Sənətkarların yaşını şeirlə necə hesablamaq olar? – Yeni üsul

Sənətkarların yaşını şeirlə necə hesablamaq olar? – Yeni üsul
10 iyun 2021
# 15:01

Kulis.az şair-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın“Kəsişən əbcədlər” üsulu, yaxud “Azərbaycan ədəbiyyatı tarixi”nin yeni səhifələriadlı məqaləsinin üçüncü hissəsini təqdim edir. Qeyd edək ki, müəllif bu məqalədə Azərbaycan ədəbiyyatşünaslığına hələlik məlum olmayan bir sıra əhəmiyyətli tarixləri öz “Kəsişən əbcədlər” üsulu ilə aşkara çıxardığını iddia edir. Azərbaycan ədəbiyyatı üçün önəmli olan bu elmi tapıntıların digər qismi məqalənin növbəti hissələrində oxucuların diqqətinə çatdırılacaqdır.

Birinci hissə burda
İkinci hissə burda

Və nəhayət, Qızıl dövrün üçüncü azmanı, saz şeirimizin “sarı simi” Sarı Aşıq:

Gözəllik soy iləndir,
Şahmar da soy ilandır.
Nəsimi tək bu aşiq
Yolunda soyulandır.

Hamımıza çoxdan məlum və çoxumuzun əzbər bildiyi bu məşhur və möhtəşəm bayatının isə hər bir misrası özündə bir sirli tarix gəzdirir: birinci misra Haqq aşığının soyu ilə bağlı, ikinci misra şahmar obrazının rəmzi mənası və məcazi qatı ilə ilgili, üçüncü misra Sarı Aşıq həyatının ən əlamətdar sənəsi ilə bağlı, dördüncü misra Haqq aşığının məsləki və etiqadı ilə ilgili. Lakin biz məqsəddən yayınmamaq üçün qalan mətləblər haqqında ətraflı söz açmağı “Azərbaycan aşıq ədəbiyyatının Qızıl dövrü” adlı tədqiqatımıza saxlayıb, burada diqqəti yalnız Nəsiminin mübarək adı ilə işarələnmiş üçüncü misraya yönəldirik. Çünki bu misrada ifadə olunmuş örtülü tarix maddəsinə Sarı Aşıq nə az, nə çox, hicri-qəməri təqvimlə özünün doğum sənəsini həkk eləyib. Buyurun, tanış olun: “nun(50)”+ “sin(60)”+ “ya(10)”+ “mim(40)”+ “ya(10)”+ “te(400)”+ “kaf(20)”+ “be(2)”+ “vav(6)”+ “əyn(70)”+ “əlif(1)”+ “şin(300)”+ “qaf(100)” = 1069.

Adətən, şərqşünaslıq elmində klassiklərin ayı və günü bilinməyən doğum və vəfat illərini hicri-qəməri təqvimdən miladi təqvimə (yaxud əksinə) çevirəndə nəticəni təxmini şəkildə iki il ilə verirlər. Məsələn, 1069=1658-59 kimi və s. Amma biz burada və bundan sonrakı misallarda yuvarlaqlıq və aydınlıq naminə nəzərdə tutulan hicri-qəməri ilin çox hissəsi çevirmə nəticəsi sayılan miladi illərdən hansının payına düşürsə, nəticəni həmin il ilə göstərməyi daha ehtimallı və daha əlverişli hesab edirik. Məsələn, çevirmələr üzrə sinxron cədvəllərin çoxunun təcrübə və göstəricilərinə əsasən, hicri-qəməri 1069-cu ilin başlanışı, yəni məhərrəm ayının 1-i miladi 1658-ci ilin 29 sentyabrına uyğun gəlir. Demək, Sarı Aşığın naməlum doğum gününün 1658-ci ilin üç ayına baxanda 1659-cu ilin doqquz ayına düşməsi ehtimalı daha böyükdür. Burada təbii olaraq başqa bir sual doğula bilər: Sarı Aşığın öz yaradıcılığında onun doğum sənəsi ilə kəsişən, yaxud onu hər hansı şəkildə (hicri və ya miladi təqvimlə) təsdiq edən başqa tarix maddələri varmı?! Əlbəttə var, olanda necə:

Aşiqəm səksən ayat,
Oxurlar səksən ayat.
Əzrail qonaxlı canım,
Səksənə-səksənə yat!

yaxud:

Ha saysana, saysana,
Ömür yetdi saysana.
Əcəli gözlər Aşiq
Ha saysana-saysana!

Mahiyyət etibarı ilə hər iki cinaslı nümunəni, hər şeydən öncə, bənzərsiz bayatı dahisinin poetik tərcümeyi-halı kimi səciyyələndirmək olar. Beləki, Sarı Aşıq hər iki örnəkdə ana dilinin sonsuz imkanlarını və özünün cinas sənətindəki misilsiz məharətini işə salıb, lirik-miniatür janrın yayğın ənənəsinə uyğun olaraq, birinci və ikinci misralarda oxucu və dinləyicisini əsas mətləbə hazırlayıb, sonrakı sətirlərdəki tək misralı və qoşa misralı tarix maddələrinə (birinci bayatının üçüncü sətiri, ikinci bayatının üçüncü və dördüncü sətirlərinə) açıq-aşkar işarələrlə sözügedən bayatıların çağırıldığı sənəni, özünün səksən yaşının tarixini və demək olar ki, ömrünün sonuncu günlərini böyük ustalıqla möhürləyə bilmişdir.

Sarı Aşıq — Vikipediya

Buyurun, birinci nümunədə aşığa qonaq gələn Əzarilin səsinə, ikinci örnəkdə əcəli gözləyən “aşiq”in: “Ha saysana, saysana!” harayına qulaq kəsilərək sayırıq: “əlif(1)”+ “ze(7)”+ “re(200)”+ “əlif(1)”+ “ya(10)”+ “lam(30)”+ “qaf(100)”+ “vav(6)”+ “nun(50)”+ “əlif(1)”+ “xe(600)”+ “lam(30)”+ “ya(10)”+ “cim(3)”+ “əlif(1)”+ “nun(50)”+ “ya(10)”+ “mim(40)”=1150, yaxud: “əlif(1)”+ “cim(3)”+ “lam(30)”+ “ya(10)”+ “gaf(20)”+ “vav(6)”+ “ze(7)”+ “lam(30)”+ “re(200)”+ “əyn(70)”+ “əlif(1)”+ “şin(300)”+ “qaf(100)”= 778 və: “hə(5)”+ “əlif(1)”+ “sin(60)”+ “əlif(1)”+ “ya(10)”+ “sin(60)”+ “əlif(1)”+ “nun(50)”+ “əlif(1)”+ “sin(60)”+ “əlif(1)”+ “ya(10)”+ “sin(60)”+ “əlif(1)”+ “nun(50)”+ “əlif(1)”= 372.

Göründüyü kimi, birinci bayatının üçüncü misrasının əbcəd hesabı 1150-yə bərabərdir. İkinci bayatının üçüncü və dördüncü misralarının əbcəd hesablarının cəmi də (778+372=1150) eyni rəqəmi göstərir. Üstəlik, hicri-qəməri təqvimlə hər iki bayatının çağırıldığı ildən, yəni aşığın 80 yaşının tamam olub, 81-ə qədəm qoyduğu ildən onun yaşını çıxanda (1150–81=1069) eyni təqvimlə və tam dəqiqliyi ilə Haqq aşığının doğum sənəsi alınır. Böyük bayatı ustasının doğum və vəfat tarixlərini bundan artıq dərəcədə göstərən və biri-birini bundan artıq dərəcədə təsdiq edən daha hansı faktlar lazımdır?!

Ustad aşığın doğum və vəfat sənələri ortasındakı fərqin hicri-qəməri təqvimlə təxminən 80 ili (1069–1150), miladi təqvimlə isə təxminən 78 ili (1659–1737) təşkil etməsinə gəlsək, burada heç bir ziddiyyət yoxdur. Bu fərq, hər şeydən əvvəl, hicri-qəməri ilin miladi ildən təxminən 11 gün qısa olmasından və hicri-qəmərinin hər 33 ilinin miladi təqvimin 32 ilinə uyğun gəlməsindən qaynaqlanır. Yəni, başqa sözlə desək, hicri-qəmərinin 80 ili elə hardasa miladi təqvimin 78 ilinə bərabərdir.

Əlqərəz, son illərdə üzə çıxan bəzi yeni tarixi bilgiləri də nəzərə alsaq, Azərbaycan aşıq ədəbiyyatında xüsusi yeri və mövqeyi olan Sarı Aşıq bir vaxtlar hürufi etiqadına görə amansız təqiblər nəticəsində Azərbaycandan didərgin düşmüş və əlçatmaz uzaqlarda məskunlaşmış bir nəslin nümayəndəsi kimi 1659-cu ildə Türkiyənin Qaraman vilayətində anadan olmuş, erkən gəncliyində başqa didərginlərin törəmələri ilə birlikdə öz əcdadlarının yurduna qayıtmış, nakam və faciəvi bir məhəbbət taleyi yaşamış, el arasında Haqq aşığı kimi daha çox çağırdığı bayatılarla, göstərdiyi kəramətlərlə və haqqındakı rəvayətlərlə məşhurlaşmış, ömrünün sonuna qədər babalarının etiqadına və öz sevgisinə sadiq qalmış, nəhayət, 1737-ci ildə Həkəri çayının sahilində, indiki Laçın rayonunun Güləbird kəndində dünyasını dəyişmişdir.

Burada, yeri gəlmişkən, Sarı Aşıq irsinin bizə gəlib çatmasında böyük rolu olan məşhur folklorşünaslardan Salman Mümtaz Bəhlul Behcətin xüsusi xidmətini, eləcə də, sonrakı toplayıcı və tədqiqatçılardan Əhliman Axundov, Hüseyn Kürdoğlu, Elxan Məmmədli, Musa Urud, Məhərrəm Qasımlı, Məhəmməd İbadi Qaraxanlı (Alışıq), İlham Qəhrəman və başqalarının səmərəli əməyini qeyd etmək ədalətdən olardı.

Amma Sarı Aşıq poetik irsinin, xüsusən, bayatı mətnlərinin tam şəkildə və doğru-düzgün üzə çıxarılması yolunda hələ görüləsi işlər də az deyil. Uzağa getməyək, yuxarıda diqqət yetirdiyimiz birinci bayatının tarix maddəsini əks etdirən “Əzrail qonaxlı canım” misrasındakı “qonaxlı” sözü bəzi nəşr və tədqiqatlarda ya “qonaxlıq” kimi, ya da “qonaqlı” kimi verilir. Birinci halda misranın əbcəd hesabına bir 100(“qaf”) də əlavə olunur. İkinci halda “xe(600)” hərfinin yerinə “qaf(100)” yazmaqla əbcəd hesabından 500 rəqəmi it-bata salınır. Əlbəttə, qəsdən yox, bilməyərəkdən. Amma hər iki halda ayıqlığı azacıq əldən versən, tarix maddəsinin əslinə çıxa bilmirsən.

Güləbird qəsəbəsi

Elə buradaca onu da qeyd edək ki, üzə çıxardığımız bütün tarix maddələrinin sözləri, hərfləri və əbcəd hesabları tərəfimizdən dönə-dönə nəzərdən keçirilmiş, hicridən miladiyə (yaxud əksinə) elmdə məlum və etibarlı düsturlar əsasında çevrilmiş və çevirmələr üzrə ən yayğın sinxron cədvəllərin (H.Məmmədbəyli, V.V. Tsıbulski, Q.F.Qrinvil, Ş.Siraciddinov və b.) göstəriciləri ilə yoxlanılmışdır. Lakin burada bir incə məsələ var. Bir çox başqa aşıqlarımız kimi, sözügedən Qızıl dövrün üç böyük aşığının da ərəb əlifbasından, əbcəd hesabından və tarix sənətindən yaxşı xəbərdar olmaqlarına söz ola bilməz. Amma aşıq şeiri yazılı ənənələrdən müəyyən qədər kənarda olduğuna görə ondakı tarix maddələri və əbcəd hesabları da daha çox yazıya və imlaya deyil, deyilişə və tələffüz tərzinə əsaslanır. Məsələn, söz ortasındakı “ə” və “e”, yaxud qısa “i” və “ı” saitlərindən başqa tələffüz olunan bütün səslər öz say qiymətləri ilə əbcəd hesabına girir, tarix maddəsinə nail olmaq üçün ərəb əlifbasında eyni səsi verən bir neçə hərfdən hansının say qiyməti aşığa sərf edirsə, həmin hərfdən də faydalanır və s. Bu özəllikləri nəzərə almadan kimsə müxtəlif bəhanələrlə (məsələn, filan sözün ortasında “ya” hərfi yazılmır, filan söz “za” hərfi ilə deyil, “zal” hərfi ilə, yaxud “sin” hərfi ilə yox, “sad” hərfi ilə yazılır və s. və i.a.) yuxarıdakı aydın nəticələrə şəkk gətirsə, artıq bunun adını ya cığallıq, ya paxıllıq qoyarlar.

Ən başlıcası, kim tərəfindən müəyyən olunmasına baxmayaraq, Azərbaycan ədəbiyyatı tarixinin indiyə qədər bəlli olmayan bir sıra əlamətdar sənələri, xüsusən, orta əsrlərin üç azman aşığının öz şahidliyi ilə müəyyən olunan və öz dilindən təsdiq edilən doğum sənələri dəqiqliyi ilə göz qabağındadır. Bir vaxtlar akademik H. Araslının da qeyd etdiyi kimi, bu böyük aşıqların öz dövründə gürcü və erməni əlifbaları ilə yazıya alınıb, Gürcüstanın və Ermənistanın məşhur əlyazmaları fondlarında saxlanılan şeirləri əsrlər ərzində gürcü və erməni sənətkarlar tərəfindən onların toy-düyün məclislərində Azərbaycan dilində ifa olunmuş və qonşu xalqların mədəniyyətinə böyük təsir göstərmişdir. Belədirsə, demək, azman aşıqlarımızın yaxınlaşmaqda olan əlamətdar yubileylərini (2028-ci ildə Aşıq Qurbaninin anadan olmasının 530 illiyini, 2029-cu ildə Sarı Aşığın anadan olmasının 370 illiyini və 2030-cu ildə Aşıq Abbas Tufarqanlının anadan olmasının 400 illiyini) dövlət səviyyəsində və geniş miqyasda keçirmək Azərbaycan mədəniyyətinə yalnız və yalnız əlavə şöhrət və başucalığı gətirə bilər.

2023-cü ildə isə əsrlər ərzində könüllər və dillər əzbəri olmuş “Bənövşə” şeirinin, eləcə də, “Qaradağdan Qarabağa gedirəm!” harayının müəllifi Aşıq Qurbaninin anadan olmasının 525 illiyidir. Bu əlamətdar yubileyin aidiyyəti olan bütün qurumların fəal iştirakı ilə xalqımızın ürəyincə və layiqincə qeyd olunması isə, bir tərəfdən, aşıq sənətinin Azərbaycanın Birinci xanımı və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə YUNESKO-nun Qeyri maddi-mədəni irsi siyahısına salınmasından (2009) sonra ölkə rəhbərliyinin etimadını doğrultmaq yolundakı uğurlu addımlardan biri, digər tərəfdən, Böyük Qələbəmizin və Qarabağ əzmimizin şərəfinə möhtəşəm töhfələrin növbətisi olardı.

Və nəhayət, bildiyimiz qədər şərqşünaslıq elmində ilk dəfə diqqət mərkəzinə çəkilən və çoxsaylı misallarla özünü doğruldan bu üsul (yəni, adi əbcəd hesabını bədii mətnlərə tətbiq etmək yox, örtülü tarix maddələrini əbcəd hesabı ilə aşkar etmək də yox, məhz naməlum və mühüm tarixi sənələri poetik mətnlər əsasında şübhə yeri qoymadan tam dəqiqliyi ilə üzə çıxarmağın yeganə yolu kimi yalnız və yalnız çoxdəlilli “Kəsişən əbcədlər” üsulu!) nəinki çoxəsrlik Azərbaycan poeziyası tarixində, eləcə də, ərəb əıifbasındakı bütün türkdilli, farsdilli və ərəbdilli ədəbiyyatlarda müəyyən işarələrlə tarix maddələri üçün “ipucu” verən mətnlərə doğru-düzgün tətbiq edilməklə bir çox mühüm sənələri dəqiqləşdirmək və naməlum tarixləri aydınlaşdırmaq imkanlarına malikdir.

Bu mənada “Kəsişən əbcədlər” üsulu (bundan sonra və bizdən sonra qısa və konkret olaraq – Azalp üsulu) müəlliflik hüququnun tələbləri və qaydalarına riayət etmək şərti ilə istənilən tədqiqatçının, türkoloqun, yaxud şərqşünasın üzünə və istifadəsinə açıqdır. İşdir, əgər dünya şərqşünaslığında sözügedən üsul artıq nə vaxtsa, başqa bir alim tərəfindən tapılmışdırsa, onu xatırladacaq həmkarımıza əvvəlcədən dərin təşəkkür hissi ilə həmin qaynaqla tanış olduqdan sonra həqiqət və ədalət naminə onun müəllifinə istinad etməyi elmi etikanın tələbi və vicdanımızın borcu sayırıq.

May be an image of 1 person and outerwear

# 4441 dəfə oxunub

Müəllifin son yazıları

# # #