Kulis.az Aliyənin "Bozbaş niyə sevilir?" yazısını tqədim edir.
Əvvəlcə layihənin adı barədə: elə bilirəm, Bozbaş xüsusən kütləvi janrda audiovisual məhsullar istehsal edən layihə üçün ən uğurlıu addır.
Çünki, bozbaş bizim milli və ən kütləvi xörəyimizdir. Doyumluluğu, kalorisi, dadı ilə əvəzolunmazdır. Kasıb məclislərin üz ağardan xörəyidir. Bu mənada bozbaş bizi birləşdirən dəyərdir.
Bəs ona ikrahla yanaşmaq, bayağı sanmaq, ara müğənnilərini vaxtaşırı bozbaş adlandırmaq niyə? Vardır bir hikmət; hələ Çexov deyirdi ki, kütlə incəsənətdə bayağılığı sevir. Bozbaş kütləvi yeməkdirsə, deməli, həm də bayağılığı təcəssüm etdirir.
Bu günlər reytinqli "Bozbaş pikçərs"in layihə rəhbəri və komik serialdan Şəmi müəllim obrazının müəllifi kimi tanınan aktyor İlkin Həsəninin üzərinə qınaqlar yağmaqdadır. Hadisə belə olub: İlkin Həsəni sosial şəbəkədə HBO-nun məşhuri cahan olmuş, reytinqdə “Game of Trones”i üstələmiş Çernobıl serialını tərifləyib. Xalq da onu keyfiyyətli seriala baxıb camaata zay məhsul təqdim etməkdə qınayıb: "Deməli, belə seriallara, filmlərə baxırsız, bizə gələndə Şəmi, Şöşü hazırlayırsız..".
"Bozbash picture"sin təqdim etdiyi komediya layihəsi janrına görə "Çernobıl" serialı ilə təbii ki, müqayisə olunmur. Ayrı-ayrı janrlardır. Bunu niyə qeyd edirik, çünki keyfiyyəti müqayisə edəndə janr həmişə qarışıqlıq yaradır. Amma bu o demək deyil ki, keyfiyyətdən danışa bilmərik.
Əvvəlcə "Bozbaş pikçərs"in janrını, hətta janriçi çalarlarını aydınlaşdıraq.
"Bozbaş pikçərs" sərgüzəşt-komediyadır. Serial əsas qəhrəmanlar Şəmi və Şöşü və onların qohumları Fəlakət, Ağsaqqal, Şirin və Qılman doktorun sərgüzəştlərini əks etdirir. Bu qəhrəmanlar karikatura-şarj kimi təqdim olunur, müxtəlif situasiyalarda, geqlərdə bəlli xarakteri olan bu personajların düşdüyü vəziyyət və məntiqsiz əməlləri gülüş doğurur. Reytinqi yüksək olan bu komediyanın olduqca maraqlı bir cəhəti var: Bozbaş pikçərs məhz bozbaşa - yəni, bayağılığa gülüb ironiya edir. Müəlliflər bunu serialın musiqisində “xoruz” buraxan şapkasındaca bəlli edirlər. Və bir güllə ilə yüzlərlə tamaşaçını vururlar: həm Şəminin, Şöşünün timsalında bayağılığa gülür, həm də bayağılığı sevən kütləni öz tamaşaçısına çevirirlər.
Lakin personajlar yalnız bayağılığa görə sevilmir. Müəlliflər onları reallıqla əhatələyir; nəticədə, onlar nə qədər karikaturalaşsa, şişirdilsə də reallığın yetişdirdiyi qəhrəmanlar kimi ekrana çıxırlar.
Deyək ki, Uzman Qılman həkimin yalnız savadsızlığı deyil, danışıq tərzi də tamaşaçıya həyatdan tanışdır.
Və ya şair Şirinin sərsəm şeirləri bu absurd-komik hadisələrin övqatına uyğundur və o qədər uyğundur ki, Şirini xalq şairi élan etmək istəyirsən.
Yaxud da “Buğlama”dakı Arzuman ustanın əməlləri... Mütləqa belə bir təmir-tikinti ustası ilə rastlaşmışıq. Vəziyyət də gülməli yox, ağlamalı olub. Bozbaşçılar arzumanları anlamaq üçün onların vəziyyətinin çıxılmazlığını göstərməyi aktyorlara həvalə ediblər. Çıxılmaz vəziyyət hardasa absurda, komediyaya gətirib çıxarır.
Bu karikatura-şişirtmənin içində reallığın boz üzünü tanıyanlar kanalı necə çevirsin? "Xalqlar dostluğu" metrosu yaxınlığında, körpünün altındakı mənzərəyə (sifarişçi gözləyən fəhlələr, ustalar) ağlı başında olan adam heç vaxt gülə bilməz. Müəlliflər o müdhiş reallığı çəkdikləri komediyanın bünövrəsinə tökə biliblər. Həm də bu komediyada “O olmasın, bu olsun”dan fərqli olaraq tamaşaçınının diqqətini varlı tacir Məşədi İbada yox, fəhlə Arzumana, onun reallığına yönəldirlər.
Reallıq tək göstərici deyil ("Bozbaş"ın layihələrində başqa bədii keyfiyyət göstəriciləri də var və o təqdim etdiyi janrın demək olar ki, əsas tələblərinə cavab verir) amma nə olursa-olsun, tamaşaçını realllıq çəkir. "Çernobıl" serialında da, "Bozbaş pikçərs"də də. Başqa yemək tanımırıqsa, bozbaşa ağız büzməməliyik. Bizim reallığımız, bizi birləşdirən, aclığımızı doyuran bozbaşdır. Bunu gülə-gülə, ironiya edə-edə yeyiriksə, nə mutlu bizə...