Seymur Baycanın iki qaşıq balı

Seymur Baycanın iki qaşıq balı
12 mart 2014
# 09:00

Seymur Baycan haqqında çoxdan yazmaq istəyirdim. Amma yazmaq ona görə alınmırdı ki, Seymur haqqında yazmaq həm asandır, həm də çətin. Asandır ona görə ki, Seymurun ədəbi-bədii yaradıcılığa ilə tanışam, tonlarla olmasa da hər halda çörək kəsmişik, saatlarla olmasa da, hər halda bir xeyli söhbət etmişik.

Çətindir ona görə ki... Ümumiyyətlə, belə baxanda asan heç nə yoxdur. Həyat çətinliklərlə doludur. Yazı yazmağın özü də çətin prosesdir. Şirzadın kafesi bağlanandan həyat daha da çətinləşib.

Hər halda nə qədər çətin olsa da hər şeyə mətanətlə sinə gərib Seymur haqqında düşüncələrimizi bölüşək.

Seymur Baycan yaradıcılığa erkən yaşlarından başlamışdır. Onun ədəbiyyata gəlməsində dayısının böyük rolu olmuşdur. Əsgərliyə gedən dayısı ona hər gün məktub yazmağı tapşırmış, əsgərlikdən qayıdandan sonra hər məktuba görə 15 qəpik verəcəyini vəd etmişdir. Balaca Seymur 15 qəpiyin eşqi ilə hər gün dayısına məktublar yazmış, bədii yaradıcılığının əsası elə o günlərdən qoyulmuşdur. Bəzən tükəndiyini görən balaca Seymur kitablardan müxtəlif hekayələri çırpışdıraraq, böyür-başını düzəltmiş, məktub halına salmışdır. Sonralar bu onun “copy-paste” ustası kimi yetişməsində böyük rol oynamışdır.

Seymur səmimi oğlandır! Bu səmimilik onun əsərlərindən də boylanır. O, özünü yazır. Əvvəllər kitabdan gəlmə təəssüratı bağışlayan yazıçı son əsərlərində həyatdan gəlmiş yazıçı kimi özünü təsdiqləmişdir. Əsərlərinin bədii tutumu qaneedicidir, neçə qatlı olduğunu müəyyənləşdirmək çətin olsa da hər halda qatı var. Seymurun fenomenal yaddaşının olmağı da onun üstünlüklərindən sayıla bilər. Biz az qala səhər nə yediyimizi unuduruq, amma Seymur illər öncə verdiyi sifarişləri də yadında saxlayır və əsərlərində bundan məharət və ustalıqla istifadə edir. Seymurun əsərləri birnəfəsə oxunur. Dilinin sadəliyi bəlkə də onun üstünlüyü sayıla bilər. Amma bu dil nöqsanlardan da xali deyildir. Anarın və Elçinin dili qurutduğunu deyən Seymur Baycanın öz dili onlardan da qurudur.

Bədii yaradıcılıqda “Quqark”a qədər böyük uğur qazana bilməyən yazıçı “Quqark”da özünü aşmışdır. Ancaq çox təəssüf ki, o da başqa yazıçılarımız kimi Biləcəridən o yana aşa bilməmişdir. Bunun günahkarı isə sözsüz ki, Nizami və Füzulidir. Hər halda Seymurun qırımından belə başa düşürəm. Amma mənə bir şey çatmır: necə olur ki, Nizamidən bəhrələnən Orxan Pamuk Nobel mükafatı alır, amma Şekspirdən bəhrələnən Seymur Biləcəridən o yana keçə bilmir?

Hər halda Seymurun Biləcəri sindromunu qıracağına, əsərlərinin başqa ölkələrdə də oxunacağına ümidim var. O, perspektivlidir və potensialı da buna imkan verir.

“Təkrar biliyin anasıdır” deyirlər. Biz Seymurun bu atalar sözünə necə sadiq olduğunu son hekayələr kitabında – “Həyatımın ən xoşbəxt günü”ndə bir daha görürük. “Quqark”da haqqında danışılan bəzi söhbətlər burda da var.

Bu fakt, bundan başqa “Ana ürəyi” əsəri sübuta yetirir ki, indiyədək erməni dəyirmanına su tökən Seymur Baycanda əslə, kökə qayıdış baş verir. Və buna görə Seymuru mütləq alqışlamaq lazımdır.

“Həyatımın ən xoşbəxt günü” kitabından söz düşmüşkən, buradakı ilk hekayəni oxuyanda mənə elə gəldi ki, bu hekayəni ədəbiyyatda ilk, kövrək addımlarını atan Əli Novruzov yazıb və bu kitaba səhvən düşüb. Amma Seymurdan soruşdum, dedi, yox, özüm yazmışam. Bu hekayəni oxuyan oxucunun kitabı dərhal qırağa tullamaq ehtimalı böyük olduğuna görə, hesab edirəm ki, həmin hekayənin birinci qoyulması böyük yanlışdır.

Sonda Seymura təşəkkür etmək istəyirəm: Sağ ol ki, səhər acqarına iki qaşıq balın necə faydalı olmağını bizlərə bir daha xatırlatdın!

# 2221 dəfə oxunub

Müəllifin son yazıları

# # #