Bəlkə də “Dədə Qorqud” dastanının «Duxa Qoca oğlu Dəli Domrul”undan maraqlı, komik boyu yoxdur. Məsələ yalnız süjetin oynaqlığında, toxunulmaz, mistik məsələlərə saf yanaşmada deyil, dilin çevikliyində, ahəngdarlığında, təhkiyənin açıq didaktikadan qaçmasındadır. Görünür ki, Dədə Qorqud bu boyları xana danışır. Boylar “Xanım hey!” müraciəti ilə başlayır. Yəni ki, nə açıq didaktika? Durub xana birbaşa dərs keçməyəcək ki? Olsa-olsa əhvalatın məzmunundan şah dərs götürəcək, alt mənanı duyacaq və ədalətli olacaq.
Bu qədər maraqlı təhkiyə forması, dil özəlliyi olan bir əsərin tamaşaya qoyulması asan olmamalıdır. Ona görə ki, rejissor ən azı mətnin bədii forması qədər maraqlı bir forma tapmalıdır. İllər əvvəl Dövlət Pantomima teatrı «Dəli Domrul»u tamaşaya qoydu və görünəni müəlliflər əsərin dilinin bu vacib özəlliklərini, nüanslarını bircə-bircə tutub tamaşaçıya göstərmişdilər.
Dövlət Kukla Teatrının yeni hazırlanmış «Dəli Domrul» tamaşasında (rejissor Rəhman Əlizadə) şərtilik forma olaraq uğurlu seçilib. Çünki əhvalatın məzmununda da şərtilik var. Aktyorlar tamaşaçıların qarşısında kuklalar düzəldir, oxuyur, sonra dağıdırlar. Bu tamaşaya bir uzaqlıq, pritçavarı zamansızlıq, həm də xəyalilik gətirir. Kukla Teatrının «Dəli Domrul” tamaşası iki planda təqdim olunur- canlı plan və kuklalar.
Boyu oxuyanlar bilir ki, Dəli Domrul bir quru çaya körpü salıb keçəndən otuz üç axça, keçməyəndən döyə-döyə qırx axça alır. Reallıqdır. Adamlar reallıqla bacara bilməyəndə Tanrını, müqəddəsləri köməyə çağırırlar-amma Dəli Domrulun Tanrını vecinə gəlmir. Kukla Teatrının aktyoru Xaqani Əliyevin Domrulu başqalarının acılarını görmür, hər şeyi öz kefi üçün, gücü, cahil və heyvərəliyi hesabına qurur. Ətrafdakılarsa qəribə bir itaətkarlıqla onunla razılaşırlar. Bu itaətkarlıq «hamı necə, mən də elə» prinsipinə əsaslanır. Və Domrul onları tək-tək, bircə-bircə o körpüdən keçirir. Tamaşanın əvvəlində onun bu qudurğanlığına qarşı üç qütb çıxış edir.
Ağsaqqal kişilər bir-birinə bitişik eyni sifəti kuklalardır. Etirazlarını xor şəklində yumşaq qınaqlarla, çoxsəsli mızıltılarla bildirirlər. İkinci-yəni məkan olaraq ikinci qütb qadınlardır, bunların da etirazı eyni tərkiblidi. Üçüncü etiraz isə tipin dilindəndir. Bu tipi Elnur Əliyev canlandırır-o, körpünü keçməzdən əvvəl məşhur misraları deyir: «Keçmə namərd körpüsündən, qoy aparsın sel səni...!» Sel olmadığı üçün el gücü, sel gücü olmadığı üçün - o da körpüdən keçməli olur. Bu yalançı qəhrəman pafosu ilə Elnur tamaşaçıları güldürür və yadda qalır.
Tamaşanın dekoru demək olar ki yoxdur, əhvalat qara pərdələrin fonunda baş verir. Rəssam (Lətifə Quluzadə) səhnəni dekorla yükləyib, əhvalatı zaman, məkan kimi konkretliklə ağırlaşdırmayıb. Yüngül temporitm həm də milli oyun havalarının hesabınadır.
Müəlliflər üçün tamaşaçı da bir növ xandır. Onu yormaq, ağır fikirlərlə yükləmək olmaz. Tanıyan öz reallığını onsuz da tanıyacaq.
Bütün problemlərin çıxılmaza gəldiyini görəndə Tanrını ətəkləyənlərin də ümidi boşa çıxmır. Yoxsa Dədə Qorqud, Dədə Qorqud olmazdı. O, Domrulla danışan Tanrını adamlara yerdə nişan verəcək. Bir az diqqətli olmaq gərəkdir.
Domrul onun sinəsinə çöküb «nəfəsini xırıldadan» Əzraildən aman istəyir, Tanrıdan nida gəlir ki, o öz yerinə canı əvəzinə can tapmalıdır. Tanımadığı adamları bu qədər incidən Domrul ata anasına nə əzablar verib? Bir onu bilirik ki, onlar öz canını Domrula qıymırlar. Bu tamaşaçıya mənfi hal kimi təqdim olunur. Ata-ana öz canını övlada qıymır (dildə «Allah ömrümdən kəsib ömrünə calasın» demək asandır). Əcəba niyə? Domrulun sevgi qazanmamağından olmasın? Bu məqam vurğulanmır. Hərçənd bütün hallarda valideynlər təqsirlidir. Oğula sevgi və tərbiyə verə bilmədikləri üçün.
Tək öz canını Domrula qıyan arvadı olur. Və tanrı bu sədaqətə görə onlara 140 il ömrü verir. Bu sevginin güc olaraq, tapınacaq yeganə güc olaraq qələbəsidir. Dədə Qorqud yerdəki mütləq gücün sevgi olduğunu deyir.
«Dəli Domrulun sözü Allaha xoş gəldi. Əzrayıla əmr etdi: “Dəli Domrulun ata-anasının canını al! Dəli Domrula və arvadına yüz qırx il
ömür verdim”, – dedi» Hərçənd bu, əhvalatı problematik cəhətdən bitirmir. Domrul necə islah olunacaq? O, qalan yüz qırx ili necə yaşayacaq? Bəlkə də Tanrı o itaətkar kütlə üçün, Domrulu, Dəli Domrul edənləri cəzalandırmaq üçün ona yüz qırx il ömür verib? Haradan bilək?
Hər halda Dədə Qorqud-Tanrı onlara Sevgi kimi gücü tanıtdı. Qalanı öz işləridir, necə deyərlər. Bu arada tamaşa da Dədənin təəssüfləri ilə bitir:
«Ayrana doyran demədim, mən Dədə Qorqud....»
Bəlkə də hər şey o zaman başladı. Hər şeyin öz adını demək lazım idi...