Aktyorlardan Seymur Baycana sərt ETİRAZ

Aktyorlardan Seymur Baycana sərt ETİRAZ
4 iyul 2014
# 14:53

Yazıçı-publisist Seymur Baycan Kulis.Az-da çap olunmuş “Sənət sənət üçündür!” adlı məqaləsində Yuğ Teatrı ilə bağlı tənqidi fikirlərlə çıxış edib. Yazı ilə bağlı sözügedən teatrın sənətçilərinin, teatr bilicilərinin münasibətini öyrəndik.

Yaqut Paşazadə (Yuğ Teatrının aktrisası)

“Seymur Baycanın bizim teatrdan qovulmağı mənim gözümün qabağında olub. Vaqif İbrahimoğlu onu tamaşadan bayıra çıxardı və dedi: “Sən nə yazar kimi, nə tamaşaçı kimi, nə insan kimi mənə maraqlı deyilsən. Get nə istyirsən elə!” Bax beləcə deyib onu bayıra atmışdı. Səhv eləmirəmsə ona görə ki, tamaşanın ortasında gəlmişdi, tamaşa gedə-gedə dəhlizdə yüksək səslə, yekə-yekə danışmışdı. Buna görə Vaqif müəllim onu söyüb qovmuşdu. Demişdi ki, bəyənmirsənsə de ki, tamaşanı bəyənmirəm, etik şəkildə çıx get.

O, adi etik qaydalara riayət etməmişdi. Bilmirəm, ondan əvvəldəndi, yoxsa sonradan onun Yuğla belə münasibəti olub. Yəni, o, bunu elə-belə demir. Mən onun yazılarını da, müsahibələrini də hərdən oxuyuram. O anlaşılmaz adamdır, nala-mıxa vuran adamdı. Günel Mövludu da bəyənmirəm, amma Günelin öz fikri var. Seymursa öz fikri, öz mövqeyi olan adam deyil. Seymur bizə maraqsız insandır. Məsələn Aydın Talıbzadə Yuğun tamaşasını bəyənməsə olar. O, bizə vacibdir, çünki o, tənqidçidir, fikrilə teatrın inkişafına quluq edir. Amma Seymur Baycan kimdir?”

Tərlan Rəsulov (Yuğ teatrının direktoru)

“Sizcə, onun yazdığı tənqiddir? Boş söz yığını yazan adamın sözlərinə münasibət bildirmək fikrim yoxdur. Onun fikri mənə maraqlı deyil. Mənə daimi tamaşaçılarımızın fikri maraqlıdır. O, nə tamaşaçıdır, nə tənqidçidir ki, ona cavab verim? Nə istəyir yazsın. Öz işi ilə məşğul olsun.”

Gülzar Qurbanova (Yuğ Teatrının aktrisası)

“Yuğ Teatrında arzulayırlar ki, tamaşaçı qalxıb tamaşanı tərk etsin- bu fikir absurddur. Mən bilmirəm o hansı tamaşaya baxıb, bu fikrə gəlib. Mən oynadığım bütün tamaşalara əvvəldən axıradək cavabdehəm. Öz səmimiyyətimə də cavabdehəm. Mən işimdə yüz faiz səmimiyəm, çünki bu, mənim yaradıcılığım, həyat tərzimdir. Bilmirəm, bəlkə o studiyada uşaqların hələ püxtələşməmiş bir işinə baxıb və bəyənməyib. Mən onu “Naməlum Axundzadə” və “Kafkadan salam” tamaşasına çağırıram. Tamaşadan sonra da onun bütün suallarını cavablandırmağa, cavablarımı əsaslandırmağa hazıram. Onu da deyim ki, aktrisanın öz teatrı haqda belə əsaslı, açıq danışmağı da heç bir teatrda yoxdur. Qaldı cəmiyyətdən təcrid məsələsinə... Mən həmişə insana, həyata yaxın olmağa çalışıram. Daha onun-bunun oxuduqlarını, fikirlərini götürüb təqdim etməyə yox.

Seymur fərqli düşüncəsi olan adamdır, allah var, bunu danmaq olmaz. Bəlkə onun baxdığı tamaşada uşaqlar tamaşaçıya laqeyd və ya istehzalı davranıblar... Bilmirəm.

Bəzi tamaşalar olub ki, uşaqlar məsuliyyətsiz yanaşıblar. Mən də ərklə səsimi qaldırmışam ki, olmaz belə, mən teatra ömrümü sərf etmişəm, bu teatra deyilən hər söz mənə gəlir və siz məsuliyyətli olmağa borclusunuz. Biz ailə kimiyik. Mən Mikayılın tamaşası ilə qürur duyuram. Amma gənclərdən böyük işlər də tələb edə bilmərik.

Biz Mirşahin kimi 80 yaşlı qoca insanla 30 yaşlı gəncin ölümə münasibətini tutuşdurub, “ağılllı-ağıllı” nəticələr çıxara bilmərik. Məsuliyyəti həmişə hiss etməliyik. Amma Seymur Yuğ deyirsə, Yuğ mənəm. Mən bir tamaşanın yolunu keçmək üçün it zülmü çəkirəm. Bu mənim həyatımdan, həyat tərzimdən keçib. Necə məsuliyyətsiz və ya qeyri-səmimi ola bilərəm?”

Aydın Talıbzadə (teatrşünas alim)

“Bir dəfə mən də Vaqif İbrahimoğlu ilə müsahibəmdə demişdim ki, onun tamaşaları "intellektual blef"dir. Məncə elə Seymur da bunu deyir. Belə görüb ki, belə deyir. Bu onun gördüyüdür, duyduğudur, anladığıdır və səmimiyyətlə dilinə gətirib yazdığıdır. Ancaq mən anlamadım ki, nəyi və niyə müzakirə eləyirik? Hərə öz fikrində azaddır, öz səmimiyyətində və ya əksinə, öz teatrallığında, öz oyunlarında, öz yalanlarında azaddır. Yuğ əgər sənətdə belə mövcudluq tərzini, müəmmalarla oynamaq, görünüb gizli qalmaq üslubunu seçirsə, bir əlin necə səsləndiyini, sükutun necə qışqırdığını göstərmək istəyirsə və bu zaman öz intellektual blefindən həzz alırsa, niyə biz onları qınamalıyıq? Əsas budur ki, təki yuğçuları öz tamaşaları ilə, öz teatrları ilə xoşbəxt olmaq duyğusu tərk etməsin”

Kamran Yunis (Yuğ Teatrının sabiq aktyoru)

“Bilirsiniz, əgər mən Opera və Balet Teatrını başa düşmürəmsə, bu o teatrın problemi deyil, mənim problemimdir. Rəhmətlik Əbülfəz Elçibəy deyirdi ki, mən Yuğ Teatrına gedirəm, tamaşaları bəzən başa düşürəm, bəzən yox. Başa düşməyəndə başa düşürəm ki, bu, mənim problemimdir, ya da düzgün bucaqdan baxmıram. Bu, çox önəmli şeydir.

Yuğ Teatrını anlamaq üçün xüsusi keyfiyyətlər lazım deyil. Sadəcə ruhlarına, hiss və duyğularına azadlıq, rahatlıq verməlidirlər. Hər şeyi Aristotel məntiqi ilə anlamağa məcbur edən Sovet teatrından fərqli olaraq, laylalarımızı, muğamımızı duyan kimi duymaq lazımdır. Yuğ Teatrını başa düşmək yox, duymaq lazımdır.

İnsanlar özlərinə, öz duyğularına azadlıq rahatlıq verə bilmirlər, bu da onlara Yuğ Teatrını anlamaqda mane olur. Yuğ Teatrının tamaşaçılarını dolamaq qeyri-mümkündür. Doğrudanmı o düşünür ki, Azad Mirzəcanzadəni, Ramiz Rövşəni, Vaqif Bayatlı Önəri, Kamal Abdullanı, onlarla, yüzlərlə ziyalımızı dolamaq mümkündür?

O, bunu deməklə Azad Mirzəcanzadədən ən yeni yazarlaradək bütün ziyalıları təhqir edir. Guya biz indiyədək Ramiz Rövşəni dolamışıq? Əstəfürullah!

Bu, yalnız cahil insanın ağlına gələ bilər. Vaqif İbrahimoğlu ruh ilə yaşayan insan idi və ruhu da buna iman verməzdi. Gündəmə gəlmək üçün indi Yuğ Teatrının ətrafında çox söz-söhbət gedir. Yuğ Teatrı Azərbaycan teatr prosesində öz sözünü deməyi bacaran teatrdır. O mənada ki, Yuğ Teatrının sənətçiləri – Fəxrəddin Manafovdan tutmuş Kamran Yunisədək Azərbaycan teatr, kino prosesində öz sözünü deməyi bacaran aktyorlardı: Medhriban Zəki, Gülzar Qurbanova, Fərhad İsrafilov, Vidadi Həsənov, Elxan Cəfərov...

Onların hamısı teatr sənətində öz sözünü deyə bilən və ləyaqətli sənətçilərdir. Seymur gəlsin mənimlə polemikaya girsin, görüm onun teatrdan nə qədər anlayışı var, nə qədər teatrı anlayır? Mən ona teatrı və aktyor sənətini başa salım. Məncə onun anlayışı yoxdur ki, bu aspektdən düşünüb-daşınır. Yuğ Teatrının hər bir aktyoru istədiyi məntiqlə-istər səlis, istər qeyri-səlis-onunla polemikaya girə bilər. Məncə Yuğ Teatrından yazıb özünü yormasın. Hələ də geridə qalmış tamaşalar var, onlardan yazsın. O, yəqin ki, dəbdən düşdüyü üçün Yuğu tənqid etməklə reytinq toplamaq istəyir.”

Ər Toğrul Kamal (Yuğ Teatrının rejissoru)

“Orta məktəbdə oxuyanda “İnsan və cəmiyyət” fənni keçirdilər. Hazırda azad söz, azad fikir demək çox gözəl hərəkətdir. Subyektiv fikir teatr və poetikalar haqda olanda daha gözəl olur, nəinki fərdlər haqqında. Düşüncələrimi birbaşa aid olan və səmimi rəftara söykənən münasibətlə, amma dolayısı ilə heç kəsə aid olmayan bir rakursdan ümumi planda çəkilmiş kadrla göstərmək istəyirəm. Yuğ sözünün mənasını “bilənləri” agah edim. Ya da yox! Kim bilmir-bilməsin. Məgər hamı hər şeyi bilməlidir?

Məsələn mən heç fransız modern rəqs ustası Sarah Baltzingerin hansı “peşə”nin sahibi olduğunu dəqiq bilmirəm. Tamam yadımdan çıxdı, məndən nəyə münasibət soruşmuşdunuz? Amma yenə də danışmaq xətrinə danışdım. Kimsə düşünməsin ki, mən saymadım deyə ad çəkmədim. Əksinə, saydığımdan və sayğımdan ad çəkmədim”.

# 4126 dəfə oxunub

Oxşar xəbərlər

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

Siyasətçilər insanları necə idarə edirlər? - Əsəbləri zəif olanlar baxmasınlar

17:00 25 aprel 2024
Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
# # #