Nəsimi “Sığmazam” qəzəlini 19 yaşında yazıb – Yeni iddia

Nəsimi “Sığmazam” qəzəlini 19 yaşında yazıb – Yeni iddia
7 iyun 2021
# 17:16

Kulis.az şair-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Akif Azalpın “Kəsişən əbcədlər” üsulu, yaxud “Azərbaycan ədəbiyyatı tarixi”nin yeni səhifələri adlı məqaləsinin birinci hissəsini təqdim edir. Qeyd edək ki, müəllif bu məqalədə Azərbaycan ədəbiyyatşünaslığına hələlik məlum olmayan bir sıra əhəmiyyətli tarixləri öz “Kəsişən əbcədlər” üsulu ilə aşkara çıxardığını iddia edir. Azərbaycan ədəbiyyatı üçün önəmli olan bu elmi tapıntıların digər qismi məqalənin növbəti hissələrində oxucuların diqqətinə çatdırılacaqdır.

Birinci hissə

Firidun bəy Köçərli ilə Salman Mümtazın ruhuna dərin ehtiramla!..

Şərq klassik poeziyasında mühüm fakt və hadisələrin illərini əbcəd hesabı ilə, yəni ərəb əlifbasına mənsub hərflərin say qiyməti ilə ifadə etmək sənəti geniş yayılıb. Adı üstündə “tarix” adlanan bu sənətin bir parlaq misalı kimi dahi Füzulinin öz “Leyli və Məcnun” poemasının yazılma tarixini (hicri– 943, miladi–1536-37) böyük məharətlə necə nəzmə çəkdiyi akad. H. Araslı başda olmaqla görkəmli füzulişünasların tədqiqatından bizə yaxşı məlumdur:

Tarixinə düşdülər müvafiq,
Bir olmaq ilə ol iki aşiq.

Bəli, alimlərin doğru vurğuladığı kimi, bu beytdə əsas tarix maddəsi (“maddeyi-tarix”) sayılan “aşiq” sözündəki hərflərin say qiymətinin (“əyn”-70, “əlif”-1, “şin”-300, “qaf”-100) cəmi 471-i, onun iki qatı 942-ni və 1 əlavəsi 943-ü təşkil edir və Azərbaycan poeziyasının şah əsərlərindən birinin başa çatma tarixini bildirir.

Tarix sənətindən yalnız iri həcmli əsərlərdə deyil, öz müəllifi üçün hansı cəhətdənsə önəmli sayılan yığcam lirik nümunələrdə də kifayət qədər istifadə olunmuşdur. Məsələn, bu sənətdə yüksək məharət nümayiş etdirən sənətkarlardan biri kimi dahi özbək şairi Əlişir Nəvainin “Səbt”(“həkk”) rədifli qəzəlinin sonuncu beytinə diqqət yetirək:

Eşq tiği yarasından ölməyim tarixini,
Ey Nəvai, nəzmə çəkib, eylə divanıma səbt!

Göründüyü kimi, məqtədəki tarix maddəsi “səbt” sözündən ibarət olub, ondakı hərflərin bildirdiyi rəqəmlərin (“se”- 500, “be”-2, “te”-400) cəmi 902-yə bərabərdir. Demək, Nəvainin bu qəzəli hicri tarixlə 902-ci ildə, miladi tarixlə 1496-97-ci illərdə yazılıb.

Müxtəlif mənbələrdə tarix sənətinin çeşidli təzahür formaları (sərih, təmiyə, süvari və s.) qeyd olunur. Amma məqsəddən yayınmamaq üçün təfsilata qapılmadan, onları aşağıdakı bəndlərdə ümumiləşdirmək daha əsaslı görünür:

  1. Misallardan gördüyümüz kimi, maddələri əlaqədar sözlərin (tarix, sal, il, sənə və s.) yardımı ilə göstərilən açıq və sadə tarixlər;
  2. Ən müxtəlif səbəblərə görə (təkrara yol verməmək, poetik məharəti dərinləşdirmək, zəmanənin təqibindən yayınmaq, öz mühitindən və müasirlərindən gizlətmək və s.) maddələri yalnız incə işarələrdən sezilən örtülü və mürəkkəb tarixlər.

Bu sonuncular öz maddələrinin rəngbərəngliyi və zənginliyi ilə (bir sözlü maddələr, bir neçə sözlü maddələr, bir misralı maddələr, bir beytli maddələr və s.) XIV əsrin sonları və XV əsrin əvvəllərindən etibarən, xüsusən, türkdilli poeziyada daha geniş vüsət almışdır. Bu fakt Şərq ədəbiyyatının dərin bilicilərindən olan prof. Y.E. Bertelsin diqqətindən yayınmır.

Görkəmli şərqşünas özünün məşhur “Nəvai və Cami” monoqrafiyasında Herat əsilzadələri çevrəsində və bütövlükdə mədəni mühitdə tarix sənətinə olan böyük maraqdan heyranlıqla söz açır (Baxılsın: Bertels Y.E. Navoi i Djami, Moskva, “Nauka”, 1965, s.40). Amma orası da var ki, tanınmış ədəbiyyatşünas burada səbəbdən daha çox nəticə haqqında mülahizə yürüdür. Səbəb isə, fikrimizcə, o zamankı Xorasan və Türküstan mədəni dairələrinə hürufilik ideologiyasının, xüsusən, Nəsimi poeziyasının güclü təsiri ilə bağlı idi. Sözügedən dövrün və mühitin ən böyük ədəbi siması olan Əlişir Nəvainin öz əsərlərində dəfələrlə İmadəddin Nəsimi şəxsiyyətinə və yaradıcılığına dərin ehtiram göstərməsi də əsla təsadüfi deyildi.

Əlbəttə, klassik Şərq poeziyasında tarix sənəti hürufilərə qədər də var idi və hürufilərdən sonra da davam etdi. Amma tapındıqları etiqadla bağlı ərəb hərfləri və o hərflərin bildirdityi rəqəmlərin sirli aləmini yenidən kəşf edən, rəmzi-məcazi qatlarını dərinləşdirən, özünəməxsus poetik-simvolik sistemini yaradan və bu sahədə bir sıra “ilk”lərə imza atan hürufi şairlərin, xüsusən də İmadəddin Nəsiminin tarix sənətinə tam mənada çiçəklənmə dövrünü yaşatması da danılmaz həqiqətdir.

Həmin heyrətedici yeniliklərdən biri kimi, Nəsiminin ən məşhur və ən müxtəlif səbəblərə görə bilərəkdən və bilməyərəkdən ən çox təhrif olunmuş qəzəlinin ilk variantının mətlə beytini təqdim edirik:

Məndə sığar iki cahan, mən bu cahana sığmaram!

Cövhəri-laməkan mənəm, kövnü məkana sığmaram!

Bəli, bu qəzəlin ilk variantında rədif məhz “Sığmaram!”olub. Əlahəzrət fakt hər hansı şübhəyə yer qoymur, çünki ilk variantdakı rədif, eyni zamanda, tarix maddəsi kimi dahi şair həyatının ən əlamətdar sənəsini–onun doğum ilini göstərir. Özü də hansı təqvimlə–miladi təqvimlə! İlk baxışda inanılmazdır. Ancaq akad. G.Baxşəliyevanın sözləri ilə desək, “...hətta xalq deyimi ilə and içəndə də, Quranla yanaşı İncilin də adını çəkən” Nəsimidən gözləniləndir. İrəlidə görəcəyik ki, müəyyən sənələri hicri tarixlə yanbayan, miladi tarixlə də nəzmə çəkmək məharəti Nəsimi şeirinin təsirində sonralar aşıq poeziyasına da yol tapıb. İndi isə, buyurun, “Sığmaram!”dakı hərflərin say qiyməti ilə tanış olun: “sad(90)”, + “ğəyn(1000)”+ “mim(40)”+ “re(200)”+ “mim(40)”=1370.

Ən azından klassik poetikanın əruz və qafiyə qaydaları qədər dəmir məntiqə və sistemə malik olan əbcəd hesabı və tarix sənəti belə hallarda təsadüfənliyi istisna edir. Üstəlik, qəzəlin birinci misrasında, daha doğrusu, ilk ifadəsində rədifin “sirr”inə xəfif bir işarə vuran (müqayisə edin: “Məndə sığar”– “sığmaram”) və özündə başqa bir sənəni gizlədən daha bir tarix maddəsi var. Gəlin, onunla da tanış olaq: “mim(40)”+ “nun(50)”+ “dal (4)”+ “hə(5)”+ “sad(90)”+ “ğəyn(1000)”+ “re(200)”=1389.

Buyurun, bu da “Sığmazam!” qəzəlinin ilk yığcam variantının yaranma sənəsi! İndi, gəlin görək, gerçək və böyük tarixin hadisələri bu sənəni nə dərəcədə təsdiq, yaxud inkar edir.

XIV əsrin 30-cu illərində Türküstanda monqol əsarətinə qarşı yaranmış “Sərbədarlar” (“Dara baş qaldıranlar”) hərəkatı və Sərbədarlar dövlətinə (1337-1387) qəti şəkildə və amansızlıqla son qoyulduqdan dərhal sonra sərbədarlarla yaxından əlaqədə olan hürufilərin baş ideoloqu və hürufizmin banisi Fəzlüllah Nəimi (1340-1394) təqiblərdən yaxa qurtarmaq üçün Xorasanı (Astrabadı) tərk edib Şirvana (Şamaxıya) gəlməli oldu. Bu baxımdan nəsimişünaslıqda böyük şairin öz ustadı “Fəzlüllahla camedə baş tutmuş ilk görüşünə yazdığı şeiri” (R.Əliyev. Nəsimi: Fəzlüllahın ölümü haqda şeirlər,–“Ədəbiyyat qəzeti”, 18 yanvar 2020-ci il, s.12) kimi güman edilən “Mərhəba!” rədifli qəzəlinin, xüsusən, birinci beyti böyük maraq doğurur:

Mərhəba, xoş gəldin, ey ruhi-rəvanım, mərhəba!
Ey şəkərləb yari-şirin, laməkanım, mərhəba!

(Nəsimi İ. Seçilmiş əsərləri, iki cilddə, I cild, Bakı, “Lider nəşriyyat”, 2004,s.13)

Poetik vüsətə zərrə qədər kölgə salmadan ifadə etmək nə qədər çətin olsa da, parlaq istedad sahibi bu beytin ilk sözlərindən başlayaraq, örtülü tarix maddəsi ilə sözügedən ilk görüşün ilini əks etdirməyə çalışır və nəhayət, ikinci misranın ikinci təfiləsində (“yari-şirin”) öz məqsədinə böyük ustalıqla nail ola bilir. Amma imla (yazılış) əbcədi ilə deyil, tələffüz (deyiliş) əbcədi ilə! Tələffüz əbcədinin özünəməxsusluğu ondadır ki, orada yazıda öz əksini tapmayan bəzi səslər də (indiki halda izafəti bildirən “i” səsi kimi) öz say qiyməti ilə əbcəd hesabına girir. Hesablayırıq: “ya(10)”+ “əlif(1)”+ “re(200)”+ “ya(10)”+ “şin(300)”+ “ya(10)”+ “re(200)”+ “ya(10)”+”nun(50)”=791.

Hicri-qəməri təqvimlə 791-ci ilin ilk günü, yəni məhərrəm ayının 1-i, bir çox sinxron cədvəllərə görə, miladi təqvimlə 1388-ci ilin 31 dekabrına, qalan günləri isə boyaboy 1389-cu ilə düşür. Müxtəlif mətnlərdən və mənbələrdən bir-birinə səs verən və bir-birini təsdiq edən belə tutarlı və dəqiq faktlardan sonra “Mərhəba!”nın ümumi poetik ahəngində ev sahibinin çoxdan arzu olunan mötəbər mehmanı salamlama və əzizləmə çalarlarını da nəzərə alıb, əminliklə demək olar ki, ulu mürşidlə böyük müridin – Fəzlüllah Nəimi ilə İmadəddin Nəsiminin ilk görüşləri məhz 1389-cu ildə Şamaxı şəhərində baş vermişdir.

Çox ehtimal ki, “Sığmazam!” qəzəlinin ilkin variantı da hürufilik qayələrinə erkən gəncliyindən bağlanan Nəsiminin öz mürşidi ilə ilk görüşlərindən sonra həmin görüşlərin güclü təsirində gənc şairin qəlbindən bir lirik yaşantı kimi məhz 1389-cu ildə püskürüb. Sonralar uzun illər ərzində hürufi çevrələrində və xalq arasında oxunduqca, cilalandıqca, yeni beytlərlə zənginləşdikcə yetkinləşib və son nəticədə hürufizmin əsas və mükəmməl poetik məramnaməsinə çevrilib.

Rədif məsələsinə gəlsək, eyni zaman formaları olmaqlarına baxmayaraq, həmin yetkinləşmə prosesində, xüsusən, Türkiyə və Suriya dairələrində oxunduqca, “Sığmazam!” formasının ilkin varianta nisbətən məna baxımından daha tutumlu və miqyaslı olduğu (“sığmazam”ın “sığmaram” mənasından əlavə “sığmayanam” çaları da var, müqayisə edin: ölmərəm–ölməzəm) nəzərə alınmış və dahi şairin özü tərəfindən də qəbul olunmuşdur.

“Sığmaram!”da öz ifadəsini tapan tarix maddəsi isə, hər şeydən öncə, müəllifin doğum ili ilə bağlı hələ də davam edən hər cür mübahisələrə birdəfəlik son qoyması ilə əhəmiyyətlidir. O ki qaldı qəzəl mətnindəki bir çox başqa təhriflərə, o sıradan, əksər əlyazmalarda və nəşrlərdə təhrif olunmuş “cövhəri-laməkan”(“məkansız mahiyyət”) ifadəsinə, bunlar artıq ayrıca və genişçaplı tədqiqatın mövzusu olmaqla bərabər, eyni zamanda, çağdaş ədəbiyyatşünaslığın və mətnşünaslığın ən mühüm vəzifələrindən biridir. Madam ki, ,, ,, Sığmazam” şeiri cahana sığmayan böyük Azərbaycan şairinin əsrlərdən-əsrlərə qədər gəlib çatan və yaşamaqda davam edən məğrurluq manifestidir” (akad. İ.Həbibbəyli), onda bu manifestin tam və təhrifsiz mətninin üzə çıxmasının qeydinə qalmaq da hər birimizin ən azından vətəndaşlıq borcudur.

May be an image of 1 person and outerwear

# 4323 dəfə oxunub

Müəllifin son yazıları

# # #