Gənc yazıçı Tural Atəşin kitabı çap olunub.
Kulis.az-ın verdiyi xəbərə görə, Bakıda “Pergament” nəşriyyatında işıq üzü görən kitab “Eva virusu” adlanır.
Elmi-fantastika janrında olan “Eva virusu” romanında çağdaş dünyamızın problemləri əks olunub. Texnologiya-insan qarşıdurması bir mübarizəyə dönür, əsər də məhz bu mübarizədən doğan fəsadla - maraqla başlayır.
Texnologiyanın son nailiyyətlərinə sahib təşkilatların insanlar üzərində daha böyük təsirə malik olmaq üçün heç nədən çəkinmədikləri, qorxunc eksperimentlər aparması oxucunu dəhşətə salır. İnsanlığı basqıda saxlamağa, əzməyə yönəlmiş bu əməllərə qarşı mübarizə əsərin əsas obrazları Panın Lilitlə ittifaqa girməsindən sonra daha effektiv xarakter almağa başlayır. Dünyanı idarə edən güclərə qarşı bu iki insanın ideoloji ittifaqı dərin bir sevgiyə dönərək daha da möhkəmlənir. Həyatlarını riskə atan iki "günahkar" adamları bu çirkin oyundan xilas etmək üçün təhlükəli, çox cəsur gedişlər edir...
Qeyd edək ki, bundan əvvəl yazarın “O mənim planetim” (2007), “Ölümlə rəqs” (2010) adlı şeir kitabları, 2017-ci ildə isə “Əlcəzairdə həbs” (povest və hekayə) kitabı işıq üzü görüb.