Kulis.Az Pantomima Teatrının əməkdaşlarının toyundan reportajı təqdim edir.
İstəyirəm reportaja belə dəbdəbəli ad qoyam məsələn: “Toyu tamaşaya çevirdilər.” Sonra fikrimi dəyişirəm. Bəlkə “Tamaşanı toya çevirdilər?”
Axı Pantomima Teatrının iki sənətçisinin, Nargilə Qəribova və Ceyhun Dadaşovun toyundan danışıram. Danışıram və onlarla tamaşa gözümün qabağına gəlir. Onlarla obraz... Fotoqraf, siçan bəy, Balaca Şahzadə, Leyli, Kloun, Kesa, Marito... Amma bu gün sadəcə Nargilə və Ceyhun... Dəvətnamələrdə bəyin adı gəlinin adından əvvəl gəlsə də, məhəbbət dastanları qadın adları ilə başlayır. Bəs onlar bir-birini nə zaman sevdilər? Obrazları ilə gözümüzə necə pərdə tutublarsa, o məqamı qaçırmışıq. Hər nə isə, əsas toy olsun!
Tamadaların sözü olmasın, teatrın bədii rəhbəri Bəxtiyar Xanızadənin sevinci həyəcanına qarışıb: “Ceyhun, teatra on beş il deyil gəldiyin, amma teatrın gözmuncuğu səndədir”. Pantomima Teatrına gedib gələnlər Nargilə Qəribovanın teatr üçün nə demək olduğunu yaxşı bilir. Bu yerdə bəyi də tərif etmək gərəkdi: Ceyhunun tamaşalarda dəlisov filosof obrazları çoxdur: “Zibillik pərvanələri”ndə də, “Mən və mən” də də, adi kloun nömrələrində də Ceyhun bizə öz pırpız filosofunu təqdim edir. Düzdür, bu fəlsəfi mülahizələr həmişə ironik, gülünc bir sonluqla bitir, amma özünüz deyin, hansı bizim fəlsəfi yanaşmanız belə bitmir ki?
Nə isə... Fəlsəfədən dərhal toya qayıdaq: Ənənəvi toy olmayacağı bəllidir. Zala girər-girməz, şadlıq evinin fotoqrafı əlimdəki fotoaparatı görüb deyinir: “Xanım, biz foto aparatla heç kimi buraxmırıq. Siz səhərdən şəkil çəkirsiniz. Öz şəklinizi çəkin, tamam, amma kollektiv şəkillər olmaz”.
Onu anlamaq olar, qanları qaradır: aktyor toyudur-özləri çalır, özləri oxuyur, özləri oynayır, hələ özləri də şəkil çəkirlər. Bəs bunlara nə qalır? Fotoqrafı birtəhər inandırıb, and içirəm ki, onun çörəyinə bais olmayacam...
Toya tamadalıq edən Kukla Teatrının aktyoru Elşad Rəhimzadə bəylə gəlini rəqs yarışmasına çəkir: uşaqlar rəqsdə bir-birinə aman vermirlər. Toyun bir yerindəsə qonaqlar özünü hind filminin içində hiss edirlər. Bəylə gəlin qarşı qarşıya dayanır. Qəfildən hind filmlərindəki klişelər işə düşür: Ceyhun əlindən qədəhi yerə salır. Dramatik, romantik musiqi eşidilir. Qızlar və oğlanlar gəlin və bəyin rəhbərliyi ilə qarşı-qarşıya durub hind filmlərindəki kimi oxuyub-oynamağa başlayırlar.
Bu yeri “Oyna, oyna” filminə baxmayan, Cimini yamsılamayan nəsil başa düşməz. Bayağı da görünsə həqiqət budur: bizim ən böyük sevgi xəyalımız, arzumuz bax belə solo oxuyub qırx igidin, qırx incəbelli qızın əhatəsində oynamaq, işvəkar baxışlar atmaq, oğlanın motosikletində uzun saçlarını küləklərə verə-verə getmək-zad olub. Hətta uzağa gedib hind filmlərindəki kimi oğlana sillə vurmaq istəyənlər də var idi... Əlbəttə, bu şeyləri 90-cılar hiss etməz. O üzdən Pantomima Teatrının “fləşmob”u qondarma bir şey deyil. Onlar nə oynadıqlarını, nəyə güldüklərini yaxşı bilirlər. Bizim bu nostalji arzumuzu reallaşdırıb gülməkdən başqa çarəmiz yoxdur.
Pantomima Teatrının kollektivi “Disko-disko” xəyallarımızı gerçəkləşdirən kimi, Elşad yaşlı bir bəyəfəndini əlində oynada-oynada gətirir. Kukla səhnədə o qədər hoqqa çıxarır ki, az qala gəlini çalıb aparsın...
Bir yerdə bəy özünü saxlaya bilmir, mikrofonu alıb uşaqlarla oyun keçirir, xırda hədiyyələr paylayır. Nə etsin, özündən asılı deyil, adətkərdə olublar. Aşağı-yuxarı bizim teatrın aktyorlarının çoxu toylara kloun, tamada getməklə pul qazanır. Aktyor maaşının üzü qara...
Nə isə. Bu gün qarğış olmaz. Xüsusən də yeni evlənmiş iki nəfər o maaşı alacaqsa, heç olmaz. Hər nəsə, Allah o pula bərəkət versin! Ruziləri, alqışları, tamaşaçıları bol olsun!
Tamaşaçı demişkən, elə bu heyndə, Pantomima Teatrının sadiq tamaşaçıları öz hədiyyələri ilə zala təşrif gətirirlər. Təşrif nə deməkdir? Paho...
Bunu izah etmək üçün bir lətifə danışmaq lazımdır: deməli bir şamaxılı kişi əhd edir ki, oğlu olsa, onun toyuna bütün şəhəri çağıracaq. Qadir Allah ona bir oğul verir. Oğlunu evləndirəndə kişinin vədi yadına düşür. Qapı-qapı düşüb bütün şamaxılıları toya dəvət edir. Qaş qaralan vaxt evə qayıdanda görür ki, bir fənərçi nərdivanla şəhərin küçə fənərlərini yandırır. O zaman elektrik yox imiş. Küçələri nöyüt fənəri ilə işıqlandırırlarmış. Kişi fənərçiyə qayıdır ki, qardaş, mən filan küçədə oluram. Sabah da oğlumun toyudur. Gərək sən də toya təşrif gətirəsən. Bunu deyib gedir evinə, toyuna tədarük görməyə. Fənərçi düşünür ki, görəsən təşrif nə olan şeydir? Axırda qərara gəlir ki, burada nərdivandan başqa bir şey yoxdur yəqin ki, bunlar nərdivana təşrif deyirlər. Səhər obaşdan fənərçi nərdivanı alıb, gəlir toy evinə. Toy yiyəsini haylayıb deyir: “Qardaş, mən təşrifi gətirmişəm. Qoyum darvazanın qabağına, ya içəri gətirim?”
Bu lətifədən anlayacağımız: təşrif hər nədirsə, nərdivan olmadığı dəqiqdir. Pantomimanın tamaşaçıları isə aktyorlara obrazdakı şəkillərinin kollajından ibarət slaydı hədiyyə edirlər.
Pantomim teatrının tarixini yazan aktyorlardan olan Pərviz Məmmədrzayev Nargiləyə hisslərini, arzularını gözəl bir rəqslə çatdırır. Baxın, fərq bundadır: biz sözlə uzun-uzun danışırıq, amma onlar bir “Uzundərə” rəqsilə hər şeyi deyirlər...