Herostrat eramızdan əvvəl 356-cı ildə Efesdəki müqəddəs sayılan Artemida məbədini yandıran tacir-tarixi şəxsdir. Efeslilər onu tutur, işgəncələrdən sonra tacir məbədi məşhurlaşmaq üçün yandırdığını etiraf edir. Onu edam edib istəyinin əksinə olaraq, unutmağa qərar verirlər. Və hətta indi dünyanın 7 möcüzəsindən biri sayılan Artemida məbədini yenidən və daha möhtəşəm inşa edirlər. Lakin tarixçi Feopomp Herostratın adını unudulmağa qoymur, onun haqqında yazır. Və sonralar Herostrat adı bədnamca məşhurluğun sinonimi kimi işlənir.
Amma Yazıçı Qriqori Qorinin bu əhvalatın motivləri əsasında yazdığı “Herostratı unudun!” pyesində hər şey bu qədər sadə deyil. Onun Herostratı unudulmamağa layiqdir. Onun pyesində Herostrat məşhurluq fikrilə məbəd yandıran səfeh balıq alverçisi deyil, məbədə insanların verdiyi həqiqi qiyməti, hətta bu insanların öz qiymətini dəqiq hesablaya bilmiş dahi alverçidir, hamıya səhnə mizanı cızan oyun ustasıdır, beyinlərdəki şeytan, gözlərdəki həqiqətdir. Pyes bu şeytan - həqiqət oyunları barədədir, üstəlik incə yumorlarla boldu. Alver, qiymətləşmə mahiyyətlə görüntü, sosial qılafla fərdi istəklər arasında gedir. Herostrat bu işlərin ustasıdır.
Qriqori Qorinin Akademik Milli Dram teatrında yenicə səhnəyə qoyulan bu pyesi bəlkə də indiki qədər heç vaxt aktual olmayıb.
Tamaşa (rej. Mehriban Ələkbərzadə) Herostratın zindana salınması ilə başlayır. Xalq coşqunluqla onun edamın tələb edir. Deyilənə görə, Herostrat Efes sakinlərinin açıq şəkildə alver, rüşvət vasitəsinə çevirdiyi müqəddəs məbədi məşhurlaşmaq üçün yandırıb. Efes əmiri onu cəzalandırmaq üçün xalqa qəribə əmr verir: “Herostratı unudun”.
Amma əmrin əksinə olaraq, Herostrat unudulmur. Məbədi tikdirənlər, məbədə qulluq edənlər unudulur, amma Herostrat hər zaman xatırlanır. Nəinki unudulmaq, hətta Herostratın bu böyük şöhrətinə şərik olmaq istəyənlər, bu odun şöləsində parlamaq istəyənlər tapılır... Pyesin sonunadək bir şəkildə Herostratı məhkəmə edib edam edə bilmirlər. Herostrat şeytan balası kimi sanki hər kəsin əlinə güzgü verib –bu güzgüdən onlar eybəcər və miskin görünsələr də güzgünü nə atmır, nə də qırmırlar-onların bu güzgüdən daha gözəl görünmək ümidi var-şöhrətli, varlı, böyük… Heostrat güzgü paylayandır.
…Yəqin pyesi təhlil edənlər obrazın bu mifik fəlsəfi qatını qeyd ediblər.
Yəqin, əsərin sosial qatı haqda da oxunmalı çox məqalə yazılıb. Oxumaq lazımdır, mənsə kitabları yandırılıb izhari nifrət yağışına tutulan, yazıçı Əkrəm Əylislini xatırlayıram. Onun üçün İTV-də hazırlanmış verilişi. Axı Əkrəm Əylisli də az qala Artemida məbədini yandırmışdı. Deyirdilər ki, şöhrət üçün edib Herostrat kimi. Bu pyesdə olduğu kimi bizim məbədin də alverçiləri var idi, üstəlik, Herostratda olduğu kimi Əylislinin yanan kitabının işığında parlamaq istəyənlər (Odlar yurdunun vətənpərvər oğlu kimi görünmək istəyən, məsələn) az deyildi. Yazıçının kitablarını yandırmaq da onu unutmaq əmri kimi bir şey idi… (İki daşın arasında onun “Safsar” hekayəsini də xatırlayıram.)
…Herostrat bir balıq alverçisi idi və məbəd təəssübkeşləri ilə öz dilində danışa bilirdi. Həqiqət yana bilməz, daş, tikili müqəddəs ola bilməz, müqəddəslik mücərrəd məfhumlara aiddir, əməllərə, hisslərə, inanclara aiddir deməyəcəkdi ki, hələ onda Efes şəhərinin zamanında. Qalmışdı ki, indi, XXI əsrdə Quranı yandırmaq ittihamı ilə bir qadını hamılıqla daş qalaq edib öldürürlər. “Müqəddəs olan, Quran kağız deyil, mətndir, fikirdir, dəyərdir, yana bilməyəndir” deməyin yeri yox idi, o zavallı qadın da o adamların dilini, dinini bilmirdi. Adamlar öz möminliklərini bir qadına atdıqları daşla sübut edirlər.
…Səhnədə Herostrat rolunda Hikmət Rəhimov bütün ifadə vasitələrilə qəhrəmanını–məbəd yandıran alverçini daha dərinə basdırmaq istəyir-amma ətrafında ona kömək edən bir detal da yoxdu. İntonasiyanı belə dəyişə bilmir. Cümlələr eyni intonasiyadadır, pyesdeki incə yumor ağır bir tamaşaya çevrilib.
…Herostrat adında “hero” kəlməsi qəhrəmanlıq bildirən ingiliscə “hero”, rusca “qeroy” olmasın ki? Yunanca qəhrəman nə deməkdi? Tələsik “Google translate” də yunanca qəhrəman sözünü tapıram, dinləyirəm; elədir, yunanca qəhrəman “Heras” kimi səslənir.
Mən yenə öz herostratlarımızı xatırlayıram: belə irili-xırdalı “məbəd”ləri yandıran illərlə “müqəddəs”, “toxunulmaz” sayılanı bir kibrit çöpü ilə alışdıran, bütləri qırmaq istəyən yazarları, ədəbiyyat adamlarını: Seymur Baycanı, Rasim Qaracanı, Şərif Ağayarı, Güneli, Nərmini… Saxta məbədləri yandırmaqdan başqa məbəd sevgisinin saxtalığını göstərməyi də borc bilən yazarları…
Daha sonra onların yanğın adətkərdəliyini də gülümsəyə-gülümsəyə xatırlayıram.
Gənclər teatrının “Herostratı unudun” tamaşası da yadıma düşür. Aktyor Qurban İsmayılov Herostrat idi, Ayşad Məmmədov teatr adamı, ya da salnaməçi. O zal necə soyuq idi. O zala sanki teatra, rejissor Hüseynağa Atakişiyevə olan münasibəti öz soyuğu ilə ifadə etmək tapşırılmışdı. O tamaşada yozum necə idi? Yadıma düşmür. Ümumiyyətlə, Gənclər Teatrının tamaşalarından yadımda ancaq soyuq qalıb. Bir də hansısa tamaşanın sapsarı dekorasiyası.
Akademik Teatrın zalı istidir. Teatr adamı rolunda müasir dünyadan qədim Efesə düşən Elşən Rüstəmov tarixi heykəl və şəxsiyyətlərlə selfi edir. Selfilər cıqqılı bir şöhrət iddiasıdır.
Bu selfi ilə hər şeyi satmağı düşünən kapitalizm cəmiyyətinin mənzərəsi gözümün qabağına gəlir. Xəbərləri-insan talelərini, bir şəkildə satmağı, dövriyyəyə buraxıb pul qazanmağı düşünənlər, Herostratlarla xalq arasında münasibətlərdən pul qazananlar.
…Səhnədə Herostrat qışqırır, gülür, nifrətini emosiyalarla tökür. Hikmət “Qatil”dən başladığı “müəmmalı, gerçəkçi əclaf” tipajını genişləndirməli, dərinləşdirməli ikən (Hikmət son illər tənqid artireliyasına tutulan Akademik teatrın uğurudur, yeniliyidir)… “Azdrama”nın ənənəvi pafosuna eyni intonasiyalı danışıq tərzinə yoluxur. Bu binada nə sehr varsa artıq… Yeri gəlmişkən, Akademik teatrın da qeyri-rəsmi bir məbəd status var-Sənət məbədi. Belə söhbətlərdə məbəd keşikçiləri olan o aktyorlar binanın əzəmətini, keçmiş mogikanlarını xatırladır, onu qorumaqdan danışırlar.
Məbədə keşikçi lazımdırmı? Bəlkə ibadət edənlər varsa, bəsdir? Onlar toplaşmağa həmişə bir yer tapacaqlar.
Qaldı Herostrata, hətta şöhrət naminə belə yandırıbsa məbədi, ona bu qədər qəzəblənmək sadəcə gülməlidi. Şöhrət və nüfuz naminə məbədlər ucaldanlar olduqca, şöhrət naminə onu yandıranlar da olacaq. Bu qədər sadə…