Ər və arvadın yatağındakı qaçaqmalçılıq

Ər və arvadın yatağındakı qaçaqmalçılıq
21 may 2013
# 07:45

Aliyə

“Bu gün əxlaq dediyimiz hər şey dünyanın təşkili məsələsi ilə iç-içə keçib. Hətta düzgün həyat axtarışının düzgün siyasət üslubu axtarışı olduğunu belə deyə bilərik. Adornoya görə həyatın özünün bu qədər şəkilsizləşdiyi, bu qədər təhrif edildiyi bu dünyada heç kim düzgün həyatı yaşaya biləcək vəziyyətdə deyil”

Tamaşaya gedərkən yolda Fokus jurnalının son sayından oxuduğum bu sitat ( “Hanekenin Avropası” T.Abbasov, Fokus jurnalı, 9-cu say) əvvəlcə baxdığım tamaşanın, daha sonra yazının epiqrafına çevrildi.

“Sərhəddə” Polşadan dəvət olunmuş rejissor Tomaş Leşçinskinin polyak dramaturqu Slavomir Mrojekin pyesi əsasında hazırladığı tamaşadır. Pyes mənzilləri dövlət sərhədi ilə ikiyə bölünən ailənin həyatından bəhs edir.

Nənədən, babadan, ərdən, arvaddan və uşaqlardan ibarət ailənin, mənzilin və əşyaların yarısı bir dövlətə, yarısı o biri dövlətə düşüb. Sərhədlərin, ümumiyyətlə yaşam modellərinin insanlara gətirdiyi əziyyətlər, məhrumiyyətləri göstərmək pyesin əsas hədəfindədir. Məsələn bufetdən nə isə götürmək istəyən nənə sərhədi pozduğu üçün yerindəcə güllələnir. O tayda əzizinin bişirdiyi dolmanı yemək üçün bu tayda rüsum ödəməlisən….

Leşçinskinin tamaşasında isə fərdi tənhalıqlara qovulmuş insanların faciəsi göstərilir. Fərdin faciəsi toplumun qanunları altında əzilən insanın qorxulu qaranlıqları…

O insan daim qorxulu rejimlə, ona yad bir şərtlərlə yaşamağa, bu şərtləri mənimsəməyə məhkumdur. Laqeyd və ağıllı görkəm sadəcə qabıqdı, qılafdı. Onun altında nələr var? Bunu baş qəhrəman Qasım Nağı (ər) masa arxasında əyləşmiş adamların başındakı örtüyü atmaqla göstərəcək. Ailəvi nahar yeməyi kimi xoşbəxt, intim bir zamanda masanın ortasında dövlət görəvlilərinin başı peyda olacaq.

Bu, rejissorun (bəlkə də rəssamın: Elena Lola Loli) vəziyyəti ifadə etmək üçün düşündüyü üsullardan biridir. Masadakı yeməklərin arasından, əvvəlcədən kəsilmiş və qazanla örtülmüş deşiklərdən bir dövlət görəvlisinin başı “pırtlayib” çıxır. Onlar mənzilin düz ortasından sərhəd xəttinin keçəcəyini bəyan edirlər. Və nahar bitər-bitməz mənzili iki yerə bölürlər.

İndən sonrakı yeməklər atıq ictimai-siyasi əhəmiyyət daşıyır. Personajların birinin dediyi kimi onların yediyi dolmalar artıq “tarixi dolmalar”dır. Mən hətta “siyasiləşmiş dolmalar” deyərdim. Rejissor dövlət görəvlilərinin (Ərtoğrul Kamal, Yaqut Paşazadə, Oqtay Mehtiyev, Emil Məlikov) üzünü qrimləyib-onsuz da maskarad havalı tamaşada onları aşkar bir personaj olaraq işarələyib. Çünki vəzifəli olmaq rolunu yaxşı oynamaq deməkdir.

Onlar daha dəhşətlidir, onlar nəyi nə üçün etdiklərini düşünmək qabiliyyətindən məhrumdurlar. Nənəni nə üçün öldürürsən desəniz o “sərhəddi pozduğu üçün” deyəcək. Bunun üçün adamı öldürərlərmi sorsanız, qanunu göstərəcək. Qanunda bu nəzərdə tutulub. Onların siması ona görə rənglənib və bir-birinə oxşayır. Həm də bu maskarad bildiyimiz maskaraddan deyil. Bu maskarad havası insanları sevdirmək, onun necə dəyərli olduğunu anlatmaq üçündü. O dünyada ki, az qala hər şey insana qarşıdır.

Yeməklər siyasiləşib, ər və arvadın yatağı qaçaqmalçılar üçün keçid xettinə çevrilir, yediyin hər dolma üçün rüsum ödəməlisən... Bu yeməklərin aşpazı isə tamaşanı, oxu: vəziyyəti idarə edən işıqçıdır. Rejissor işıqçı budkasında oturan işıqçıya aşpaz paltarı geyindirib. Siyasi dolmaların müəllifi onlardır-idarə edənlər.

Tamaşanın bir yerində sərhəd işçisi Qasımın qəhrəmanından amiranə soruşur-“nədi etiraz etmək istəyirsən?” bu qorxunun nə qədər nüfuz etdiyini bilmək üçün idi.

Tamaşanın içində sərhədi pozan nənə öldürülür. Ailə ona yas tutub ağlayırkən o, qəflətən qalxıb rəqs edir, gülür, sevinir. Bu, Nənəni oynayan Təranə Atacanın az sözlü rola üsyanından çox, başqa dünyanın reallığından çox tamaşanın əsas ideyasının davamıdır – Bu dünyada-bu mənzildə olmayanlar, buranı tərk edənlər xoşbəxtdir. Nənə ölər-ölməz xoşbəxtliyə qovuşur. Ağlaşanların fonunda rəqs edir, sevinir, bununla adamları güldürür.

Tamaşa içində müharibə epizodları təqdim olunur. Axı sərhəd varsa, müharibə də olacaq. Bu epizodlarda Vidadi Həsənovun qəhrəmanı aşsüzəni dəbilqə, gitaranı avtomat silah kimi istifadə edir. Belə geqlər tamaşa içində çox olacaq.

Janr dağınıqlığı özü də bir janrdırmı? Axı “Sərhəddə” tamaşasına bir janr, bir temporitm hakim deyil. O, radio kimi dalğadan dalğaya köklənir. Amma bu dalğadakı hər şeyi bir xətt-sərhəd birləşdirir. Hiss müstəvisində bu qorxudu, sərhədi aşmaq qorxusu...

Forma etibarilə tamaşa şərti teatr prinsiplərinə yaxındır - göstərmə, simvoliklik. Fərdi yaşantılar, qorxular Qasım Nağının oyununda daha qabarıq təzahür edir. rejissor da məhz onu tamaşanın ideya yükünə ağırlıq mərkəzi seçib. Sonda da məhz onun qəhrəmanı bu təzyiqə tablamır. Onun daxili mənini əks etdirən kinotəsvirdə o, bu məkanı tərk edir: teatrın qapılarını açıb küçə boyu qaçır. Oralarda bu qorxudan azad olacaqmı?

Yazıda Sevinc Çılğının şəkillərindən istifadə olunub.

# 3809 dəfə oxunub

Müəllifin son yazıları

# # #