Gözəllik və məğrurluq onun əsas cizgiləridi. Bunların üstünə talesizliyi də gəlin. Mələyi tanıyacaqsınız. Hərçənd aktrisa, əməkdar artist Zemfira Sadıqovaya onu tanıtmaq üçün az vaxt verilir. Amma “Dəli Kür”ün Mələyi məhz bu cəhətlərilə yadda qalır…
Zemfira xanım kinoya Mələk (“Dəli Kür”), Leyla (“Torpaq, dəniz, od, səma”), Ağabacı (“Bağ mövsümü”) kimi rəngarəng obrazlar bəxş edib. Taleyinin ən vacib məqamlarından biri də onun böyük aktyor, mərhum Yusif Vəliyevin həyat yoldaşı olmasıdır.
- Zemfira xanım, necə bir ailədə doğulmusunuz?
- Ziyalı ailəsində. Atam publisist və tərcüməçi idi, şerlər də yazırdı, böyük vəzifələrdə işləmişdi, anamsa ixtisasca müəllimə idi. Bacım Lomonosov Universitetinin fəlsəfə şöbəsini bitirmişdi.
Uşaqlıqdan aktrisa olmaq istəyirdim. Ailəm aktrisa olmağımı istəmirdi. Onların istəyi ilə razılaşdığımdan harada oxumağımın fərqi yoxdu. Universitetin iqtisadiyyat fakültəsinə daxil oldum. Yarım il oxudum. Amma günlərin bir günü getdim Teatr İnstitutunun rektoru Rahib müəllimin yanına. Dedim ki, iqtisadiyyatda oxuyuram, amma istəmirəm, Teatr İnstitutunun qarşısından keçəndə isə az qala ağlayıram. Doğrudan da oradan keçəndə çox pis olurdum. Məndən nə iqtisadçı olacaqdı? Rahib müəllim imtahan təşkil etdi və Adil İskəndərov, Rza Təhmasib, Müxlis Cənizadə, Məlik Dadaşov imtahan götürdü. Məni instituta qəbul etdilər. Rza Sarabski, Ələmdar Quluzadə kimi müəllimlərim olub. Gözəl müəllim olduqları qədər gözəl insan idilər. Hamlet Xanızadə, Kamal Xudaverdiyev, Məcnun Hacıbəyovla bir kursda idik.
İnstitutu bitirəndən sonra məni Gənc Tamaşaçılar Teatrında işləməyə göndərdilər. Buna işləmək də demək olmazdı. Yusifi istəmirdilər, orda mənə də bir dənə də rol vermədilər. Arada İrəvana gedib, iki-üç aylıq İrəvan Teatrında işlədim. Amma orada da qalmadım, Şamil Mahmudbəyov məni filmə çağırdı. Filmə çəkildim, daha teatra qayıtmadım, 7 il radioda diktor işlədim. Radioda işləyə-işləyə filmlərə çəkildim. ..
Yusif Vəliyev…
- Gənc Tamaşaçılar Teatrına gələndə onu yaxından tanıdım və ona vuruldum. Çünki Yusif oturuşun-duruşun, danışığın bilən, kişi adam idi. Baxışı, sözü… Elə təkcə dayanıb siqaret çəkməyi özü bir sənət əsəri idi. Ona çox qızlar, qadınlar vurulmuşdu. Münasibətlərimiz bir ayın içində yarandı. Mənim əvvəlki evliliyimdən bir oğlum vardı. O, bir aktrisa ilə bir il evli olmuşdu. Amma bu, Yusifin ikinci arvadı idi. Bundan əvvəl də onun bir arvadı var imiş, hətta ondan iki uşağı var imiş. Həm də birinci arvadı sağdır və Yusifdən 12 yaş böyükdür. Amma “zaqslar”ı olmayıb. Bunu bilmirdim. Teatrda da Yusifdən çəkindikləri üçün bunu mənə kimsə deməmişdi. Heç özü də. Biləndən sonra ayrılmaq qərarına gəldim. Düzdü evlənməmişdik, amma münasibətlərimiz var idi. Oğlumu da götürüb İrəvan Teatrına işləməyə getdim. Bakıda qala-qala ondan ayrıla bilmirdim, bir-birimizi çox sevirdik. Amma elə oldu ki o teatrda işləyə bilmədim. Məni filmə dəvət etdilər, bəlkə də bu, Yusifin təkidi ilə olmuşdu. Bakıya qayıtdım, filmə çəkildim. Amma məni daha Gənc Tamaşaçılar Teatrına götürmədilər. Yusifə görə idi, onu orada sevmirdilər. Hamı deyirdi ki, Yusif yaxşı aktyordu, pis insandı. Düz danışan adam idi, ona görə sevmirdilər….
- Hə, deyirlər, Yusif Vəliyev teatr aləmində ən qalmaqallı aktyorlardan olub.
- İstəməyənlər çox idi. Onu incitmək üçün mənə sataşırdılar. Amma Yusif hamısının cavabını verirdi. Hətta o adamlardan birini döymüşdü. Ya da aramızı vurmaq üçün mənə deyirdilər ki, Yusif sənə xəyanət edir.
- Kənardan deyilənlər münasibətlərinizə təsir edirdimi? Həm də aranızda 22 yaş fərqi var idi. ..
- Onunla xoşbəxt idim. Deyilənlər mənim üçün mənasızdı. Həm də Yusif başqa bir adamdı. Evə qarşı diqqətli idi. Bazarlığı o, idarə edirdi. O, dünyasını dəyişənə qədər mən çörəyin qiymətini belə bilmirdim. Dana buzun üstündə qalan kimi qaldım elə bil. Heç nəyi bilmirdim …
- Deyirlər ki, evlilik hissləri korşaldır, hətta bir kitaba belə ad qoyulub-“Məhəbbət üç il yaşayır”. Siz Yusif müəllimlə 15 il evli olmusunuz…
- Məhəbbət insanın özündədi. Onu insanlar özləri tapdayır, yox edirlər. İnsanlar bir-birinin hisslərini özləri öldürür. İnsani sevgidən gedirsə söhbət, onun ölməsi kimi bir şey yoxdu. Münasibətlər həqiqi hisslər üzərində qurulmalıdı. Mən Yusifə gedəndə onun cüzi maaşından başqa bir gəliri yox idi. Mənim bu yaşda sevgidən danışmağım kiməsə gülməli görünə bilər. Amma həyat budur. Hissləri qorumaq lazımdır. Sevgiyə ruhun əməyi lazımdır.
- Yusif Vəliyevlə tərəf-müqabili olduğunuz film yoxdur deyəsən?
- “Tütək səsi filmində bir yerdə çəkildik. Amma filmlərdə tərəf-müqabili olmadıq. Qəribədir ki, onunla bir dənə də ayrıca çəkilmiş şəklimiz yoxdu. Həmişə deyirdi, birgə şəkil çəkdirək, amma həmişə bir iş çıxırdı. Üçümüzün (Zemfira xanımın Yusif Vəliyevlə evliliyindən bir qızı var-A.) bir şəkli olmadı…
Suyu bulanıq Kür…
- “Torpaq dəniz, od səma” filmində çəkiləndə Hüseyn Seyidzadə məni görmüşdü. Foto-sınağa dəvət etdi. Mən dedim ki, kino-sınağa gələcəm. Cahandar ağa obrazına seçilən bir çox aktyorlar vardı. Ədil İskəndərov da var idi. Amma Ələddin Abbasov seçildi. Mən də Mələk roluna çəkildim.
Cahandarın Mələyi qaçırdığı səhnə Qazaxda çəkilmişdi. Bütün günü ayağım buzlu suyun içində qalmışdı. Qızdırma içində idim. Yusiflə qalırdım oteldə, onun qulluğu sayəsində sağaldım.
Bir səhnə var idi, orada sıldırım qayalardan üzüaşağı qaça-qaça gəlməli idim. Ayağımıza təbii materialdan amma sürüşkən bir çarıq geyindirmişdilər. Bu yerini oynayanda lap sıldırımın ucuna gəldim. Ayağım nəyəsə ilişdi, amma yıxılmadım. Mən belə təhlükəli vəziyyətdə qışqırıram ki, kömək edin, yıxılıram, camaat deyir ki, gör necə təbii oynayır.
Pis situasiya idi. Axırda Hüseyn Seyidzadə başa düşdü, gəlib məni xilas etdilər.
- Oynadığınız filmlərinizdə ən dəyərli hesab etdiyiniz hansıdır?
- “Dantenin yubileyi”. Bu filmdən özüm zövq aldım. Anarın fikri mənim üçün çox vacib idi. O mənə xasiyyətnamə yazanda oradakı obrazım haqda qeyd etmişdi ki, Zemfira bu qəhrəmanı yonub düzəldib sanki.
- Gözəl aktrisa üçün peşəsində çoxmu çətinliklər yaranırdı?
- Əvvəllər belə hallar lap çox olurdu. Gözəl aktrisanı filmə çağıranda ondan nəsə umurdular. Qadından nə uma bilərlər ki? Demirəm hamısı. Amma bir çoxları… Çəkilə bilənlər çəkilirdilər, çəkilə bilməyənlər də bir yol tapırdı. Mən heç kimin adını çəkməyəcəyəm. Xalq hamısını çox yaxşı bilir. Hər aktrisa da buna getmirdi. Amma nəticəsi də pis olurdu. Elə mənimlə də belə bir şey baş verdi. Məsələn Hüseyn Seyidzadə “Dəli Kür” filmində acığından mənim oynadığım yerlərin çoxunu kəsdi. Mənim yerlərim yalnız ümumi planda göstərilir. Mələyi götürüb qaçmazdan əvvəl Cahandarla onun baxışmağı var, söhbəti var. Amma filmdə biz Mələyi Cahandarın götürüb qaçdığını görürük. Axı bu hadisəyə bir zəmin olmalıdı. Mələyin ona münasibəti görünməlidir. Hamısı Hüseyn Seyidzadənin hikkəsinin badına getdi…
İndi cavan kinematoqrafçıların yalnız sənətin keyfiyyəti baxımından məsələlərə yanaşdığını görürəm. Onların fikri, məqsədləri tamam başqadı. Məndən zəhlələri də getsə, filmin xətrinə dəvət edib işimi dəyərləndirəcəklər.
- Gözəllik tanrının insana verdiyi bir keyfiyyət idi. Bu iş Tanrının səlahiyyətindədir, amma həm də pulun edə biləcəyi bir şeydi.
- Hər bir qadın gözəldi. Siz süni gözəlliklərdən danışırsınız. Bu qəbahət deyil, hamı gözəl olmaq istəyir. Amma Allah verən gözəllik də əbədi deyil. Gözəllik gedir. Tanrı nə veribsə hamısını alır. Uzun kirpikləri də, gözəl saçları da. Qalır yalnız bir şey. Daxilən gözəlsənsə o nur üzünə vurur. O işıq üzünə vurur.
- Necə bir qəhrəman oynamaq istəyərdiniz?
- Bir həsrətim var. Bizim filmlərimizdə qadını fağır, yazıq, əlindən heç nə gəlməyən kimi təqdim edirlər. Amma bizim qadınların çiynində nə qədər yük var: ailəsini saxlayır, övlad tərbiyə edir, işləyir, elmlə məşğul olur. Bunları heç bir kişi edə bilməz. Ümumiyyətlə qadın kişidən çox güclüdü. Daxilən güclüdü. Mən güclü, mədəni, kübar, ağıllı bir qadını oynamaq istəyirəm.
- Qadınlarla bağlı çoxlu zorakılıq xəbəri oxuyuruq. Ən dəhşətlisi o xəbərin altına insanların yazdığı şərhlərdir. Çoxu yazır ki, əcəb edib öldürüblər. Bu münasibət nədən qaynaqlanır?
- Heç deməyin, bu, dəhşətdir. Ola bilər ki, xəyanət-filan səbəbdən qadınları öldürürlər, amma axı bu öldürmək üçün səbəb deyil. Xəyanət edirsə boşa getsin. Bilirsiniz, maariflənmə, mədəniyyət çox aşağı səviyyədədir. Hamısı ona görədir...
Film də var, film də…
- İmtina etdiyiniz filmlər olubmu?
- Bir filmdən imtina etdim, Rüstəm İbrahimbəyov də məndən incidi. Ssenarini oxudum bəyənmədim. Ssenaridə mənə təklif olunan obraz zəif idi. Obraz məzmunsuzdu. Özünə elə-belə dedim. Rolun böyük-kiçikliyinə görə imtina etmirəm. Əsas olan obrazın məzmun daşımasıdır. Məsələn, “Alma almaya bənzər” filmində mənim oynadığım obrazın alma yeməyi məzmunlu bir hadisə idi.
- “Polkovnikin xəzinəsi” adlı tammetrajlı filmə çəkilirsiniz. Paralel olaraq iki qısa metrajlı filmə də çəkildiyinizi söyləmişdiniz. Yeni təklifləriniz varmı?
- Üç film təklifim var. Amma bu, sonranın işidir. Yorğunam, dincəlməliyəm. Bu arada üç filmə çəkildim. Qısametrajlı filmlər idi. “Motivlər” layihəsinin filmlərindən ikisində çəkildim. Bunlardan biri baş rol idi. Oğlu şəhid olmuş yaşlı qadını oynayıram. Qadının məntiqi, huşu yerindədir, amma, oğlunun yoxluğuna inanmır. Həmişə onu gözləyir. Evi sökülür və 20 il evdən bayıra çıxmayan qadın şəhərə çıxıb bütün küçələri köhnə adları ilə soruşur. Amma onun soruşduğu küçələr artıq yoxdur.
“Polkovnikin xəzinəsi” filmindəki obrazım da maraqlı bir tale hekayəti olan qadındır. Vaxtında sevdiyi adamla ailə qurmayıb, indi qocalar evində o adamla qarşılaşır...
- Filmlərdən aldığınız qonorar necə sizi təmin edirmi?
- Bu, aktyoru təhqir edəcək bir məbləğdir. Səkkiz gecə yatmadım, əziyyətlər bahasına başa gələn bir çəkiliş oldu. Bu əməyin 1500 manat müqabilində çox azdır. Axırıncı çəkilişim xarabalıqda olub, külək torpağı gözümüzə çırpırdı… Soyuq…
Çəkiliş gününə iki yüz manat verirlər. Mən məbləğ haqda danışmadım, çünki, çəkilmək istəyirdim, mənə maraqlı idi. Hətta yüz manatdan da çəkilməyi təklif ediblər. Bilirsiniz, bu, biabırçılıqdır…