Ziya Bünyadovun sevmədiyi möhtəşəm roman - “İdeal”

Ziya Bünyadovun sevmədiyi möhtəşəm roman - “İdeal”
20 fevral 2014
# 09:00

“Ajiotaj” layihəsi çərçivəsində müəlliflər, onların yaxınları, ədəbiyyat adamları çap olunandan sonra böyük ajiotaj yaratmış, geniş oxucu kütləsi tərəfindən sevilmiş, müəllifinə böyük şöhrət qazandırmış əsərlər haqqında danışırlar.

Uğur qazanmış əsərləri yenidən xatırlayırıq.

Budəfəki seçimimiz “İdeal”dır…

“1985-ci ildə ün eşitdim. Onda mən “Yanar ürək” əsərini yeddinci dəfə işləyirdim. Dünyada İusus adı ilə tanınan Ey Sar - ey uca, Sar hökmdar deməkdir, ruslar çar demirlərmi - mənimlə danışmağa başladı. O, məni danladı ki, bir romanı nə qədər yazmaq olar? Sən elə hesab edirsən ki, Azərbaycanın faciəsi partiyanın siyasəti ilə bağlıdır. Amma səhv edirsən. O vaxt qonşularınız olan yunanlar, dil, təfəkkür baxımından vəhşi xalqları sizin dilinizi, göylərlə bağlı təfəkkürünüzü əlinizdən alıblar, sizin faciəniz də bundadır. Ey Sar dedi ki, “Yanar ürək” əsəri üzərində işləməkdən əl çək, mən sənə müasir dövrə aid roman verəcəyəm. Hadisələr danışacağam və sən onun əsasında roman yazacaqsan. Mən də tabe oldum və 1985-ci ildən “İdeal”ı yazmağa başladım”.

Xalq yazıçısı, İsa Hüseynov Kulis.az-a verdiyi müsahibədə “İdeal” haqqında bunları demişdi.

Onun sözlərinə görə, bundan sonra onun şüuru, təfəkkürü, yaradıcılığı tamamilə dəyişib: “Dostlarımdan, yazıçı kollektivindən aralandım. İndi 80 yaşı olan ovaxtkı cavanlar mənim ətrafımda oldular. Mən onlara təsir elədim, Anar, Elçin, Mövlud yeni ədəbiyyat yaratmağa başladılar. Bundan sonra bizim ədəbiyyatımızda böyük dəyişiklik oldu. Həm mövzu, həm də ideya cəhətdən ədəbiyyatımız dəyişməyə başladı”.

İsa Hüseynov başqa əsərləri kimi bu əsəri də dəfələrlə dəyişib: “Türkiyədə çıxan variantda çoxlu dəyişikliklər etmişəm. Bir də Mədəniyyət və Turizm Nazirliyi “Seçilmiş əsərləri”mi çap etdirib. “İdeal”ın orada çap olunan variantında da dəyişiklər etmişəm. Saf Ağ elmi, Odərlər haqqında çox geniş məlumat verilir. Odərlər sufiyə çevriliblər. Ərəblər Saf Ağ elmini təhrif ediblər, mən bu barədə ətraflı yazmışam”.

İsa Hüseynov əsərin yazılma səbəbləri barədə daha əvvəl bunları yazmışdı: “Vətəni zəngin, firavan, həyatı şirin, insanı gözəl görmək istəyən, gözü tox, könlü tox adamların, hər cür saxtakarlıqdan uzaq, uca şəxsiyyətlərin yollarında sədd və maneələrin səbəbləri haqqında düşündüm. Axtardığımın bir qismini öz əsərim ”Yanar ürək”də, qalanını o romanın qəhrəmanlarının sonrakı talelərində tapdım, nəticədə isə ”Yanar ürək”dən bəzi bioqrafik faktları saxlayıb, 40-80-ci illər arasında baş vermiş mənəvi-psixoloji dəyişikliklər haqqında yeni roman yazdım.”

“İdeal”la “Yanar ürəy”i müqayisə edən professor Qəzənfər Kazımov onlar arasındakı fərqi belə izah edir: “Yanar ürək” özlüyündə yüksək bədii-estetik məziyyətləri ilə seçilən, sevilən, çox oxunan, oxucunun zövq və tələblərini ödəyən bir əsər kimi ədəbiyyatımızda xüsusi qiymətə malikdir. Lakin yazıçı faktiki olaraq həmin əsəri uçurub-dağıtmış və onun əsasında tamamilə yeni bir roman yaratmışdır. “Yanar ürək” ictimai həyatdakı nöqsanları, təsvir edilən dövrün bəlalarını pərdələyən, saxtalaşdıran, ört-basdır edən, nöqsanları malalayan, tərif yolu ilə gedən bir əsər olmasa da, həmin əsərdə ictimai inkişafa mane olan əngəllər bir çox başqa əsərlərə nisbətən daha kəskin tənqid edilsə də, bütün bunlar müəllifi qane etməmiş, o, 40-cı illərdə və sonrakı dövrlərdə yaranmış mənəvi-psixoloji dəyişikliklərə daha ciddi, daha dərin nəzər salmağı lazım bilmişdir.

Elə buna görə də “İdeal”ın ictimai məzmunu daha zəngindir, burada problemin qoyuluşu daha mürəkkəb və əhatəlidir.

Yazıçı qeyd etdiyi “mənəvi-psixoloji təbəddülatı”, “uca şəxsiyyətlərin yollarında sədd və maneələrin səbəbləri”ni dərindən və köklü surətdə açıb göstərməyə çalışmışdır. Buna görə də əsərdə “Yanar ürək”dəki Səməd, Sultan Əmirli, Gülgəz, Gülbəniz, Əlləzoğlu, Təftiş Abbas kimi surətlər daha ətraflı işlənməklə, daha dərindən səciyyələndirilməklə yanaşı, Çax-çux Xalıq, Qılınc Qurban, Dudiyev, Mirqəzəb və b. yeni və ya yenidən işlənmiş, yeniləşdirilmiş, dərinləşdirilmiş obrazlar vardır. Bunlar hadisələrin dairəsini genişləndirməklə bərabər, yazıçı qələminin sosial həyatın dərin qatlarına nüfuz edə bilmə imkanları ilə də fərqlənir.

“Yanar ürək”də olduğu kimi, bu romanda da Səməd partiya məktəbində təhsil alıb rayona qayıdır. Bu əsərdə də Səməd kəndə qayıdarkən sevgilisi Gülgəzi əmisi evində görür. Kənd həmin kənd, hadisələr həmin hadisələr, Əlləzoğlu həmin Əlləzoğludur. Rayon mərkəzində Sultan Əmirlinin yaşadığı ev də tanış evdir, Səmədgilin kənddəki evi də. Lakin bunlar zahirən belədir. Müəllif sanki uzaqdan adi gözlə gördüyü hadisələri bu əsərdə iri obyektivlə qat-qat böyütmüş və gücləndirmişdir: indi həmin əşya və hadisələrin, obrazların əksər kiçik cizgiləri belə son dərəcə qabarıq görünür. “İdeal”da Səməd, Gülgəz və Gülbənizin uşaqlıq və dostluğu, məhəbbətlə çırpınan ürəkləri daha canlıdır. Çax-çux Xalıqın Cənubi Azərbaycana gedib-gəlməsi və bu fürsətdən istifadə edərək xüsusi alverlə məşğul olması, arvadı Badsəba Qaradonlunun vasitəsilə öz gizli alverini, ticarətini genişləndirməsi, Mədəd Əmirlinin və Səmədin Cənubi Azərbaycandakı seyid əmilərinin inqilabi fəaliyyəti, Sultan Əmirlinin daxili-mənəvi aləmi, ictimai fəaliyyəti, Qılınc Qurbanın və kəndin xeyirxah adamlarının ədalət uğrunda mübarizəsi, əks cəbhənin — başda Xəlvət Rəhim olmaqla Qudalılar tayfasının azğınlaşan varlanmaq ehtirası, riyakar əməlləri, Mirqəzəb, Dudiyev və başqalarının düşmən mövqeyi, Əlləzoğlunun qat-qat çılğınlaşan həyasızlığı və bir çox başqa epizodlar tamamilə təzə olub, əsərin yeni sosial bir roman kimi formalaşmasında həlledici rol oynamışdır.

İsa Hüseynov hadisələrə elmi-fəlsəfi baxımdan yanaşmış, bir yazıçı olmaqdan çox, bir sosioloq, bir filosof-tarixçi kimi, ictimai-siyasi dəyişikliklərin, mənəvi-psixoloji amillərin köklərini araşdırmışdır. ”Məhşər” öz elmi-fəlsəfi dərinliyi ilə daha uzaq tarixə baş vurmaq üçün onun görücülük qabiliyyətini gücləndirmişdir.

”İdeal”da ictimai konflikt çox güclüdür. Həqiqi kommunist tərbiyəsi ilə böyümüş gənc Səmədin qarşısında çox böyük maneələr durur. Kəndə gəlib işə başladığı ilk gündən elə böyük çətinliklərlə, hər gün, hər saat, hər dəqiqə elə ağır və bəd xəbərlərlə, dəhşətli və anlaşılmaz müəmmalarla, el malına həris düşmən qüvvələrlə qarşılaşır ki, onun bu çətinliklərə necə dözəcəyini, bunlara necə tablaşacağını, bunlarla necə mübarizə aparacağını, öz ürəyinin, vicdanının tələbləri əsasında necə işləyəcəyini, məsələləri necə həll edəcəyini fikirləşdikdə az qala oxucunun nəfəsi təngiyir. Rayona çatan kimi, sevgilisini əmisi evində gəlin görməsi, ata yadigarı köhnə evlərini gözləri önündə Əlləzoğlunun yandırması, əmisi ilə barışmaq üzrə ikən gözünün qabağında Sultanın Gülgəzi zorlaması hələ bir yana, Səməd əmisinin idarəçilik işlərində geriyə doğru dəhşətli dönüş görür: illərlə Qudalılara qarşı mübarizə aparan əmisi indi Qudalıları iş başına gətirmiş, kolxoza rəhbərliyi onlara tapşırmışdır. Qudalı Rəhim kolxoz sədri olan kimi, əsas vəzifələri — mühasibliyi də, fermanı da qudalılara tapşırmışdır. Rəhim kişi sədr olan kimi, vaxtilə xalq düşməni çıxarılmış qardaşı Məhəmmədin intiqamını almağa başlayıb, kolxozçuların əmək haqqını ləngidir, onları dövlətdən narazı salır, gizli yolla kolxozu dağıtmağa çalışır. Təbiətən əyriliyə, soyğunçuluğa, el malına həris olan, faktiki olaraq Sovet hökumətinə düşmən mövqe tutan Qudalıları Sultan niyə birdən-birə iş başına gətirmiş, kolxozun ixtiyarını onlara vermişdir?

Məlum olur ki, bütün bunlar Mirqəzəb — Dudiyev xətti ilə bağlıdır və Sultan artıq əvvəlki Sultan deyildir.

Səməd rayona qayıdana qədər əmisini başqa cür tanıyırdı: Sultan canını, həyatını, ailə səadətini xalq işinə, ictimai işə qurban vermiş bir kommunistdir. Əyriliyin, tüfeyliliyin, saxtakarlığın düşmənidir, kasıb, yoxsul, həqiqi zəhmət adamlarının pənahı, arxasıdır. Ədalət, qanun naminə hətta çox böyük vəzifə sahibləri ilə üz-üzə gəlməkdən, toqquşmaqdan, vuruşmaqdan çəkinməmişdir. Böyük vəzifə sahibi Mirqəzəb bir tərəfdən onu əməyinə görə yüksək qiymətləndirməli, döşündən ulduz asmalı, digər tərəfdən, onu Dudiyev xətti ilə izləməli, məhv etməyə çalışmalı, onun keçmişi və İrandakı qardaşları haqqında material toplamalı olsa da, Sultan öz təmizliyi, işgüzarlığı, möhürlü inventar ev əşyaları, boz kiteli ilə kristal partiya işçisi kimi ləkəsiz və təmiz yaşamışdır. Buradakı Sultan ”Yanar ürək”dəki Sultandan fərqli olaraq, xüsusi rəğbətlə təsvir edilir və tarixi həqiqətin real ifadəsi oxucunu razı salır”.

Tənqidçi Əsəd Cahangir bu fikirdədir ki, İsa Muğannanın “İdeal” romanının dəyərləndirilməsinə bir neçə kontekstdən yanaşmaq lazımdır: “Birincisi, romanın İsa Muğannanın öz yaradıcılığındakı yerindən danışaq. Bu roman yazıçının 1958-ci ildə yazdığı “Yanar ürək” romanının dahiyanə redaktəsidir. Birinci roman realist-psixoloji, ikincisi isə postmodern düşüncə ilə yazılıb. Amma qərb postmodernistlərindən fərqli olaraq İsa Muğanna nəinki insana inanır, hətta onu ideal olmağa layiq bilir. Bu roman yeni bir inanc yaradır - dinin yerinə elmi, Allahın yerinə insanı qoyur.

“Yanar ürək” pis raykomun yaxşı raykomla əvəz olunması, bir sözlə “istinnıy kommunist” ideyasını irəli sürən kifayət qədər istedad və kifayət qədər cəsarətlə yazılmış romandır, amma istənilən halda sadəcə ədəbiyyat hadisəsidir. “İdeal” isə təkcə ədəbiyyat hadisəsi deyil. “Yanar ürək”də o, hələ də yer üzündə cənnət – kommunizm qurulacağına inanır və buna mane olan məmurları tənqid edir. “İdeal”da isə kommunizmi kosmosda axtarır. “Yanar ürək”lə o sosrealizmdən, “İdeal”la isə psixoloji-realizmdən ayrılır.

“İdeal” İsa Muğannanın yaradıcılığında ayırıcı zolaqdır. Buna nəzərən onun yaradıcılığı üç mərhələyə bölünür. “İdeal”a qədərki mərhələ, “İdeal” və “İdeal”dan sonrakı mərhələ. Bu bölgüyə nəzərən “İdeal”ın müəllifinə də üç mərhələdə baxmaq olar - yazıçı, yazıçı-peyğəmbər, peyğəmbər. “İdeal” öz müəllifinin düşüncəsində koordinat oxlarının kəsişdiyi sıfır nöqtəsidir. Hər şey ordan keçir. İsa Muğannanın bu romandan sonra yazdıqları artıq ədəbiyyat hadisəsi deyil.

İkincisi, romanın Azərbaycan ədəbiyyatı tarixi kontekstindəki yeri barədə danışaq. Bu, romanla beş yüz illik Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə milli bədii fikrimiz Füzuli orbitinin sehrini, nəhayət ki, sındırdı və Nəsimiyə, Nizamiyə qayıtdı. Düzdür, Axundov bu sehrdən çıxmağın nəinki nəzəri, hətta praktiki nümunəsini də göstərmişdi. Amma Axundovdan yarım əsr sonra Cabbarlı hələ də bu sehrdən danışırdı. Yəni iş ayrı-ayrı fərdlər səviyyəsində getsə də, ümumədəbiyyat xarakteri almamışdı. Buna zaman tələb olunurdu. İkincisi, Füzulini tənqid etmək bir şey, onun qarşısına alternativ düşüncə qoymaq isə başqa şeydir. Axundov bu işi dram, Muğanna isə roman janrında yerinə yetirdi. Bunun özü artıq poeziyaya, yəni Füzuliyə formaca alternativlik idi. “İdeal” milli romanlarımız arasında Nobelə layiq yeganə nümunədir.

Üçüncüsü, “İdeal”ın dünya ədəbiyyatındakı yerindən danışaq. Bu roman sadəcə bir nəfərin yox, ümumən Azərbaycan xalqının, bir az da geniş desək, dünya insanının bir neçə minillik düşüncəsinin roman şəklinə düşmüş məcmusudur. İnsan niyə ölür, necə edək ki, ölməyək, əbədi mövcud olaq? Bu suala dinin öz, elmin öz cavabı var. İdeal romanı insanlığı dünya yaranandan narahat edən bu ən böyük suala ədəbiyyatın cavabıdır. Və təkcə elə problemin özü “İdeal”ı dünya ədəbiyyatının ən möhtəşəm romanlarından biri adlandırmağa əsas verir. Amma iş təkcə problemin qoyuluşunda deyil. Roman öz gərgin psixologizmi, kəskin dramatizmi, emosional aurası, intellektual yükü, ən başlıcası isə polifonik quruluşu ilə dünya ədəbiyyatında roman janrının ən qeyri-adi nümunələrindən biridir. İyirminci əsr dünya romanında ən möhtəşəm adlar olan Coys, Kafka, Prust, Tomas Mann, Feyxtvanger, Sartr, Kamyu, Brox, Faulz, Eko və s. kimi yazıçıların heç bir əsərini bu romana müqabil qoymaq olmaz.

Və nəhayət, romana münasibət haqqında. “İdeal” öz zamanında və elə indi də birmənalı qarşılanmayan romandır. Bunun bir neçə səbəbi var. “İdeal” müəllifinin öz düşüncəsində ikinci qata keçməsindən xəbər verdi. Əksəriyyət isə birmətəbəli düşüncənin dasıyıcılarıdır. Bu, problemin qneseoloji səbəbidir. Heç kəs öz yurdunda peyğəmbər olmur. Bu problemin sosioloji səbəbidir. “İdeal”ın müəllifi özünün vəhy səciyyəli ideyalarını Azərbaycan türkcəsinin qanunlarına əsasən qələmə alıb və bu romanı ən yaxşı tərcümə ilə belə kiməsə anlatmaq zor bir işdir. Bu isə problemin linqvistik səbəbidir. Bir sözlə, dahi olmaq, özü də Azərbaycan yazıçısı olub dahi olmaq faciədir”.

“İdeal”ın o vaxt necə ajiotaj yaratmasından danışan AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov deyir ki, əsəri sərt şəkildə tənqid edənlərdən biri akademik Ziya Bünyadov olub: “İdeal” işıq üzü görəndən sonra çox böyük səs-küy yarandı. İsa Hüseynovun həm “Yanar ürək”dən, həm də “Hüseynov” soyadından imtina etməsi çaşqınlıq yaratmışdı. Azərbaycanda hələ belə bir hadisə olmamışdı və ümumiyyətlə müəllifin öz əsərindən imtina etməyi nadir hallarda rast gəlinən haldır. 60-cı illər nəsri, yeni nəsr “Yanar ürək”lə başladığına görə belə bir fikir irəli sürülürdü ki, İsa Hüseynovun bu əsərdən imtina etməyə haqqı yoxdur. Bundan başqa görkəmli tarixçimiz Ziya Bünyadov əsəri sərt tənqid edərək bildirdi ki, burada sadalanan faktların tarixə heç bir dəxli yoxdur. Ziya Bünyadov “İdeal” haqqında yaxşı yazı yazmış Qəzənfər Kazımovu da tənqid etmişdi. Amma Ziya müəllim bir şeyi nəzərə almamışdı ki, bu, bədii əsərdir, bədii əsərdə müəyyən tarixi faktların bir az başqa şəkildə təqdim olunması normaldır. Ümumiyyətlə, indiyədək ciddi müzakirə mövzudur ki, “İdeal”dakı yanaşma, estetika nə qədər doğru və qəbul olunandır. Ancaq istənilən halda “İdeal” bədii təfəkkür hadisəsidir”.

Əsər barədə danışan Əkrəm Əylisli “Yanar ürəy”i “İdeal”dan yaxşı əsər sayır: “Mənə İsa Hüseynovun Muğannaya qədərki yaradıcılığı maraqlıdır, ondan o tərəfi mənlik deyil. “Yanar ürək” dövrün, epoxanın ab-havasını göstərə bilən əsərdir. Həm də o vaxt bizim üçün yeni idi bu əsər. Müəllif “Yanar ürək”də insanın zəifliyini ustalıqla göstərə bilmişdi, halbuki sovet dövründə insanı zəif göstərməyə icazə yox idi. “İdeal” isə bədii cəhətdən o qədər yüksək əsər kimi qiymətləndirmirəm. Populizm, vətənpərvərlik var bu əsərdə, biz tarixin yiyəsi kimi təqdim edilirik. Belə şeylər mənlik deyil. İdeya ilə yüklənən, daha doğrusu ideyası gözlə görünən əsərləri bəyənmirəm. İdeyanı əsərin içində əritmək lazımdır”.

“İdeal”da Cənubi Azərbaycanla bağlı xeyli məqamlar var. Bu barədə Kulis.az-a danışan yazıçı Həmid Herisçi dedi ki, İsa Hüseynov bu əsərdə Cənubi Azərbaycan sirləri barədə üstüörtülü yazıb. Əsl həqiqətlər unudulub. Onun sözlərinə görə Azərbaycan sirləri Bakıda yox, Təbrizdədir. Bu sirləri bilən yazıçılardan biri Sabir Əhmədli idi və bu barədə “Yasaq edilmiş oyun” əsərində az da olsa yazıb.

“İdeal”ın Milli Azadlıq Hərəkatına müəyyən təsiri barədə müxtəlif vaxtlarda müxtəlif fikirlər irəli sürülüb. Milli Azadlıq Hərəkatının aktiv iştirakçılarından olmuş yazıçı Səfər Alışarlı isə deyir ki, “İdeal” milli azadlıq hərəkatının bayrağına çevriləcək əsər deyil: “İdeal” kütlənin qavraya biləcəyi bir əsər deyil, xeyli mürəkkəbdir. O başqa söhbətdir ki, “İdeal” çap olunması ilə hərəkatın başlaması təxminən eyni vaxta təsadüf etdi. Və bu əsəri başa düşən ziyalılar o əsərdə fikirləri, xüsusilə stalinizmlə bağlı məqamları öz çıxışlarında bir daha vurğulayırdılar”.

# 8341 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #