“Vicdan haqqı”nın rejissoru: “Dilarə qayıdacaq, amma...” - MÜSAHİBƏ

“Vicdan haqqı”nın rejissoru: “Dilarə qayıdacaq, amma...” - <span style="color:red;">MÜSAHİBƏ
31 avqust 2017
# 10:00

Kulis.az milli teleməkanın ən reytinqli “Vicdan haqqı” serialının rejissoru Rövşən İsax ilə müsahibəni təqdim edir.

- Rövşən müəllim, serialın yeni mövsümünün çəkilişlərə nə vaxt başlayırsız?

- İndi ssenari üzərində iş gedir. Çəkilişlər oktyabrda başlayacaq. Bilirsiniz, mən inanmazdım ki, 21-ci əsrdə tamaşaçılar aktyorun oynadığı obrazla onun şəxsiyyətini qarışıq salsınlar. Bu yay Hacıkənddə çəkilişimiz var idi, orada məlum oldu ki, aktyorlarımızın çoxu Göy-gölü görməyib. Qərar verdik ki, ora qalxaq. Orada hərbi post var, oranı keçirdik, 35-40 yaşlarında hərbçi oğlan deyir ki, müəllim, siz Rövşən İsaxsız? Deyirəm bəli! Deyir, bir şey soruşmaq istəyirəm, siz yaxşı tanıyırsız, bu İmran necə adamdır? Başa düşdüm ki, İmran rolunu oynayan aktyoru deyir. Dedim ki, aktyorumuz İlham Hüseynov imam övladıdır, 50 yaşı var, uşaq kimi sadəlövhdür. Adam inanmır, deyir, mən elə bilirdim bu adam iki ölünü bir dərədə qoymaz. Deyir, onda yaxşı adamdırsa, deməli yaxşı aktyor imiş.

Sən demə, bu zəmanədə adamlar düşünürmüş ki, rejissor bədniyyət adamlar tapıb onlara pis rol verir, yaxşı adamları da yaxşı obraza seçir. Serial da alınır, beləliklə.

- Rövşən müəllim, ümumiyyətlə, sosial sorğular aparılırmı, ya sosial şəbəkədə müşahidə edirsizmi reaksiyaları?

- Ayrıca bir müşahidə aparan qrupumuz yoxdur, indi buna ehtiyac da yoxdur. “Youtube”-da serial yerləşdiriləndə insanların fikrini 70-80 faiz öyrənmək olur, bilirsən ki, hansı xətt insanlara daha maraqlıdır.

- O şərhlər sizin serialın ssenarisinə təsir edirmi?

- Qətiyyən. Şərhlərə baxıb ssenari yazsaq, gərək 5-ci seriyada İmranı öldürərdik, Telmanı da gərək ya maşın, ya da tok vurardı. Camaatın istədiyi budur. Biz camaatın istəyini nəzərə alıb ssenari yazsaq, onda gərək Larisanı geri göndərək, Kamil də gəlib Dilarəyə desin ki, bağışlayın, mən səhv etmişəm, bir daha etməyəcəm. Telman da desin ki, ah, mən necə də səhv edirəmmiş, gənclərin sevgisinə mane olmaq yaxşı əməl deyil - Camaat bunu istəyir.

Bir də görürsən kimsə götürüb şərh yazır ki, bunun ssenarisini düz yazmırlar e, İmran burda belə elədi, orda elə elədi, bu düz deyil. Guya biz bilmirik ki, mənfi obraz düz eləmir, yaxşı nədir, pis nədir. Biz kəsdirmirik bunları guya.

O qədər bizə belə deyirlər ki, məsələn, o serialdakılar bizim mentalitetə yaddır, uyğun gəlmir. Deyirəm, biz bu qədər düzüksə, niyə bizdə də məhkəmələr var? Daha oğurluq, qanun pozuntusu olmasın da.

- Azərbaycan qadını üçün tipik olan Rusiyada evlənmiş ər problemi “Vicdan haqqı” serialının əsas xəttidir. Ümumiyyətlə, bu ideya sizə hardan gəldi?

- “Vicdan haqqı” mənim üçüncü serialımdır. “Pərvanələrin rəqsi”, “Sonuncu fəsil”, “Vicdan haqqı”. Hər üç serialın əsas xəttini - mövzusunu Azərbaycanda baş verən hadisələrdən götürmüşəm. Tamaşaçı reallığa söykənməyən nəyəsə baxmaz. Bəlkə bir vaxt baxıb- Braziliya seriallarında kimsə gedir üzünü-gözünü əməliyyat edir, gələndə kimsə tanımır – belə şeylərə bəlkə də baxıblar haçansa. İndi tamaşaçı belə şeylərə inanmır. Gərək onu inandırasan. Baxanda desin ki, bu qonşu Məmmədəlinin oğlu kimidi. “Vicdan haqqı”na gələndə ideyanı mənə həyat yoldaşım təklif etdi. Mən bu problemin olduğunu bilirdim, amma bu dərəcədə olduğunu bilmirdim. Serial efirə gedəndən sonra, nə qədər qadınlar mənə yazdı ki, sanki mənim həyatımdır. Təbii ki, ora uydurduğumuz məqamlar da var. Dramatizmi artırmaq üçün.

- Sizin serialda azərbaycanlı tamaşaçı yaşadıqlarını, ona bəlli olanları görür, amma bəlli olmayan tərəflər yenə də ona qaranlıq qalır. Məsələn, əsas qəhrəman Kamilin Rusiyadakı həyatı, orada rus qadını ilə (serialda Larisa) necə ailə qurması, necə sevgi yaşaması. Qəsdənmi o həyatı göstərmək istəmirsiz, yoxsa gələcəkdə flashbacklərlə göstərmək fikriniz var?

- O, həyatı böyük məmnuniyyətlə göstərərdik, sadəcə buna maddi imkanımız çatmayıb. Serialdakı gənclər Fuadla Nərgiz Rusiyaya gedəndə onların Rusiyadakı həyatından epizodlar göstərmək istəyirdik, həm də Nərgiz obrazı atasının onları məhz hansı ünvana göndərdiyini bilmirdi, yəni dramatik məqamlar var idi, bunu işləmək istəyərdik. Amma dediyim kimi maliyyə tələb edirdi.

- İnteryer çəkilişləri edə bilərdiniz…

- Braziliya seriallarına oxşayacaqdı. Mən Bakının hansısa divarında guya bura Rusiyadır kimi çəkmək istəmirəm, bu, inandırıcı deyil. Biz guya onların Rusiyada kəndə qaçmasını göstərdik və gedib İsmayıllının İvanovka kəndində iki-üç epizod çəkdik. Amma varlı Larisanın ailəsini inandırıcı göstərməliyik.

Bizə Rusiyada yaşayan bir azərbaycanlı şərait təklif etmişdi - Rusiyada məkan, bahalı interyerlər, nəqliyyat, yemək xərclərini öz üzərinə götürürdü, amma biz ora aktyorları və avadanlığı aparmaq üçün yolpulu tapmadıq.

- Ümumiyyətlə, büdcə necə tənzimlənir serialda? Daha telekanallara ayrıca pul ayrılmır serial üçün?

- Prezidentin sərəncamı ilə teleseriallarin inkişafı üçün iki dəfə pul ayrıldı telekanallara, o pulla da iki il seriallar çəkildi, sonra dayandı.

- İndi telekanaldan ayrılır pul, elə deyil?

- Telekanala satmaqdan ötrü onu özüm çəkməliyəm, öz maliyyəmlə. Axı özüm çəkib satmıram. Bu televiziya kanalının layihəsidir, mən də orada rejissor və ssenari müəllifi kimi çalışıram. Bəlli də bir büdcə ayrılıb. Sponsorlar da cəlb olunub.

Vəziyyət bilirsiz, necədir? Tutalım, tamaşaçı oturub TV-nin qarşısında. Onun üçün nə fərqi var bu kanala baxsın ya o kanala. Əlində pult var və Türk kanalının serialına da baxa bilər. Və təsəvvür edin ki, onların serialının iki seriyasına ayrılan pul bizim serialın illik büdcəsindən çoxdur. Türk həmkarlarıma deyəndə ki, kamera arxasında 14 nəfərlik heyətlə çəkirik bu serialı, onlar mənə inanmadılar. Sən demə onlarda çəkiliş qrupu 60 nəfərdən artıqdır. Bizdəsə bir adam 5-6 işi görür. Fəhləmiz belə yoxdu, kamera ştativ daşımaqdan tutmuş bir çox işləri biz özümüz görürük.

- Təsnifatlandırsaq, serial industriyasında ən böyük problem nədir sizcə?

- Ssenari! İri hərflərlə yazın ki, Ssenari problemdir. Çoxlu da nida qoyun. Azərbaycanda SERİAL SSENARİSİ yazan yoxdur, ona görə də özümüz yazırıq. Mənə qalaq-alaq ssenari göndərirlər, baxıram ki, nağıldır. Bəlkə 12 yaşında olan uşağı onunla aldatmaq olar. O qədər uydurmadı, qeyri-realdır. Hələ o ki qaldı tapılmış bir ideyanı dialoqlarla, işləmək. Heç o da yoxdur yəni.

- Ssenarini Vüqar Əmirovla özünüz işləyirsiz?

- Birinci mövsümü Vüqarla ikimiz işlədik, ikinci mövsüm əlavə üç adam qatıldı, sonra bir xanım gəldi, indi bir başqa adam da var. Amma Vüqarla mən həmişə qalırıq.

- Ssenari yazarlarının seriala cəlb olunması işi necə aparılır?

- Bunu elanla etmək mümkün deyil. Hamıya elə gəlir, yaxşı yazır. “Vicdan haqqı”na baxmısız da. Çox tərbiyəli, məsuliyyətli bir xanım müraciət etdi. İndiyədək də 3-4 serialda ssenari yazarları qrupunda işləyib. Onun ssenarilərilə çəkilən serialdan bir-iki epizoda baxdım. Ona dedim ki, bizim serialımız üçün bir sonluq de, amma orada nə ölüm olsun, nə itim. Elə bir sonluq ki, mənim ağlıma gəlməsin. Ssenaridə iki şey çox asandır, bir yuxu, bir də kimisə öldürmək. Bir də dedim ki, xahiş edirəm bizim serialın qəhrəmanlarının əlinə odlu silah verməyin. Xanım mənə belə bir final gətirdi: guya Kamilin Larisadan olan oğlu Raulun ürək çatışmazlığı olsun, Dilarədən olan oğlu Farizi də maşın vursun, komaya düşsün. Məlum olsun ki, komadan çıxmayacaq Fariz. Sonra bu qardaşın ürəyini o qardaşa köçürsünlər, yəni Dilarə buna razı olsun, Larisa da uşağı bağışlasın Dilarəyə getsin Rusiyaya. Axı bu inandırıcı deyil, Hindistan da yalan oldu e. İndi mən belə yazarlara verə bilərəm serialın ssenarisini?

- Ağlınızda final varmı?

- Yoxdur, yox.

- Bəs Dilarə qayıdacaqmı?

- Dilarə qayıdacaq. Amma onu başqa aktrisa oynayacaq. Bunu birinci dəfədir ki, deyirəm.

- Bəs Dilarəni oynayan aktrisa Kəmalə Müzəffər niyə getdi serialdan – bu ssenarinin tələbi deyildi yəqin ki.

-Nəsə oldu ki, getdi də. Bu haqda danışmaq istəmirəm. Səbəb heç nəyi dəyişmir, əsas nəticədi. Getdi, vəssalam.

- Rövşən müəllim, sizin serialda valideyn oğlunun nişanını ona görə qaytarır ki, qızın atasının ikinci ailəsi var. Bunu Azərbaycan ailəsi üçün tipik hesab etməyənlər var. Yəni, buna görə bir azərbaycanlı nişanı pozmaz.

- Sizə fakt deyim. Heç bu serial efirə getməmişdi, bir nəfər bizimlə tanış oldu, o zaman hələ serialın anonsları gedirdi. Mənə eyni bir əhvalat danışdı. Onda mən artıq bunu çəkmişdim. Ən adi səbəb də ola bilər. Bir nəfər tanıyırdım qız oğlandan böyük olduğu üçün nişanı pozmuşdu. Dünyada nələr olmur? O cinayət məcəlləsinə hər dəfə bir maddə salırlar. Nələr olur. Tolstoy deyir, xoşbəxt ailələr eyni cür xoşbəxtdir, bədbəxtlərsə hərəsi bir cür bədbəxtdir.

- Aktyorların serialdan çıxması hansı səbəblərdən ola bilər: büdcə?

- Ola bilməz, büdcə əvvəlcədən tənzimlənir.

- Bəs qeyri-peşəkar aktyorla çox dublla əziyyət çəkdiyiniz üçün?

- O da ola bilməz. Əgər elə şey olsa, o mənim günahımdır, əvvəldən görməmisənsə, əziyyətini axıradək çəkməliyəm. Həm də hərədə bir cür problem olur. Biri mətni yaxşı yadda saxlayır, başqa biri əziyyət çəkir və s.

- Mətnə aktyorların əlavə və düzəlişlərinə icazə verirsiz?

- Bu mövzuda çox demokratikəm, edirlər. Öz təbirinə uyğunlaşdırırlar. Mən Şekspir deyiləm, mətnim yaxşı olmaya da bilər. Adətən xanımlar düzəliş edirlər. Biz kişi leksikonu ilə işləyirik, xüsusən mübahisə səhnələrində. Ola bilər ki, parametrim pozulur, onda xanım aktrisa düzəliş edir. Kişi əsəbiləşəndə başqa şey deyir, qadın başqa. Mən aktyorlara buna şərait yaradıram, təkliflərini dinləyirəm.

- Elxan Yunisin obrazı ləhcə ilə danışır. Bunu irad tutanlar var sizə?

- Nəyə irad tutmurlar ki? Türklər seriallarda Karadeniz ləhcəsiylə danışır, hamı deyirdi necə təbii çəkirlər. Bizdə istəyirlər hamı kitab dilində danışsın. Elxan Gəncə teatrının aktyorudur, ədəbi dildə də gözəl danışır. Mən özüm dedim ona ki bəlkə öz ləhcənizdə danışasan? Şirinlik gətirmək üçün.

- Serialdakı qəhrəmanların həyatda prototipi varmı?

- Hamısı tanıdığım adamlardır. Bəlkə başlarına gələn hadisələr uyğun olmaya bilər, amma xarakterlər hamısı tanıdıqlarımdır. Məsələn, Yusif mənim kiçik dayımın obrazıdır. Ona mətn yazanda dayımı gözümün qabağına gətirirəm. İmranda bir neçə tanıdığımı birləşdirmişəm.

- İmran birmənalı şəkildə mənfi qəhrəman kimi qəbul olunur. Halbuki bu, klişe yanaşmadı. Tam mənfi qəhrəman ola bilməz.

- Diqqətlə baxsanız, onun da yaxşı tərəflərini görərsiz, İmran yaxşı atadır. Oğluna dəbdəbəli ev tikir. Yəni pislik edir, oğurluq edir, amma əldə etdiklərini də evinə aparır. Bilirsiz, yaxşılıq da, pislik də nisbi anlayışlardır. İmranın qarası çoxdur sadəcə.

- Rövşən müəllim, serialın reytinqindən istifadə edib nəyisə təbliğ etmək məqsədiniz olubmu? Məsələn, mən fikir verdim ki, nə evdə, nə qəhrəmanların əlində kitab gözə dəymir…

- Bəlkə cavabım kobud olacaq, xahiş edirəm, inciməyin, mən belə sualları şablon suallar adlandırıram. Mən bilsəm ki, mənim serialımda kimsə açıb kitab oxusa hamı qaçacaq kitab oxumağa, bunu edərəm. Amma mən bilirəm ki, bir filmin bir insanın beynində buraxacağı təsir uzağı iki gündür. Bir də bizim qəhrəmanların kitab oxumağı inandırıcı deyil. Biz obrazlara o qədər yük vermişik ki, heç kimin kitab oxumağa vaxtı yoxdur, hamı qayğı içindədir. Siz kitabdan danışırsız, televiziyada verilişlər gedir, orada bizim kinonun qızıl fondundan olan filmləri tanımır müasir gənclik. “Dədə Qorqud” filmini necə tanımamaq olar, mən bilmirəm.

- Üzr istəyirəm, sözünüzü kəsirəm, ümumiyyətlə, cəmiyyətə təsir etməkdə bir missiyanızın olduğunu düşünürsünüz? Yoxsa bunu serialdan tələb etmək gülməlidir?

- Xeyr, xeyr. Məhz elə serialdan tələb etmək, ummaq lazımdır. Biri var birbaşa reklam. Biri də var mən dolayısı ilə deyirəm. Bir “ağıllı” tamaşaçı şərh yazmışdı ki, ay camaat (gülür), ayılın bu filmdə ikiarvadlılıq təbliğ olunur. Ay yoldaş, hansı təbliğatdan söhbət gedir ki, orada biz ailənin pərən-pərən düşdüyünü göstərmişik. Bizim tamaşaçıların böyük əksəriyyəti şərh yazmır. Yazanlar kiçik bir faizdir, adam 41-ci seriyaya qədər baxır, bəyənir, 41-ci seriyada nəsə xoşuna gəlmir, girib şərh yazır ki, bu serial bərbaddır. Və yaxud yazırlar, Yusif də arvadına “Aaz” dedi. Sanki Yusif başqa planetdən zənbillə gəlib. Axı əsəbləşəndə hamı kobud danışa bilər. Və s. Hamı kitab dilində danışmalıdır sanki…

- Bu yaxınlarda sizin serialla oxşar motivlərdə olan film təqdim olundu: “Nar bağı”. Baxdınızmı?

- Baxmamışam.

- Ümumiyyətlə, tammetraj filmi layihəniz varmı?

- Psixoloji dram janrında çəkmək istədiyim film ssenarisi var. Türklərlə müştərək işləmək istəyirəm.

- Sponsorlarla nə kimi problemlər yaşayırsız, ümumiyyətlə hansı düşüncə ilə rastlaşırsız?

- Bizim serialın sponsorları Azərbaycanda barmaqla sayılacaq qədər az şirkətlərdəndir ki, o məndən sponsorluğu müqabilində səviyyəcə zəif heç nə istəmir. Hətta mənə deyirlər ki, sizə sponsor olmaqdan qürur duyuruq.

- Ssenariləri özünüz işləyirsiz. Müasir ədəbiyyatı oxuyursuzmu?

- Təcrübə göstərir ki, yalnız klassik əsərlərin serial variantı maraqlı alınır. Müasir və sevilən bir əsərin serial variantının yaxşı olacağına inanmıram. Ən azı hamı sonunu bilir. Ola bilər e, amma serial versiyasını təzədən işləməlisən. Romanlar axı o parametrlərlə yazılmır.

- Ümumiyyətlə, kimləri oxuyursunuz yerli ədəbiyyatdan?

- Elçin Hüseynbəylini, İlqar Fəhmini oxumuşam. Bir də Elxan Elatlını. Onların yazdıqları məni təəccübləndirə bilir.

# 4214 dəfə oxunub

Müəllifin son yazıları

# # #