İki qadın, pul və bir hekayə

İki qadın, pul və bir hekayə
2 sentyabr 2014
# 10:37

Nail Nurəddinoğlu

Xeyli əvvəlin söhbətidi. Köşkdən qəzet aldım, sonra üstündə canavar döyməsi olan alışqanın qiymətini soruşdum - 3 manat. Bir də baxdım ki, bir xanım səbirlə növbəsini gözləyir, yol verdim... Hardasa 35, uzağı 40 yaşı vardı. O da eyni qəzeti istədi. Qalmamışdı. Uzaqlaşdı...

Fikirləşdim ki, evin yanındakı köşkdən özümə başqasını alaram, arxadan səslədim; xanım, xanım, ay xa... Çatdım, qəzeti uzatdım, dedim götürün... Üzündə o tanış qəribə ifadə yaranmışdı. Eyni ifadəni küçədə salam verdiyiniz ,heç tanımadığınız insanın sifətində görə bilərsiniz.

Bir az narahat ifadədir. Sanki onlardan nəsə istədiyinizi düşünürlər həmin an. O gözləyir ki, Sumqayıta getməyə 20 qəpik istəyəcəksiniz, amma siz heç nə istəmirsiz; salam verib, ötüb keçirsiniz... Bax o ifadə.

- ...istəmirəm, - dedi - mən özüm alaram.

- Yox, siz götürün, mən özümə başqasını alaram.

Qəzeti götürdü, dedi, onda gözləyin pulunuzu verim.

İmtina elədim. Qəzeti uzatdı, dedi, pulunu almayacaqsınızsa, istəmirəm. Dedim, indi qaçacam, çata bilməyəcəksiniz...

Güldü...

Dedi, o qədər yaşlı görünürəm?

Dedim, yox, qadın olduğunuz üçün...

Qaşları düyünləndi, o bayaqkı gülüş yox oldu... Və o an hiss elədim ki, nəsə səhv elədim.

Cavan oğlan, dedi, - bu, dedi, düzgün yanaşma deyil, qadınlar kişilərdən heç də zəif deyil...

Pərt olmuşdum. Hiss eləyirdim ki, hər an qəzeti qaytara, bəlkə də başıma vura bilər... Odur ki, bir-iki addım uzaqlaşdım, "anladım" dedim, sağollaşdım, arxamı döndüm, iti addımlarla dayanacağa tərəf irəliləməyə başladım. Dayanacağa çatdım, bir siqaret yandırdım. O tərəfə baxmağa qorxurdum. Həmişəki kimi bir tüstü almışdım ki, avtobus özünü yetirdi. Heç vaxt imkan vermir o tüstünü doyunca ciyərlərinə çəkəsən...

...Ordan mümkün qədər tez uzaqlaşmaq fikriylə özümü içəri atdım. Arxada xeyli boş yer. Keçdim oturdum. Yerimi təzəcə rahatlamışdım, tanış səs gəldi: "İcazə verərsiniz, keçim pəncərə tərəfə?".

Başımı qaldırdım - bayaqkı qadın.

Yol verdim. Oturdu.

Elə utanıram ki... Başqa vaxt bu qədər utanmazdım, sadəcə kimsə hədiyyəmi qaytaranda çox pərt oluram. Qoy olsun lap, nə bilim, 40 qəpiklik qəzet. Həyəcanlandım. Məktəbdə sinif yoldaşım Sevgililər günündə aldığım "mişka"nı qaytaracaq deyə həyəcanlandığım kimi. Bir anlıq fikirləşdim ki, qaytarsa, cırıb ataram üstünə, düşərəm avtobusdan, o birini gözləyərəm. Birdən o səs "oxumaq istəmirsən?" soruşdu...

Üzünə baxdım, gülürdü...

Qəzeti açdı. Gözümü gözümə ilk sataşan başlığa zillədim. Ürəyimdə Allaha yalvarırdım ki, bayaqkı qadın-kişi söhbətinə qayıtmayaq... Qayıtmadıq da. Ehtiyac yox idi. Bir qadınla bir kişi eyni qəzeti paylaşmışdı...

...Şəhidlər xiyabanına çatmamış dedi, mən çatdım, yol verdim, keçdi... Bir az irəlilədi, döndü arxaya, dedi, düşərsiniz...

Gediş haqqı - 20 qəpik, qəzet - 40 qəpik... 40 qəpiyi paylaşmışdıq...

***

...Kabinetim kabinetə oxşasın deyə, evdən bir-iki kitab götürmüşdüm. İki saata yaxındı, yol gedirdik. Hava qaralıb. Suyumuz qurtarıb, susuzluqdan ciyərimiz yanır... Yolda bir işıq gördük. Sürücü sürəti azaltdı, mağaza görmək ümidi ilə bayıra boylandıq... Əla! Kafe! Adı yadımda deyil. Bir də ki, həmin an mənim üçün su satılan hər obyektin adı "Oazis" idi. Keçdik içəri. Bir xanım, bir də yaşlı kişi. Oturduq. Xanım yaxınlaşdı. Dedim, içməyə soyuq nə varsa, gətir!

- Tez, xanım, tez bir az!

Gətirdi. İçdik. Ləzzət!

Arxasınca:

- Yeməyə nəyiniz var?

- Hər şey!

Stolun üstünü doldurdular. Boşqab qoymağa yer yoxdu, təsəvvür eləyin... İman kitabları götürdü ki, bajı, bunları oralarda bir yerə qoy, gedəndə götürərik. Sürücü içən deyil, İmanla biz səhərə qədər içdik. Gözümü açdım ki, gün işığı gözümü deşir. Tovuza girmişik...

Kitablar yaddan çıxıb kafedə qalmışdı. Bu, başqa məsələdi. Həmin ərəfədə kitabların yaddan çıxdığı yaddan çıxmışdı.

...Təxminən 4 ay keçmişdi. 2 ay idi ki, işsiz idim. Axşamdı. Bulvarda oturmuşuq. Zəng gəldi. Alo, bəli... Bəs mən filankəsəm. Tanımadım. Xeyli sonra xatırladım. O kafedəki xanım. Nömrə? Dedi, kitabın son səhifəsində yazılmışdı, sizin kitablarınız məndədi, birinin arasında da pul var. Düz deyirdi, kitaba nömrəmi yazmaq köhnə xasiyyətimdi. Bilmirəm niyə elə eləyirdim...

Soruşdum nə qədər pul var kitabın arasında, dedi, 3 dənə 10 dollar. Nə qədər elədim ki, özünüzə saxlayın, ehtiyac yoxdu, dedi, yox e, qaytarmalıyam bu pulu sizə. 3 gün sonra elə bulvarda görüşdük. Pulu qaytardı. Öyrəndim ki, qızını hazırlığa qoymaq üçün gəlib Bakıya. Kirayədə yaşayırlar. Atelyedə işləyir...

Qadınlar heç vaxt borclu qalmır.

# 5345 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #