Seymur Baycan: Sənət, sənət üçündür!

Seymur Baycan: Sənət, sənət üçündür!
3 iyul 2014
# 10:34

Kulis.Az Seymur Baycanın “Sənət, sənət üçündür!” məqaləsini təqdim edir.

Eliyas Kanettinin “Korlaşma” əsərindəki öncəgörmələri qoyaq bir kənara. Hərçənd, sənətdə öncəgörmə çox vacib məsələlərdən biridi. “Korlaşma” əsərində kitaba qarşı gördüyüm bu qədər aşırı sevgini, bu dərəcədə dəlicəsinə diqqəti, kitabın hətta xəstəcəsinə reklamını oxuduğum başqa əsərlərdə görməmişəm. “Korlaşma” bu mənada oxuduqlarım arasında birmənalı olaraq birinci yerdə dayanır.

Əsər yalnız hazırlıqlı oxucu üçün maraqlı, qiymətli ola bilər. Bu cümləni rahatlıqla yazıram, çünki doğurdan da belədi. Burda heç bir yekəxanalıq və qəsdən özünü təcdiretmə, özünü başqalarından seçdirmə cəhdi yoxdur. “Korlaşma”, məncə, “Sənət sənət üçündür” prinsipiylə yazılmış əsərlərdəndir. Hazırlıqsız oxucunun “Korlaşma”nı başa düşməsi bir az çətin olacaq.

Əsərin süjetini yazmaq istəmirəm. Bu, o qədər də asan deyil. Sadəcə, istərdim ki, bizim sənət adamlarımız bu əsərlə tanış olsunlar. Hər birimizin “Korlaşma”dan öyrənəcəyimiz, əxz edə biləcəyimiz xeyli məqamlar və söhbətlər var. Əsər mesajlarla zəngindir. Mənim üçün önəmli olan mesajlardan biri də bu oldu ki, mənəviyyat dünyasının insanları maddiyyat dünyasının insanları ilə əlaqəyə girəndə çox ehtiyatlı olmalıdırlar.

Çünki, maddiyyat dünyasının ən zəif sakini mənəviyyat dünyasının ən güclü insanının həyatını alt-üst etməyə qadirdi. Çünki, mənəviyyat dünyasının sakinləri ən adi məişət problemini həll etməkdə acizdirlər. Maddiyyat dünyasının sakinləri isə məişət problemlərini asanlıqla həll edirlər. Bu qədər sadə. Elə “Korlaşma” əsərinin qəhrəmanı Kini də məhv edən maddiyyat dünyasının adi bir sakini ilə əlaqəyə girməsi olur.

Bir alim, bir mütəxəssis, kitabları həddindən artıq sevən bir insan (Kin evdən çıxmazdan əvvəl oxumağa hansı kitabı götürəcəyini müəyyən etməkdə çətinlik çəkir. Rəflərin qarşısında dayanaraq eləcə kitablara baxır) maddiyyat dünyasıyla əlaqəyə girərkən səhvə yol verir və nəticədə bütün həyatı maddiyyat dünyasının sakini tərəfindən darmadağın edilir. Kin öz ev qulluqçusu ilə evlənir və bu əlaqə faciəylə nəticələnir. Düzdür, bəzən eyni dünyanın adamları da bir-birlərinin həyatlarını məhv edirlər. Belə hallar olur, lakin indi bu haqda dastan açmağa heç həvəs yoxdu. Növbəti yazıların birində bu hallara bacardığımız qədər aydınlıq gətirməyə cəhd edərik.

Əvvəllər sənət sənət üçündür fikrini, sənət sənət üçündür şüarını heç qəbul edə bilmirdim. Bu şüar yekəxanalıq, eqoizm, qəsdən özünü təcridetmə kimi görünürdü mənə. Lakin günü gündən başa düşürəm ki, doğrudan da sənət həqiqətən də sənət üçündü. Baxmayaraq ki, yenə də sənətdəki, əsərlərdəki mesajların mümkün qədər çoxluğa çatdırılmasının, bunun üçün müxtəlif vasitələrdən istifadə olunmasının tərəfdarıyam. Mesajların çoxluğa çatdırılması üçün daima yeni vasitələrin tapılması vacibdir. Vasitələr və qaydalar dəyişə bilər, prinsiplər isə dəyişməzdi.

Nə etməli, paralel dünyalar mövcuddur. Bu paralel dünyanın sakinlərinin bir-birlərini başa düşməsi müşkül məsələdi. Qarşılıqlı hörmət ola bilər, lakin bir bankir bir yazıçını, bir yazıçı bir bankiri axıra qədər heç vaxt başa düşməyəcək. Özü də insanların sənətdən uzaq olduğu, üstəlik sənətə və sənətkara lağ edildiyi ölkələrdə bu əlaqə daha tez qırılır. Bir çox hallarda isə bu əlaqə ümumiyyətlə mövcud olmur. Hətta sənət adamının özü belə bir çox hallarda bir çox suallara səssiz cavab tapmaqda çətinlik çəkir.

Bir aktrisanı teatrda tutub saxlayan nədi? Axı o özü də başa düşür ki, həyatı məhv olmaqdadı, bunu özü də hiss edir, lakin bu sirrli cazibə onu öz həyatını qurmağa imkan vermir. Teatr adlı bir məbəd onu tutub saxlayır. Niyə? Necə? Bu suala dediyim kimi hətta heç səssiz də cavab vermək olmur. Həm normal ailə sahibi olmaq, həm də sənətdə az-çox öz sözünü demək isə çox az adama müyəssər olur. Söhbət insanın məşhurluğundan, tirajından ad-sanından getmir. Söhbət həqiqi sənətkardan, həqiqi sənətdən, sənətə səmimi münasibətdən gedir. Təəssüflər olsun ki, həqiqi sənətkarlar deyil, çox vaxt sənətkar rolunu oynayanlar, rəssam, yazıçı, bəstəkar rolunu əla ifa edənlər cəmiyyət tərəfindən daha yaxşı qəbul edilir.

Çünki cəmiyyətin özünün sənətkarlardan gözləntiləri var. Bu gözləntiləri doğruldanlar daha rahat yaşayırlar, bu gözləntiləri doğrultmayanlar rol oynamaq istəməyənlər üçün isə daha çətindi. Şair, rəssam, yazıçı rolunu oynayanlar daha çox şair, yazıçı, rəssam kimi tanınırlar. Uzağa getməyək, bizim ölkədə özünü sufiliyə, dəliliyə qoymuş, guya özünü tək hesab edən ruh adamları var. Bu ruh adamları müsahibə verəndə hoqqa çıxarırlar, amma sən onu alış-verişdə bir qəpik aldada bilməzsən. Özlərini süfiliyə, dəliliyə, məcnunluğa qoyublar Söhbət mükafata, təqaüdə çatanda onlar əsl Taleyran siyasəti yeridirlər. Bu, guya tək və tənha adamların, bu ruh adamlarının, bu sufilərin telefonunda neçə-neçə iş adamlarının, vəzifə adamlarının nömrələri var. Niyə? Çünki, bu ruh adamları, bu sufilər cəmiyyətin sənətkar anlayışına çox gözəl cavab verirlər. Adamların sənətkardan nə gözlədiklərini gözəl bilirlər.

Özlərini mənəviyyat dünyasının sakinləri hesab edib, əslində maddiyyat dünyasının qanunlarını üstün tuturlar. Həm mənəviyyat dünyasına, həm də maddiyyat dünyasına sahib olmaq fikrindədirlər. İsa peyğəmbər deyirdi ki, bir qulun iki ağası ola bilməz. Bir qulun iki ağası ola bilmədiyi kimi, insan da iki dünyanın sakini ola bilməz. Ya tam olaraq maddiyyat dünyasını seçməlisən, ya da mənəviyyat. Təəssüf ki, iki dünyanın arasında gediş-gəliş edən adamlar çox vaxt sənətkar kimi tanınır. Bunun özü də bir növ insanların saxtakarlığına və mənəviyyat dünyasından nə qədər xəbərsiz olduğuna dəlalət edir. Portağal şirəsi içib həyata pozitiv köklənənlər heç vaxt Tomas Vulf ağrılarını, Platonov iztirablarını başa düşməzlər və heç vaxt da başa düşməyəcəklər. Portağal şirəsi içib həyata pozitiv köklənənlər “Həqiqi sənətkar kimdi?” sualına cavab tapa bilməzlər, bu ixtiyar ümumiyyətlə onlara verilməyib. Sənət dünyasının həqiqi qapıları onların üzünə bağlıdı. Çünki günəşin doğuşundan guya həzz alanlar və günə yüksək əhval-ruhiyyə ilə başlayanlar həyatı, sənətkarları, sənəti öz mövcudluqları ilə təhqir etməkdədirlər. Belinski Qoqola yazdığı məktubunda çox incə bir məqama toxunur. Belinski yazir ki, İsa peyğəmbər öz həqiqətini, öz iztirabları ilə möhürlədi. Bəli, həqiqi sənətkar öz yaradıcılığını öz iztirabları ilə möhürləməlidi. Bu mənada həqiqi iztirablarla möhürlənməmiş sənət əsərləri sənət deyil, sənət ətrafında gəzişmələrdir. Təklikdən, tənhalıqdan şikayətlənib, özünü yalandan divanəliyə, sufiliyə qoyub, amma yubileyinə 250 iş adamı, vəzifə adamı dəvət edənlərin sənətkar kimi, ruh adamı kimi qəbul edildiyi bir məkanda bu söhbətlərin başa düşülməsi çətindi.

İnsanlar çox vaxt özlərini olduqlarından mədəni, olduqlarından savadlı göstərməyə çalışırlar. Nə bilmək olar, yəqin bunun özü də bir çox hallarda sənətin yaşaması üçün müəyyən bir rol oynayır. Yoxsa, belə öz axarına buraxsan, sənətin üzünə çox az adam baxar. Əgər salonlarda öz paltarını göstərmək şansı olmasa, insanlara əlində qədəh tutub ədalı-ədalı yüksək dəyərlərdən danışmaq imkanı yaradılmasaydı sənət adamlarının çoxu yəqin ki, acından ölərdi. Necə ki, tarixdə bu kimi biabırçılıqlar çox olubdur. Nə demək istədiyimi açıqlayan bir hadisəni tirajlamaq istərdim.

Soyuq bir yanvar səhəri. Vaşinqtondakı metro stansiyalarının birində sadə qara şalvar, qara uzunqol köynək geyinmiş, başına beysbol papağı qoymuş bir nəfər skripkada 45 dəqiqə ərzində İ.S.Baxın 6 əsərini çalır. Bu müddət ərzində təxminən min nəfər insan tələsik halda skripkaçının önündən keçir. Çalmağa başladıqdan 3-5 dəqiqə sonra yaşlı bir adam skripkaçının fərqinə varır, bir az dayanıb dinləyir sonra isə tələsə-tələsə yoluna davam edir. Skripkaçı ilk bəxşişini bir dəqiqə sonra qazanır, bir qadın addımlarına ara vermədən, onun qarşısındakı qaba bir dollar ataraq yoluna davam edir. Bir neçə dəqiqə sonra başqa bir adam dayanıb dinləməyə başlayır, lakin birdən qol saatına baxıb işə gecikdiyini bəlli edən bir üz ifadəsiylə ordan uzaqlaşır.

Diqqəti ən çox cəlb edən isə 3 yaşındakı oğlan uşağı olur. Anasının uşağın qolundan tutub dartmasına baxmayaraq uşaq skripkaçının önündə dayanaraq ona baxır. Nəhayət anası uşağın qolundan dartıb arxasıyca aparır, uşaq geriyə dönüb skripkaçıya baxır, çarəsizcə anasının arxasından gedir. Anası və atası tərəfindən məcburi aparıldığı üçün buna bənzər bir neçə uşaq daha ordan uzaqlaşırlar (Burda Andersonun məşhur nağılı, “Kral lütdür” deyən uşaq yada düşür ). Çaldığı 45 dəqiqə ərzində skripkaçının qarşısında 6 nəfər çox qısa müddətdə ayaq saxlayır. 20 nəfər ayaq saxlamadan pul verib yoluna davam edir. Skripkaçı çaldığı müddət ərzində 32 dollar toplayır. Çalmağı dayandırdığında isə ortalığa səssizlik çökür, heç kim onun dayandığını görmür və alqışlamır. Heç kim onun dünyanın ən yaxşı skripkaçılarından biri Joshua Bell olduğunu bilmir. Bu mini konsertdən iki gün əvvəl Joshua Bellin Bostondakı konsert biletləri orta hesabla 100 dollardan satılmışdı.

Bu lahiyəni “Washington Post” qəzeti həyata keçirmişdi. Buyurun, konsertinə biletin ortalama yüz dollara satıldığı bir sənətkara metro qarşısında heç kim qulaq asmır. Heç kim onun dünyaca məşhur bir sənətkar olduğunu anlamır. Bunun fərqinə varmır. Amma yəqin ki, bu sənətkarın konsertində adamlar ədalı-ədalı yüksək sənətdən danışırmışlar, üstəlik hələ bir bəzi məqamları, anları da tənqid ediblər.

***

Sənətin yaşamasında rol oynayan daha bir vacib amil var. Nə vaxtsa başa düşəcəklər, nə vaxtsa qiymət verəcəklər amili. Gələcəyə layiq olanlar da, olmayanlar da, zəiflər də, güclülər də “Nə vaxtsa başa düşəcəklər”, “Nə vaxtsa qiymət verəcəklər” sözlərindən güc alırlar. Əks halda sənətkarların reallığa dözüm göstərməsi, mövcud ağır şərtlər altında yaşaması çox çətin olardı. Taqor deyirdi: “Gələcəyin adamı gələcəyi yaxınlaşdıran adamdı”.

Bir yazıçı, bir fikir adamı onsuz da cəmiyyətin əlli ildən, yüz ildən sonra hara gedəcəyini anlayır. Gələcəyi yaxınlaşdırmaq istəyir. O, deyir ki, ay insanlar, onsuz da əlli ildən sonra siz bu cür yaşamağa məcbur olacaqsınız, gəlin yaxşı olar ki, indidən belə yaşayaq.

Cəmiyyət doqmalarla yaşadığı üçün onu başa düşmür. Onu daş-qalaq edirlər. Söyürlər, döyürlər, qovurlar. Məsələn, ötən əsrin əvvəlində kostyum geyinən adamlara bir çox hallarda həqarətlə intelligent deyirdilər. Bu gün az qala hamı kostyum geyinir. Əgər bizim babalarımız indi bizi bu qiyafədə görsəydilər yəqin ki, ucdantutma hamımıza mütrüf adı qoyardılar. Nə oldu? O babalar ki, kostyum geyinənlərə intelligent, mütrüf, kafir deyirdi, bu gün onların nəvələri kostyum geyinməkdədir.

Ən adi misal çəkdim. Başqa misallar da gətirmək olar. Sadəcə söhbətimiz çox uzanacaq. Sənətkarın bu cür cəmiyyətdən təcrid olunması yaxşıdı. Biri də var ki, sənətkar özü-özünü qəsdən süni vasitələrlə cəmiyyətdən təcrid edir. Bu cür təcrid olunmaq ona ləzzət verir. O, bu vəziyyətdən həzz alır. Bu cür süni surətdə özünü cəmiyyətdən daha çox iranlı və türk sənətkarları təcrid edirlər. Ümumiyyətlə iranlılar və türklər artist, rəssam, rejissor, yazıçı rolunu çox mükəmməl oynayırlar. Bu yarışda onlara çatmaq qeyri-mümkündü. Onlar öz rollarına o qədər aludə olurlar ki, hətta sənət yaddan çıxır.

Bizim ölkədə də belə adamlar özünü süni surətdə təcrid edənlər var. Məsələn, bir teatr var, bu teatrın tamaşası zamanı tamaşaçılar zalı tərk etdikdə teatrın rejissoru, aktyorları sevinirlər. Onlar hər cür vasitədən istifadə edirlər ki, tamaşaçı darıxsın, tamaşadan heç nə anlamasın və zalı tərk etsin. Əksinə, zalda tamaşaçı qalanda onlar dilxor olurlar. Söhbət “Yuğ” Teatrından gedir. Bir çoxlarının həqiqi sənət ocağı hesab etdikləri bu teatrın tamaşaları, bu teatrın aktyorlarının davranışları həmişə mənə gülməli görünüb. O yazıqların xəbəri yoxdur ki, bu cür söhbətlər sadəcə karikaturadı. Belə söhbətlər iranlılar və turanlılar üçün maraqlı ola bilər. Bu marağın özündə də bir artistlik var. “Yuğ”un aktyorları öz sadiq tamaşaçılarını dolamaqla məşğuldurlar. Bu qarşılıqlı bir anlaşmadı. Sənət həm də səmimiyyət tələb edir. Səmimiyyət olmayan yerdə həqiqi sənətdən söhbət belə gedə bilməz. Heç bir tirajdan, heç bir addan, heç bir şöhrətdən qorxmaq lazım deyil. Başa düşmədinsə, denən başa düşmədim. Darıxdınsa de ki, darıxdım. Yoxsa, məni savadsız, mədəniyyətdən uzaq adam hesab edərlər deyə qorxaraq öz fikrini deməyə utananlar həmişə hoqqabazların tələsinə düşəcəklər.

Cəmiyyətin təcrid etdikləri sənətkarlarla özünü süni surətdə cəmiyyətdən təcrid edən sənətkarları kəskin olaraq ayırmaq lazımdı. Bunun özü də insanın nə dərəcədə hazırlıqlı olması, sənətdən nə qədər anlayışlı olması ilə bağlıdı. Bir az da insanın daxili azadlığı bu sərhədi müəyyən etməkdə rol oynayır. Bir çox insanlar gücün dəstəklədiyi sənətə hörmət etməyi özlərinin həyat fəlsəfəsinə çeviriblər. Əgər güc desə ki, sənətkar budu, onlar da tutuquşu kimi təkrar edəcəklər, bəli, sənətkar budu. Əgər güc desə ki, bu sənətkar deyil, onlar da tutuquşu kimi təkrar edəcəklər ki, bəli, bu sənətkar deyil.

Nə vaxtsa başa düşəcəklər, nə vaxtsa qiymət verəcəklər sözü sənətkar üçün təsəlli rolunu oynayır. Gələcəyə nə dərəcədə layiq olu-olmadığını sənətkar özü müəyyən etməlidi. O, heç bir halda reallıq hissini itirməməlidi. Nəyə qadir olduğunu müəyyən edə bilməyənlər, öz real gücünü ölçə bilməyənlər avtomatik olaraq reallıq hissini itirirlər. Reallıq hissini itirənlər isə əlbəttə ki, ya karikaturaya, ya da faciəyə çevrilirlər. Karikaturalar çoxdu. İndi isə, gəlin faciədən danışaq.

N rayonuna toya getmişdim. Toyda bir kənd şairi ilə tanış oldum. Toyun sabahı günü şair məni öz evinə dəvət etdi. O, mənə yazdığı poemaları göstərdi. Nə az, nə çox 90 poema yazmışdı. 96 vərəqli dəftərlərə yazmışdı poemalarını. Dəftərləri rəfdə səliqəylə yan-yana düzmüşdü. Mən dəftərlərə baxırdım. Şair yazdığı poemalardan bəzi hissələri oxudu. Doğurdan da çox həvəslə oxuyurdu. Oxuyarkən əl-qolu da havada yellənirdi. Anası da yanımızda dayanmışdı. Qoca arvad idi. Bu qoca arvad, şairin anası dedi ki, yazıq gecələr yatmır, səhərə qədər yazır. O kənd şairi də düşünürdü ki, nə vaxtsa onu başa düşəcəklər, nə vaxtsa onun yazdıqları həqiqi qiymətini alacaq.

Mən bu hadisəni ona görə yazmadım ki, biz o adama gülək. Xeyr. Bu hadisəni, o şairi çox tez-tez xatırlayıram. Mənim üçün indi onu xatırlamaq çox ağırdı. Xüsusən, qoca anasının dediyi sözləri heç cürə həzm edə bilmirəm; yazıq gecələr yatmır, səhərə qədər yazır. Sənətdə hoqqabazlıq edib özünü dəliliyə, sufiliyə qoyub, amma maddiyyat dünyasının ölçülərinə, qanunlarına ciddi riayət edənlərdənsə, mən bu cür səmimi uğursuzları daha çox həqiqi sənətkar hesab edirəm. Onlar mənə daha doğmadırlar.

# 11010 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #