Sosial şəbəkədə yüz minlərlə baxılan qız: “Səhnədə ifa edərkən yıxıldım...” - Müsahibə

Sosial şəbəkədə yüz minlərlə baxılan qız: “Səhnədə ifa edərkən yıxıldım...” -  Müsahibə
12 mart 2021
# 15:17

Ətrafımızda neqativ almamaq üçün sosial şəbəkə hesablarını qapadan yüzlərlə insan var. Müharibə sonrası, karantinli günlərdə bu, anlaşılandır; insanların ruh halı gərgindir. Belə bir vaxtda pianoçu Arzu Əsgərlinin social şəbəkələrdə yayılan ifaları az qala dərman effekti yaratdı. Hamı bu enerji “həb”ini bir-birinə ötürüb paylaşdı.

Kulis.az “Çardaş”, “Qaytağı” parçaları ilə sosial media fenomeninə çevrilmiş pianoçu Arzu Əsgərli ilə müsahibəni təqdim edir.

- Arzu xanım, özünüz haqda oxucularımıza məlumat verin, mümkünsə.

- Süleyman Ələsgərov adına uşaq incəsənət məktəbini, fortepiano şöbəsində Mədinə Zalovanın sinfini bitirmişəm. Daha sonra Rastropoviç adına musiqi məktəbində davam etmişəm. Əslində, ora 8-ci sinfə getməli idim, amma yoxlayanda məni bəyəndilər və 10-cu sinfə qəbul etdilər. İki il orada oxudum və daha sonra Bakı Musiqi Akademiyasına qəbul oldum.

- Ananız Mehriban xanım piano müəlliməsidir. Amma siz başqa müəllimənin sinfində oxuduz...

- Hə, özü elə istədi. Onun sözünə qulaq asmaram deyə. Uşaq ikən çox kaprizli idim. Amma başqalarına ərk edə bilməzdim

- Ümumiyyətlə, musiqiçi ailəsində doğulmağın özəlliyi nədir?

- Daim sənə nəzarət edən peşəkar biri var. Yəqin, anam musiqiçi olmasa, bu işə ciddi yanaşmazdım. Yəni, heç yanaşmırdım da. Anam dilə tuturdu ki, bu ili də oxu, gələn ildən səni musiqi məktəbindən çıxaracam. Mən də öz-özümə deyirdim, bu il daha 100 faiz musiqi ilə qurtardım. Belə-belə bir də baxdım ki, artıq Rastropoviç məktəbindəyəm, Akademiyadayam, müsabiqələrdəyəm... Akademiyanın imtahanlarında imtahana girmədən belə qiymət alırdım, çünki beynəlxalq müsabiqələrə gedirdim, çıxışlarım çox idi. Daha sonra Musiqili Teatrda, balet truppasıyla pianoçu kimi çalışdım. Məni ora professor Oqtay Abbasquliyev aparmışdı. Üç il sonra yenə balet truppasında bu dəfə Opera və Balet teatrında işlədim. İş az, maaş da yaxşı idi. Amma mən həmişə konsertmeyster kimi çalışmaq istəmişəm. İstəyirəm hansısa bir aləti müşayiət edim. Tar, kamança, skripka, ya da kvartet, kvintet... Bir sözlə, kamera ansamblı istəyirdim. İndi Milli Konservatoriyada xalq çalğı alətləri kafedrasında baş müəllim Elşən Əmrahovun sinfində konsertmeysterəm.

- Yəqin piano ifaçısının istəyi konsert pianoçusu olmaqdır...

- Bəli, solo olaraq çıxış etmək. Yəni, əsas diqqətdə olmaq.

- Amma klassik tərzdə ifa ilə ən mükəmməl ifa sizin olsa belə bu qədər geniş tamaşaçı kütləsinə çıxa bilməyəcəkdiz...

- Mən elə bunun yolunu tapdım. Elə əsərlər seçirəm ki, həm musiqiçilər qiymətləndirsin, həm də musiqi anlayışı olmayan adamlar da bundan zövq ala bilsinlər. Başa düşdüm ki, ifanı dinlətmək üçün seçim və təqdimat çox önəmlidir. Mürəkkəb əsər də seçə bilərsən, amma eləsini ki, sadə insanlar onu dinləyə bilsin. Mən elə əsər seçmişdim ki, hamıya tanışdır. Hamı bu mahnını bilir. Adətən, adamlar tanış olana daha çox diqqət edirlər. Bir də, təqdimat, yəni, artistizm rol oynadı. O əsər elə mürəkkəbdi ki, orada gülmək heç kimin yadına düşməz. Və onu o qədər mənimsəmək lazımdır, barmaqlar elə mükəmməl işləməlidir ki, artistizmə yerin olsun. O mükəmməllik olmasa, ha gül, alınmayacaq...

- “Çardaş” ifa etdiyiniz parçada əhvalınız yüksək idi? Yoxsa hamısı məşqin nəticəsidir?

- Əslində, o gün xəstə idim, qızdırmam 38-i keçmişdi. Anam “heç hara çıxma, heç çalma bu gün, dincəl” dedi. Amma, gördüm, özümü yaxşı hiss etmirəm. Mən bir gün musiqi ifa etməyəndə özümü namaz borcu qalmış adam kimi narahat hiss edirəm. O gün də o narahatlıqla piano arxasına əyləşdim. O xoş əhval da içimdən gəldi. Sadəcə onadək ifa texnikamı mükəmməlləşdirmiş, məşqlər etmişdim. Video parçanın belə sürətlə yayılacağını düşünmürdüm. Hətta əvvəldəki o “şax-şax”larla işə qeyri ciddilik gətirdiyimi düşünürdüm. Elə belə, insanlara əhval olsun deyə, gecə saatlarında paylaşdım. Səhər baxdım ki, mindən artıq baxış var. 57 saniyəlik video idi.

- İndiyədək təxminən nə qədər baxış olub?

- Öz səhifəmdə 100 minə yaxın baxış sayı var.

- Şərhlər də çox idi, heç yaddaqalanını xatırlayırsız?

- Hamısını oxuyuram, biri yazmışdı ki, ilin günün bu vaxtı, belə pozitiv qız, özü də Azərbaycanda... Bilirsiz, izləyicilərin, xüsusən, Azərbaycandan belə birinin olmasına görə qürurlanmaqları çox xoşuma gəldi.

- Arzu xanım, indən belə bu auditoriyaya işləmək kimi məqsədiniz yaranıbmı? Hansısa proqramınız varmı?

- Bir şeylər düşünürəm, hətta bunları peşəkarca işləməyi düşünürəm. Təbii ki, prefesional işlər üçün maliyyə lazımdır. Gücüm çatan qədər maliyə sərf edib peşəkar çəkilişlər edəcəyəm. Bəzi çəkilişlərin qayalıqlarda olmasını düşünmüşəm. “Karib dənizinin quldurları” mövzusunda, kostyumlarla filan. Hamısını deməyim indi.

- Sevdiyiniz bəstəkar və ifaçı kimdir?

- Ən sevdiyim bəstəkar Listdir. Onun rapsodiyalarını demək olar ki, bilirəm. İri həcmli rapsodiyalardı, amma axıcıdır. İfaçılardan Mark Eliyahu. Bir də gürcü Katya Bunuyaşvili. Texnikası da, lirikanı hiss etməyi də...

- Heç tamaşaçılara sevdiyiniz klassik bəstəkarları dinlətmək, sevdirmək kimi fikriniz varmı?

- Elə bir məqsədim də odur. Məni qəbul edəndən sonra bir də baxacaqlar ki, Listə qulaq asırlar... (gülür) İstəyərəm ki, onlar da Listdən, Bethovendən, Şopendən zövq alsınlar. Əminəm ki, elə zaman gələcək.

- Arzu, teatrda klassik əsərdə oynamaq aktyora, rejissora imtahan kimidir, aktyorlar üçün Hamlet ola bilər bu imtahan. Bəs bir pianoçu üçün çətin sayılan, imtahan kimi bir əsər varmı? Yəni, nə ya da kimdən ifa etməklə ifaçı öz gücünü göstərə bilər?

- Yenə də klassika. Ən böyük orkestr simfonik orkestrdir. Orada çalmaqla. Mən simfonik orkestrlə ifa etmişəm. Solo konsertlərim olub. Sadəcə, bunu həmişə saxlamaq lazımdır. Bir də müsabiqələr var. Türkiyədə, Rostovda, Fransada müsabiqələrdə olmuşam. Mən müsabiqələrdə bizim, yəni azərbaycanlı ifaçıların geri qalmadığımızı gördüm. Burada özümüz haqda bədgümanıq, amma ölkədən kənara çıxanda özünə qiymət verə bilirsən. Ümumiyyətlə, müşahidə etdiyim qədər, pianoda rus və yapon ifaçılar öndədirlər. Yaponlar ümumiyyətlə, dayanmadan məşq edirlər.

- Arzu, musiqiçilik fəaliyyətinizdə hədəfiniz nədir?

- İstədiyim odur ki, xarici ölkələrdə solo konsertim olsun. Əlbətə, fəxri ad qazanmaq da istəyərəm.

- Bayaq dediniz ki, vokal dərsləri alırsız?

- Bəli, amma bu müğənni kimi səhnəyə çıxmaq üçün deyil,bözüm bəzən mahnılar bəstələyirəm, onu düzgün oxumaq istəyirəm. 3 mahnıdır, birini mərhum atama həsr etmişəm. Qalan ikisi də sevgiyə aiddir. İndilikdə studiyaya ehtiyacım var. Vokal dərsləri aldığım Pərvanə Mustafayevanın studiyasından, aranjimançı Türkiyəli Hakan Açıkalının peşəkar məsləhətindən istifadə edirəm.

- Həyatınızda ifanız üçün ruhlandığınız şəxs və ya hadisə olubmu, varmı?

- Konkret insan və ya hadisə yox. Xarici ifaçıların ifasına baxıram, onlardan öyrənirəm. Bizdə əlbəttə, ifaçılar çox əladır. Sadəcə təqdimat, obraz zəifdir. Biz sadəcə kompleksləri aşmalıyıq. Bir notda bir mimika musiqini daha yaxşı çatdıra bilir. Amma bunun üçün özün o notu dərindən hiss etməlisən.

- Arzu xanım, necə düşünürsüz, simfonik konsertlərdə ənənəvi klassik format dəyişməlidirmi? Çünki, bu format tanışlığı olmayanlarda simfonik, akademik musiqiyə itələyici yanaşma yaradır...

- Biz karantindən öncəki solo konsertimizdə işıqlarla işləmişdik. Əslində, klassik musiqi ifa edəndə tamaşaçının diqqətinin yayındıran hər şeydən qaçırıq, hətta geyimdə, işıqda belə standart rənglər istifadə olunur. Amma o konsertdə ab-havanı həm də işıqla ötürmək qərarına gəldik. Bu Milli Konservatoriyanın konserti idi və proqramı elə seçmişdik ki, düşündüklərimizi həyata keçirə bildik.

- Arzu xanım, konsertdə ən qorxduğunuz nədir?

- Çaşmaq. Aylarla hazırlaşdığın bir əsərin son məşqini edib konsertə girirsən. Amma bilə bilməzsən ki, bunu yaxşı çalacaqsan ya yox. Bu, riyaziyyat deyil ki, məsələni bilirsən, necə olsa, cavabı tapacaqsan. Burada insanlar əyləşir, hamısı enerjini alır, həyəcanlanmaq və çaşmaq riski çoxdur. Olur ki, not unudulur. Məndə də olub. Hətta ilk notu unutmuşam. Müşaiyətçiyə baxıram və o, anlayıb ki, ilk notu unutmuşam. İlk notu bilməsən necə başlayacaqsan? Amma sonra xatırlamışam və hər şey yaxşı qurtarıb. Olub ki, səhv olub, amma elə idarə etmişəm, o səhvi də yalnız orkestrin dirijoru bilib, bir də mən. Amma duet olanda çaşmaq yolverilməzdir. Həmkarını da çaşdıra bilərsən.

- Konsert həyəcanına qarşı hansısa fərdi üsulunuz varmı?

- Müəllimim konsertdən əvvəl tünd şokolad yeməyimi məsləhət görürdü. Bu, həqiqətən, kömək edir. Ən azı konsert öncəsi. Bəlkə də psixolojidir. Amma özümün də sınanmış bir metodum var; zala, musiqiçilərə gülümsəyirəm və təbəssümlə cavab alandan sonra həyəcan keçir. Hətta bir dəfə kətilin lap ucunda oturmuşdum, ifa edərkən yıxıldım, amma qalxıb güldüm və davam etdim. Tamaşaçılar alqışlayıb, dəstək oldular.

- Bəzən səhnəarxası çəkişmələr konsertlərə, tamaşalara belə ayaq aça bilir. Aktyorlar replikanı düz verməməklə badalaq vura bilir. Və ya qısqanclıq... Musiqiçilər arasında olurmu belə hallar?

- Mən rastlamamışam. Yəqin, musiqiçilərdə də çaşdırmaq ola bilər, onu da elə piano ifaçıları edə bilər, çünki ritmi biz veririk, arxamızca aparırıq. Amma belə etmək yanlışdır. Yəni, mən etməmişəm, etmərəm də. Qısqanclıqsa... Olub ki, bir həmkarımın gözlədiyi ifa təklifi mənə gəlib. O da, “O əsəri bircə mən yaxşı ifa edə bilərəm, amma Arzuya verdilər. Arzu onsuz da çaşacaq, geyinib konsertdə oturacam və onun rüsvay olmağına baxacam” deyib konsertə gəlmişdi. Konsert ümumiyyətlə, insanın enerjisini alır, bir də bu niyyətlə sənə diqqət kəsilən insan varsa, lap çox. Amma mən, çaşıb eləmədim, əla da konsert alındı, o adam da bir kəlmə demədən zaldan çıxdı.

- Arzu xanım, ümumiyyətlə, tamaşaçılarda və ya həmkarlarınızda sizi qıcıq edən hansı neqativlər halları müşahidə etmisiz?

- Tamaşaçıların dinləyib bitirmədən tənqid söyləməsi. Ümumiyyətlə, dəstək olmağa yox, tənqidə meyllilik... Bir də bəzən ara mahnıları ifa etməyimi istəyirlər. Musiqiçilərdə də tənqid deməyə meyllilik var, sanki bir birinə tərifi qıymırlar, amma balaca minus görən kimi sevincək deyirlər. Özüm elə deyiləm deyə, bu hal həmişə məni məyus edir.

- Musiqinin sizi çətin anlarda çıxardığı çox olubmu? Nələri xatırlayırsız?

- Həmişə deyirəm ki, necə olsa, musiqiyə xəyanət etmərəm. Əhvalım əla olanda da, pis olanda da musiqiyləyəm. Kimdənsə inciyəndə, ya kimləsə konflikt olanda adamlarla yox, musiqi ilə aydınlaşdırıram. Hətta, sonradan eyni musiqini ifa edəndə xatırlayıram ki, tutaq ki, bu yerini çalanda bu fikirlər ağlımdan keçmişdi və ya bu duyğuları keçirmişdim...

- Arzu, valideyn kimi müşahidə edirəm ki, qızların xüsusən piano ifaçılığına valideynlər ikinci bir iş kimi, əlində ikinci sənət kimi baxırlar, bəd ayaqda musiqi müəllimi olar deyə bir düşüncəylə yanaşanlar da var. Və ya ailə quracaq qıza əlavə bir plyus kimi. Zira, bizim toplumda da ailə qurmaq çox önəmlidir, hər valideyn xarici konsertlərdə çalsın deyə qızını pianoya yazdırmır, ona dəstək olub həvəsləndirmir...

- Məni anam həvəsləndirib. Qiymətləndirən olanda insanda həvəs yaranır, bir də öz uğurum. Amma valideynlərin dəyişməyini gözləmək mənasızdır. Özünü sübut etməlisən ki, sənə ciddi yanaşsınlar.

- Ailə qurmaqla səhnədən uzaqlaşmaq kimi təkidlər etsələr...

- Mən elə bir insanla ailə quraram ki o, mənim qol-qanadımı qırmasın, əksinə kömək olsun. İndi belə yanaşma var ki, ailə quracağım qız sosial şəbəkələrdə olmasın və s. Bu, ya qısqanclıqdır, ya da qorxu var ki, birdən bu insan məndən gedər, amma məncə münasibətlərin təməlində güvən olmalıdır. İnsanlar bir birinə kömək olmaq üçün birləşməlidir. Mən elə birini arzulayıram. (gülür) Yoxsa, mən evdə qaldım...

# 4336 dəfə oxunub

Müəllifin son yazıları

# # #