“Səhhətim getdikcə ağırlaşır, dərmanlar hədsiz bahadır, müalicə almasam, daha ciddi fəsadlar olacaq”. Bu sözləri Kulis.aza açıqlamasında şair Yafəs Türksəs deyib.
O bildirib ki, Hepatit B xəstəliyinə yoluxub: “Gözüm “katarakt”dan əməliyyat olanda analizlər verməli oldum, virus da onda aşkara çıxdı. Respublika Gigiyena və Epidemioligiya Mərkəzində müayinə və analizlərdən sonra diaqnoz dəqiqləşdi.”
Yafəs Türksəs müalicə oluna bilmir. Maddi vəziyyəti ağır olduğundan dərmanları almaq gücündə deyil: “Müalicə üçün Misirtdən gələn dərmanlardan qəbul etmək lazımdır. Onları almağa da mənim maddi imkanım çatmır. Deyilənə görə tam sağalmaq 4-5 min manata başa gəlir. Məndə bu qədər vəsait hardandı. Buna görə də hələlik özümü pəhrizlə saxlamışam. Adi bir analiz 200-300 manatadır. O vaxt sağ olsunlar, səhiyyə nazirliyi mənim gözümün pulsuz əməliyyatını öhdəsinə götürdü. Qayğı göstərdi. Onlara bir də müraciət etmək istəyirəm. Ümid edirəm, mənə yardım edənlər tapılacaq.”
Qeyd edək ki, Yafəs Türksəs yeddisi bədii, yeddisi publisistik olmaqla 14 kitab müəllifidir. Ailəlidir, dörd övladı var. O,Cəbrayıl rayonundandır və məcburi köçkün düşəndən sonra Bakıda yaşayır.