiyi kişini – qatili də qadın cəzalandırır, (son kadrlarda qətldə onun əlinin olduğu aşkar bilinir), sevdiyi, amma ona xəyanət edən ərini – müstəntiqi də qadın cəzalandırır: öz müəmmalı ölümü ilə qisas alır. Həkimə də fotolardan baxan qadın cəza verir: özünün yoxluğu ilə. Ona görə də filmin ortasında, qatilin ölünü basdırdığı ehtimal olunan yerdə, almalar su arxıyla çaya dığırlanır. Həvvanın, bu günah təhrikçisinin Adəmdən istədiyi alma – cəza predmeti, günah obyekti kimi yozulan meyvə əzəli bir başlanğıcda – su arxında üzür, hərəkət edir, başqa almalara qoşulur. Yəni, qatilin günahı üzə-üzə başqa günahlara və cəzalara (müstəntiqin, həkimin və s. – müəl.) qovuşur.

Film bütün kadrları, detallarıyla birgə o qədər real, həyatidir ki, bu yozumlara varmaq özü asan olmur. Baxmayaraq ki, filmdə buna gen-bol vaxt var. Amma sanki filmin içində, arxın kənarındasan, gecənin alatoranında istintaq qrupuna qoşulub qatilin göstərdiyi yerləri gəzirsən. Almanın arxa düşməyi də bu yerdə sıradan görünür, yozum-filan axtarmırsan.

Amma bir yerə qədər – həkimin aralanıb bir təpə yaxınlığında işəyərkən qayada yonulmuş nəhəng qadın sifətini qaranlıqda, ildırım işığında gördüyü yerə qədər. İldırım bir flaş işığı kimi filmin ən əsas Obrazını –QADINI işıqlandırır. Bu iri ölçülü, nəhəng sima həkim qədər Nuri Bilgəni də qorxudur. Qorxudur və özünü onun filminə ən əsas fəlsəfi obraz seçdirir. Bu, kiçik qorxu deyil, sanki tanrı kimi böyük, total qorxunun nəhəng bir simada üzə çıxmasıdır…

Yasaq almanı istəyən, tanrı cəza olaraq cənnətdən qovduğu Həvvaya kişini də qatdı, ilk cəzaya kişi də ortaq oldu (bununla da qadın və kişinin bir bütün olduqlarını sübut etdi), bu cəzalar ordan başladı, deyir rejissor.

Nuri Bilgəyə görə, qadın əzəli səbəbkardır, Həvvadan bəri zərrəcə dəyişməyib, o, qorxmaq gərəkən varlıqdır, göründüyü qədər deyil, göründüyündən daha artıqdır.

Elə ona görə də filmdə qadın çox az gözə dəyir – cəmi dörd qadın görürük: biri ruh kimi gələn, ağzını açıb bir kəlmə də danışmayan, bununla da küləyə, qaranlığa, zəif işığa bir az da sirr qatan (bir düşünün: “Coca-cola” içkisini bu ucqar cəhənnəmdə hardan tapır bu qadın?) qadındır, bələdiyyə başçısının gözəlliyi ilə hamını heyrətə salan qızı Cəmilədir; o biri ölümü, daha doğrusu, həm də sanki müstəntiq üçün məxsusi müəmma qataraq hazırladığı intiharı ilə ondan intiqam alan, üzü görünməyən, haqqında “gözəllər gözəli” deyilən qadındır-müstəntiqin qadınıdır; üçüncüsü qətlə yetirilmiş kişinin arvadıdır- kədər deyiləni adlamış, hadisələlri seyrçi kimi ardıcıllıgı itirmədın izləyən, bununla da qatillə əlbir oldugu ehtimal olunan susqun qadındır; sonuncu isə həkimin kompyuterindəki şəkillərdən – o uzaq günlərdən baxan qadındır. Həkimin bu şəkillərdən başqa getməyə yeri yoxdur.

“Kişinin qadından başqa getməyə yeri varmı?” – bunu Nuri Bilgə Ceylan çarəsiz-çarəsiz soruşur bizdən. “Bir zamanlar Anadoluda”filminin son kadrları ilə…

"Fokus" jurnalı, 6-cı say

# 4204 dəfə oxunub

Müəllifin son yazıları

# # #