Vurğun olmamışam hər işvə, naza

Vurğun olmamışam hər işvə, naza
2 sentyabr 2014
# 14:15

Dünyama gəldim

Vurğun olmamışam hər işvə, naza,

Uymadım boyalı hər gözəl qıza.

Sığındım nəğməyə, sığındım saza,

Mən sözdən, sənətdən ilhama gəldim.

Şirini, acını həyat bilmişəm,

Arzu, muradımı qanad bilmişəm.

Həyatı özümə ustad bilmişəm,

Həyatdan dərs alıb, mən kama gəldim.

Dilimdə həqiqət himni səslənir,

Qəlbimdə min istək, arzu bəslənir.

Bu tale, bu qismət, görən bəs nədir?

Bu şirin həyata, röyama gəldim.

Şeirdir göydəki ulduzum, ayım,

Şairlik qismətim, Tanrıdan payım.

Gərək ki, özümü mən xoşbəxt sayım,

Şair tək doğulub, dünyama gəldim.

Səni itirdim

Mən səni ürəyimdə,

Çiçək kimi bitirdim.

Bəs neyçün bahar çağı,

Gülüm, səni itirdim?

Hardan gəldi ayrılıq?

Biz qoşa qanad idik.

Sevinirdik, sevirdik,

Dərdə, qəmə yad idik.

Biz gülüm, and içmişdik,

Heç zaman ayrılmayaq.

Saf eşqi yolumuzda,

Sandıq yanan bir mayak.

Tale verib hökmünü,

Səni məndən ayırmış.

Dünya sevənlərə də,

Kədər-qüssə qıyırmış.

İndi gözüm yoldadır,

Sən də gözü yaşlısan.

Bəlkə sən də yoluma,

Gizli-gizli baxırsan.

Anar səni ürəkdə,

Çiçək kimi bitirdi.

Bəs neyçün bahar çağı,

Gülüm, səni itirdi?

Bu yazıq canımı yar aldı getdi

Can bildiyim candan aralı düşdü,
Bu yazıq canımı yar aldı, getdi.
Yadıma ellərin maralı düşdü,
Xatirələr soldu, saraldı, getdi.

Bağrımın başını eşq ilə yardım,
Çağlayan sular tək, çay tək axardım.
Gəldiyi-getdiyi yola baxardım,
Gözümün nuru da azaldı, getdi.

Hərdən düşür yada cananın səsi,
Onu xəlq etmişdi odlar ölkəsi.
Ömrümün qibləsi, dini, kəbəsi,
Məhəbbət dağına ucaldı, getdi.

Ürəyim hər zaman tək onu anar,
Hər yada düşəndə ürək odlanar.
Bir də gördünüz ki, bu şair Anar,
Bu eşqin əlindən qocaldı, getdi.

Ömür yükü

Sevdalı qəlbimdən gör nələr ötər,
Hicranın könlümdən göynəyər, ötər.
Səni qınamıram, söyləsəm düzün,
Sənin taleyin də mənim tək betər.

Mən sənsiz qalmışam-heç oldum, heçəm,
Gündüzüm dərd deyər, ağlayar gecəm.
Axı mən kiməm ki, taleyi seçəm?
Hərənin ömrünə bir qismət düşər.

Ürəyim ağrılı, belim bükülü,
Daşıya bilmirəm ömür yükümü.
Xoş etmək istərəm daha günümü,
Gülüm, bu ağrılar, acılar yetər.

Gör nəyi öyrətdi məhəbbət bizə,
Sevməyi öyrətdi məhəbbət bizə.
Tanrıdan bu həyat əmanət bizə,
Bilməsən qədrini ömür-gün gedər.

Özünü sına, xalqım

Hərdən özünü danla,
Özünü qına, xalqım.
Döyüşlərdə yenidən,
Özünü sına, xalqım.

Tanrı duyar bəndəsini,
Bu xalqın haqq səsini.
Düşmənin sinəsini,
Yar, dönsün qana, xalqım.

Qarabağ bir tamaşa,
Gülləri vardır qoşa.
Kəlbəcər, Laçın, Şuşa,
Doyubdur cana, xalqım.

Sağalmaz sinə dağı,
Məhv olmayınca yağı.
Qoymayaq Qarabağı,
Od tutub yana, xalqım.

# 915 dəfə oxunub

Oxşar xəbərlər

# # #