Yuxuda gördüyü kimi öldürülən ziyalı

Yuxuda gördüyü kimi öldürülən ziyalı
21 iyul 2014
# 08:00

Kulis.Az-ın "Ən yeni Azərbaycan kinosu" layihəsində son 15-20 ildə çəkilən, amma geniş tamaşaçı auditoriyasına tanış olmayan qısa və uzun metrajlı, bədii və sənədli filmlərimizi tanıdırıq.

“Vahimə”

Çəkildiyi il: 1998

Xronometaj: 17 dəqiqə

Rejissor: Rüfət Əsədov

Ssenari müəllifi: Natiq Rəsulzadə

Operator: Yuri Varnovski

Rollarda: Fuad Poladov, Abbas Qəhrəmanov, Ayaz Salayev, Firdovsi Atakişiyev

İstehsalçı şirkət: “Debüt” studiyası

Natiq Rəsulzadənin “Yuxu” hekayəsinin motivləri əsasında çəkilən “Vahimə” psixoloji dram janrındadır. Aktual mövzuya toxunan film cəmiyyətdə baş verən dəyişikliklərdən sarsılmış sənətçinin taleyi haqqında danışır.

R.Əsədov rejissor işinə görə "Bakılı" beynəlxalq cəmiyyətinin "Humay" Mükafatını alıb.

1998-ci ildə film Fransanın Lorken şəhərində XXII Beynəlxalq qısametrajlı psixoloji filmlər kinofestivalında xüsusi mükafata layiq görülüb.

“Vahimə” Lümyer qardaşlarının Qızıl Fonduna daxl edilb.

Dosye: Rüfət Əsədov 1960-cı ildə Naxçıvanda anadan olub. Rusiyada Leninqrad Texnoloji Universitetində, "Lenfilm"in məktəbində təhsil alıb. Məşhur rus rejissoru Aleksandr Sokurovun kursunu bitirib. “Neftçi”, “Peşəkar”, “Quba yəhudləri” sənədli filmlərinin, “Arxada qalmış gələcək” bədii filminin müəllifidir.

Rejissorla söhbəti təqdim edirik.

  • “Vahimə”ni sürreal film adlandırmaq olar?

- Olar yəqin ki... Biz əslində “Vahimə”ni 1994-95-ci illərdə çəkməliydik. Oqtay Mirqasımov dedi ki, Natiq Rəsulzadənin “Yuxu” hekayəsi var. Oxudum. Tutdu məni. Bu da o dövrün təsiri altında yazılmışdı. Filmdə sürreal məqamlar var. Amma film daha çox alman kinoekspressionizmin təsiri altında yaranıb. Ziyalılar həmişə müdafiəsiz təbəqə olub. Qəhrəmanımın dünya ilə əlaqəsi qorxu üzərində qurulub və bu, ekzistensial qorxudur. Qəhrəmanın gördüyü yuxu, yaşantıları, bunlar həm də mənim həyatım idi. Yəni müharibə şəraitində ziyalının taleyinin, qeyri- müəyyən mühitin təsvir olunduğu hekayə məni tutdu. Natiq Rəsulzadəyə çox minnətdaram ki, hekayədə dəyişikliklərə imkan verdi. İş birliyimizdə problem olmadı. Məsələn, hekayədə onun qəhrəmanı yazıçı idi, biz elədik musiqiçi. Vizual cəhətdən yazıçını göstərmək problemli olduğu üçün.

- Filmin büdcəsi nə qədər idi?

- İnanırsız, heç bilmirəm. Az büdcəyə çəkmişik. Eldar Quliyev o vaxt yardım elədi. İşıqçıdan tutmuş sürücüyə kimi hamı canla-başla işlədi. Hardasa 7 günə bitirdik. Yeri gəlmişkən, filmdəki tramvay səhnəsi sizin şirkətin yerləşdiyi küçədə çəkilib (N.Rəfiyev küçəsi). Metronun yanı tramvayın son dayanacağı idi.

- Siz nuar janrından da istifadə etmisiz. Yəqin ki, dövrün ab-havasını dəqiq vermək üçün. Maraqlıdır ki, kino tariximizə baxsaq, ekspressionizmin, sürrealizmin, nuarın elementlərinə demək olar ki, rast gəlmək çətindir.

- Çünki bizdə daha çox həyati filmlərə üstünlük verilir.

- Ziyalının kasıb, sadə mənzili var. Bununla belə, siz bilərəkdən sosial motivi önə çəkməmisiz?

- Hər halda sosial problemlər müvəqqəti, keçicidir. Orda bir yer vardı ki, qəhrəman cəmiyyətin xəstə olduğunu deyir. Dedilər ki, mümkünsə, bunu çıxart. Və mən o frazaya adekvat kino dili tapdım. Not dəftərləri yerə düşür. Ağır çəkmə dəftəri tapdalayır. Çəkmə həmişə gücü, hakimiyyəti ifadə edir. Ümumiyyətlə, festivallarda sosial dramlara üstünlük verir. Amma mən bu film ilə daha çox içimdə olanları, narahatlıqlarımı bölüşmək istəyirdim. Çünki özüm də çox yorulmuşdum.

- Filmdə televizor səhnəsi var. Televizorda mətn oxuyan adam nəsə anlaşılmaz ifadələr deyir. Bu da dövrümüzün qeyri-müəyyən, anlaşılmaz mühitinə işarə idi?

- Filmin rəssamı Adil Azay dedi ki, yaxşı bir mətn tapmışam. Bunu filmdə istifadə etmək olar. Bu səhnəni verməkdə məqsədimiz vardı. Səhər durursan, axmaq yuxu gormüsən, axmaq bir əhvaldasan. Tezdən televizoru açırsan ki, şad xəbər eşidəsən, orda da belə anlaşılmaz şeylər deyirlər. Bu həm də bir növ qəhrəmanın şüuraltı rolunu oynayır. Filmin bir yerində isə televizorda Berqmanın “Persona” filmindən hörümçək olan kadrı vermişəm. Abbas Qəhrəmanovun personajı İçərişəhərdə televizorun içini qurdalayır. Televizor üç kadrda varsa təsadüfi xarakter daşımır. Yeri gəlmişkən, Fransada elə bilirdilər ki, tramvayı muzeydən götürmüşük. Onlar təsəvvür etmirdilər ki, şəhərdə belə tramvay hərəkət edə bilər.

- Finalda ölüm səhnəsinin ekran həlli maraqlı idi. Qanın kameraya sıçramasını nəzərdə tuturam.

- Həmin səhnəni kinostudiyanın həyətində çəkmişdik. Qanı şprislə vurmuşduq. Bəzi adamlar dedilər ki, ölüm rahat baş verir. Mən bir epilepsiya xəstəsinin ölüm anını görmüşəm. Həmin an onun üzündə qəribə rahatlıq vardı. Onu həyata qaytardılar, gözünü açanda dilxor oldu elə bil. Təbii ki, biz ölümün necə baş verdiyinin mexanizmini bilmirik.

- Məncə, qəhrəman da artıq psixoloji cəhətdən ölümə hazır idi. Həm də özünün dediyi kimi həyatdan yorulmuşdu.

  • Ola bilər.

- Dünya kinosunda dövrün tələbindən doğaraq yeni estetikalar meydana gəldi. Bəs sizcə, bizim cəmiyyətdəki problemləri, yaşam tərzimizi, dünyaya baxışımızı necə bir kino estetikası dəqiq ifadə edə bilər?

- Maraqlı sualdır. Düşünməmişəm. İndi film çəkən uşaqların çoxu ilə yaxından tanış deyiləm. Amma bir qismi ilə tanışam. Mən də razıyam ki, elə bir cərəyan yaranmadı. Fakt odur ki, yoxdur. Bizim bugünkü yaşam tərzimiz – müharibə təhlükəsi, aşağı təbəqə, yuxarı təbəqə, imkan verir ki, hansısa estetik prinsipləri olan qruplaşma yaransın. Dünya təcrübəsi də bunu sübut edir ki, yeni estetikalar qrup şəklində yaranıb. Amma lider olmalıdır. Və o lider təmənnasız olmalıdır. Özümüzü yaratmalıyıq, başqa kino estetikaları imitasiya etməməliyik. Məsələn, İran kinosu kimi.

- Sizcə nə mane olur?

- Bilmirəm, amma düşünməyə dəyər.

- “Arxada qalmış gələcək” “Vahmə”dən zəif filmdir. Baxmayaraq ki, onun ideyası maraqlıdır. İlk təsvirlər sənədli manerada çəkilmşdi. Məncə, başqa zamana keçid olmadan, həmin estetikada davam etsəydi, maraqlı alınardı.

- Ssenaridən kənara çıxmaq olmurdu. Əslində o mənim ssenarim deyildi. Mənim başqa ssenarim vardı. Amma bunu təklif elədilər. Ssenaridə filmdə verdiyim çox şey yox idi. Özüm millətçi deyiləm, pasifistəm. Peterburq mühiti də təsir edib.

- Amma filmdə vətənpərvərlik pafosu vardı.

- Çünki ideologya sənətə üstün gələndə başqa yerlərə aparır. Həm də dövlətin pulu ilə çəkilirdi. Ona görə bunu nəzərə almaq lazımdır. Bir insanın başqa zamana düşməsi haqda çox filmlər çəkilib. Biz də milliləşdirdik.

- İndi nə işləyirsiz?

- Sənədli film işləyirəm. İsmayıllıda yəhudi kəndi var. Hamı gedib, qoca bir yəhudi qalıb. Qəbiristanlığa qulluq edir. San-Fransiskoda yerləşən “Prometheus production” studiyasının maliyyəsi ilə bu sənədli filmi işləyirəm.

# 5043 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #