Oktyabrın 4-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamla tanışlıq” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək.
Kulis.az-ın verdiyi xəbərə görə, tədbir kuklaçı rəssamlara həsr ediləcək və layihənin budəfəki qonaqları tanınmış kuklaçı rəssamlar İrina Qundorina və Pərviz Hüseynovdur.
Rəssamlar öz yaradıcılıqlarından söhbət açacaq, kukla sənəti tarixindən danışacaqlar.
Pərviz Hüseynov və İrina Qundorina Azərbaycan Rəssamlar İttifaqının üzvləridir, dəfələrlə beynəlxalq sərgilərin nominantları və laureatları olublar. Rəssamların "Səyahət 2" əsəri "Bədii kukla sənəti sahəsində Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə görə" (Sankt-Peterburq) və dünya şöhrətli "Vaxtanov" kukla qalereyasından (Moskva) "Kukla sənətinin inkişafı və təbliği üzrə peşəkar və yaradıcı fəaliyyətə görə" mükafatlara layiq görülüb. Moskvanın müstəqil "Dollplanet" portalının "Fantasmaqoriya" nominasiyasında birinci mükafatını qazanıblar. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən Azərbaycan incəsənətinə, xüsusilə kukla sənətinə verdikləri töhfələrə görə "Qızıl əllər" fəxri mükafata layiq görülüblər. "Bakı küləyi" və "Fusion Doll" Bakı Biennalesi beynəlxalq layihələrin müəllifləridirlər.