Bu əsərə görə Xruşşovu söyürdülər

Bu əsərə görə Xruşşovu söyürdülər
22 noyabr 2017
# 17:30

Dissident rus yazıçısı, Nobel mükafatı laureatı Aleksandr Soljenitsinin düşərgə həyatının gerçəklərindən bəhs edən “İvan Deniseviçin bir günü” povestinin nəşrindən 55 il keçir. Sovet senzurasının möhkəm çərçivələri üçün bu nəşr böyük bir başlanğıc idi.

Kulis.az yazıçının həyat yoldaşı Nataliya Dmitriyevna Soljenitsinanın rus mətbuatına verdiyi müsahibəni təqdim edir.

- “İvan Denisoviçin bir günü” düşərgə mövzusunda yazılmış əsərlər içərisində ilk çap olunan hekayədir. Nə kimi effekt yaratdı?

- Bir çox müasirlərin şahidliyinə görə, bomba effekti yaratdı. Bu mövzuda daha bir neçə hekayə çap olunmuşdu, lakin bunun bədii gücü o qədər böyük oldu ki, “Yeni həyat” jurnalı böyük tiraj qazandı.

Akademik Sergey Averintsev bunu belə xatırlayırdı: “Heç vaxt o adamı unutmayacağam: “Soyuzpeçat” köşkünün qarşısında jurnalın adını tapıb deyə bilmədi və belə soruşdu: “O da.. o... gerçəyin yazıldığı jurnal”. Satıcı da anlayırdı ki, o hansı jurnalı deyir. Bu artıq söz azadlığının yox, Rusiyanın tarixi idi”.

Bundan sonra düşərgə mövzusunda əsərlər çap olunmağa başladı. Amma iki il sonra əks hücum yarandı. Xruşşovun arvadı ərini bu hekayənin çapına icazə verdiyinə görə necə söyüldüyün xatırlayırdı. Ona müxtəlif ittihamlar irəli sürə bilərdilər, amma Xruşşovun ən böyük xidməti o idi ki, o, siyasi sürgün yaşayanları, QULAQ-ı azad etmişdi. Sağ qalanlar düşərgədən çıxdılar - onların həyatı şikəst olmuşdu, amma onlar baş verənlər haqda danışa bilirdilər. Adamlar olanlardan nəşrsiz də xəbər tuturdular. Yəni dəyişikliklər artıq qarşısıalınmaz idi.

- Çapa hazırlıq gedərkən mətndə nə isə dəyişildimi?

- Redaktə tələbini Soljenitsin o saat və tamamən rədd etdi. Dedi ki, hekayənin çapını çox gözləyib və yenə gözləyə bilər. Lakin Xruşşovun məsləhətçisi Lebedovun kiçik tələbləri nəzərə alındı. Lebedov çap qərarına əhəmiyyətli təsir göstərmişdi.

Lebedov tələb etdi ki, hekayədə heç olmasa, bir müsbət qəhrəman olsun, heç olmasa ikinci dərəcəli kapitanın “müsbət” tərəflərini artırsın. Tələb edirdi ki, nəzarətçi və müdiriyyətin ünvanına dustaqların səsləndirdikləri “g*tlər”, “cındırlar” kimi söyüşlərdən daha az istifadə olunsun. Soljenitsin güzəştə getdi, bilirdi ki, bu işin xeyrinədir. Lakin dustaqlar üçün “azadlıq ümidi” uydurmağa Aleksandr razılaşmadı, çünki orada belə şey yox idi.

Ən gülməli bilirsiniz nə idi? Soljenitsin Stalinə nifrət edirdi, amma onu yeganə günahkar hesab etmirdi: o bütün bədbəxtliklərin səbəbini rejimin prinsiplərində görürdü. İlkin mətnin heç bir yerində Stalini xatırladan bir şey yox idi. Amma Lebedov Stalinin adını çəkməyi tələb edirdi. Axı Xruşşov Stalin əleyhinə müharibə aparırdı. Soljenitsin güzəştə getdi və bir yerdə “Bığlı ata”nı xatırlatdı. Amma ümumilikdə demək olar ki, bu nəşr sovet senzurasının möcüzəsi idi - onlar demək olar ki, mətnə toxunmamışdılar.

- Hekayəni Xruşşovun sayəsində çap etdilər, amma burada o zaman “Yeni həyat”ın baş redaktoru olan şair Tvardovskinin böyük rolu olmuşdu.

- Bəs nə! Onun avtoriteti, təkidi və əminliyi böyük rol oynadı. O, səmimiyyət və inam hissi yüksək olan adam idi. Baxmayaraq ki, bütün ailəsi sürgünə göndərilmişdi, ətrafında bu qədər hadisə baş verirdi. Bir zamanlar bütün qəlbi ilə Stalinə inanırdı. Yəqin buna görə də onun poeziyası saxta deyil. Sonralar o inanmaq istədi ki, ədalətə qayıdış başlayıb, beləcə o Xruşşova inanmağa başladı. Mənə elə gəlir ki, onun Xruşşovla söhbətləri ona görə uğurlu alındı ki, onlar səmimi idilər, o, necəsə Xruşşovu inandıra bildi. Lakin bu 10 ay çəkdi: ümid və məyusluq, inandırma və böhran, partiyadaxili intriqalarla dolu on ay.

Hekayənin adını da o zaman Tvardovskiy vermişdi. Aleksandr İsayeviç İvan Denisoviçin həbs nömrəsini - “Ş-854”-ü ad eləmək fikrində idi. Tvardovski deyirdi ki bu, heç cür getməz. Öz variantını elə-belə, misal üçün dedi, amma Soljenitsin o saat qəbul edib dedi ki, bu variant daha yaxşıdır.

Soljenitsin və Tvardovski bir-birlərini möhkəm sevirdilər. Bununla belə onların həyat təcrübələri çox müxtəlif idi. Tvardovski bir çox sovet adamları kimi, hətta öz gözü ilə gördüyü bəzi məqamlara göz yummaq və işıqlı gələcəyə inanmaq istəyirdi. Əgər düşərgə təcrübəsi olmasaydı yəqin Aleksandr da belə düşünərdi. Özü belə deyirdi: “Onsuz da yazıçı olacaqdım. Amma necə yazıçı? Sənə minnətdaram, həbs həyatı!”.

Soljenıtsinin düşərgə təcrübəsi var idi, lakin başqa taktiki addımlarda da onların yolları ayrı idi. Tvardovski deyirdi: “Sən qarışma, otur, jurnal özü hekayəyə görə mübarizə aparacaq.”

“İvan Denisoviç”dən başqa 1963-cü ildə “Yeni həyat”da Soljenitsinin daha iki hekayəsini çap etdilər. 1966-cı ilədək daha iki hekayə çap olundu, sonra çap məsələsi dayandı. Onda Soljenitsin əlyazmalarını “Samizdat”a verdi. Tvardovskiy qəzəbdən çatlayırdı.

- Aleksandr İsayeviçin özünün bu hekayəyə münasibəti necədir?

- Soljenitsin bu hekayəni sevirdi. Bu haqda yazmışdı da: “Makinada yazılmış mətn üzərində işləyəndə bu mif idi, bu qədər hiss olunmurdu. Yığılmağa veriləndən sonra, qarşımda jurnal səhifələri dayananda birdən düşərgə həyatımızın amansızlığından milyonların xəbər tutacağını təsəvvür elədim və otel nömrəsinin vərdiş etmədiyim dəbdəbəsi içində ilk dəfə öz hekayəmin üstündə ağladım.”

- Bəs siz özünüz necə bu hekayəni oxumuşdunuz?

- Jurnalda çıxanda oxumuşum. Bizim ailə “Yeni həyat”a abunə idi. O zaman universitetin 4-cü kursunda idim, oğlum yeni doğulmuşdu. (Soljenitsinlə nikah bizim ikimizin də ikinci evliliyimiz idi). Hamı yatandan sonra bizim beş metrlik kiçik mətbəximizdə oturub oxudum. Mən bilirdim ki, düşərgələr var, mənim babam da orada ölmüşdü. Amma nə mən, nə də çoxları bilmirdi ki, orada günlər necə keçir, məhbusların məişəti nə vəziyyətdədir, dustaqlara qarşı münasibət necədir. Bunlar mənim üçün “paralel dünya”nın kəşfi kimi oldu. Amma elə o saat da anladım ki, Soljenitsin ədəbi istedad baxımdan böyük yazıçıdır. Mən onunla hekayəni oxuyandan 6 ay sonra tanış oldum.

- Bu hekayə dərsliklərə salınıb. Necə düşünürsünüz, bunu uşaqlara oxutmaq lazımdır? Nəyə diqqət etmək lazımdır?

- Uşaqların özünün bu hekayəni oxumaqda maraqlı olmasına çalışmaq lazımdır. “Nəyə vurğu qoyulmalıdır”a gəlincə, məncə, iki məsələ vacibdir. Birinci, sırf tarixi məsələdir. Hər kəs tarixi bilməlidir. Xüsusən indiki, dayanmadan dəyişən dünyada. Tarixi bilməlisən ki, bunlar daha təkrarlanmasın. Unutmaq bizim üçün də, gələcək nəsillər üçün də təhlükəlidir.

İkinci vacib məsələ uşaqların müxtəlif situasiyalarda qəhrəmanların özlərini necə aparmasını görməsidir. Dərsliklərdə deyirlər ki, Soljenitsin düşərgə mövzusunu açan ilk yazıçıdır. Mövzu filan açmayıb axı Soljenitsin, sadəcə, onun belə bir şəxsi təcrübəsi olub və bu təcrübə əsasında da o yazıb. Əslində axı o, bütün əsərlərində insanın ekstremal vəziyyətdəki davranışlarını yazır. O, müharibə, dost xəyanəti, inqilab, düşərgə situasiyasına düşmüş insan haqqında danışır.

Heç kim xəstəlikdən, hədsiz yoxsulluqdan, həbsdən, müharibə və inqilabdan sığortalanmayıb. Bu situasiyalarda ləyaqətini, abrını, ruhunun ucalığını necə qorumaq və bunu qoruya bilməyənlərin axırının necə olması – onun kitablarının əsas mövzusu və əsas dərsi budur.

# 952 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #