Şimali Koreyadan film çəkən rejissor: “Orda heç kim kameradan gizlənmir”
Vitaliy Manskinin “Günəşin şüaları altında” sənədli filmi mətbuatın daim marağında olan qapalı ölkədə - Şimali Koreya Xalq Respublikasının paytaxtı Pxenyanda çəkilib və səkkiz yaşlı Zin Minin həyatından bəhs eləyir. Sərt nəzarət rejimində film çəkən rejissor gizli çəkdiyi kadrlarla ölkədən bəhs edən filmini tamamlaya bilib.
KXDR-in Mədəniyyət Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə nota göndərərək filmin nümayişinə qadağa qoyulmasını tələb eləyib.
Seance.ru jurnalı rejissorla müsahibə aparıb.
- Şimali Koreyaya düşmək üçün hansı maneələri dəf etmək lazım gəldi?
- Adamın öz keçmişi özünə həmişə azacıq qeyri-real gəlir. Amma hər necə olsa, yəni, nə qədər qeyri-real da olsa hiss edirsən ki, bu, səninlə baş verib. Məsələn, ilk dəfə arvadını gördüyün gün. Bu, lap çoxdan olub, bu yaxınlarda biz evliliyimizin 30 ilini qeyd elədik. Amma mən o günü xatırlayıram və yadımdadır ki, bu, mən idim. Amma Şimali Koreya məsələsinə gəlincə, özü də bu məsələ 30 il yox, iki il əvvəl baş verib, artıq düşünürsən – “yox, yox, bu dəqiq mən deyildim”. Obrazları hiss edirsən, amma bu artıq sən deyildin. Heç bu kino ilə də müqayisə oluna bilməz. Bax, mən bu yaxınlarda Sevastopolun Müdafiə Panoramasında oldum. Orada rəngli tablolar, papye-maşedən olan əsgərlər, sığınacaqlar, guya tonqaldır deyə, bir filtrli lampa yanır. 100 il əvvəl həmin bu Sevastopolun Müdafiəsi Panoramasını quranda kino yox idi, 3 D də yox idi, yəqin bura daxil olan insanlar mat qalırdılar, onlar hesab edirdilər ki, bu tamamən reallığa düşməkdir. Bu gün isə buna reallıqla şərti əlaqəsi olan artefakt kimi baxırsan. Bax, mənim Şimali Koreyaya iki illik səfərim barədə hissiyyatım həmin bu Sevastopol Müdafiəsi Panoramasına düşmək kimidir.
- Amma planı siz qurdunuz?
- Əlbəttə, mən qurdum. Amma Şimali Koreyada film çəkmək bu plana qeyri-real yanaşmaqdır... İnsan doğulanda əbədi və xoşbəxt yaşamaq planı qurur, Aya uçmaq və ya uşaqların şahzadə olmaq arzusu. Mən bunu 3-4 yaşın planları kimi deyirəm. Şimali Koreyaya düşmək də belə qəbildən olan plandır. Ciddi desəm, mən əlbəttə, Şimali Koreyada olmaq istəyirdim, hətta film çəkmək üçün yox, eləcə baxmaq üçün. Mənə elə gəlirdi ki, bu məni əməlli-başlı həyəcanlandıran keçmişə boylanmaq imkanıdır: mənim ailəmin, keçmişi, mənim gəldiyim dünyanın keçmişi. Bu, əziz bir arzudur. İndi mən şəxsi təcrübəmə əsasən bunu deyə bilərəm, əgər insan bir şeyi çox istəyirsə, bu, baş verə bilər. Kartlar özü açılır.
- Sizin film üçün hazır ssenariniz var idi?
- Qoyun məsələnin o biri başından başlayım. Mən Kubada film çəkmişəm. Kuba özü də, mənim keçmişi anlamaq cəhdimdə bir addım idi. Bu, bir sistemdən çıxıb başqa sistemə girərək yaşamağa davam edən dövlətə oxşayır nəyi iləsə. Kubaya da Şimali Koreyaya olduğu kimi tanışlıq səfərinə çıxdım. Mən ölkəni dolaşdım, adamlarla, vəziyyətlə tanış oldum, məsləhətləşdim, ssenarilər axtardım və oxudum. Bu səfərin nəticəsində (o, məncə, iki həftə çəkdi) sənədli film üçün iki ssenari tapdım. İki ssenari var idi və Kubada ya bunu, ya da bu birini çəkməli idim. Bütün olar-olmazları çözəndən sonra anladım ki, ssenarinin biri senzuraya görə reallaşacaq məsələ deyil. Onda mən başqa yolla getdim. Kubada kifayət qədər sərt dövlət nəzarəti sistemi var və mən Kuba hökumətinə sübut etməli idim ki, çəkmək istədiyim ssenari qəbul oluna bilər. Və bu ssenari üzrə filmi çəkə bildim. Amma mənimlə eyni zamanda Kubada film çəkməyə cəhd edən çox istedadlı və hörmətli bir kinematoqrafçı Kuba hökumətinin razılıq vermədiyi ssenari götürmüşdü, bir ildən çox Kubada yaşadı, amma filmi çəkə bilmədi.
- Kim idi o kinematoqrafçı?
- Bunun artıq əhəmiyyəti yoxdur. Onun layihəsi batdı. Amma mən bilirəm ki, o çəkə bilsə çox yaxşı film çəkərdi. Ona görə də dokumentalistin işinin tərkib hissələrindən biri sərt dövlət sistemləri ilə dil tapmaqdır.
Amma Şimali Koreyaya tanışlıq səfərindən sonra mən başa düşdüm ki, burada ümumiyyətlə, heç bir ssenari real deyil. Mən özümü tamamilə Şimali Koreya tərəfinə satıram, özümdə filmə yalnız bəzi ideyalar atmaq imkanı saxlayıram, hansıları ki, onlar özlərinki kimi qəbul edirlər. Amma son nəticədə onlar öz ssenarilərini yazdılar və mən bu ssenari üzrə tamamilə səmimi şəkildə filmi çəkdim.
- Müsahibələrinizdən birində yazırsınız ki, pərdənin arxasından çəkmisiniz. Bunu metafora kimi demisiniz, ya real situasiyadır?
- Metafora deyil, faktdır. Ssenariyə uyğun gəlməyən, amma Şimali Koreyaya altenativ yanaşma kimi filmə daxil olan bütün kadrlar (bunlarsa filmdə çoxdur, təxminən 20 faiz) bir nöqtədən çəkilib, oteldəki nömrəmdə pərdənin arasından. Çünki hələ ilk gəlişim zamanında belə bir hadisə olmuşdu: mən səhərlər saat altıda səs-küydən oyanırdım və pəncərədən baxanda görürdüm ki, bütün küçə camaatla doludur. Onlar orada hansısa növbəti nümayişi məşq edirlər. Mən fotoaparatı alıb pəncərədən bir neçə şəkil çəkirəm. Təxminən 3-5 dəqiqə sonra mənim müşayiətçilərim (orada belə qayda var ki, səninlə bir yerdə otelə sənin müşayiətçilərin də qonşu nömrəyə yerləşir və sən onlarsız mehmanxanadan çıxa bilmnəzsən) qapını döyürlər. Həm də hər ikisi-kişi və qadın. Deməli onlara zəng ediblər, onlar da geyinib bir-birilə zəngləşib gəliblər. Onlar mənə bir kitab mühazirə oxudular; mən ümumiyyətlə, öz nömrəmdə pəncərəyə necə yaxınlaşa bilmişəm və nəsə çəkməyə cürət etmişəm. Mən başa düşdüm ki, pəncərəyə yaxınlaşdığımı kimsə görür. Ona görə də, biz pəncərəni tamamən pərdələdik və pərdələrin deşikləri arasına obyektiv qoyduq. Sancaqlarla bərkitdik və saatlarla oturub çəkmək üçün məqam gözlədik.
- Filmdən belə təəssürat var ki, Şimali Koreyada daim qışdır, daim soyuqdur. Uşaqlar məktəblərdə donur, gödəkcələrə bürünürlər...
- Sadəcə biz Fevralda və apreldə çəkdik. Əvvəldən danışılan (razılaşmaya görə) 45 günlük yay ekspedisiyasına bizi buraxmadılar. Amma bu çox vacib detaldır ki, çox iri, gözəl, müasir məktəbdə istilik sistemi yoxdur. Uşaqları bilmirəm, amma mənim üçün bu əsl əziyyət idi, cəza və ələsalma idi-elə bil bütün gün soyuducunun kamerasındasan. Beton divarlar, tavanlar, döşəmələr, böyük pəncərələr vardı. Hər şeydən iliyə işləyən dəhşətli soyuq gəlirdi. Elə bil insan üzərində eksperiment aparırlar.
- Bu düzdür ki, Şimali Koreyada yaşayanlar ümumiyyətlə dərk etmirlər ki, diktaturadan kənarda da bir reallıq var?
- Şimali Koreya haqda mən tam məsuliyyətimlə nəsə deyə bilmərəm. Mən deyə bilmərəm ki, “Bu, həqiqətdir”. Amma gördüklərimi və hiss etdiklərimi qanımla imzalamağa hazıram. Mən həqiqətən gördüm ki, Şimali Koreyada bütün qatlarda şəxsiyyət başlanğıcı yoxdur. Buna misal olaraq kütləni göstərmək olar. Ən sadəsini deyim. Mən ömrü boyu sənədli film çəkmişəm. Mən dünyanın o biri başında da sənədli film çəkmişəm. İndi küçəyə çıxsam, kamera qoysam və çəkməyə başlasam yoldan keçən min adamdan üçü öz sifətini örtəcək, gizləyəcək. Bunu təcrübədə yoxlamışam. Şimali Koreyada heç kim və heç vaxt kameradan gizlənmir. Faktdır bu. Heç kim.
- Yəni adamlar düşünür ki, belə olmalıdır? Kamera daim onları çəkməlidir?
- Mən bilmirəm, onlar nə düşünür. Mən bir mənzildə də olmamışam, bir adamlarla söhbət etməmişəm. Orada ümumiyyətlə adamlarla söhbət etmək mümkün deyil. Bu dil baryeri deyil (əlbəttə o da vardı)... biz, məsələn özümüzlə səs rejissoru qismində koreya dili müəlliməsini gətirmişdik. Məsələn, koreyalı qız oturub və bizim müəllimə ondan nəsə soruşmağa çalışır, amma heç bir cavab almır. Hamısı da belə. Mən müşayiətçilərdən nəsə soruşanda “sonra”, “onu yayındırmayaq” kimi cavablarla sualdan qaçırlar.
- Filmin axırında siz rus dilində koreyalı qıza deyirsiniz ki, o şeir desin və onu sakitləşdirirsiniz ki, ağlamasın. Bu səhnəni çəkməyə necə nail oldunuz?
- İş orasındadır ki, bu kadrla ümumiyyətlə unikal bir şey baş verdi. Mən spoylerə (əvvəlcədən məğzin detallı danışılması) belə ciddi yanaşıram ki.... Bu kadr filmin qavranılması üçün çox vacibdir və onu müzakirə etmək qeyri-korrekt bir iş olardı. Sizin materialı filmə baxmamış adamlar oxuyacaq, mən isə öz filmimi spoyler edirəm. Gedin, baxın. Bundan sonra bu barədə danışarıq.