Teatr tamaşası kimi sui-qəsd

Teatr tamaşası kimi sui-qəsd
22 dekabr 2016
# 12:05

Bu günlərdə başverən hadisə - Türkiyədə Rusiya səfirinin öldürülməsi, həm də rəsmi tədbirdə öldürülməsi tamaşaçılara bir qətli bir neçə variantda, bir neçə aspektdən izləmək imkanı yaratdı.

Bir fotoda qatilin coşqulu üz ifadəsini, o biri videoda qatilin tərəddüdünü, həyəcanını, bir fotoda səfirin (qurbanın) iri planda, qatilinsə arxa plandakı təsvirini, o biri fotoda saniyələr sonra qətlə yetiriləcək səfirin arxa divardakı hərbi top rəsmli tablo ilə görüntüsünü seyr edirik. O birində səfirin bədəni artıq yerdədir, qatil əllərini qaldırıb qışqırır. Yalnız fərqli rakurslar deyil, fotoların, videogörüntünün kompozisiyası da, məkanın özü də bədiilik hissi ötürür. Sosial şəbəkələrdə də fotonu şərh edənlərin şərhlərinə rast gəlinir: “Elə bil, bir teatr tamaşasıdır”. Qətlin sərgi salonunda baş verməsi müasir incəsənətin tezislərindən birinə uyğun gəlir: bədii olmayanın bədii məkana gətirilməsi və onun bədii məkanda yeni mənalar qazanması.

İlk dəfə 11 sentyabr hadisəsi performans adlandırılmışdı.

Bir xəbər artıq xəbər olmaqdan çıxıb, bir performans, sənət aktına keçir. Hər informasiya ilə aclığı daha da artan, hər xəbərdən daha artığını istəyən publika üçündür bunlar.

Eləcə də sənətin xəbərləşməsi, informasiyalaşması kimi.

Əslində bütün sənət əsərləri informativdir, dövrü, qaydaları, insanları haqda məlumatlar saxlayır. Amma əlbəttə ki, onun əsas məqsədi bu deyil. Bu, olsa-olsa əsərdə hadisənin, qəhrəmanın düşdüyü vəziyyətin, şərtlərin təsviridir. Bu təsvirin arxasında bir və ya bir neçə fikir dayanır, dayanmalıdır. Təsviri daha dərin edən, məlumatları kölgədə qoyan fikirlər.

Faktoloji informasiyanın subyektləşməsi, təsir gücü qazanması onun çoxluğu, detallaşdırılması ilə qarşılaşdırıla bilməz, deyirik, amma qarşılaşdırılır və ağlagəlməz nəticələrlə rastlaşırıq.

Qas Van Sentin “Fil” filmi Kann festivalının baş mükafatını aldı. Film bundan sonra da analoji hadisələrin təkrarlandığı (Elə bizim paytaxtda-Neft Akademiyasındakı hadisəni yada salın) “Kolumbayn” məktəbindəki kütləvi qətliamı, (şərti olaraq onu) mövzu edib. Hadisələrin bir neçə rakursdan çəkilməsi, qeyri-xətti və kəsişən süjet, kadrdaxili musiqini saymasaq musiqisizlik, minimallıq…

Rejissor qəhrəmanları olan yeniyetmələrlə yüngülvarı tanışlıq edir. Bu onların həyatındakı sıradan bir gündür, onlar sıradan məktəb həyatını yaşayır və xronometrajın xeyli hissəsini tutmasına baxmayaraq qətliamdan əvvəlki dəqiqələri təsvir edən kadrlar onların daxili dünyası haqqında elə də çox demir. Yalnız qatil yeniyetmələrdən birinin aşağılanmaya məruz qaldığı “şitlik” epizodundan, bir də direktoru öldürərkən əlisilahlı yeniyetmənin qisas monoloqundan başqa. Qalan hamısı bədənlərdir. Öldürülən, qaçmaq istəyən, gənc, yeniyetmə bədənlər. Hələ azacıq qatilin gözüylə baxmaq imkanı olan hədəflər. Kamera detallı göstərir, müşahidəçidir. Və olduqca soyuqqanlıdır. Bundan başqa o, mədəni mənsubiyyətinin, fəlsəfi görüşünün, emosiyalarının, fikirlərinin, hisslərini görüntüyə sızmasına bir damcı da imkan verilməyib.

“Fil” adı isə filmə yəqin ki, korların fil haqda təsəvvürləri barədə lətifəni xatırlatmaq üçündür.

Fil adından da, rejissorun fikirlərindən də tamaşaçıya güclə duyulacaq kin hiss olunur.

“Müasir kino vəz vermək formasını qəbul edir. Siz düşünmürsünüz, yalnız informasiya qəbul edirsiniz. Bu film vəz deyil. Bu filmin mahiyyətini sizə rejissor diktə etmir. Ümid edirik ki, interpretasiya tamaşaçının sayı qədərdir”. Öz filmini şərh edərkən rejissor Qas Van Sent deyir.

Tənqidçilərdən biri hadisənin məhz belə-şərhsiz, izahsız təqdimini məsuliyyətsizlik adlandırırdı.

Filmsə Kann festivalının baş mükafatını qazandı.

Bəlkə də “Fil”i yeni dünyanın sənət manifesti saymaq olar. Rejissor icazə versə, hətta sənət haqda manifesti.

Həm də informasiyalaşmış publika qarşısında özünü yeniləyərkən həyata dair, yaşamağa dair bilgilər və vədlərini bir kənara qoyaraq öz gücünə, insana inam hissini itirmiş bu günün sənəti haqqındadır.

Kütləvi sənətlə üz-üzə, kütləylə üz-üzə özünü gücsüz sanan bu günün sənət trendi.

# 1080 dəfə oxunub

Müəllifin son yazıları

# # #