“Ölüm yox, dünyaya gəlmək faciədir”

“Ölüm yox, dünyaya gəlmək faciədir”
11 iyul 2013
# 14:56

Layihə-Dünya teatrı

Romeo Kasteluççi-onun tamaşalarını canlanan tablolar adlandırırlar...

Faciə faktın özündədir: “Mən doğulmuşam və təkəm!”

Romeo Kasteluççi soyuq, analitik tamaşaları ilə məşhur italyan intellektualı, rejissorudur. Onu postavanqard teatrın nümayəndəsi hesab edirlər. Din, katolik mədəniyyət, zorakılıq, ölüm kimi mövzuların onun üçün xüsusi cazibəsi var.

...80-ci illərin sonlarında italyan teatrı ideolojiliyini itirmişdi. Əlbəttə o yenə də hadisələrə kəskin reaksiya verirdi, amma bu əks olunma daha artıq şəxsi, emosional idi. Məsələn 1985-ci ildə, Florensiya şirkəti Sabr və Şatil lagerlərində fələstinlilərin qırılmasından bəhs edən tamaşa təqdim etmişdi: tamaşanın kulminasiyası diri atın şaqqalanması idi. Bir tərəfdən zorakılığa qarşı etiraz edilirdi, digər tərəfdən qurbanvermənin rituallığına eyham vurulur, onu estetikləşdirirdilər. Bu tamaşa diqqətsiz qalmadı: teatr qrupunun maliyyələşməsi dayandırıldı, teatr tənqidçiləri onlara soyuq müharibə elan etdi. Amma hər kəs bu qədər zorakı və naturalistik səhnəyə qol qoymurdu. Romeo Kastelluççi də səhnədə patologiyanı və zorakılığı göstərərkən əsl qandan istifadə etməmişdi.

1981-ci ildə Romeo Kastelluççi, arvadı Kyara Quidi və bacısı Klara Çezena şəhərində intibah dövrü rəssamı Rafaelin adını daşıyan müstəqil teatr laboratoriyası yaratdılar. Artıq 80-ci illərin sonlarında bu teatr cəmiyyəti vizual sənət və teatr dili sahəsindəki cəsarətli eksperimentləri ilə məşhur idi.

Teatr iflicdi

Kastelluççi 1960-cı ildə doğulub. Bolonyada təsviri sənət və səhnə tərtibatını öyrənib. Bəzən onun tamaşalarının rəsmə yaxınlığını bu səbəblə bağlayırlar. Şekspirin, Dantenin, Esxilin əsərləri Romeo üçün ilham mənbəyidir. Kasteluççinin fikirləri Artonun “Qəddar teatr” nəzəriyyəsinə çox yaxındır, o düşünür ki, teatr tamaşaçısı ilə ədəbi dildə danışmalı deyil, onun öz dili olmalıdır:

“Teatr aşağı bir sənətdir-bizi bu fikrə gəncliyimizdə əhatə olunduğumuz teatr gətirmişdi, amma bununla razılaşmaq istəmirdik. Səhnəyə onun potensialını xatırlatmalı idik, yeni dil yaradılmasına diqqətimizi yönəltmişdik. Bu dil sənətdən çox “Entertainment”ə dəxli olan gündəlik teatra qarşı çıxmalı idi”.

Kasteluççinin tamaşaları yüksək texnika istifadəsinə görə seçilirdi, o tamaşalarında ideyanı vermək üçün əl işindən çox texniki vasitələrdən yararlanır. Bu tamaşalar dramatik teatrdan çox performansa oxşayır. 1985-ci ildə hazırladığı “Santa-sofia” adlı ilk tamaşasında səhnənin ortasında bir nəqlçi, diktor, xəbər oxuyan fiquru yerləşdirilmişdi, amma bu xəbərçi tamaşa boyu bir kəlmə də danışmırdı. Onun tərpənməzliyi “teatrın iflici”, “itirilmiş mətn”, “insanın dünyada tərk olunmağı” kimi metaforalarla qəbul olundu.

Bu tamaşa həm də Kasteluççinin manifesti idi. “Tragedia Endogonida» tamaşası onun yaradıcılığında xüsusi yer tutur. Bu tamaşa 11 hissədən ibarətdir ki, hər hissə tamaşanın oynanılacağı şəhərə həsr olunub. Bu insanın faciəvi fiquru mərkəzə yerləşdirmiş bir tamaşa idi. O, tamaşalarında çox nadir hallarda peşəkar aktyorlardan istifadə edir.

Müsahibələrinin birində deyir: “Mənim üçün aktyorla iş heç bir məna kəsb etmir. Mənim teatrımın əsas strukturu ideyadır ki, o materiya, insan bədəni, enerjidən keçərək ziddiyyətlər qazanır. Onun apolitik münasibəti özü də parodoksaldır: mənim heç bir siyasi mövqeyim yoxdu, bu, mənim işim deyil, məncə bu, ümumiyyətlə sənətkarın işi deyil. Teatrın, faciənin vəzifəsi, əgər belə vəzifəsi varsa, hansısa kommunikativ əlaqələri kəsmək, əvəzində yeni bir forma təqdim etməkdir. Bu özü elə politik bir məna daşıyır”.

Onun tamaşalarına dokumentallıq yaddır, bu tamaşalar onlarla ideyalar təqdim edən tablo canlanması kimi təəssürat ötürür.

Sən mənim Tanrım deyilsən

Onun son tamaşalarında insanın köməksizliyi, çarəsizliyi vurğulanır, antoqonist insan üçün bazis olan din heç bir əhəmiyyət daşımır. O, insanı soyuq bir məkanda dibsiz xaos və kosmosla üz-üzə tək qoyur, fantosmaqorik bir hiss ötürür.

Mətnin ikinci dərəcəli olması barədə deyilənlərdə yalnız bir şeylə razılaşmır: “Mənim üçün mətn ikinci dərəcəlidir, amma bu sözün də ikinci dərəcəli olması demək deyil. Söz insan həyatının partlayıcı qüvvəsi olan atomudur. Mətnin belə mistik gücü yoxdur, o illüstrativdir”.

Bu qədər qeyri-dinamik, kütlə üçün anlaşılmayan olmasına baxmayaraq onun tamaşaları tamaşaçı üçün maraqlıdır, yenidir. Bəlkə ona görə ki, o tamaşaçını düşünmür:

“Mən tamaşaçı haqda düşünmürəm, tamaşaçı mən özüməm. Məşq mənim üçün heç vaxt yaradıcılıq aktı olmayıb. Bu daha çox hazır məhsulun praktikaya hazırlıq yoxlanışıdır. Aktyorlarla görüşəndə tamaşa artıq hazırdır- ən azı kağızda”.

“Sul concetto di volto nel Figlio di Dio”, (“Allahın oğlunun surəti üzərindən”) tamaşası isə onun mürəkkəb tamaşalarına adət etmiş tənqidçilər üçün “çox sadə” oldu: Xəstə ata və oğul... Oğul gedərkən yataqdakı atasına “dərmanlarını içməyi unutma deyir”. Amma getməyə macal tapmır-atanın onun yardımına ehtiyacı olur. Özünü idarə edə bilməyən atanın tualetinə kömək edən oğul, onun “bağışla” yalvarışlarına onu sakitləşdirməklə cavab verir. Atanın köməyə ehtiyacı var. Oğul eyni işi onun üçün dəfələrlə edir. Amma sonda əllərini qaldırır: “Mən daha dözə bilmirəm”. Bu uzun səhnələri İsanın surəti izləyir: hadisələr onun böyüdülmüş surətinin qarşısında baş verir. İşıq sönərkən İsanın üzündən yaşlar axmağa başlayır. Sanki o ağlayır. Və sima tamamilə qaralır. İkonanı sildikcə orada bir söz oxunur: “Sən mənim pastorum”. Daha çox sildikcə bir kəlmə də oxunur: “Deyilsən”, “Sən mənim pastorum deyilsən”. Bu ölümlə bitən aşağılıq bir insan həyatına münasibətdirmi? Bu həyatı ona o bağışlayıb. Onun tanrıya cavabı budur- “Sən məin tanrım deyilsən!”

“Qızıl şir”

Bu tamaşa onun vizual metaforalar olan, daha çox statik tamaşalarından həqiqətən də fərqlənirdi. İki il əvvəl Çexov festivalında oynanılan bu tamaşa birmənalı qarşılanmadı. Ümumiyyətlə buna vərdiş olunub. Daha əvvəl də onun tamaşalarından biri Moskvada ixtisarla göstərilmişdi.

Onun fikrincə antik faciə teatrın yolgöstərən ulduzudur: “Kim bu ulduzu görmədən keçirsə onun teatrı səhvdir”.

Faciə onun üçün konkret situasiya deyil. Kasteluççi jurnalistin “Ölüm faciədir, yoxsa zorakılıq?” sualına belə cavab verir:

- Məncə ölüm yox, dünyaya gəlmək faciədir. Faciə faktın özündədir. Mən doğulmuşam və təkəm! Və mənim insan kimi öz situasiyamı izah etməyə sözüm yoxdur. Alman yazıçısı və filosofu Frans Rozensvayq yazır ki, faciə susmaq sənətidir. O haqlıdır. Tənhalıq bizlərdən hər kəsin xüsusiyyətidir. Faciə hansısa uzaq mif, antik yunan qəhrəmanlarının həyatı deyil, o hər birimizə məxsusdu...”

Mətbuatın yazdığına görə 2013-cü il Venetsiya teatr biennalesinin “Qızıl şir”i avqustun əvvəlində məhz ona təqdim olunacaq. Əlbəttə, yeni teatr dili yaratdığına görə... Bu, onun ilk böyük mükafatı deyil.

# 2917 dəfə oxunub

Müəllifin son yazıları

# # #