Dayım içib nə yazdı?

Dayım içib nə yazdı?
20 avqust 2014
# 12:00

”Deyir, Jan Pol Sartrın bir əsəri var, 1943-cü ildə nəşr olunub. 20 il sonra oxuculardan biri şikayətə gəlib ki, bəs bu kitabın 16 səhifəsi əskikdi... Dəyişdirmək istəyiblər, amma depodakı bütün kitablarda həmin 16 səhifə əskik imiş. O günə qədər kitabı alan minlərlə oxucudan heç biri bunun fərqinə varmayıb...

Bilirəm, adlı-sanlı yazarlar kimi girdim yazıya... Hardaydı bizdə o qədər mütaliə?! Bu girişi başqa yerə bağlayacam...

Kulis.az-da yayımlanan ilk yazımda belə bir yer var: “2 il sonra ilk dəfə metroya düşəndə, “Nərimanov” stansiyasında eskalatorda düşünürdüm ki, mən burda nə gəzirəm?” Bu yazı 4 min dəfədən artıq oxunmuşdu... Və mənim tanıdıqlarımdan cəmi 2 nəfər əslində, "Nərimanov" stansiyasında eskalator olmadığının fərqinə varmışdı...

İndi durub yazsam ki, bu, qəsdən buraxılan səhv idi, inanmayacaqsınız... Və diqqət çəkmək istədiyim məqam da bu deyil, əslində. Bu xırdalıq yazını ilk oxuyan Anar Gəraylının da, saytda çıxmazdan əvvəl ona mütləq göz gəzdirən Qan Turalının da diqqətindən yayınmışdı...

2 səbəb ola bilər. İkisi də mənim üçün ümidvericidi...

1. APA Holdinq işçilərinə o qədər məvacib verir ki, onlar metrodan istifadə eləmirlər.

2. Yazı həqiqətən maraqlı idi deyə, bu xırdalıq diqqətdən yayınıb.

Ya da yazımı heç kim oxumur əslində, göz gəzdirib, tərifləyirlər...

Mövzu bu deyildi...

Yazı adamı içməlidirmi? Yaza bilmək üçün mütləq içmək lazımdırmı? Bu suallara istənilən cavabı verin, mən “Vikipediya”dan o cavaba uyğun gəlməyən onlarla ölü və diri yazar adı taparam.

Mən, məsələn, yaxşıca içib, sərxoş vəziyyətdə nəsə yazmağa cəhd eləmişəm... Alınmayıb. İçkili vəziyyətdə uzaq başı unitazda adımın baş hərfini yaza bilirəm. Siz də nöqtəsi, vergülü olan şedevrlərdən danışırsınız.

“Mən çox istedadsızam, ağlıma bir şey gəlmir ki, yazam” söhbəti deyil bu. Fikir var, gəlir, amma fiziki cəhətdən bunu çatdırmaq mümkün deyil. İnsanın fiziki imkanları deyə bir şey var. Əlim qələm tutmur ki, özüm yazam, dilim söz tutmur ki, deyəm yazsınlar...

...Bir dəfə yenə sərxoş vaxtımda nəsə yaxşı şey gəlmişdi ağlıma, özümü atdım kompüterin qarşısına (kompüterin arxası düzgün ifadə deyil), döşədim, dedim, sabah ayılanda baxaram, ayıldım ki, təxminən belə bir şey alınıb: djiybcbei ceouitcüpi cüiut. Sonra ha de ki gecə ilham gəlmişdi, qulağıma pıçıldadı. Hə, pıçıldadı... Amma çin dilində...

Bunu deyim, sözümün canı çıxsın. Qələm adamı da nə qədər istəsə, içməlidi. Hətta mütləq içməlidi. Amma içkili vəziyyətdə yazmaq mümkün deyil. Ən yaxşı halda asan iş deyil. Yəni “içməsəm, yaza bilmirəm” deyə bir şey yoxdu, əksinə içəndə yazmaq çətinləşir. Yazmaq belə asan iş deyil ki, qardaş, konsentrasiya tələb eləyir, ən azı, maşın sürmək kimi bir şeydi. Bu işi bu qədər sıradan bir şey kimi təqdim eləyirik, sonra da məsələn, mənim dayım kimi biri çıxıb deyir ki, yazajam.

Olan hadisədi, hətta 3-4 ayın söhbətidi, dayım gəldi oturdu bizdə, dedi, burda şərait yaxşıdı, yazmaq istəyirəm. Sən indi ha denən ki, camaat yazmağa təbiət qoynuna, kəndə gedir, sən niyə şəhərə, 4 divarın arasına qaçıb girmisən? Adam ayağını dirədi, dedi, yox da, hamı şəhərdə oturub yazır, mən də yazajam.

Klaviaturada hərfləri tapana qədər ilham pərisi qaçar deyə, qələm-dəftər də qoyduq qabağına... 1 saat keçdi, heç nə yoxdu, 2 saat, 3 saat... Ta nələr eləmədik - təbiət qoynunda şəlalə effekti versin deyə, hamamda suyu açmağa qədər... Xeyri olmadı. Dedi, içəjəm! Ay qardaş, bu, istedad məsələsidi... Yox e, içəjəm! Aqşin içib yazır, mən də içəjəm!

Zəng elədim Elan Vitala, o da Rəsul Şükürsoyu yığdı, “Nərimanov”da “pub”da görüşdük.

- Sizə nə verək?

- Nəyiniz var, gətirin!

İç, iç, iç, xeyri yoxdu, bir söz də gəlmir... Axırı, dayım error verdi.

Birtəhər Çingizin (Elan Vital) maşınına qədər sürüdük. Çatdıq evə, Rəsul bir qoluna girdi, mən o birinə. Lift işləmirdi. 7-ci mərtəbə necədi?! Konkret bu vəziyyət üçün yox, amma hər ehtimala qarşı ehtiyat açarım var, qapını açdım, girdik içəri, dayımı uzatdıq divana. Çıxanda fikirləşdim ki, yazıqdı, ayaqqabılarını çıxardım. Qapını bağladım, çıxdıq.

...15 dəqiqə keçmişdi, Bayılın "kruq"una çatırdıq, zəng gəldi. Dayım...

- Hə, dayı, nəsə olub?

- Neynirsən?

- Yoldayam, evə gedirəm...

- Hə, dedim, məndən narahat olma, çatmışam uje, evdəyəm, hər şey yaxşıdı, bajoğlu...

İndi siz deyirsiniz ki, bu adama ilham gəlsəydi, şeir yazacaqdı?

# 5306 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #