Almaniyada azərbaycanlılar üçün havayı restoran

Almaniyada azərbaycanlılar üçün havayı restoran
25 iyun 2014
# 10:28

Ramilə Qurbanlı yazır

1911-ci ildə məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin ayağı Almaniyaya düşür. Milyonçu səfər vaxtı bahalı restoranlardan birində oturur, ha gözləyir ofisiant “milli geyimdə və saqqalı, təsadüfi bu şərqliyə” yaxınlaşmır. Bir qədər gözlədikdən sonra Hacı ofisiantı çağırır, ofisiant indi yaxınlaşacağını deyir, amma yenə yaxınlaşmır. Tağıyev bir az da gözləyib restoranı tərk edir.

Tezliklə restoran rəhbərliyi onun restoranında diqqətdən kənarda qalan şərqlinin Bakı milyonçusu olduğunu eşidir və xüsusi dəvətlə, üzrxahlıq da edib onu restorana gətirir. Qarşısında təamlarla dolu, 20 nəfərlik süfrə açılır. Tağıyev yeyib-içib masanın qiymətini soruşur, cavabdan sonra həmin masanın 1 aylıq qiyməti ilə maraqlanır. Sonra bir illik, nəhayət masanın yüz illik qiymətini öyrəndikdən sonra Hacı restoran sahibi ilə belə bir müqavilə bağlayır. Müqaviləyə görə, yüz il ərzində bu restorana gələn hər bir azərbaycanlıya belə bir masa açılacaq və o, pulsuz yeyib-içəcək.

Azərbaycanlı milyonçu şərqli olduğu üçün sayılmadığı restoranın yüz illik hesabını ödəyib oranı tərk etməklə almaniyalı iş adamına həm də yüz illik dərs verir: “Üstümü unlu görüb adımı dəyirmançı qoyma”.

2011-ci ildə, yəni müqavilə müddəti bitəndən sonra həmin restoran sahibi müqavilənin müddətinin uzadılması xahişi ilə Azərbaycan səfirliyini müraciət etməsəydi, bu barədə bəlkə də heç kim bilməyəcəkdi, çünki Hacı Zeynalabdinə görə: “Sağ əl verdiyini sol əl bilməz”, yaxud “Kişi elədiyini deməz”.

Azərbaycan səfirliyi bundan sonra nə addım atıb onu bilmirəm, çünki oxuduğum mənbədə bu məsələ gizli saxlanılıb, amma məni bundan artıq maraqlandıran başqa bir məqam var və hələ də o məqamın təsirindən çıxa bilmirəm.

Görün, necə kişilər varmış, cibindən çox xalqını düşünəcək qədər böyük kişilər. Görəsən, necə oldu ki, xalqda bax bu kişilər yoxa çıxdı – xalqın maariflənməsinə, yüksəlməsinə, şərəfinə, namusuna, mənəviyyatına varını əsirgəməyən və bunu əsla dilinə də gətirməyən kişiləri “saxladığı” əxlaqsız qadınların sayına görə fəxr edən, xalqını deyil, yalnız gəvəzə qarnını və murdar nəfsini güdən“ kişilər” əvəz etdi?

Əslində var bunun cavabı, hamımız da bilirik. Hacı Zeynalabdin Tağıyevin özünün, övladının sonu - bu ilahi haqsızlıq - sualımın cavabıdır.

Görəsən, Hacı öz sonluğunu və yolunda hər şeyini qoyduğu xalqının sonunu görsəydi (yəni onun təhsilinin, mənəviyyatının nə günlərə qaldığını), bir də eyni hərəkətləri edərdimi? Çox maraqlıdır.

# 8663 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #