Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iyul ayının 1-dən Respublikanın bölgələrində qastrol səfərinə yola düşmüşdür. Teatrdan Kulis.az-a verilən xəbərə görə, yaradıcı heyət Milli dramaturgiyamızın banisi M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” komediyası ilə iyul ayının 1-dən Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Saatlı, Sabirabad və İmişli rayonlarına qastrola start vermişdir. Qastrol iyul ayının 6-dək davam edəcəkdir.
Artıq qastrol çərçivəsində Şamaxı, Ağsu, Kürdəmir və Ucar rayonlarında sözügedən tamaşa nümayiş etdirilmiş və tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
Tamaşada əsas rolları əməkdar artistlər Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Qurban İsmayılov, Nofəl Vəliyev, Vahid Əliyev, Şövqi Hüseynov, aktyorlar Asya Atakişiyeva, Elnur Kərimov və başqaları ifa edirlər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün bu ilki – 85-ci teatr mövsümünə iyul ayının 6-da Saatlı rayonunda yekun vuracaqdır.